Məhkəmə qərarları › İş №e-2(006)-1034/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1034/2024

01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1034/2024 01.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər “Əmanətlərin Sığortalanması Fondu”na və ləğvetmədə olan Cavabdeh2 ASC-nə qarşı "pul" tələbinə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Əmanətlərin Sığortalanması Fondu”na qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Konstitusiyasında, Mülki Məcəllədə və Azərbaycan Respublikası qanunlarının ayrılmaz və tərkib hissəsi olan, Azərbaycan Hökuməti tərəfindən ratifikasiya edilmiş “Avropa İnsan Hüquqları Məhkəməsinin 1 saylı Protokolun”-da nəzərdə tutulmuş pozulmuş hüquqlarını bərpa etməklə Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondundan, ləğv edilmiş “RoyalBank ASC”-nin depozitində olan 153.000 manat pulun İddiaçı geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı 2007-ci ildə “RoyalBank ASC”-nin depozitinə 200.000 manat məbləğində pul depozitə qoymuşdur. Hətta həmin bank illik faizini də normal qaydada verirdi. Həmin vaxtlarda heç bir problemləri olmamışdır. “RoyalBank ASC”-də depozitə qoyulmuş puldan təxmini 15.000 manat pulu götürmüşdür. Qalan hissəsi isə bankda qalmışdır. İddiaçı daha sonra işi ilə əlaqədar Azərbaycan Respublikasından getmiş və ara bir ölkəyə gəlib gedirdi. Lakin, 2012-ci ildə xəbər tutub ki, onun depozitdə pulunun olduğu “RoyalBank ASC”-nin müflis olunması ilə bağlı müvafiq qurumlara müraciətlər olunmuşdur. Bu minvalla o, ölkəyə gedib gəlirdi və sonda, yəni 2016-cı il tarixdə ona məlum oldu ki, “RoyalBank ASC” artıq müflis elan olundu və “Mərkəzi Bank” tərəfindən lisenziyası ləğv edildi. Bundan sonra o, “Əmanətlərin Sığortalanması Fondu”na (bundan sonra Fond) müraciət etmişdir. Həmin Fonddan isə onun 200.000 manat puldan sığortalı pul kimi 30.000 manat məbləğində pul geri qaytarıldı. Daha sonra isə fond onun qalan digər pulunu verməkdən imtina etdi. Hətta həmin məbləğ ilə bağlı ilkin olaraq “Mərkəzi Bank”-a müraciət olunsa da, “Mərkəzi Bank” bu məsələnin həllini fondun üstünə atdı. Daha sonra Fonda da bu barədə müraciət olunsa da, Fond ona formal məktub göndərərək həmin məsələ ilə bağlı guya siyahı olduğunu və həmin siyahı ilə növbəli şəkildə ödənişlərin olduğunu qeyd etmişdir. Yeddi ildən çoxdur ki, Fondun nəzərində olan ödənişlər gedir. Amma bu formal söhbətdir. Əslində isə hər-hansı bir əsaslı ödənişlər olunmayıb. Nə zaman onun vaxtı gələcək hələ o barədə məlumatı yoxdur. Bir sözlə, Fond müxtəlif bəhanələr gətirməklə ödənişin edilməsindən boyun qaçırır. Lakin iddiaçıda olan məlumata görə “RoyalBank ASC”-də depozitdə pulu olan iki nəfər fiziki şəxs pullarını tam formada Fonddan alıblar. Hətta onlar növbəlik cədvəlindən kənar pullarını alıb. Ona isə gələndə Fond bildirir ki, növbəlik cədvəli vardır və həmin cədvəllə ödənişlər həyata keçir. Təbii ki, bu fondun gətirdiyi müxtəlif bəhanələrdir. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ bəndində qeyd edilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu maddəyə nəzər yetirdikdə görünür ki, bu maddənin yuridiskası “Əmanətlərin Sığortalanması Fondu”na da şamil edilir. Çünki, Fond da Azərbaycan Respublikasının dövlət orqanıdır. Bir daha bu maddəyə nəzər yetirdikdə görünür ki, dövlət, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini üzərinə öhdəlik kimi götürmüşdür. Yəni bu gün onun depozitə qoyduğu və geri qaytarılmayan məbləğin, uşaqlarının layiqli həyat yaşaması və təhsil haqları üçün nəzərdə tutulan pul olmuşdur. Onlar da bu gün dövlətdən ali məqsədinin təmin edilməsini xahiş edirlər. Onlar bu gün dövlətdən başqa bir şey istəmirlər. Məqsədləri odur ki, Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş layiqli həyat səviyyəsini, dövlət onun pulunu geri qaytarmaqla təmin etsin. Çünki, bu dövlətin “ən ali məqsədidir”. Bundan başqa Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Habelə həmin maddənin İİ bəndində qeyd olunmuşdur ki, mülkiyyətin növləri dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasından da görünür ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Burdan da belə nəticəyə gəlmək olur ki, onun konstitusion hüquqları pozulub. Hansı ki, dövlət onu və mülkiyyətini müdafiə etməli olduğu halda müdafiə etməyib. O, çıxılmaz halda qaldığı üçün bu barədə məhkəməyə üz tutmuşdur. Lakin, dövlət Konstitusiyada qeyd edildiyi kimi onun xüsusi mülkiyyətini müdafiə edib onun halal pulunu geri qaytarsaydı heç bu gün məhkəməyə də müraciət etməzdi. Onu da qeyd edir ki, Azərbaycan qanunvericiliyinə əsasən pul, xüsusi mülkiyyət hüququ sayılır. Habelə Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsinin İ bəndində qeyd edilmişdir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Düzünü dedikdə, o, hələ də bu məsələdə dövlətin onun layiqli həyat səviyyəsinin qayğısına qaldığını görməmişdir. O, dövlət orqanlarının hansının üzərinə getsə də, həmin qurumlar Konstitusiyanın bu maddəsini kobud sürətdə pozmaqla və müxtəlif bəhanələr gətirməklə onu yola verdilər. O, bu qədər Konstitusiyanın maddələrinin kobud surətdə pozulduğu bir cəmiyyət görməmişdi. Əgər ana yasa olan Konstitusiyaya əməl olunmayacaqdısa, bank sektoru qanunlarla deyil qaydalarla idarə olunacaqdısa nəyə görə əziyyət çəkib Konstitusiyaya bu maddələri əlavə etdilər?! Hər bir məsələdən ötrü “ədaləti” nəyə görə Avropada axtarsınlar?! Azərbaycan cəmiyyətində “ədalət” tək insan adıdır ki?! Onlar öz haqqını tələb edir və artıq bir şeydə istəmir. Sonda onu da qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İİ bəndində qeyd edilmişdir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Burdan da bir daha görünür ki, onun xüsusi mülkiyyət hüququ qanunla da qorunmayıb. Əksinə ona qarşı qanunsuzluq edilib və bu günki günə qədər onun xüsusi mülkiyyəti özünə geri qaytarılmayıb. Hansı mülkiyyət hüququ qanunla qorunur ki, dövlət idarəsi olan Fond ona öz halal pulunu verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Bu cür mülkiyyət hüququ qorunur ki?! Yuxarıda sadaladığı Azərbaycan Respublikasının Konstitusiyasının hər dörd maddəsində onun konstitusion hüquqları çox kobud halda pozulmuşdur. O, ədalətin bərqərar olmasını xahiş edir, konstitusion hüquqların bərqərar olmasını istəyir. Onu da qeyd edir ki, Anayasa olan Konstitusiya Azərbaycan Respublikasında bütün qanunlardan üstündür. Yəni, nə banklar haqqında qanun nə də ki, Fondun əsas gətirdiyi digər qanunlarla Konstitusiya arasında ziddiyət yaranarsa təbii ki, ilk növbədə Konstitusiya üstün götürülür. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən AR-da xüsusi mülkiyyət hüququ istehsal vasitələri, qeyri-istehsal təyinatlı əşyalar və sərvətlər, pul vəsaitləri və qiymətli kağızlar, onlardan istifadənin nəticələrinə sahiblik, onlardan istifadə və onların barəsində sərəncam vermək sahəsində ayrı-ayrı şəxslərin qanunla qorunan hüquqlarının məcmusundan ibarətdir. Burdan da belə nəticəyə gəlmək olar ki, onun ləğv edilmiş “RöyalBank ASC”-də depozitə qoyduğu 153.000 AZN pul xüsusi mülkiyyətdir və xüsusi mülkiyyət hüququ ilə tənzimlənir. Yuxarıda qeyd etdiyi Konstitusiyanın müddəaları və aşağıda qeyd edəcəyi Azərbaycan Respublikasının qanunlarının tərkib və ayrılmaz hissəsi olan, Azərbaycan hökuməti tərəfindən ratifkasiya olunmuş Avropa İnsan Hüquqları Konvensiyasıyası buna tam olaraq şamil olunur. Bir sözlə onun həm Konstitusiyada nəzərdə tutulmuş, həm də Azərbaycan Respublikasının qanunlarının tərkib və ayrılmaz hissəsi olan, Azərbaycan Höküməti tərəfindən ratifkasiya olunmuş Avropa İnsan Hüquqları Konvensiyası mülkiyyət hüququnun pozulması qanunvericilik bazası ilə sübut olunur. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin İ bəndində qeyd olunmuşdur ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının qanunlarının tərkib və ayrılmaz hissəsi olan, Azərbaycan Hökuməti tərəfindən ratifkasiya olunmuş Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolun İ maddəsində qeyd olunmuşdur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Habelə 1 saylı protokolun 1-ci maddəsi ilə qorunan konkret hüquq mülkiyyətdən maneəsiz istifadə hüququdur. Maneəsiz istifadə 1 saylı protokolun 1-ci maddəsində göstərilən formalarda, dövlət və dövlət orqanları tərəfindən müdaxiləyə qarşı mühafizə olunur. Bundan başqa 1 saylı protokolda qeyd edilmişdir ki, məhkəmə qərara almışdır ki, iddialar 1 saylı protokolun 1-ci maddəsinin məqsədləri çərçivəsində "aktiv" hüququ yaradır və ərizəçilərin iddialarının Ali Milli Məhkəmənin öncəki presedent hüququnda səhlənkarlığa görə dövlət orqanlarının məsuliyyət daşıdığını qəbul etdiyi ümumi haqsızlıq hüququna uyğun olaraq təsdiq ediləcəyinə dair hüquqi gözləntisi olmuşdur. Belə ki, mülkiyyət ilə bağlı bir çox “Avropa İnsan Hüquqları Məhkəməsi”-nin qərarlarını sitat kimi gətirmək olar. Bu sahədə də Avropa Məhkəmələri, dövlətin konstitusion hüquqlarla üzərinə götürdüyü öhdəliyin icra etməsini tələb edir və Azərbaycan Respublikasına qarşı 30 dan çox qətnamələri vardır. Yuxarıda qeyd etdiyi kimi onlar da “ədalət”-in Azərbaycan Məhkəmələrində insan adı olduğu qənaətinə gəlsələr həmin ədaləti Avropada axtaracaqlar. İş üzrə qısa reallıq: Azərbaycan Respublikasının Konstitusiyasında, Mülki Məcəllədə və Azərbaycan Respublikası qanunlarının ayrılmaz və tərkib hissəsi olan, Azərbaycan Höküməti tərəfindən ratifkasiya edilmiş “Avropa İnsan Hüquqları Məhkəməsinin 1 saylı Protokol”-unda nəzərdə tutulmuş hüquqlarının pozulması tam aydın şəkildə sübuta yetirilmişdir. O, bu məsələ ilə bağlı misal gətirmək istəyir. Tutaq ki, o, “SOCAR”-da məsul vəzifədə çalışır və aylıq 8000-10.000 AZN arası maaş alır. Ona təcili külli miqdarda pul lazım olduğu üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən banklardan birinə “Unibank ASC”-yə müraciət edir və 80.000 AZN kredit götürür. Bundan 15 gün sonra işlədiyi yer onu işdən çıxarır və o da eynən “RöyalBank ASC” kimi müflis olur. Həmin bank o pulu ona bağışlayası deyil ki. Həmin bank o pulu ona heç vaxt bağışlamaz. Bank onun üzərinə düşüb min bir hərəkətlər edərək həmin pulu ondan alacaq. Bu cür misallar çox çəkmək olar. Belə hallar indiki cəmiyyətdə çox olmuşdur. Bu gün “RöyalBank ASC” ləğv edildiyi üçün və fəaliyyəti olmadığına görə onlar da dövlətin üzərinə götürdüyü və Konstitusiyada nəzərdə tutulmuş qayda öhdəliyin təmin edilməsini xahiş edir. Bu işdə də Fond məsuliyyət daşıyır. Çünki, Fond, Azərbaycan Respublikasının dövlət orqanıdır. Lakin, Fond da öz üzərinə düşən öhdəliyi icra etmək əvəzinə əksinə müxtəlif cür bəhanələr gətirərək ona məxsus halal pulunu vermir. Bir daha qeyd edir ki, həmin pullar onun uşaqlarının layiqli həyat səviyyəsinin qaldırılması və təhsil alacaqları müəssisənin xərcləridir. Məhz bu səbəbdən həmin uşaqlar təhsilsiz qalmışdır. Həyat güzəranları isə həqiqətən də acınacaqlıdır. Sonda onu da qeyd edir ki, o, Fonddan faiz dərəcəsi istəmir. Pulun əsas hissəsini istəyir. Onun depozitə qoyduğu pulundan bank vaxtı ilə xeyir götürürb. Amma ona onların faizi yox, öz pulu lazımdır. Daha sonra mülki iş üzrə LPO "xxxx" ASC də iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Həmçinin, iddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ünvanlayaraq Azərbaycan Respublikasının Konstitusiyasında, Mülki Məcəllədə və Azərbaycan Respublikası qanunlarının ayrılmaz və tərkib hissəsi olan Azərbaycan Hökuməti tərəfindən ratifikasiya edilmiş X3 Məhkəməsinin 1 saylı Protokolunda nəzərdə tutulmuş pozulmuş hüquqlarını bərpa etməklə Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondundan pulunun sığortalı 70.000 manat, ləğv edilmiş "RoyalBank ASCnin depozitində olan 83.000 manat pulunun tez bir zamanda ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1034/2024 saylı qərardadı ilə mülki işin icraatına cavabdeh LPO "RoyalBank ASC-yə münasibətdə xitam verilməsi qərara alınmışdır. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın rədd edilməsini xahiş etmişdir. İş materialları: İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 19 mart 2010-cu il tarixli 081 №-li depozit müqaviləsindən görünür ki, Bank Əmanətçidən 107000 (bir yüz yeddi min) manat məbləğində pul vəsaitini kapitallaşdırma yolu ilə 3***-***-**-**0025 saylı hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Əmanət müqaviləsi vəsait hesaba daxil olduğu gündən qüvvəyə 36 ay müddətinə minir və illik 20%-lə qoyulur.Müqavilə 3 il müddətində qüvvədədir.Müqavilənin: 5.6-cı maddəsinin f bəndinə əsasən cəlb edildiyi günə Milli Bankın uçot dərəcəsinin 1,8 mislindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. 5.7-ci maddəsinə əsasən Fond sığorta hadisəsi baş verdikdə əmanətçiyə 2008-ci il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək əmanət məbləğinin 100 faizi, lakin 6000 manatdan çox olmayaraq, 2010-cu il yanvarın 1-dən başlayaraq əmanət məbləğinin 100 faizi, lakin 8000 manatdan çox olmayaraq kompensasiya ödəyir. xx.xx.2010-cu il tarixli 081 №-li əmanət müqaviləsinə xx.xx.2012-ci il tarixli 1 №-li Dəyişikliyə əsasən İddiaçı və cavabdeh "xxxx" ASC 19 mart 2010-cu il tarixdə bağlanmış 081 nömrəli Əmanət Müqaviləsinə aşağıdakı dəyişikliyin edilməsi barədə razılaşdılar:

1. Əmanətin illik faiz dərəcəsi 13 faizə dəyişdirilir.

2. Əmanət vaxtından əvvəl tələb edildikdə illik faiz dərəcəsi 13 faizə dəyişdirilir. İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 23 iyun 2010-cu il tarixli 96 №-li əmanət müqaviləsindən görünür ki, “Bank” “Əmanətçidən” 36017 (otuz altı min on yeddi) manat məbləğində pul vəsaitini 3861-048-000025 saylı hesaba qəbul edərək “Əmanətçi”yə əmanət kitabçası verməyi, əmanət məbləğini bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada “Əmanətçi”yə qaytarmağı, onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Əmanət müqaviləsi vəsait hesaba daxil olduğu gündən qüvvəyə minir və 36 (otuz altı) ay müddətinə, illik 19%-lə qoyulur. Müqavilənin: 5.3-cü maddəsinə əsasən “Bank”ın məcburi ləğvi və ya müflis elan olunması sığorta hadisəsi olaraq nəzərdə tutulmuşdur. 5.6-cı maddəsinə əsasən cəlb edildiyi günə 12%-dən yuxarı illik fazi dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. 5.7-ci maddəsinə əsasən Fond sığorta hadisəsi baş verdikdə əmanətçiyə əmanətin məbləğinin 100 faizi, lakin 30 (otuz) min manatdan çox olmayaraq kompensasiya ödəyir. xx.xx.2010-cu il tarixli 96 №-li əmanət müqaviləsinə xx.xx.2012-ci il tarixli 1 №-li Dəyişikliyə əsasən İddiaçı və cavabdeh "xxxx" ASC 23 iyun 2010-cu il tarixdə bağlanmış 96 nömrəli Əmanət Müqaviləsinə aşağıdakı dəyişikliyin edilməsi barədə razılaşdılar:

1. Əmanətin illik faiz dərəcəsi 13 faizə dəyişdirilir.

2. Əmanət vaxtından əvvəl tələb edildikdə illik faiz dərəcəsi 13 faizə dəyişdirilir. Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçıya bildirilmişdir ki, tələblər növbəliliklə ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər proporsional faizlə bölüşdürülür. Əlavə olaraq bildirilmişdir ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti, yəni 12-ci tranş üzrə ödənişlərinin aparılmasına xx.xx.2021-ci il tarixindən etibarən başlanılmış və həmin tranş üzrə 1391,09 manat məbləğində vəsait, iddiaçı tərəfindən təqdim edilmiş bank rekvizitlərinə köçürülmüşdür. 13-cü tranş ödənişlərinin başlanması barədə Əmanətlərin Sığortalanması Fondu tərəfindən məlumat veriləcək. Hesabdan çıxarışlardan aydın olur ki, İddiaçı hesab qalıqları 129,585.93 manat və 23,588.62 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2-ci maddəsinə əsasən qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik və əlavələrin edilməsi barədə 8 may 2009-cu il tarixli Qanunun 5-ci bəndinə əsasən 26-cı maddə “Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.” olaraq dəyişirilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 18 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununu 05 aprel 2021-ci il tarixdən qüvvəyə minmişdir. Həmin dəyişikliklə qanunun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödənilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə əsasən bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 87-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmənin qiymətləndirməsi: İddiaçının tələbi iki hissədən ibarət olmaqla qeyd edilməlidir ki, onun yalnız Əmanətlərin Sığortalanması Fonduna qarşı 70000 manat məbləğində kompensasiya ödənilməsi tələbi mülki məhkəmə icraatı qaydasında araşdırılan mübahisə olduğundan məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı aparılmış araşdırma nəticəsində bu qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iddiaçı ilə bank arasında əmanət müqavilələri mövcud olmuş (məhkəməyə onların yalnız ikisi təqdim edilmişdir) və həmin müqavilələrə əsasən əmanətlərin qorunmalı əmanət olması üçün zəruri şərtlər müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, hər iki müqavilə üzrə əmanətlərin qorunan əmanət hesab edilməsi üçün şərtlərdən biri kimi əmanətə görə hesablanan faiz dərəcəsi də qeyd edilmişdir. Bundan başqa iddiaçı ilə bank arasında bağlanan müqavilələrdən bu nəticəyə gəlmək olur ki, sığorta hadisəsi baş verdikdə əmanətin 30 min manatdan artıq olmamaq şərtilə kompensasiya edilməsi tənzimlənmişdir. İddiaçı ilə bank arasında bağlanan müqavilələr fərqli tarixlərdə və fərqli şərtlərlə olmasına baxmayaraq qanunun tələbinə əsasən iddiaçı Fond tərəfindən bir əmanətçi kimi qiymətləndirilmiş və ona 30.000 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı iddia tələbində ona istinad edir ki, “Əmanətlərin sığortalanması haqqında” qanuna edilmiş xx.xx.2020-ci il tarixli dəyişiklik ona münasibətdə tətbiq edilməli və onun əmanət məbləği hazırda 153.000 manat təşkil etdiyindən və ona daha əvvəlki dövrdə 30.000 manat məbləğində kompensasiya ödənildiyindən 70.000 manat məbləğində kompensasiya pulu da ona ödənilməlidir. İş materiallarında olan sənədlərdən və iddia ərizəsindən müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 ASC arasında olan hüquqi münasibətlərin yaranma tarixi 2010-cu il tarixə təsadüf etdiyindən və onlar arasındakı münasibətlər iddiaçının əsaslandırdığı 100 min manatadək qorunan əmanət məbləği barədə qanunun tətbiq dairəsinə düşmədiyindən, həmçinin, əmanət məbləğinin dövri tranşlar qaydasında növbəlilik əsasında iddiaçıya ödənilməsi həyata keçirildiyindən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz. Məhkəmə bir daha diqqətə çatdırır ki, hazırki iddia tələbi üzrə şəxsin vəziyyətini yaxşılaşdıran qanunun müddəasının ona münasibətdə daha əvvəl yaranmış münasibətlərə aid edilməsi mülki hüquq münasibətlərində mülki dövriyyənin sabitliyinin qorunması baxımından qanunun düzgün tətbiqi hesab edilə bilməz. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddianın təmin edilməyən hissəsinə (70.000 manat kompensasiya) uyğun olaraq ödənilməli dövlət rüsumunu təşkil edən məbləğ, yəni 300 manat məbləği iddiaçı tərəfindən ümumilikdə ödənilmiş 443 manat məbləğindən çıxılmaqla onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər “Əmanətlərin Sığortalanması Fondu”na və ləğvetmədə olan Cavabdeh2 ASC-nə qarşı "pul" tələbinə dair iddiası cavabdeh Əmanətlərin Sığortalanması Fonduna münasibətdə təmin edilməsin. Ödənilmiş 443 (dörd yüz qırx üç) manat məbləğində dövlət rüsumunun 300 (üç yüz) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim : Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar