Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-105/2023 20.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı əmlakına vurulmuş 2534,38 manat, ekspertiza xərci ödənilmiş 300 manat, dövlət rüsumu kimi ödənilmiş 50 manat, vəkil xərci kimi ödənilmiş 150 manat, ümumilikdə 3034,38 manat məbləğində maddi zərərin Cavabdeh tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin yanvar ayında o, özünə məxsus şubanı təmizləmək üçün A.Mustafayev küçəsində yerləşən cavabdehə məxsus kimyəvi təmizləmə məntəqəsinə verdi. Yəni səhhətilə əlaqədar özü gedə bilmədiyindən şubanı kimyəvi təmizləmə məntəqəsinə aparmasını qohumu X1 xahiş etdi. Cavabdeh 2 günə şubanın hazır olacağını bildirdi və 2 gündən sonra şuba götürülərkən tamamilə yararsız vəziyyətdə idi. Cavabdehdən şubanın bərpa edilməsi tələb olundu. Lakin bir neçə dəfə bərpa edəcəyinə vəd versə də, buna əməl etmədi. Ona dəymiş ziyanın ödənilməsi ilə bağlı Nəsimi rayon 19-cu Polis Şöbəsinə şikayət olundu. Nəticə etibarı ilə göstərilən hallar aparılmış araşdırmadan, toplanmış materiallardan, cavabdehin izahatından öz təsdiqini tapsa da, bu məsələnin mülki xarakterli olması və bununla əlaqədar müvafiq rayon məhkəməsinə müraciət etməyi tövsiyyə olunmuşdur. Şuba ilə bağlı qeyd edir ki, o, onu Sədərəkdə yerləşən “Femina” geyim mağazasından təxmini olaraq beş il bundan əvvəl 6000 manata almışdır. Həmin şuba “Kleopatra” modellidir. Lakin “X3” MMC-nin xx.xx.2022-ci il tarixli, 83 saylı qiymətləndirmə rəyinə görə İddiaçı məxsus, Kleopatra modelli, yarım qırxılmış, Yunanıstan istehsalı olan şuba geyiminin hazırki bazar dəyəri 2534,38 (iki min beş yüz otuz dörd manat,38 qəpik) manat müəyyən edilmişdir. Ekspertiza xərci kimi 300 manat haqq ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xəz palto kimyəvi təmizləmə üçün cavabdehə təqdim edilməsi işin mübahisəsiz halıdır. İş materiallarına əlavə edilmiş 6/4818-9/6352 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tətqiqata təqdim edilmiş, 01 ədəd “Femina” yazıları olan açıq qəhvəyi rəngli naxışlı iki ədəd yan cibli, boyunluq, qol və ətək hissələrinin kənar hissələrində tünd qəhvəyi rəngli haşiyələri olan, düyməli təbii xəz dərinin fiziki-kimyəvi ekspertizaların tədqiqatının nəticəsinə əsasən qüsur aşkar edilmədiyindən həmin xəz dəriyə ziyan dəymədiyi müəyyən edilir. Lakin həmin təbii xəz dərinin istifadədə olmasını nəzərə almaqla təyinatı üzrə istifadəyə hazırkı normal vəziyyətdə orta bazar qiyməti təxminən 1800,0 manat müəyyən edilmişdir. Aparılmış tətqiqatın dəyəri 154 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, 3/375 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilmiş kürkün üzərində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Təqdim edilmiş kürkün səthində olan zədələr bərk predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik cırılma zədələridir. Qərarda qeyd olunan “yaranmış qüsurlar eyni vaxtda, yoxsa müxtəlif vaxtlarda əmələ gəlmişdir.” Sualı ilə bağlı trasologiyada elmi metodika olmadığından bu sualı cavablandırmaq mümkün deyil. Aparılmış tətqiqatın dəyəri 64 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, 6/1065-9/1328 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd “Femina” yazıları olan açıq qəhvəyi rəngli naxışlı iki ədəd yan cibli, boyunluq, qol və ətək hissələrinin kənar hissələrində tünd qəhvəyi rəngli haşiyələri olan, düyməli təbii xəz paltonun istifadə olması nəzərə alınmaqla normal vəziyyətdə orta bazar qiyməti 1800,0 manat müəyyən olunur. Trasoloji ekspertiza tədqiqatının nəticəsinə əsasən üzərində zədələr aşkar olunması nəzərə alınaraq təqdim edilmiş xəz paltoya dəymiş ziyanın məbləği təxminən 1100,0 manat müəyyən edilmişdir. Aparılmış tətqiqatın dəyəri 154 manat təşkil edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı hüquqi yardım almaq üçün 6 saylı Vəkil Bürosunun hesabına 150 manat ödəmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 51 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X2 öz ifadəsində bildirmişdir ki, iddiaçı onun bibisidir. Bir yerdə yas məclisindən gəlirdilər. Yolda gələndə halı pisləşdi. Maşında qaytardı və şuba batmışdı. O, şubanı kimyəvi təmizləmə məntəqəsinə gətirdi verdi. Cavabdeh ona dedi ki, şubanı 2 günə təmizləyib təhvil verəcək. Hətta ona dedi ki, narahat olmasın şuba necədisə elə də təmizləyib təhvil verəcək. 2 gün sonra götürməyə getdi cavabdeh dedi ki, hələ hazır deyil. 4 gün sonra götürməyə getdi. Baxdı ki, şubanın rəngi dəyişib, tükləri həmişəki kimi deyil. Zəng elədi bibisinə və şubanın necə vəziyyətdə olduğun dedi. Bibisi dedi ki, qoy şuba qalsın düzəltsin sonra götürək. Bir neçə gün sonra bibisi ilə bir yerdə getdilər. Şubanı geyindi, qısa idi. Bundan əlavə şubanın astarı bayıra çıxmışdı. Neçə dəfə dedilər ki, düzəltsin sonra təhvil versin. 1 aydan çox gözlədilər. Heç bir nəticə olmadığı üçün məcbur qalıb polisə müraciət etdi. İddiaçı dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, ona vurulmuş maddi ziyan ödənilməmişdir. Məhkəmə tərəflərin izahatını və şahid ifadəsini dinləyib, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İstehlakçıların hüquqlarının qorunması haqqında” Qanunun 9-cu maddəsinə əsasən:
1. İcraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır.
2. İşlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var.
3. İcraçı müqavilənin şərtlərindən kənara çıxaraq, işi (xidməti) pisləşdirmişsə, yaxud işdə (xidmətdə) başqa qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq, göstərilən qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya işin (xidmətin) qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud işin (xidmətin) haqqının müvafiq surətdə azaldılmasını tələb etmək hüququ var.
4. İstehlakçının materiallarından görülmüş işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli kənaraçıxma və ya digər mühüm qüsurlar aşkar edilərsə, istehlakçının istəyinə uyğun olaraq, bu işlərin icraçının eyni cinsli və keyfiyyətli materialından hazırlanmasını, yaxud müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək hüququ vardır.
5. Bu maddənin 2-ci bəndində göstərilmiş qüsurlar, müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda, habelə işlərin (xidmətlərin) yerinə yetirilməsi ləngidildikdə, icraçı işin (xidmətin) qəbul edilməsi zamanı istehlakçıya gecikdirilmiş hər gün üçün işin və ya xidmətin dəyərinin (əgər dəyər ayrıca müəyyən edilməmişdirsə, sifarişin dəyərinin) bir faizi məbləğində dəbbə pulu ödəyir, bu şərtlə ki, müqavilədə dəbbə pulunun başqa məbləği nəzərdə tutulmuş olmasın. Öhdəliklərin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hallar üçün müəyyən edilmiş dəbbə pulunun (cərimənin, penyanın) icraçı tərəfindən ödənilməsi və itkilərin əvəzinin verilməsi onu öhdəlikləri yerinə yetirmək vəzifəsindən azad etmir.
6. İcraçı görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır.
7. İstehlakçının bu maddənin 2-ci və 5-ci bəndlərində nəzərdə tutulmuş tələbləri işin (xidmətin) yerinə yetirilməsi gedişində istehlakçı tərəfindən qəbul edilməsi zamanı, habelə zəmanət müddəti ərzində, belə müddət olmadıqda isə bir il ərzində, qüsurlar aşkar edilərkən irəli sürülə bilər. Zəmanət müddəti işin (xidmətin) istehlakçı tərəfindən qəbul olunduğu gündən, istehlakçının təqsiri üzündən vaxtında qəbul olunmadıqda isə işin (xidmətin) icrası üçün müqavilədə müəyyən edilmiş müddətdən hesablanır.
8. İcraçı istehlakçıdan qəbul etdiyi əşyanı (materialı) itirdikdə, korladıqda, zədələdikdə istehlakçıya özünün keyfiyyətcə və qiymətcə oxşar əşyasını qaytarmalı (iş görməli və xidmət göstərməli), bu mümkün olmadıqda istehlakçının razılığı ilə əşyanın (materialın) dəyərini və dəymiş itkiləri ona bir aydan gec olmamaq şərti ilə ödəməlidir.
9. İcraçı əşyanın (materialın) korlanmasına, gətirib çıxara bilən xüsusi xassələri barədə istehlakçını xəbərdar etməlidir. Elmi və texniki biliklərin səviyyəsi əşyanın (materialın) xüsusi xassələrini üzə çıxarmağa imkan vermədikdə belə, icraçı məsuliyyətdən azad edilmir. İcraçının iş görmək və xidmət göstərmək üçün qəbul etdiyi əşyanın (materialın) dəyərin istehlakçı müqavilə bağlayarkən, müəyyənləşdirir.
10. İş görülməsində və xidmət göstərilməsində, istehlakçının həyatını, sağlamlığını və ya əmlakının təhlükəsizliyini təmin etməyən materialların, avadanlıqların cihazların, alətlərin, qurğuların və başqa vasitələrin tətbiqi nəticəsində vətəndaşın həyatına, sağlamlığına və ya əmlakına zərər dəyərsə, icraçı onlar xassələrini bilib-bilmədiyindən asılı olmayaraq məsuliyyət daşıyır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçı özünə məsus olan xəz paltonu təmizlənməsi üçün kimyəvi təmizləmə üçün cavabdehə vermişdir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə əsasən icraçı əşyanın (materialın) korlanmasına, gətirib çıxara bilən xüsusi xassələri barədə istehlakçını xəbərdar etməlidir. Elmi və texniki biliklərin səviyyəsi əşyanın (materialın) xüsusi xassələrini üzə çıxarmağa imkan vermədikdə belə, icraçı məsuliyyətdən azad edilmir. Göründüyü kimi, cavabdeh xəz paltonu qəbul edərkən, ona baxış keçirməli mövcud qüsurları və əşyanın (materialın) korlanmasına, gətirib çıxara bilən xüsusi xassələri barədə iddiaçını xəbərdar etməli idi. Lakin cavabdeh qanunvericiliyin bu tələblərinə əməl etməmiş, mübahisə yarandıqdan sonra zərəri aradan qaldırmaq istəsə də mümkün olmamışdır. Həmçinin qeyd olunmalıdır ki, qanunvericiliyə əsaəsn icraçı görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Lakin cavabdeh tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. Zərəin həcmi ilə bağlı məhkəmə edir ki, aparılmış ekspertiza tədqiqatı əsasən iddiaçıya məxsus xəz paltoya 1100,0 manat məbləğində maddi zərər dəymişdir. Həmçinin, iddiaçı tərəfindən hüquqi yardımla bağlı 150 manat vəkil xərci ödənilmişdir. İddiaçı ona daha artıq maddi ziyan vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, iddiaçının əmlakın dəymiş zərərin məbləği 1100,0 manat təşkil edir. Bundan başqa iddiaçı tərəfindən hüquqi yardım üçün 150 manat, dövlət rüsumu olaraq 50 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddia tələbi 1100 manat maddi ziyanın vurulmasına dair hissədə əsaslıdır və iddiaçıya vurulmuş zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ekspertiza tədqiqatının dəyəri olan 372 (154+64+154) manat və 50 manat dövlət rüsumu iddianın təmin olunan hissəsinə mütənasib olaraq 211 manat məbləğində tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 1100 manat, hüquqi yardımın göstərilməsi ilə bağlı çəkilmiş xərclərin əvəzi olaraq 150 manat tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehin ona daha artıq maddi zərər vurması sübut edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən müstəqil ekspertizaya müraciət olunması ilə bağlı xərclər məhkəmə xərcləri hesab edilmədiyindən, iddia bu hissədə təmin edilə bilməz. Ekspertiza tədqiqatının dəyəri olan 372 (154+64+154) manat və 50 manat dövlət rüsumu iddianın təmin olunan hissəsinə mütənasib olaraq 211 manat məbləğində tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 1100 manat, hüquqi yardımın göstərilməsi ilə bağlı çəkilmiş xərclərin əvəzi olaraq 150 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 372 (154+64+154) manat və 50 manat dövlət rüsumu iddianın təmin olunan hissəsinə mütənasib olaraq hər birinə 211 manat məbləğində olmaqla tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Səməd Cəfərov