Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-105/2025 10.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2nə qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzbati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən yol verilmiş hərəkətsizlik nəticəsində qeyri-qanuni tikintilərin aparılması və həmin tikintilərdə tikinti normalarının pozulmasının qarşısının alınmaması nəticəsində ona vurulmuş 9.807,36 manat həcmində maddi ziyanın, 10.400 manat dəyərin itkisi, qiymətləndirmə rəyi ilə bağlı ödənilmiş 100 manat, hüquqi xidmətlə bağlı ödənilmiş 1.230 manat olmaqla, cəmi 21.692,36 manat məbləğində kompensasiya və ödənilmiş 155,08 manat dövlət rüsumununun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 MTK və «X4 Qrupu» MMC-nin fəaliyyətlərində yol verdikləri qanunsuzluqlar nəticəsində İddiaçı Aleksandrovnanın əmlakına ziyan vurulmaqla ona maddi ziyan vurulmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixində İddiaçı Aleksandrovaya məxsus «Mazda CX-5» markalı **-DO- *** dövlət qeydiyyat nişanı olan avtomobilini «Messenat Holdinq»in binasında icarədə olan «Bank VTB (Azərbaycan)» ASC-nin bank əməkdaşları üçün müəyyən olunmuş və Xətai prospekti 38 ünvanda yerləşən «Messenat Holdinq» tərəfindən idarə edilən binanın dayanacağında saxlamışdır (iddiaçı qeyd olunan bankın işçisidir). xx.xx.2023-cü il tarixində, saat təqribən 11:00-da bankın əməkdaşları iddiaçıya zəng vuraraq, avtomobilinin üzərinə yaxında yerləşən binadan taxtalar düşdüyünü və avtomobilinin zədələdiyini bildirmişlər. İddiaçı nə baş verdiyini görmək üçün dərhal dayanacağa getmişdir. İddiaçı dayanacağa gələrək avtomobilə çoxlu ziyan dəydiyini görmüş və maşının vəziyyətinin şəklini çəkmişdir. Taxtaların maşının üzərinə düşməkdə davam etdiyini görüb, iddiaçı özünə yaranan təhlükəni və riski nəzərə almayaraq maşını təhlükəsiz yerə köçürmüşdür. Hadisə nəticəsində daha üç maşına zərər dəymişdir. Daha sonra iddiaçı həyat yoldaşı Sultan Danyalova zəng etmiş, yaxınlıqda olduğundan sonuncu da tezliklə hadisə yerinə gəlmiş və maşının vəziyyətini daha ətraflı foto şəkil və videoya çəkmişdir. Avtomobil demək olar ki, bütün korpus üzrə əhəmiyyətli əzilmə və cızıqlar kimi çoxsaylı zədələr almışdır və ön şüşə də çatlamışdır. İddiaçı bundan bir qədər sonra, saat 11:31-də 102-yə zəng edib hadisə barədə məlumat vermişdir. İşin uzun müddət aidiyyəti müəyyən edildikdən sonra araşdırılması üçün Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə verilmişdir və həmin idarəyə yazılı şikayət verilmişdir. Eyni zamanda, FHN-in qaynar xəttinə 112 nömrəsinə zəng edilmişdir və hadisə barədə məlumat verilmişdir. Hadisə FHN tərəfindən ətraflı araşdırılmadığından iddiaçı yenidən xx.xx.2023-cü il tarixdə yenidən müraciət etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-18-2/2-D-10xx-xx/2023 saylı cavab məktubu ilə İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətinə uyğun olaraq, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanda «Messenat Holdinq»in avtodayanacağında nəqliyyat vasitəsini saxladığı zaman taxta parçalarının avtomobilin üzərinə düşməsi nəticəsində ziyan dəyməsi ilə bağlı Agentlik tərəfindən göstərilən ünvana baxış keçirildiyi və Nəsimi rayonu Xətai prospekti 787-ci məhəllədə Cavabdeh1 MTK tərəfindən inşa edilmiş yaşayış binasına bitişik avtodayanacaq binasının tikintisi 3-cü mərtəbə səviyyəsində uzun müddətdir ki, dayandırıldığından, binanın şaquli və üfüqi elementləri üçün qurulmuş qəliblərin bir hissəsinin dağılaraq ətrafa səpələnməsi halı baş verməsini təsdiq etmiş və yaranmış təhlükə ilə əlaqədar həmin ərazidə təhlükəsizliyin təmin edilməsi məqsədi ilə lazımi tədbirlərin yerinə yetirilməsi barədə "xxxx" MTK-nın rəhbərliyinə 29 mart 2023-cü il tarixli 3-18-2/2-2051/2023 nömrəli məktub ünvanlandığı bildirilmişdir. FHN TTDA tərəfindən verilmiş cavab məktubundan göründüyü kimi iddiaçıya ziyan vurulmasına səbəb olan tikinti qoruma taxtalarının cavabdehlərin mülkiyyəti və sahibliyində olan yarımçıq tikilidən küləyin təsirindən qoparaq iddiaçıya ziyan vurulmuşdur. İddiaçının avtomobilinə dəymiş zərərin müəyyən edilməsi üçün iddiaçı tərəfindən «Mazda» rəsmi servisinin icraçısı "xxxx" MMC-nin servis xidmətinə müraciət etmiş və həmin servis tərəfindən araşdırma aparılmış və təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəyə əsasən avtomobilə dəymiş zərər 9.807,36 manat təşkil edir. Bundan başqa, avtomaşın xəsarət almadan cəmi 48 gün əvvəl alınmışdır. Yəni tam təzə olmuşdur. Xəsarət dəyməsi isə onun əmtəə bazar dəyərini də aşağı salmışdır. Bununla bağlı Əmlak Ekspert Mərkəzinə müraciət olunmuşdur. Həmin mərkəzin təqdim etdiyi xx.xx.2023-cü il tarixli rəyə əsasən avtomaşın 10.400 manat əmtəə dəyərini itirmişdir. Müvafiq rəyin verilməsi ilə bağlı 100 manat ödəniş həyata keçirilmişdir. Dövlət orqanlarında müraciətlərinə baxılmadığını gördükdə, iddiaçı keyfiyyətli hüquqi yardım almaq məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü 3 saylı vəkil bürosunun vəkili Vəkil1 ilə müqavilə bağlayaraq ona 1.230 manat ödəniş etmiş, ona dövlət orqanları və məhkəmələrdə iddiaçının hüquqlarının müdafiəsi səlahiyyəti verilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.Əlavə olaraq bildirmişdir ki, təyin edilmiş ekspertizaların rəyi ilə razı deyillər o baxımdan ki,onlar məhkəməyə rəsmi servis xidmətindən dəymiş zərəri müəyyən edən akt təqdim etmişlər, qarşı tərəf həmin aktı, habelə ekspert rəylərini mübahisələndirsə də, öz dəlillərini təsdiq edən sübutlar təqdim etməmişlər. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh1 Mənzil Tikinti Kooperativinin nümayəndəsi Vəkil2 izahatlarında bildirmişdir ki, hadisə baş verən gün ölkə ərazisində güclü külək olmuş, bu barədə bir çox sosial şəbəkələrdə hətta xəbərdarlıq da edilmiş, üstəlik də tərəflərin müvafiq quruma verdikləri sorğuya cavabda da həmin gün küləyin sürəti barədə məlumat göstərilmişdir. Həmin konstruksiyaların dağılmasına səbəb küləyin gücü olmuşdur, belə ki, təmsil etdiyi şəxsin təqsiri yoxdur, bu qarşısıalınmaz qüvvədir. Digər tərəfdən avtomobilə dəymiş zərərin məbləği ilə razı deyildir, avtomobilin həmin hissələrinin dəyişdirilməsinə əsas olmamışdır, avtomobil təmir oluna bilərdi. Aparılmış ekspertiza tədqiqatının rəyi ilə razı deyildir, ekspertizanın keçirilməsində onları iştirakları təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş BB341005 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2022-ci il istehsal ili olan «Mazda CX-5» markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdır. 07 mart 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Nəsimi RPİ 22-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Orxan Qurbanov İddiaçı müraciəti əsasında toplanmış 1 saylı HK-295 nömrə ilə qeydə alınmış material üzrə cinayət işi başlanmasını rədd etmiş, İddiaçı dəymiş maddi ziyanın ödənilməsi tələbi mülki xarakter daşıdığından mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin xx.xx.2023-cü il tarixli 3-18-2/2-D-10xx-xx/2023 saylı məktubundan görünür ki, Sultan Danyalovun həyat yoldaşı İddiaçı Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 38 ünvanda «Messenat Holdinq»in avtodayanacağında nəqliyyat vasitəsini saxladığı zaman taxta parçalarının avtomobilin üzərinə düşməsi nəticəsində ziyan dəyməsi ilə bağlı FHN-ə ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətinə Agentlikdə baxılmışdır. Həmin ünvana baxış keçirilmiş və müəyyən edilmişdir ki, Nəsimi rayonu Xətai prospekti 787-ci məhəllədə Cavabdeh1 MTK tərəfindən inşa edilmiş yaşayış binasına bitişik avtodayanacaq binasının tikintisi 3-cü mərtəbə səviyyəsində uzun müddətdir ki, dayandırıldığından, binanın şaquli və üfüqi elementləri üçün qurulmuş qəliblərin bir hissəsinin dağılaraq ətrafa səpələnməsi halı baş vermişdir. Yaranmış təhlükə ilə əlaqədar həmin ərazidə təhlükəsizliyin təmin edilməsi məqsədi ilə lazımi tədbirlərin yerinə yetirilməsi barədə Cavabdeh1 MTK-nın rəhbərliyinə xx.xx.2023-cü il tarixli 3-18-2/2- 2051/2023 saylı məktub ünvanlanmışdır. Həmin məktubun surəti əlavə olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Cavabdeh1 MTK-ya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-18-2/2-2051/2023 saylı məktubunda eyni hallar qeyd edilməklə yaranmış təhlükə ilə əlaqədar həmin ərazidə yaşayan insanların, yaxınlıqda olan tikililərin və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə lazımi tədbirlərin yerinə yetirilməsi tapşırılmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli MZ-68744 saylı iş kartından görünür ki, Mazda markalı, CX-5 modelli, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı xx.xx.2022-ci il tarixdə satılmış, yürüyüş 1660 km, avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün təmir və ehtiyat hissələrinə 8.311,32 manat, 18 % ƏDV 1.496,04 manat olmaqla, cəmi 9.807,36 manat pul vəsaiti tələb olunur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏEM/M-07-111/23 saylı daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus «Mazda CX-5» minik markalı ** DO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qəzadan əvvəlki bazar dəyəri Cədvəl 2-yə uyğun olaraq 52.000 manat təşkil etmişdir. Həmin nəqliyyat vasitəsinə qəza nəticəsində dəymiş zərərin məbləği Cədvəl 1 və 1.1-ə uyğun olaraq 9.807,36 manat təşkil edir. Nəzərə alınsa ki, qeyd edilən avtomobilin təmir-bərpasına çəkilmiş xərc ehtiyat hissələri və təmir xərci daxil olmaqla 9.807,36 manat təşkil edir, bu zaman təmirdən sonra əmtəə dəyərinin itirilməsi birmənalı olaraq avtonəqliyyat vasitəsinin bazar dəyərinə təsirsiz ötüşmür. Bu baxımdan təqdim edilmiş qüsur aktı təfərrüatlı tədqiq edilmişdir. Təhlil edildikdən sonra itirilmiş əmtəə faizi dəymiş zərərin təyinatından və həcmindən asılı olaraq 20 % təşkil etmişdir. Hesablamalara əsasən 52.000 manat (nəqliyyat vasitəsinin bazar dəyəri) – 20 % (itirilmiş əmtəə faizi) = 41.600 manat həcmində müəyyən edilir. Beləliklə, aparılmış tədqiqatlara və təhlillərə əsasən İddiaçı məxsus «Mazda CX-5» minik markalı ** DO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qəzadan sonrakı bazar dəyəri 41.600 manat, likvid dəyəri 37.440 manat təşkil edir. Qiymətləndirmə xərci 100 manat təşkil etmişdir və iddiaçı tərəfindən ödənilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 27 iyul 2005-ci il tarixli 203 saylı sərəncamından görünür ki, Nəsimi RİH-in xx.xx.2005-ci il tarixli 01-04/58 saylı razılıq məktubu, Cavabdeh1 MTK-nın xx.xx.2004-cü il tarixli 41 saylı müraciəti və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2004-cü il tarixli 003494 saylı şəhadətnaməsi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 787-ci məhəllədə qeyri-yaşayış sahəsinin tutduğu 3943,3 m2 torpaq sahəsinə bitişik 432,7 m2 sahə icarə əsasında, ümumi 4376 m2 torpaq sahəsində 24 m dəmir yolunun mühafizə zolağından məsafə saxlanılmaqla, çoxmərtəbəli qaraj binasının layihələşdirilməsi və tikintisi üçün həmin MTK-nın istifadəsinə verilmişdir. Eləcə də, Cavabdeh1 MTK-ya tikinti işlərinə başlayana qədər, mülkiyyətində olan qeyriyaşayış sahəsinin yerləşdiyi 3943,3 m2 torpaq sahəsi üçün Azərbaycan Respublikası İİN DƏİO və ÖD ilə icarə müqaviləsi bağlaması tapşırılmışdır. 24 iyul 2023-cü il tarixli 18929 saylı ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 600 manat ödəniş edilmişdir. Ödəniş 3 saylı Vəkil Bürosunun vəkili Vəkil1lə bağlanmış müqaviləyə əsasən ödənilmişdir. 19 oktyabr 2023-cü il tarixli 22532 saylı ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 600 manat ödəniş edilmişdir. Ödəniş 3 saylı Vəkil Bürosunun vəkili Vəkil1lə bağlanmış müqaviləyə əsasən ödənilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2024-cü il tarixli vəkil sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubuna əlavə etdiyi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri ərazisində müşahidə edilmiş hava şəraiti haqqında arayışından görünür ki: Binə hidrometeoroloji stansiyası: xx.xx.2023-cü il tarixində hava tutqun buludlu (10/10), meteoroloji görünüş məsafəsi 10 km, havanın orta temperaturu mənfi 0,1 °C, minimal temperaturu mənfi -1,2°C, maksimal temperaturu 1600 müşahidə müddətində 0,6°C, sutkanın maksimal temperaturu 1,6°C, Qərb-Şimal-Qərb istiqamətli küləyin maksimal sürəti 24 m/san (9 bal)' olmuşdur. 9 bal - Bofort şkalasına əsasən fırtınadır. Gündüz və axşam saatlarında qar yağmış, yağıntının miqdarı 0,9 mm olmuşdur. Bakı (Xırdalan) hidrometeoroloji stansiyası: Həmin tarixdə hava dəyişkən buludlu (7/7), meteoroloji görünüş məsafəsi 20 km, havanın orta temperaturu mənfi 0,5°C, minimal temperaturu mənfi -1,8°C, maksimal temperaturu mənfi -1,3°C, Şimal-Qərb istiqamətli küləyin maksimal sürəti 38 m/san (12 bal) olmuşdur. 12 bal - Bofort şkalasına əsasən qasırğadır. Gündüz və axşam saatlarında qar yağmış, yağıntının miqdarı 0,0 mm olmuşdur. Maştağa aqrometeoroloji stansiyası: Həmin tarixdə hava tutqun buludlu (10/10), meteoroloji görünüş məsafəsi 10 km, havanın orta temperaturu mənfi 0,4°C, minimal temperaturu mənfi -1,4°C, maksimal temperaturu mənfi 0,1 °C, Şimal istiqamətli küləyin maksimal sürəti 30 m/san (11 bal olmuşdur. 11 bal - Bofort şkalasına əsasən şiddətli fırtınadır. Gecə və gündüz saatlarında qar yağmış, yağıntının miqdarı 1,9 mm olmuşdur. Xəbərdarlıq: Fevralın 09-da Şimal-Qərb küləyinin arabir güclənəcəyi, fasilələrlə sulu qar, qar yağacağı haqqında № 4 xəbərdarlığı tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2024-cü il tarixli 3-16-16/2-3/403; 9/1695 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Mazda CX-5» markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (banında, qabaq sağ qapıda, qabaq sol qanadda, qabaq sol qapıda) olan zədələr, izlər içəriyə doğru batmış, sürtünmüş vəziyyətdə olmuş və qeyd olunan (qabaq-arxa sol qapılarda, qabaq sağ və sol qanadlarda, qanadları bərkidən metal lövhədə, arxa sol qanadda, arxa yük yerinin qapısı) detalların bərkinc vintlərində sürtünmə, cızılma əlamətlərinin olması onların açılıb-bağlanmasına dəlalət etməkdə təmir olunmasına, qabaq alın şüşəsi, qabaq sol qanad və oblisovka isə yenisi ilə əvəz olunmağa uyğun gəlir. Nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" Servisi tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı «Mazda CX-5» markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8.295 manat müəyyən edilir. O cümlədən: Dəyişməli hissələrin qiyməti – 3.495 manat, təmir-bərpa işlərinin qiyməti – 4.800 manat. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8.190 manat müəyyən edilir. Dəyişilməli hissələrin qiyməti – 3.390 manat; təmir-bərpa işlərinin qiyməti – 4.800 manat. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 dekabr 2024-cü il tarixli 3-16-16/2-9/4957; 8/1829/2024 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Mazda CX-5» markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (banında, qabaq sağ qapıda, qabaq sol qanadda, qabaq sol qapıda) olan zədələr, izlər içəriyə doğru batmış, sürtünmüş vəziyyətdə olmuş və qeyd olunan (qabaq-arxa sol qapılarda, qabaq sağ və sol qanadlarda, qanadları bərkidən metal lövhədə, arxa sol qanadda, arxa yük yerinin qapağında) detalların bərkinc vintlərində sürtünmə, cızılma əlamətlərinin olması onların açılıb-bağlanmasına dəlalət etməkdə təmir olunmasına, qabaq alın şüşəsi, qabaq sol qanad və oblisovka isə yenisi ilə əvəz olunmağa uyğun gəlir. Nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" Servisi tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən 2022-ci il buraxılışlı «Mazda CX-5» markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 8.295 manat müəyyən edilməklə, həmin iş üzrə verilmiş xx.xx.2024-cü il tarixli (3/403; 9/1695 saylı) rəyin nəticəsi təsdiq edilir, o cümlədən: Dəyişməli hissələrin qiyməti – 3.495 manat, təmir-bərpa işlərinin qiyməti – 4.800 manat. Az istifadə olunmuş (48 gün) 2022-ci il buraxılışlı «Mazda CX-5» markalı (** DO *** dövlət qeydiyyat nişanlı) avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə hadisə baş verən tarixə, yəni 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti barədə internet saytlarında məlumat (elan) mövcud deyil. 2022-ci il buraxılışlı «Mazda CX-5» markalı (** DO *** dövlət qeydiyyat nişanlı) avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə hadisə baş verən tarixə, yəni 2023-cü ilin fevral ayına olan orta bazar qiymətini müəyyən etmək mümkün olmadığından, qəza nəticəsində əmtəə dəyərini nə qədər itirməsini müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. "xxxx" MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2025-ci il tarixli MB 18/0070 nömrəli arayışından görünür ki, “Mazda CX-5 minik” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin əmtəə itkisi dəyəri= yaxşı vəziyyətdə satış dəyəri təmirdən sonrakı satış dəyəri= 42 000-34 500= 7 500 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün iddiaçı tərəfindən 155,08 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1111.1-ci maddəsinə əsasən binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, iddiaçıya məxsus avtomobilə Cavabdeh1 MTK-ya məxsus tikinti sahəsindən (binadan) tikilinin şaquli və üfüqi elementləri üçün qurulmuş qəliblərin bir hissəsinin dağılaraq ətrafa səpələnməsi nəticəsində zərər dəymişdir. İddiaçının dəlillərinin əsası kimi məhkəməyə təqdim edilmiş Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin müvafiq məktubunda iddiaçının avtomobilinin dayandığı yerə bitişik binanın, yəni Cavabdeh1 MTK tərəfindən tikintisi başa çatdırılmamış binanın konstruksiyalarının səpələnməsi barədə məlumat öz əksini tapmışdır. Cavabdeh tərəfin buna dair mövqeyi həmin konstruktiv elementlərin səpələnməsinə səbəb olaraq hava şəraiti göstərilmiş, bununla bağlı cavabdeh tərəf Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2023-cü il tarixdə Bakı şəhəri ərazisində müşahidə edilmiş hava şəraiti haqqında arayışını təqdim etməklə həmin gün küləyin gücünə görə havanın fırtına və qasırğa kimi qiymətləndirilməsinə istinad etmişdir. Məhkəmə tərəflərin bu dəlillərini müqayisə edərək bildirir ki, həmin gün hava şəraitindən asılı olmayaraq iddiaçının avtomobilinin zədələnməsinə səbəb olan hal, yəni cavabdehin məhz tikinti norma və qaydalarına əməl olunmaması müvafiq orqanın məktubunda da qeyd edilmiş və həmin halın aradan qaldırılması cavabdehin diqqətinə çatdırılmışdır. Zərərin qaynaqlandığı tikilinin şaquli və üfüqi elementləri üçün qurulmuş qəliblərin, eləcə də, digər elementlərin təhlükəsizlik tələblərinə cavab verilməklə saxlanılmasına görə məsuliyyəti məhz Cavabdeh1 MTK daşıyır. Digər cavabdeh qismində qeyd edilmiş “X3 Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırki zərərin vurulmasında təqsiri müəyyən edilmədiyindən iddia tələbi ona münasibətdə təmin edilə bilməz.Cavabdeh1 MTK isə öz dəlili ilə bağlı yalnız həmin gün ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə bağlı arayışı təqdim etmişdir. Həmin arayış həmin gün ölkə ərazisində müşahidə olunan hava şəraitini təsbit edən arayışdır və bu arayış cavabdehin baş vermiş hadisədə təqsirini aradan qaldıran sübut deyildir. İşin mübahisələndirilən digər halı isə avtomobilə dəymiş zərərin həcmi ilə bağlı olmuşdur. Belə ki, ilkin ekspertizanın aparılmasında cavabdeh tərəfin iştirakının təmin edilməməsi əsası ilə təyin edilmiş təkrar ekspertiza rəyində ilkin rəylə müəyyən edilən hallar təkrarlanmışdır. Lakin hər iki ekspert rəyində avtomobilin dəyər itkisi ilə bağlı hal müəyyən edilmədiyindən məhkəmə bu halın dəqiqləşdirilməsi məqsədilə özəl qiymətləndiriciyə müraciət etmiş və iddiaçı tərəfindən irəli sürülən bu tələb də obyektiv şəkildə qiymətləndirilmişdir. Cavabdeh ekspert rəylərini mübahisələndirsə, alternativ qiymətləndirmə ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, istər Məhkəmə Ekspertizası Mərkəzinin apardığı ekspert tədqiqatı ilə və istərsə də özəl qiymətləndirici tərəfindən aparılmış mütəxəssis rəyində müəyyən edilmiş qiymətləndirmə mötəbər hesab edilməklə iddiaçının maddi ziyanla bağlı tələbinə həmin rəylərə əsasən qiymət vermək mümkündür. Beləliklə məhkəmə məhz Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən tikintidə təhlükəsizlik qaydalarına əməl olunmamasına görə iddiaçıya vurulmuş maddi ziyana görə onun təqsirli olmasına dair qənaətə gəlir.Həmçinin həmin zərərin avtomobilə dəymiş zərər kimi dəyişməli hissələrin qiyməti – 3.495 manat, təmir-bərpa işlərinin qiyməti – 4.800 manat olmaqla, cəmi 8295 manat və avtomobilin dəyər itkisinə görə isə 7500 manat,bütövlükdə 15.795 manat dəyərində müəyyən edilməsini əsaslı hesab edir. Həmçinin iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri və məhkəmə icraatı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri iddianın təmin edilmiş hissəsinə münasib olaraq iddiaçıya və Cavabdeh1 MTK-ya aid edilməlidir. Belə ki, iddiaçının maddi tələbi 9.807,36+10.400+100+1230=21.537,56 manat təşkil etmiş, həmçinin iddiaçı tərəfindən 155,08 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı tərəfindən əldə edilmiş mütəxəssis rəyinə görə ödənilmiş məbləğ və vəkilin hüquqi xidmət haqqı bütövlükdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçı tərəfindən 100 manat qiymətləndiriciyə ödənilmiş xidmət haqqı və vəkilin qonorarı olaraq isə 1200 manat ödənilmişdir. Beləliklə cavabdehdən iddiaçının xeyrinə tutulmalı məbləğə uyğun olaraq digər xərclər də tərəflər arasında bölüşdürülməlidir. İddiaçı tərəfindən ödənilmiş 155,08 manat dövlət rüsumunun (iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 8295+7500+100+1200=17095) 141 manat 28 qəpik hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Həmçinin aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən (200+50+150=400) məbləğ iddianın təmin edilmiş hissəsinə (17095x100;21537,56=79,4%) uyğun olaraq (400x79,4%=317,6) tərəflərə aid edilməli, həmin məbləğin 317,6 manat hissəsi cavabdehdən, 82,4 manat hissəsi isə iddiaçıdan tutulmalıdır.Aparılmış ekspertiza tədqiqatları fərqli hesablara ödənilməli olduğundan məhkəmə hesab edir ki, iddiaçıdan 82,4 manat və cavabdehdən 67,6 manat tutularaq "xxxx" MMC-nin hesabına cavabdehdən isə bütövlükdə 250 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 Mənzil Tikinti Kooperativindən vurulmuş maddi ziyana görə 8.295 (səkkiz min iki yüz doxsan beş) manat və avtomobilin əmtəə dəyərinin itkisinə görə 7.500 (yeddi min beş yüz) manat, ödənilmiş vəkil xərcinə görə 1200 (min iki yüz) manat, qiymətləndiriciyə ödənilmiş 100 (yüz) manat və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 141,28 (yüz qırx bir manat iyirmi səkkiz qəpik) manat tutularaq İddiaçı ödənilsin. Aparılmış tədqiqatın cəmi dəyəri olan 250 (iki yüz əlli) manat Cavabdeh1 MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (X1, Kod: 210005, VÖEN:**********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. 150 (bir yüz əlli) manat qiymətləndirmə xərcinə görə 82,4 (səksən iki manat qırx qəpik) manat İddiaçı və 67,6 (altmış yeddi manat altmış qəpik) manat isə Cavabdeh1 MTK-dan tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ("xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ, VÖEN: ********** H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ013501**********2944 S.W.İ.F.T BİK: İBAZAZ2X) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-105/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-105/2025
10.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver