Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1061/2024 26.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “kreditin restrukturizasiya edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “kreditin restrukturizasiya edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 ASC arasında bağlanmış 20 fevral 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 1858,79 (bir min səkkiz yüz əlli səkkiz dollar yetmiş doqquz sent) ABŞ dolları borcun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun restrukturizasiya edilməsi (yeni kredit müqaviləsinin bağlanması) öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış 20 fevral 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 26 ay müddətinə illik 31% ödəmək şərtilə 3.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 3 may 2023-cü il tarixli, 6-1-16/2-2383/2023 nömrəli məktubundan görünür ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən iddiaçı ilə LPO Cavabdeh2 ASC arasında 20 fevral 2015-ci il tarixində bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının (bundan sonra – Fərman) təsiri çərçivəsinə düşmüşdür. Bundan əlavə, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının adına olan kredit Fərmana əsasən restrukturizasiya məbləğinə aid edilmişdir. Həmin qətnamə ilə iddiaçının banka olan borcu 1858,79 (bir min səkkiz yüz əlli səkkiz dollar yetmiş doqquz sent) ABŞ dolları məbləğində qət edilmişdir. İddiaçının kredit öhdəliyi Fərmana əsasən restrukturizasiya edilməlidir. Cavabdehlər fərman üzrə iddiaçıya restrukturizasiya təklifi göndərmədikləri üçün borclu Fərmanın ona verdiyi restrukturizasiya imkanından məhrum qalmışdır. Cavabdeh2 ASC bu krediti heç vaxt iddiaçıdan tələb etməmişdir. xx.xx.2016-cı il tarixdə kredit üzrə qiyabi qətnamə çıxarılsa da , bank onun icrası üçün illər ərzində heç bir tədbir görməmiş, nə bank, nə də icra məmuru iddiaçıdan pul tələb etməmişdir. Ona görə də iddiaçıda haqlı olaraq Fərman üzrə borcun tam silinməsi təəssüratı yaranmışdır. İddiaçı belə bir borcun mövcudluğundan 2023-cü ilin mart ayında kredit müqaviləsi üzrə ona zamin durmuş şəxsin əmək haqqına icra məmuru tərəfindən tutma yönəldilərkən xəbər tutmuşdur. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər LPO Cavabdeh2 ASC-nin və Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri məhkəmə iclasına gəlməmiş, cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X2 ərizə göndərərək, iddia tələbini qəbul etmədiklərini bildirmiş, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmiş, digər cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi isə gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iddia ərizəsini iş materialları ilə yanaşı yoxlayıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış ********* nömrəli 20 fevral 2015-ci il tarixli kredit müqaviləsindən və ona əlavə edilən ödəniş cədvəlindən görünür ki, bank tərəfindən ona şəxsi istehlak məqsədilə 15 ay müddətinə illik 31 (otuz bir) faiz ödəmək şərtilə 3.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış “20 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə” xx.xx.2015-ci il tarixli Əlavə Sazişdən görünür ki, müqavilənin aşağıda göstərilən bəndləri bu cür dəyişdirilir: 1.1. Bu müqaviləyə əsasən kreditorun borcalana 3800 (üç min səkkiz yüz) ABŞ dolları məbləğində verdiyi kreditin qalıq məbləği 3583.31 (üç min beş yüz səksən üç dollar otuz bir sent) ABŞ dolları təşkil edir. 1.2. Kreditin son ödəmə müddəti xx.xx.2017-ci il tarixinədək təyin olunur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4628/2016 nömrəli xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış 20 fevral 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinin ləğv edilməsi, 20 fevral 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə 3588.31 ABŞ dolları əsas borc, 1217.46 ABŞ dolları faiz borcu, 223.26 ABŞ dolları cərimə (dəbbə pulu) borcu olmaqla, cəmi 5029.03 ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı və X1 müştərək qaydada tutularaq Cavabdeh2 ASC-yə ödənilməsi qət edilmişdir. Problemli kreditlərin kompensasiyası adlı sənəddən görünür ki, İddiaçı LPO Cavabdeh2 ASC-yə olan 3159.94 ABŞ dolları məbləğində əsas borcu restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına aid edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1527/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər İddiaçı və X1 müştərək qaydada 1858,79 ABŞ dolları əsas borc (ödəniş anında Azərbaycan manatı məzənnəsi ilə) və 80,54 manat ödənilmiş dövlət rüsumunun LPO Cavabdeh2 ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 (bir yüz) manat rüsum ödənilmişdir. LPO Cavabdeh2 ASC-nin xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, iddiaçının mübahisələndirdiyi kredit restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına aid edilmiş, lakin İddiaçı restrukturizasiya olunması üçün banka müraciət etməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1527/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almış və müvafiq qaydada icraya yönəldilmişdir. Beləliklə, mülki iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış 20 fevral 2015-ci il tarixli kredit müqaviləsinə və xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən, bank tərəfindən iddiaçıya 15 ay (əlavə sazişə görə 26 ay) müddətinə illik 31 % ödəmək şərtilə, 3800 ABŞ dolları (əlavə sazişə görə 3583.31 ABŞ dolları) məbləğində təminatlı kredit verilmiş, öhdəliyin icrasının təminatı kimi zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı və zamini tərəfindən borcun ödənilməsi təmin edilmədiyindən, xx.xx.2016-cı il tarixdə barələrində Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qiyabi qətnamə çıxarılmış, lakin sonradan qiyabi qətnamə ləğv edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı və zaminindən müştərək qaydada 1858,79 ABŞ dolları əsas borcun (ödəniş anında Azərbaycan manatı məzənnəsi ilə) LPO Cavabdeh2 ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədə müəyyən edilmiş hallardan və hazırki işin materiallarında olan digər sübutlardan aydın olur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Hazırda iddiaçı Cavabdeh2 ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1858,79 ABŞ dolları məbləğində borcun Fərmana uyğun restrukturizasiya edilməsi (yeni kredit müqaviləsinin bağlanması) öhdəliyinin cavabdehlərə həvalə edilməsini; cavabdeh LPO Cavabdeh2 ASC isə kreditin restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına aid edilməsinə baxmayaraq, iddiaçının kreditin restrukturizasiya olunması üçün banka müraciət etməməsi səbəbindən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanında: Fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmış, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağı nəzərə alınaraq, banklar tərəfindən bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini təmin edən tədbirlərin görülməsi banklara tövsiyə edilmişdir.
1. Devalvasiyaların baş verdiyi tarixlərə (xx.xx.2015-ci və xx.xx.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. 8.6. Vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. Azərbaycan Respublikası Mərkəzi Bankının “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın: 6.16-cı bəndində göstərilmişdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır; 7.1-7.3-cü bəndlərinə müvafiq olaraq, Palata kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatalığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə elektron portal (bundan sonra – Portal) yaradır. Portalda hər bir fiziki şəxs üzrə ən azı aşağıdakı məlumatlar əks olunur: hər bir kredit təşkilatı və ləğvetmə prosesində olan kredit təşkilatındakı kredit borcları üzrə ödəniləcək kompensasiyanın məbləği; dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiyanın cəmi məbləği; kompensasiyanın bu Qaydanın 4.3.1-ci və 4.3.2-ci yarımbəndlərinə uyğun olaraq, kredit borclarının ödənilməsinə yönəldilən və fiziki şəxsin sərəncamında qalan hissəsinin məbləği; restrukturizasiya olunacaq kreditlər üzrə əsas kredit borcları və həmin kredit borclarının restrukturizasiya olunacağı kredit təşkilatları barədə məlumatlar. Portalda bu Qaydanın 7.2ci bəndində göstərilən məlumatlar barədə axtarış fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin məlumatları əsasında müvafiq autentifikasiyadan keçməklə aparılır. 2.1.12-ci bəndində qeyd edilmişdir ki, elektron portal – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) tərəfindən yaradılan, müvafiq autentifikasiyadan keçməklə fiziki şəxslər və kredit təşkilatları tərəfindən kompensasiya və restrukturizasiya ilə bağlı məlumatların onlayn rejimdə əldə edilməsini təmin edən elektron məlumat bazasıdır. Yuxarıda qeyd olunan qanunvericilik aktlarını nəzərə alıb məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ilə hazırda ləğv prosesində olan Cavabdeh2 ASC arasında bağlanmış kredit müqaviləsi üzrə ödənilməyən 1858,79 ABŞ dolları məbləğində əsas kredit borcunun yuxarıda qeyd edilən Fərmanın təsir dairəsinə düşməsi və restrukturizasiya olunması təklif olunan kreditlərin siyahısına daxil edilməsi, lakin İddiaçı həmin müqavilə üzrə qalıq borcun restrukturizasiya olunması məqsədilə yuxarıda istinad olunan Qaydada müəyyənləşdirilmiş müddətdə, yəni xx.xx.2019-cu il tarixədək LPO "xxxx" ASC-yə və ya onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna rəsmi qaydada müraciət etməməsi işin mübahisəsiz halını təşkil edir. Belə ki, iddiaçı iddia ərizəsində nəzərdə tutulmuş müddət ərzində cavabdehlərə müraciət etmədiyini bildirmiş, cavabdeh tərəfin LPO "xxxx" ASC-nin məhkəməyə təqdim etdiyi ərizə ilə də bu fakt öz təsdiqini tapmışdır. İddiaçının iddiasına görə, bankın onu yeni müqavilə bağlamaq üçün dəvət etməməsi və onlardan borcu tələb etməməsi səbəbindən o, hesab etmişdir ki, Fərmana əsasən borc bankın öz təşəbbüsü ilə silinmişdir. Lakin məhkəmə hesab edir ki, bu dəlil hazırki iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, istinad olunan Fərman banklar üçün tövsiyə xarakterli olmuşdur. İddiaçı Fərmana müvafiq olaraq restrukturizasiya barədə tələblə müəyyən edilmiş zaman kəsiyində banka və ya Fonda müraciət etmədiyi üçün Fərmanda irəli sürülən tövsiyələrin icrası iddiaçıya münasibətdə həmin Bank üçün məcburi olmamışdır. İddiaçının Qaydanın qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu ilədək həmin məlumatları əldə etməyə və restrukturizasiya ilə əlaqədar banka müraciət etməyə kifayət qədər vaxtının olması, lakin onun hərəkətsizliyi nəticəsində kreditin qalıq məbləğinin restrukturizasiya edilməməsi hazırki iddianı qaldırmaq üçün iddiaçıya haqq vermir. Belə ki, iddiaçının 4 ilə yaxın vaxt keçdikdən və xüsusilə məhz bankın borc tələbi barədə məhkəmə qətnaməsi çıxarılaraq qanuni qüvvəsini aldıqdan sonra müvafiq tələblə məhkəməyə müraciət etməsi hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir. Məhkəmə onu da qeyd edir ki, mübahisələndirilən kredit müqaviləsinin tərəfi olmadığından, Əmanətlərin Sığortalanması Fondu hazırki iş üzrə əsl cavabdeh deyildir. Yuxarıda göstərilən bütün əsasları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1, 560.2, 560.3, 560.3.2-ci maddələrinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan suiistifadənin xüsusi növüdür. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “kreditin restrukturizasiya edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “kreditin restrukturizasiya edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova