Məhkəmə qərarları › İş №e-2(006)-1077/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1077/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1077/2025 22.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X3 oğlunun sədrliyi, X2 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 22,50% ödəmək şərtilə 11500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə 25 noyabr 2024, bazar ertəsi tarixinə "xxxx" KB ASC-yə 9394,44 AZN əsas, 1212,54 AZN faiz, 181,25 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 10788,23 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 9394,44 AZN əsas, 1212,54 AZN faiz, 181,25 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 10788,23 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 122,77 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh həqiqətən də banka borcunun olduğunu, onu ödəməkdən yayınmadığını, lakin həmin borcun ödənilməsi üçün əlavə vaxtın verilməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini, mülki iş üzrə iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsi və həmin tarixdə ona uyğun bağlanılan 9999nkBKXb/23 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 22,50% olmaqla 11500 manat məbləğində kredit verilmiş, Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim etmək üçün verilən arayışdan görünür ki, “X1” ASC-nin müştərisi olan Cavabdeh 9999nkBKXb/23 saylı kredit müqaviləsi üzrə 25 noyabr 2024-cü il tarixə olan borcu əsas məbləğ üzrə 9394,44 manat, faiz üzrə 1212,54 manat, cərimə faizi 181,25 manat, komisyon haqqı 0 manat olmaqla, cəmi 10788,23 manatdır. İş materiallarında olan "xxxx"xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə "xxxx"xxxx" ASC-yə 9999nkBKXb/23 saylı kredit müqaviləsi üzrə 9394,44 manat əsas, 789,18 manat faiz, 51,23 manat cərimə borcu olmaqla, cəmi 10234,85 manat borcu yaranmışdır. Kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyindən gecikdirilmiş borc məbləğinə əlavə olaraq cərimə hesablanmışdır. Qeyd edilənlərə əsasən Banka ona olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi qarşı tərəfə təklif etmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar tərəflərindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə qabaqcadan xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 122,77 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “X1” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 9999nkBKXb/23 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya illik 22,50 % dərəcəsi ilə, 36 ay müddətinə qaytarılmaq şərtilə 11.500 (on bir min beş yüz) manat kredit verilmişdir. İş materiallarından göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə, onun Banka borcu yaranmışdır. Hazırda iddiaçı müqavilə üzrə yaranmış borcun tutulmasını tələb edir. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Belə ki, təqdim edilmiş sübutlardan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli, 9999nkBKXb/23 saylı kredit müqaviləsinə əsasən Cavabdeh bank qarşısında icra edilməmiş borcu vardır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlardan əsas və faiz borcun düzgün hesablandığı müəyyən olunur. Xəbərdarlıq məktubundan görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borca münasibətdə əsaslı hesab edilməklə təmin edilməlidir. İddia tələbinin dəbbə borcunun tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 30 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Daha sonra məhkəmə iddia tələbinin ödənilmiş 122,77 manat məbləğində dövlət rüsumunun tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 122,77 manat məbləğində dövlət rüsumunun 121 manatı Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 22 iyun 2023-cü il tarixli, 9999nkBKXb/23 saylı kredit müqaviləsi üzrə əsas borca görə 9394,44 (doqquz min üç yüz doxsan dörd manat, qırx dörd qəpik) manat, faiz borcuna görə 1212,54 (bir min iki yüz on iki manat, əlli dörd qəpik) manat, cərimə borcuna görə 30 (əlli) manat olmaqla, cəmi 10636,98 (on min altı yüz otuz altı manat, doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 121 (bir yüz iyirmi bir) manatı Cavabdeh tutularaq iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, 9999nkBKXb/23 saylı kredit müqaviləsi üzrə əsas borca görə 9394,44 (doqquz min üç yüz doxsan dörd manat, qırx dörd qəpik) manat, faiz borcuna görə 1212,54 (bir min iki yüz on iki manat, əlli dörd qəpik) manat, cərimə borcuna görə 30 (otuz) manat olmaqla, cəmi 10636,98 (on min altı yüz otuz altı manat, doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 121 (bir yüz iyirmi bir) manatı Cavabdeh tutularaq iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar