Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1091/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi ilə İddiaçı «X2 Azərbaycan» QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X2 Azərbaycan» QSC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh 151.95 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «X2 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş və iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bundan sonra iddiaçı tərəfindən “borcun tutulması” tələbi ilə məhkəməyə müraciət edilmiş və tələbə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-2138/2021 saylı qətnaməsi qəbul edilmişdir. İddiaçı «X2 Azərbaycan» QSC aralarında bağlanmış xx.xx.2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən qeyd edilən məhkəmə qətnaməsi üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində 1013 manat məbləğin ödənilməsi "xxxx" MMC-nin vasitəsi ilə təmin edildiynə görə “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" QSC tərəfindən ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 151.95 manat məbləğində xidmət haqqı ödəmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5666/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə hazırki mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı «X2 Azərbaycan» QSC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, iş yükünün çox olması ilə əlaqədar məhkəmə iclasında iştirakının mümkün olmayacağını və iddia tələbini müdafiə etdiyini qeyd edərək, iclasın onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: «X2 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli “bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”nin 4.19-cu bəndindən görünür ki, bu müqavilədən yaranan borcların borclu tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmamasına görə bank ona qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa, borclu bununla bağlı bankın çəkəcəyi hər cür xərclərin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsini qəbul, bəyan və təsdiq edir. "xxxx" MMC ilə «X2 Azərbaycan» QSC arasında bağlanmış hüquqi xidmət haqqında xx.xx.2017-ci il tarixli müqavilənin 5.1.1-ci bəndindən görünür ki, bank müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənilməsindən) cəmi 15% (on beş faiz) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-2138/2021 nömrəli qətnaməsindən görünür ki, 930,64 manat məbləğində pul vəsaiti, həmçinin, 13 manat dövlət rüsumunun Cavabdeh tutularaq «X2 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. "xxxx" MMC tərəfindən «X2 Azərbaycan» QSC-yə təqdim edilmiş xx.xx.2022-ci il tarixli təhvil aktının 18-ci qrafasından görünür ki, «X2 Azərbaycan» QSC-nin kart krediti üzrə borclu müştərilərindən olan Cavabdeh xx.xx.2022-ci ildə 1013 manat geri ödəniş etməsi banka təhvil verilmiş, büroya ödəniləcək 15 % kimi 151,95 manat hesablanmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixindəki 1013 manat pul vəsaitinin ödənilməsinin təmin edilməsinə görə bank tərəfindən "xxxx" MMC-yə 151.95 manat məbləğində xidmət haqqı ödənilmişdir. «X2 Azərbaycan» QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən (pretenziyadan) görünür ki, bank MMC-yə köçürülmüş xidmət haqqının ödənilməsini ondan tələb etmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 30 manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh cəmi 943,64 manat məbləğində pulun tutulması qət edilmişdir. İddiaçı «X2 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, iddiaçı həmin qətnamə üzrə borcun geri ödənilməsini təmin etməyi MMC-yə həvalə edərək, ona geri ödənilməsini təmin etdiyi məbləğin 15 %-i miqdarında xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2022-ci il tarixdə 1013 manat məbləğində pul ödəyərək, iddiaçıya olan borcunu bağlamış, bununla bağlı MMC tərəfindən təhvil aktı tərtib edilərək iddiaçıya təqdim edilmişdir. Hazırda iddiaçı cavabdehin qətnamə üzrə borcunu ödəməsini təmin etməsi səbəbindən MMC-yə həmin məbləğin 15 %-i həcmində, yəni 151,95 manat məbləğində pul ödədiyini iddia edərək, cavabdehlə iddiaçı arasında bağlanmış kredit müqaviləsinin tələblərinə və mülki qanunvericiliyin maddi zərərlə bağlı normalarına müvafiq olaraq həmin pulun cavabdehdən tutulmasını tələb edir. Qeyd edilməlidir ki, iddiaçı xx.xx.2023-cü il tarixində maliyyə arayışı tərtib edərək, cavabdehdən həmin pulun ödənilməsini pretenziya qaydasında tələb etmiş, lakin cavabdeh pulu ödəməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mülki qanunvericiliyin müqavilələr azadlığı prinsipinə əsaslanaraq, barəsində məhkəmə qətnaməsi çıxmış borcların geri ödənilməsini təmin etməyi "xxxx" MMC-yə tapşırmaqla və əvəzində ona geri ödənilməsini təmin etdiyi məbləğin 15 %-i həcmində aylıq xidmət haqqı ödəməyi öhdəsinə götürməklə, məhz qanunla qadağan olunmayan üsul və vasitələrdən istifadə edərək öz pozulmuş hüquqlarının bərpasına nail olmuşdur. Lakin məhkəmə hesab edir ki, iddiaçının öz müqavilə üzrə tərəfdaşına ödədiyi xidmət haqqının əvəzinin cavabdehdən tutulması barədə hazırki tələbi hüquqdan sui-istifadənin bir növüdür. Belə ki, icra haqqında qanunvericiliyə müvafiq olaraq qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını təmin etmək məhz aidiyyəti icra şöbəsinin səlahiyyətidir və iddiaçı yuxarıda göstərilən MMC ilə müqavilə bağlamadan da, sadəcə qətnamənin icrasının həvalə edildiyi icra şöbəsinə heç bir ödəniş etmədən həmin şöbədən icra sənədinin icrasının təmin edilməsini tələb edə bilərdi. Bu halda borclunun əlavə ödəməli olduğu pul məbləği isə 7 % icra ödənişi olacaqdı ki (könüllü müddət ötdüyü təqdirdə), bunu da tələb etmək hüququ iddiaçıda olmayacaqdı. Məhkəmənin qənaətinə görə, iddiaçı öz seçimi ilə hər hansı üçüncü hüquqi şəxslə müqavilə bağlayaraq, borcun geri ödənilməsini təmin etdirdiyindən həmin şirkətə ödədiyi 15 % xidmət haqqının cavabdehdən tutulmasını tələb etməklə hazırda cavabdehi əsassız olaraq əlavə öhdəliklə yükləməyə çalışır (nəzərə alınsa ki, qətnamə qəbul edildikdən 1 ildən çox müddət keçəndən sonra borcun ödənilməsi təmin edilmişdir, bu halda 7 % icra ödənişinin də cavabdehdən tutulması istisna edilmir). Buna görə də məhkəmə bu tələbin təmin edilməsini ədalətli və hüquqa uyğun hesab etmir. Bununla yanaşı, iddiaçı tələbin qanuni əsası kimi maddi zərərin ödənilməsi ilə bağlı normalara istinad etsə də, məhkəmə bu tələbi maddi zərər kimi qiymətləndirmir. Çünki iddiaçının 151,95 manat məbləğdə pulu MMC-yə ödəməsi məhz onlar arasında bağlanmış və tərəflərin iradə ifadəsini əks etdirən müqavilə əsasında iddiaçının öz istəyi ilə həyata keçirilmişdir. Cavabdehlə arasında bağlanmış kredit müqaviləsində bütün bu xərclərin ödənilməsinin cavabdehin öhdəliyi kimi razılaşdırılmasına dair şərtin olması isə tələb edilən məbləğin cavabdehdən tutulmasına dəlalət etməməlidir. Çünki həmin şərti məhkəmə cavabdehin maddi vəziyyətini ağırlaşdıran şərt kimi qiymətləndirir. Buna görə də həmin pulun cavabdehdən tutulması ağlabatan hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2, 14.2.1, 14.2.6-cı maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, eyni zamanda, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.5-ci maddəsinə əsasən, əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Bundan əlavə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 8.1-ci maddəsinə görə, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 43.1, 43.1.5-ci maddəsinə görə, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər də məcburi icra tədbirlərinin növü kimi müəyyənləşdirilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalı və iddia rədd edilməlidir. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları yuxarıda istinad edilmiş hüquq normaları ilə müqayisəli şəkildə araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı «X2 Azərbaycan» QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «X2 Azərbaycan» QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı «X2 Azərbaycan» QSC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-1091/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1091/2024
08.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver