Məhkəmə qərarları › İş №e-2(006)-1094/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1094/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1094/2024 03.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 7128,57 manat məbləğində kredit bоrcu, 6391,1 manat məbləğində faiz bоrcu, 6611,45 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 20.131,12 manat məbləğində bоrcun və ödənilmiş 150.39 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 001A********** nömrəli kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167 % olmaqla 34 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 871.43 manat ödəniş etmiş və iddiaçıya 7128,57 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh2 kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 1380 gün üçün hesablanmış faiz borcu 6391,1 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 1380 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 6611,45 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. xx.xx.2019-cu il tarixli 001A********** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, İddiaçı QSC-nin nümayəndəsi X1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iddia ərizəsini mülki işin materialları və ekspert rəyi ilə birgə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

5. İddiaçı QSC (Bank) ilə Cavabdeh2 (Kredit alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 001A********** nömrəli kredit müqaviləsindən görünür ki, bank ümumi məbləği 8000 (səkkiz min) manat olan borc pulu aylıq faiz dərəcəsi 1.9167 % olmaqla 34 ay müddətinə kredit alana verir. Kredit alan bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi bank qaytarmağı öz öhdəsinə götürür.

6. İddiaçı QSC (Bank) ilə Cavabdeh1 (Zamin) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 001G**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır.

7. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli 001A********** nömrəli kredit müqaviləsi üzrə həmin tarixə banka 7128.57 manat əsas bоrc, 4468.23 manat faiz bоrcu, 6557.13 manat cərimə borcu olmaqla, cəmi 18153.93 manat borcu yaranmışdır.

8. İddiaçı QSC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan görünür ki, onlara müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

9. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 150,39 manat rüsum ödənilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/964 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 001A********** nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 müqavilənin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə əsas borc üzrə - 6755,93 manat, faiz borcu üzrə - 3327,86 manat, cəmi 10083,79 manat borcu müəyyən edilir.

11. Ekspertiza xərclərinə dair xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, ekpsertiza təqdiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir.

12. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli 001A********** nömrəli kredit müqaviləsi üzrə həmin tarixə banka 7128.57 manat kredit bоrcu, 5283.46 manat faiz bоrcu, 6752.17 manat cərimə borcu olmaqla, ümumilikdə 19164.2 manat borcu yaranmışdır.

13. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli 001A********** nömrəli kredit müqaviləsi üzrə həmin tarixə banka 7128.57 manat kredit bоrcu, 5488.41 manat faiz bоrcu, 6796.08 manat cərimə borcu olmaqla, ümumilikdə 19413.06 manat borcu yaranmışdır.

14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 avqust 2024-cü il tarixli 9/5573 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış 10 sentyabr 2019-cu il tarixli 001A********** nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il (müqavilənin müddətinin bitdiyi) tarixə əsas borc üzrə - 6755,95 manat, faiz borcu üzrə - 3327,93 manat müəyyən edilir.

15. Ekspertiza xərclərinə dair 02 avqust 2024-cü il tarixli bildirişdən görünür ki, ekpsertiza təqdiqatının dəyəri 145 (bir yüz qırx beş) manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 34 ay müddətinə aylıq 1.9167 % ödəmək şərtilə 8.000 manat məbləğində kredit verilmiş, cavabdehin öhdəliklərinin təminatı kimi isə iddiaçı ilə digər Cavabdeh1 arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmış və müqaviləyə görə Cavabdeh1 Cavabdeh2 iddiaçı qarşısında yaranmış öhdəliyinin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımağa razılıq vermişdir. Müqavilə müddəti ərzində və müddət bitdikdən sonra iddiaçı tərəfindən edilən xəbərdarlıqlara baxmayaraq, cavabdehlər müqavilə üzrə banka yaranmış borcu tam ödəməmişlər. Buna görə də bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

17. Məhkəmə araşdırmaları zamanı Cavabdeh2 müqavilə üzrə yaranmış borcun məbləğini mübahisələndirdiyindən, məhkəmənin müvafiq qərardadı ilə iş üzrə təkrar və ilkin məhkəmə ekspertizaları təyin edilmiş, təqdim edilmiş ekspert rəyləri ilə müqavilə üzrə ödənilməmiş əsas və faiz borcunun olması faktı öz təsdiqini tapmışdır.

c) Məhkəmənin mövqeyi:

18. Məhkəmə iddiaçının Cavabdeh2 qarşı olan iddia tələbi ilə əlaqədar hesab edir ki, onlar arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olmuş, iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini tam və vaxtında icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirildiyindən məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə qismən haqlı olmuşdur.

19. İddiaçı xx.xx.2023-cü il tarixə yaranmış borcu tələb etsə də, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin müddəti 34 ay olmuş və xx.xx.2022-ci il tarixdə bitmişdir. Mülki qanunvericiliyin tələbinə görə isə iddiaçının məhz müqavilənin qüvvədə olduğu müddət ərzində hesablanmış annuitet borcu cavabdehdən tələb etməyə hüququ vardır. Çünki qanunun tələbinə görə, müqavilə müddəti bitəndən sonra həmin müqavilə üzrə annuitet ödənişlərə görə əlavə borc hesablamalarının aparılması düzgün deyildir. Müqavilənin müddətinin xx.xx.2022-ci il tarixdə bitməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, sonuncu ekspert rəyində həmin tarixə yaranması müəyyən edilən 6.755,95 manat əsas və 3.327,93 manat faiz borcu Cavabdeh2 tutularaq iddiaçıya verilməlidir. Göstərilən məbləğdə borcun yaranması faktı həm də işdə olan digər sübutlarla da (kredit müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış, ekspert rəyləri, cavabdehin özünün izahatı ilə və s.) öz təsdiqini tapır. İddia tələbinin “cərimə borcunun ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, müqavilə üzrə tələb edilən cərimənin miqdarı tənasübsüz surətdə yüksək olduğundan, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 6.611,45 manat cərimənin məbləği 338 manat məbləğinədək azaldılmalıdır.

20. İddiaçının Cavabdeh1 qarşı olan iddia tələbi ilə əlaqədar isə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə görə borcun 34 ay müddətinə verilməsi, yəni müqavilənin müddətinin xx.xx.2022-ci il tarixdə bitməsi razılaşdırıldığından, iddiaçının zamin Cavabdeh1 qarşı xx.xx.2023-cü il tarixinədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməməsi, yəni əsas öhdəliyin icrası vaxtının çatdığı gündən sonrakı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməməsi, bu hüququnu məhz xx.xx.2023-cü il tarixdə hazırkı iddia ərizəsi ilə həyata keçirməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, bilavasitə qanundan irəli gəldiyi, eləcə də zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir.

21. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, bu müddətin tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur, çünki bu müddət kəsici müddətdir və müddətin keçməsi özlüyündə hüququn xitamına səbəb olur. Kəsici müddətlərin xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşmış hüquqi mövqeyinə görə, kəsici müddət əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; bu müddətin keçməsi hüququn özünün xitamı ilə nəticələnir; cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; kəsici müddətlər qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz; bu müddət hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir; kəsici müddət üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir).

d) Tətbiq edilən hüquq və gəlinən nəticə:

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, eləcə də icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739.1-739.2. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 115.0.1. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

25. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

26. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

27. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 6.755,95 (altı min yeddi yüz əlli beş manat doxsan beş qəpik) manat əsas, 3.327,93 (üç min üç yüz iyirmi yeddi manat doxsan üç qəpik) manat faiz, 338 (üç yüz otuz səkkiz) manat cərimə borcu olmaqla, cəmi 10.421,88 (on min dörd yüz iyirmi bir manat səksən səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı QSC-yə verilməli, iddia qalan hissədə (Cavabdeh1 münasibətdə və digər hissədə) təmin edilməməlidir.

28. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 150,39 (bir yüz əlli manat otuz qəpik) manat dövlət rüsumunun 77 (yetmiş yeddi) manat hissəsi Cavabdeh2 alınaraq İddiaçı QSC-yə verilməli, dövlət rüsumunun qalan hissəsi İddiaçı QSC-yə aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 245 (iki yüz qırx beş) manat məbləğində pulun 125 (bir yüz iyirmi beş) manat hissəsi Cavabdeh2, qalan 120 (bir yüz iyirmi) manat hissəsi isə İddiaçı QSC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Nəticə:

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh2 6.755,95 (altı min yeddi yüz əlli beş manat doxsan beş qəpik) manat əsas, 3.327,93 (üç min üç yüz iyirmi yeddi manat doxsan üç qəpik) manat faiz, 338 (üç yüz otuz səkkiz) manat cərimə borcu olmaqla, cəmi 10.421,88 (on min dörd yüz iyirmi bir manat səksən səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı QSC-yə verilsin. Ödənilmiş dövlət rüsumunun 77 (yetmiş yeddi) manat hissəsi Cavabdeh2 alınaraq İddiaçı QSC-yə verilsin, dövlət rüsumunun qalan hissəsi İddiaçı QSC-yə aid edilsin. İddia qalan hissədə (Cavabdeh1 münasibətdə və digər hissədə) təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 245 (iki yüz qırx beş) manat məbləğində pulun 125 (bir yüz iyirmi beş) manat hissəsi Cavabdeh2, qalan 120 (bir yüz iyirmi) manat hissəsi isə İddiaçı QSC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar