Məhkəmə qərarları › İş №e-2(006)-1101/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1101/2024

17.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1101/2024 17.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmiş aliment məbləğinin artırılaraq, X5 və X8 yetkinlik yaşına çatanadək hər uşaq üçün aylıq 3000 (üç min) manat olmaqla, cəmi aylıq 6000 (altı min) manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh ilə xx.xx.2009-cu ildə el adəti ilə toy edib ailə qurmuşdur. Cavabdehin şəxsiyyət vəsiqəsinin müddəti ötdüyünə görə nikah rəsmiləşdirilmədən xx.xx.2009-cu ildən xx.xx.2021-ci ilədək cavadehlə birgə yaşamışlar. Birgə yaşadıqları dövrdə 27 aprel 2010-cu ildə Bakı şəhərində X12, 27 dekabr 2012-ci ildə X16 adında övladları dünyaya gəlmişdir. Lakin daha sonra aralarında olan faktiki nikah münasibətləri pozulmuşdur. Bundan sonra, iddaçı tərəfindən Cavabdeh qarşı “atalıq faktının müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq, Cavabdeh ilə birgə yaşayış zamanı xx.xx.2010-cu il tarixdə anadan olmuş X9 və xx.xx.2012-ci il təvəllüdlü X10 atalığının müəyyən edilməsi və hər bir uşaq üçün hər ay sabit pul məbləğində 193 manat, cəmi 386 manat məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2208/2022 saylı qətnaməsi ilə cavabdeh xx.xx.1971-ci il təvəllüdlü X6 xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X8 atası olması faktının müəyyən edilməsi, X8 və X5 doğum haqqında şəhadətnaməsində ata adı qrafasında Cavabdeh qeyd olunması, X8 və X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Halhazırda hər uşaq üçün 193 (bir yüz doxsan üç manat) manat olmaqla 386 (üç yüz səksən altı) manat iki uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, uşaqların saxlanılması xərcləri günü-gündən çoxalır, uşaqlar X8 və X1 üçün daha çox məbləğə ehtiyac duyulur. Cavabdeh uşaqların saxlanılması üçün əlavə məbləğ tələb etdikdə etiraz edir, yalnız məhkəmənin müəyyən etdiyi məbləği ödəyə biləcəyini, artıq köməklik göstərməyəcəyini bildirir. Onu da qeyd edir ki, Cavabdeh mülkiyyətində çoxsaylı daşınmaz əmlak və “Kia Sportage” minik markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin daşınmaz əmlaklar ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi; ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi; ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi; Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi; Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 81 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi; ünvan 7 ünvanında yerləşən yaşayış sahəsi; ünvan 8 ünvanında yerləşən yaşayış sahəsi kimi əmlaklardan ibarətdir. Həmin əmlaklarla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-23375/2013 (**********75) nömrəli məktubu hazırki iddia ərizəsinə əlavə olunmuşdur. Bundan əlavə, Cavabdeh də ona qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, uşaqları X17 və X13 ilə ünsiyyət saxlaması üçün görüşün verilməsi barədə qətnamənin qəbul olunması xahiş olunmuşdur. Hazırda həmin məhkəmə mübahisəsinə Abşeron Rayon Məhkəməsində baxılır (işin nömrəsi: 2(012)-2795/2023). Həmin mülki işin araşdırılması zamanı da 14 dekabr və 28 dekabr 2023-cü il tarixində keçirilən məhkəmə iclasında cavabdeh şəxsən etiraf etmişdir ki, hazırda daşınmaz əmlakların icarəyə verilməsi ilə məşğuldur və əsas gəlirini buradan əldə edir. Bu da onu göstərir ki, Cavabdeh aylıq gəliri ölkə üzrə bir uşaq üçün müəyyən olunmuş yaşayış minimumundan qat-qat yüksəkdir. Hesab edir ki, cavabdehin ayda bu qədər yüksək gəlir əldə etdiyi halda, onun uşaqlarının aylıq cəmi 386 manat alması tamamilə ədalətsizdir. Buna görə də, hazırda alimentin artırılması və alimentin bir uşaq üçün aylıq 3000 manat məbləğində müəyyən olunması zərurəti vardır. Həmçinin, hazırda hər iki övladı Atatürk liseyində təhsil alır və onların təkcə təhsil haqları hər uşaq üçün illik 2000 manat təşkil edir. Bundan əlavə, onlar əlavə məşğələlərə gedirlər. Uşaqlardan biri əlavə olaraq “Celt” ingilis dili kurslarına gedir və buna görə aylıq 650 manat məbləğində xidmət haqqı həmin kurslara ödəyir. Göründüyü kimi uşaqların aylıq təhsil haqlarının məbləği kifayət qədər yüksəkdir və hazırda 193 manat məbləğində aliment uşaqların nə təhsil haqlarını ödəmək, nə də ki digər ehtiyaclarını qarşılamaq üçün yetərlidir. Aylıq 193 manat alimentlə həmin xərclərin ödənilməsi tamamilə qeyri-mümkündür. Hesab edir ki, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 üçün İddiaçı xeyrinə tutulan aliment məbləği artırılaraq bir uşaq üçün 3000 (üç min) manat olmaqla, cəmi 6000 (altımin) manat məbləğində müəyyən edilməlidir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, X4 və X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün aylıq 3000 (üç min) manat olmaqla, cəmi aylıq 6000 (altı min) manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir.Həmçinin bildirmişdir ki, cavabdehlə faktiki nikah münasibətlərində olduqları müddətdə hazırda cavabdehin adına rəsmiləşdirilmiş əmlakların alınmasında iddiaçının da payı yüksək olsa da, cavabdehlə münasibətləri pozulduğundan cavabdeh onları evdən qovmuş, hazırda yaşadıqları yerdən uşaqların hətta məktəbə gedib-gəlmələri belə əlavə çətinliklərə gətirib çıxarmışdır. Cavabdehin mülkiyyətində kifayət qədər əmlakı və bank hesablarında vəsaitləri vardır. Uşaqları birinci sinifdən etibarən ödənişli təhsil almışlar və bir ata kimi cavabdeh buna etiraz etməmişdir. Hazırda da uşaqlarının həmin təhsili davam etdirmələrinə də cavabdeh kömək etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Nümayəndə bildimişdir ki, cavabdehin mülkiyyətində olan əmlakların həcmi və habelə bankda olan vəsaitləri onun tərəfindən alimentin 3000 manat məbləğində ödənilməsini tam mümkün edir. Qanununvericinin tələbinə görə alimentin artırılmasına əsas ola hallar elə mülkiyyət və gəlirlərdən asılıdır. Uşaqların əvvəlki yaşayış təminatının saxlanması üçün alimentin məbləği artırılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianın rədd edilməsini xahiş etmişdir. Nümayəndə bildirmişdir ki, qaldırılmış iddia tamamilə əsassızdır. Belə ki, təmsil etdiyi şəxsin mülkiyyətində əmlak olduğu kimi eynilə də iddiaçının özünün mülkiyyətində kifayət qədər əmlak vardır. Yəni iddiaçı özü də kifayət qədər təminatlıdır və həmçinin uşaqların təhsili ilə bağlı qeyd etmişdir ki, dövlət ödənişsiz icbari təhsili təmin edir. Digər bir hal isə tərəflərin uşaqlarının həmin məktəbdə təhsil haqlarının növbəti il üçün kifayət qədər artmasıdır ki, bu hallar alimentin artırılmasına əsas verə bilməz. İş materialları: Bakı 18 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/18-01624 saylı arayışından görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya xərcləri İddiaçı tərəfindən ödənilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-2208/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X8 atası olması faktı müəyyən edilmiş, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X8 doğum haqqında şəhadətnaməsində ata adı qrafasında Cavabdeh qeyd olunması, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İ seriyalı, 420239 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X5 atası hesab edilmişdir. Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İ seriyalı, 420240 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X8 atası hesab edilmişdir. AZ İV seriyalı, 766611 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2010-cu il tarixində doğulmuşdur. Ata adı qrafasında Cavabdeh, ana adı qrafasında İddiaçı qeyd edilmişdir. AZ İV seriyalı, 759855 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2012-ci il tarixində doğulmuşdur. Ata adı qrafasında Cavabdeh, ana adı qrafasında İddiaçı qeyd edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-1611/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün qət edilmiş hər bir uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin artırılaraq hər uşağa münasibətdə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Yasamal Rayon Məhkəməsinin 2(004)-1611/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirmədən saxlanılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh adına ünvan 1, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 52, mənzil 31, ünvan 11, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 4, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 81 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, ünvan 12, ünvan 9, ünvan 7 qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. BDYPİ-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Cavabdeh adına “Kia Sportage” markalı, 90MS889 dövlət qeydiyyat nişanlı avtomobil vardır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 11 fevral 2019-cu il tarixli vasitəçilik xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən vasitəçi sifarişçinin tapşırığına əsasən, sifarişçi tərəfindən satın alınması üçün Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 137 №-li binanın, 83A №-li mənzildəki 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, ümumi 51.62 kv.m olan 3 otaqlı yaşayış sahəsinin tapılmasını, sifarişçi isə bunun müqabilində vasitəçiyə 1400 manat məbləğində mükafat ödəməyi öhdəsinə götürür. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 13/1-23 №-li məktubuna əsasən "xxxx" MMC-nin işçisi İddiaçı aylıq əmək haqqı 450 manat təşkil edir. 4 saylı Bakı Dost Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Qiymətləndirmə və Consulting Mərkəzinin 15 yanvar 2024-cü il tarixli qiymətləndirmə barədə hesabatlarından görünür ki, ünvan 9 ünvanına yaxın ərazilərdə, köhnə tikili 9 mərtəbəli binaların 8-ci mərtəbəsində yerləşən, eksperimental layihəli binalarda 2 yaşayış otağından ibarət, yaxşı təmirli, təchizatlı mənzillərin hazırki tarixə orta aylıq kirayə haqqının dəyəri 500 manat, ünvan 7 ünvanına yaxın ərazilərdə, köhnə tikili 5 mərtəbəli binaların 2-ci mərtəbəsində yerləşən, eksperimental layihəli binalarda 2 yaşayış otağından ibarət, orta təmirli, təchizatlı mənzillərin hazırki tarixə orta aylıq kirayə haqqının dəyəri 450 manat, ünvan 1 ünvanına yaxın ərazilərdə, köhnə tikili 5 mərtəbəli binaların 3cü mərtəbəsində yerləşən, eksperimental layihəli binalarda 1 yaşayış otağından ibarət, orta təmirli, təchizatlı mənzillərin hazırki tarixə orta aylıq kirayə haqqının dəyəri 480 manat, ünvan 10 ünvanına yaxın ərazilərdə, köhnə tikili 9 mərtəbəli binaların 8-ci mərtəbəsində yerləşən, eksperimental layihəli binalarda 3 yaşayış otağından ibarət, yaxşı təmirli, təchizatlı mənzillərin hazırki tarixə orta aylıq kirayə haqqının dəyəri 700 manat, ünvan 11 ünvanına yaxın ərazilərdə, köhnə tikili 9 mərtəbəli binaların 8-ci mərtəbəsində yerləşən binalarda 2 otaqdan 3 otağa düzəlmə, əla təmirli, təchizatlı mənzillərin hazırki tarixə orta aylıq kirayə haqqının dəyəri 550 manat, ünvan 12 ünvanına yaxın ərazilərdə, köhnə tikili 5 mərtəbəli binaların 3-cü mərtəbəsində yerləşən, alman layihəli binalarda 3 otaqdan artırma ilə 5 otağa düzəlmiş, əla təmirli, tam təchizatlı mənzillərin hazırki tarixə orta aylıq kirayə haqqının dəyəri 2800 manat, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 4 ünvanına yaxın ərazilərdə, köhnə tikili 5 mərtəbəli binaların 1-ci mərtəbəsində və zirzəmi sahəsində yerləşən faktiki qeyri-yaşayış sahələrinin birlikdə orta aylıq kirayə haqqının dəyəri 2500 manat təşkil edir. xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh Yasamal rayonu, H.ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 29.74 kv/m olan sahəni X3 xx.xx.2024-cü ilədək aylıq 300 manat məbləğə icarəyə vermişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********291100 saylı məktubundan görünür ki, İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (VÖEN: ********** qismində uçotda olması barədə məlumat mövcuddur. Reyestrdə İddiaçı hər hansı hüquqi şəxsin təsisçisi və rəhbəri olması barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı adına Ağsu rayonu, Hinqar kəndi ərazisində yerləşən 0,12 ha (yaşayış məntəqələrinin torpaqları) torpaq sahəsi xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Nissan X-trail” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdən İddiaçı adına qeydiyyatdadır. Atatürk Liseyinin xx.xx.2024-cü il tarixli, 428 №-li arayışına əsasən X11 hal-hazırda Vİİİ B sinifində təhsil alır, illik təhsil haqqı 1100 manat təşkil edir. Atatürk Liseyinin xx.xx.2024-cü il tarixli, 427 №-li arayışına əsasən X14 hal-hazırda Vİ A sinifində təhsil alır, illik təhsil haqqı 880 manat təşkil edir. Atatürk Liseyinin xx.xx.2024-cü il tarixli, 540 №-li arayışına əsasən X11 hal-hazırda Vİİİ sinifində təhsil alır, illik təhsil haqqı 1100 manat təşkil edir.2024-2025-ci tədris ilində təhsil haqqı 2300 manat təşkil edəcəkdir. Atatürk Liseyinin xx.xx.2024-cü il tarixli, 539 №-li arayışına əsasən X14 hal-hazırda Vİ sinifində təhsil alır, illik təhsil haqqı 880 manat təşkil edir. 2024-2025-ci tədris ilində təhsil haqqı 2500 manat təşkil edəcəkdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin : 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8 nömrəli qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Eyni qərarın 8.7-ci bəndinin 2-ci cümləsində qeyd edilmişdir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqını ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Plenum qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qiymətləndirməsi: Tərəflərin əvvəllər faktiki nikahda olması, onların birgə nikahdan iki övladının olması, faktiki nikah münasibətlərinin pozulması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehdən hər uşağa 220 manat olmaqla, ayda cəmi 440 manat sabit pul məbləğində aliment tutulması işin mübahisələndirilməyən hallarıdır. Hazırda iddiaçı cavabdehin əmlakının və gəlirlərinin kifayət qədər çox olmasını əsas gətirərək tutulan aliment məbləğinin hər uşağa 3000 manat olmaqla, cəmi 6000 manat məbləğində müəyyən edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının hər bir uşağın saxlanması üçün 3000 manat məbləğində olmaqla, cəmi 6000 manat məbləğində alimentin tutulması tələbini və uşaqların saxlanmasında hər iki valideynin bərabər məsuliyyət daşımasını və bütün bunların fonunda isə yetkinlik yaşına çatmayanların üstün mənafeyinin gözlənilməsini və əvvəlki maddi vəziyyətlərinə təsiri nəzərə alır. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallar ondan ibarətdir ki, tərəflər faktiki nikah münasibətlərində olmuşlar və hər iki valideyn uşaqlarının maddi təminatını yüksək səviyyədə saxlamışlar. Belə ki, iddiaçının fərdi sahibkar olması, cavabdehin də öz növbəsində mövcud reallıq üçün yetərli sayda daşınmaz əmlaka sahib olması ailənin maddi təminatının yüksək olmasını və yetkinlik yaşına çatmayanların məhz belə bir şəraitdə böyüməsini təsdiqləyən faktdır. Lakin təəssüf ki, valideynlər arasında münasibətlərin kəskinləşməsi uşaqların maddi-məişət şəraitinə öz təsirini göstərməkdədir. İstər iddia tələbinin mahiyyətindən, istərsə də cavabdehin həmin tələbə ola barışmaz münasibətindən tərəflər arasında münasibətlərin nə dərəcədə pozulduğunu müəyyən etmək çətinlik yaratmır. Lakin məhkəmə tərəflər arasında pozulmuş münasibətlərin yetkinlik yaşına çatmayanların üzərində təsirinin mümkün minimum həddə endirilməsini vacib hesab edir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, uşaqların valideynlər arasındakı münasibətlər normal olduğu dövrdə yaşadıqları ev onların təhsil aldığı müəssisəyə daha yaxın olmuş, tərəflər münasibətlərin pozulması nəticəsində uşaqlar anaları ilə birlikdə cavabdehin mülkiyyətində olan həmin yaşayış sahəsini tərk edərək təhsil müəssisəsindən daha uzaq məsafədə olan yaşayış sahəsinə köçmüşlər ki, bu da uşaqlar üçün əlavə çətinlik yaradan haldır. İddiaçı ana ilə cavabdeh atanın faktiki nikah münasibətləri normal olduğu dövlərdə cavabdeh uşaqlarının ödənişli təsil müəssisəsində təhsil almasına qarşı çıxmamışdır, odur ki, cavabdeh tərəfin irəli sürdüyü kimi ölkədə dövlət tərəfindən təmin edilən ödənişsiz təhsilin mövcudluğu yetkinlik yaşına çatmayanların hüquqlarının məhdudlaşdırılmasına əsas vermir. Həmçinin cavabdehin irəli sürdüyü dəlil olaraq iddiaçının özünün də maddi durumunun qənəatbəxş olması cavabdehin uşaqlarının saxlanması xərclərindən kənarda qalmasına əsas verən hal deyildir.Cavabdehin kifayət qədər maliyyə imkanları olduğu halda, heç bir əmlaka (gəlirə) malik olmayan şəxs kimi uşaqlar üçün yaşayış minimumu həddində aliment ödənilməsinə cəlb edilməsi ağlabatan deyildir. Görünən hal ondan ibarətdir ki, cavabdeh məqsədli şəkildə öz əmlakından gəlir əldə etməkdən imtina edir ki, bu halda nəticə etibarilə yetkinlik yaşına çatmayan övladlarının yaşayış təminatına mənfi təsir yaradır, məhkəmə isə uşaqların hüquqlarının bu cür məhdudlaşdırılmasının yolverilməz olduğunu xüsusilə vurğulayır. Odur ki, işin faktiki əsasları baxımından iddia tələbi cavabdehə qarşı alimentin məbləğinin artırılması nöqteyi-nəzərindən əsaslıdır. Baxmayaraq ki, sonuncu dəfə məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən aliment məbləği bir uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində müəyyən edilmişdir, məhkəmə müəyyən edilmiş məbləği tərəflərin faktiki vəziyyətinə uyğun məbləğ hesab etmir. Eyni zamanda məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş alimentin bir uşaq üçün 3000 manat olmaqla, iki uşağa görə isə 6000 manat müəyyən edilməsini isə ağlabatan saymır. Nəzərə alınmalıdır ki, uşaqların maddi məişət şəraitinin yüksək səviyyədə saxlanması hər iki valideynin vəzifəsidir və həmçinin tərəflər arasında münasibətlərin pozulması halında uşaqlarla bağlı məsələ qarşı tərəfi cəzalandırmaq metodu kimi istifadə edilə bilməz. Məhkəmə hər bir halda uşaqların mənafeyini üstün hesab edərək, normal mühakimə ilə məhkəmə qətnaməsinin də icra olunabilənlik meyarına cavab verməsini nəzərə alır. Bu baxımdan cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş aliment məbləği artırılmalı, lakin bu məbləğ bir uşağa görə 3000 manat olmaqla, iki uşağa görə 6000 manat həddində müəyyən edilməməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-1611/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər uşaq üçün hər ay 500 manat olmaqla, cəmi 1000 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (1000-440=560 manat, 560x 12 = 6720 manat, 6720- 1000=5720; 5720 x 1% = 57,20; 30+57,20 = 87,20 manat) 1000 manatdan çox olduğundan, cavabdehdən 87,20 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-1611/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər uşaq üçün hər ay 500 (beş yüz) manat olmaqla, cəmi 1000 (min) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentlərin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 87,20 (səksən yeddi manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar