Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-112/2024 19.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı cavabdeh “X2” Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X2” Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icraatın dayandırılmasına baxmayaraq, qanunsuz olaraq icra aktı əsasında əmək haqqından tutulmuş 327,95 manat pul məbləğinin ASCdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qanunsuz olaraq əmək haqqından tutulmuş 327,95 manat pul məbləğindən əlavə olaraq sonrakı ayda qanunsuz olaraq yenidən əmək haqqından 327,95 manat pul məbləğində tutularaq tutulmuş ümumi məbləğin 655,90 manat pul məbləğində olunmasıni bildirmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-yə olan 2259,35 ABŞ dolları əsas, 126,09 ABŞ dolları faiz, 26,89 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 2412,33 ABŞ dolları məbləğində kredit borcunun və 20 AZN məbləğində dövlət rüsumunun ödənilməsi barədə Şamaxı rayon Məhkəməsi tərəfindən müvafiq məhkəmə əmri çıxarılmışdır. Həmin borc məbləğinin xeyli hissəsi ödənildiyi üçün hal-hazırda "xxxx" ASC-yə 424,32 USD pul məbləğində kredit borcu qalmışdır. "xxxx" ASC tərəfindən həmin borc məbləğinin tutulması üçün 14 may 2022-ci il tarixində Şamaxı rayon İcra və Probasiya Şöbəsinə müraciət olunmuşdur. Həmin təşkilatın müraciəti əsasında da Şamaxı rayon İcra və Probasiya Şöbəsi tərəfindən həmin qalıq kredit borcunun tutulması üçün 18 may 2022-ci il tarixində işlədiyi təşkilat olan "xxxx" ASC yə müraciət olunaraq hər ay olmaqla aylıq əmək haqqından 50% pul məbləğinin tutularaq "xxxx" ASC-nin hesabına köçürülməsi bildirilmişdir. Qalıq qalan kredit borc məbləğinin yeni müqavilə bağlanılaraq, aylıq olaraq hissə-hissə ödənilməsi üçün "xxxx" ASC olan müraciətinin cavabında, həmin banka olan kredit borcunun 424,32 USD pul məbləğində deyil, 969,02 USD pul məbləğində olduğu bildirilmişdir. Yəni buradan da görünür ki, qanuni qüvvəsini almış məhkəmə əmrinə əsasən xeyli hissəsi ödənildikdən sonra qalıq qalan 424,32 USD pul məbləğinin üzərinə əlavə olaraq 544,70 USD pul məbləğində qanunsuz kredit borc məbləği yazılaraq yekun məbləğ 969,02 USD pul məbləğinə gətirilib çıxarılmışdır. Hesabına yazılmış 544,70 USD kredit borc məbləğini qanunsuz və əsassız hesab etdiyindən həmin pul məbləğinin silinməsi üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 4519/2022 saylı iş üzrə icraatına qəbul olunmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsin 15 dekabr 2022-ci il tarixli, 2(006)-4519/2022 saylı qərardadına əsasən “İcra haqqında” Qanunun tələbləri çərçivəsində məhkəməyə müraciət olunması əsas gətirilərək icraata xitam verilmişdir. Həmin qərardadla razılaşmadığı üçün həmin qərardaddan şikayət etmişdir. Hal-hazırda şikayəti Məhkəmənin icraatındadır. İddia ərizəsi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4519/2022 saylı iş üzrə icraatına qəbul olunduqdan sonra Məhkəmədən ünvanına göndərilən bildirişi Şamaxı rayon İcra və Probasiya Şöbəsinə təqdim edərək, İcra haqqında Qanunun tələblərinə əsasən icraatın dayandırılması barədə qərar çıxarılmasına nail olmuşdur. Lakin cavabdeh təşkilat tərəfindən, mülki işin məhkəmə baxışında olmasına və İcra haqqında Qanunun tələblərinə uyğun icraatın dayandırılmasına baxmayaraq, qanunsuz olaraq yenidən əmək haqqından 50 % pul məbləğinin tutulması üçün Şamaxı rayon İcra və Probasiya müraciət olunmuşdur. Həmin təşkilatın müraciəti əsasında da Şamaxı rayon İcra və Probasiya Şöbəsindən işlədiyi təşkilata göndərilən icra aktı əsasında da aylıq əmək haqqından 327,95 manat pul məbləği tutularaq, "xxxx" KP ASC-nin hesabına köçürülmüşdür. Həmin pul məbləğinin əmək haqqından tutulmasını İcra haqqında Qanunun tələblərinə zidd hesab etdiyindən və məhkəmənin icraatında olduğu üçün icra tədbirləri dayandırılan mülki iş üzrə əmək haqqından tutulmanı qanunsuz hesab etdiyindən, əmək haqqından məcburi qayda da tutulan 327,95 manat pul məbləğinin "xxxx" KP ASC-dən geri qaytarılması barədə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2026-2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5474-2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 2026-2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İş yenidən icraata qəbul edilmiş və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən "xxxx" MMC məhkəməyə etiraz ilə müraciət edərək, iddianın təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya məhkəməsinin 2(103)-5474/2023 xx.xx.2023-cü il tarixli qərardadı əsasında İddiaçı iddiasına təkrar baxılır. Bakı Apellyasiya məhkəməsi öz qərardadında birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadını ləğv edərkən aşağıdakıları göstərmişdir. İddiaçı ilə cavabdeh Bank arasında yaranmış mübahisə, qeyd edilən məhkəmə əmrinin icrasından deyil, Bankın, iddiaçının qanunsuz hesab etdiyi hərəkətdən qaynaqlanır. Lakin barəsində şikayət verilmiş qərardaddan görünür ki, Rayon Məhkəməsi iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gələrkən iddianın İcra Şöbəsinə qarşı deyil, yuxarıda qeyd edilən məhkəmə əmri üzrə tələbkar olan (hazırki iş üzrə cavabdeh) Banka qarşı yönəlməsini və iddianın cavabdeh Bankın iddiaçının qanunsuz hesab etdiyi hərəkətlə bağlı verilməsi halını, bununla da iddia ərizəsində qeyd edilən məsələnin icra icraatı qaydasında həll edilməli olan məsələ olub-olmamasını müzakirə etməmiş, hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyasının qeyd edilən mövqeyinin mahiyyəti ondan ibarətdir ki, iddiaçı icra qurumunun hərəkətlərindən deyil, Bankın hərəkətlərindən şikayət etdiyinə görə, mülki mühakimə icraatı qaydasında baxılmasının mümkünsüzlüyünün qərara alınması düzgün deyil. Başqa sözlə, iddia səhv verilsə belə, birinci instansiya məhkəməsi iddiaya mahiyyəti üzrə baxmalıdır və iddia üzrə cavabdehin iddia predmetinə aidiyyəti olmadığı müəyyən edilsə, iddia qətnamə ilə rədd edilə bilər. Hesab edirik ki, Nəsimi rayon məhkəməsinin icraatında olan hazırkı iddiaya məhz bu düzgün mövqedən yanaşılmalıdır. Belə ki, aşağıdakı hallar müəyyən edilmiş hesab olunmalıdır: - iddiaçının kredit müqaviləsi üzrə borcu hələ tam bağlanmamışdır (bunu iddiaçı təkzib etmir); - iddiaçı kredit müqaviləsi üzrə borcunun özünün bildirdiyi həcmdə olduğunu sübut etməlidir (hesab edirik ki, iddiaçı bunu sübut edə bilməyib); - iddia ərizəsində cavabdeh kimi qoyulmuş Bank icra hərəkətlərini həyata keçirən qurum deyil, buna görə də o, iddia tələbləri üzrə cavabdehlik daşıyan şəxs hesab edilə bilməz; - iddiaçı müvafiq qanuna əsasən məcburi icra tədbirlərini görmək səlahiyyəti olan müvafiq icra qurumunu cavabdeh kimi göstərməmişdir və sonradan ilkin cavabdehin onunla əvəz edilməsini xahiş etməmişdir. Bütün yuxarıda qeyd edilən hallara görə iddia üzrə yekun qərar işə icra qaydasında baxıla bilmədiyi haqqında qərardad deyil, iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməlidir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasını onun iştirakı olmadan keçirilənməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan K 3514 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" KB ASC-nin hesabına 327,95 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan 22 noyabr 2021-ci il tarixli, 02/21 UB nömrəli “tələb hüququnun satılması haqqında” müqavilədən görünür ki, "xxxx" KB ASC borc qalıqlarına dair irəli sürə biləcəyi tələbləri üzrə bütün hüquqlarını "xxxx" MMC-yə satmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 07 sentyabr 2022-ci il tarixlİ maliyyə arayışından görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(074)-1385/2015 icra sənədinə əsasən İddiaçı 2412,33 USD məbləğində kredit borcu və 20 AZN məbləğində dövlət rüsumu tutularaq tələbkar bankın xeyrinə ödənilməlidir. X1 505nkADJ/15 saylı kredit müqaviləsi üzrə 969,02 USD kredit borcu qalmışdır. Məhkəmə hesab edir ki, iddia hazırki tələbə cavab verməli olmayan cavabdehə qarşı qaldırıldığından rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, əvvəl keçirilmiş məhkəmə iclasında hazırki mülki iş üzrə cavabdehin “X2” Açıq Səhmdar Cəmiyyəti deyil, "xxxx" MMC olduğu müəyyən edilmiş, İddiaçı cavabdeh “X2” ASC-nin əsil cavabdehlə əvəz edilməsi üçün vaxt vermişdir. Lakin İddiaçı hazırki məhkəmə iclasında iştirak etməyərək, həmin məsələyə münasibətini bildirməmiş, yəni cavabdehi əsl cavabdehlə əvəz etməmişdir. İddiaçı özünün güman etdiyi pozulmuş hüququnun müdafiəsi üçün Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsi qaydasında məhkəmədə iddia qaldırmışdır. AR Mülki Məcəllənin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması.14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə münasibət bildirmədiyinə görə, məhkəmə, işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdeh “X2” Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “X2” Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-112/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-112/2024
19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver