Məhkəmə qərarları › İş №e-2(006)-1135/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1135/2025

25.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1135/2025 25.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3970 manat dəymiş zərərə görə pul məbləğinin, 50 manat servis xərcinin, 9000 manat əldən çıxmış faydanın və həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 130 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 13:30-da cavabdeh idarə etdiyi Passat markalı, **-PM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomovillə yol nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində ona 8970 manat məbləğində maddi ziyan dəymişdir. Avtomobilə baxış keçirilib rəy verilməsi üçün o, UĞUR 06 adlı Avtomobillərə texniki xidmət servisinə 50 manat rüsum ödəmişdir. O, dəymiş ziyanın 5000 manat hissəsini sığorta şirkətindən almışdır. Lakin, qalıq 3970 manat pulu isə cavabdeh ona ödəməkdən imtina edir. Bundan əlavə olaraq o, X1 MMC-də fındıq tədarükü ilə məşğuldur. O, özünə məxsus olan avtomobillə həmin zavoda 1.750 kq olmaqla 2 dəfəyə cəmi 3500 kq fındıq aparmışdır. Hər 1 kg fındıq satdıqda isə ona 0.10 azn pul qalmışdır. Gündəlik isə 350 manat qazancı olmuşdur. 50 manat yanacaq və digər xərclərə gedir. 300 manat pul isə təmiz gəliri olmuşdur. Aylıq isə 9000 manat gəliri olmuşdur. Cavabdeh hazırkı vaxtadək onu bu gəlirdən məhrum etmişdir. O, əldən çıxmış faydanı yəni 1 aylıq gəlirini də cavabdehdən tələb edir. Hazırkı iddianı qaldırmaq üçün o, 130 manat dövlət rüsumu ödəmiş və ödədiyi dövlət rüsumunu da cavabdehdən tələb edir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, iddia tələbinin təmin olumasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh iddianı etiraf etməyərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan X2 Xidmətinin xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixində saat 13:30-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarından görünür ki, hadisə ilə əlaqədar toplanmış HK-1/913 saylı material üzrə Zaqatala RPŞ-nin TB tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarından görünür ki, “Ford Transit” yük markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçıdur. İş materiallarında olan “Uğur-062” Avtomobillərə Texniki Xidmət sexi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, “Ford Transit” yük markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələri və təmiri üçün 8970 manat tələb olunur. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən “Uğur-062” Avtomobillərə Texniki Xidmət sexinin xeyrinə 50 manat xidmət haqqı ödənilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, “Ford Transit” yük markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə çəkilmiş xərclər 6210 manat müəyyən edilir. İş materiallarında olan "xxxx" MMC-nin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manatdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 130 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İşin müəyyən olunmuş və tərəflərin mübahisələndirmədiyi halları ondan ibarətdir ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu sübuta yetirildiyindən (yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarda var) həmin hadisə nəticəsində iddiaçının əmlakına vurulmuş zərərə görə də onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddia tələbindən göründüyü kimi, iddiaçı yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində əmlakına vurulmuş zərərin ödənilməsini tələb edir və həmin zərərin həcmini 8970 manat məbləğində qiymətləndirir. İddiaçının tutulmalı zərərin həcminin məhz qeyd olunan məbləğdə olması ilə bağlı təqdim etdiyi sübutları “Uğur-062” Avtomobillərə Texniki Xidmət sexi tərəfindən verilmiş aktdır. Dəymiş ziyanın 5000 manatının sığorta şirkəti tərəfindən qarşılandığını iddiaçı ərizəsində bildirməsini nəzərə alaraq cavabdehdən cəmi 3970 manatın tutulmasını xahiş edir. Cavabdeh tərəf isə vurulmuş zərərin iddiada qeyd edilən məbləğdə olmadığını, ziyanın sığorta şirkəti tərəfindən tam ödənildiyini vurğulayır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verməklə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin həcmi kimi ekspert rəyi əsas götürülməli və müvafiq olaraq iddia tələbi həmin hissədə qismən təmin olunmaqla iddiaçıya məxsus “Ford Transit” yük markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin əvəzi kimi 1210 (6210-5000=1210) manat Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “9000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən alınaraq ona ödənilməsi” barədə hissəsinə dair qeyd edir ki, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməməklə tələbinin əsası mövcud olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının “Uğur-062” Avtomobillərə Texniki Xidmət sexinə xidmət haqqı olaraq ödədiyi 50 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 130 manat dövlət rüsumunun da cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddianın məbləği cəmi 1260 manat təşkil etdiyindən iddiaçı tərəfindən ödənilmiş 130 manat dövlət rüsumunun 33 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 97 manat isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi-yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat tərəflər arasında bölüşdürülməklə, 200 manatı Cavabdeh, 100 manat İddiaçı alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1210 manat məbləğində dəymiş maddi zərər, 50 manat xidmət haqqı və ödənilmiş 33 manat məbləğində dövlət rüsumu, cəmi 1293 manat alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun qalan 97 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manatın 200 (iki yüz) manatı Cavabdeh, 100 (bir yüz) manatı İddiaçı alınaraq "xxxx" MMC-nin (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar