Məhkəmə qərarları › İş №e-2(006)-114/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-114/2023

14.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-114/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı İbrahim oğlunun Cavabdeh qarşı «maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İbrahim oğlu Cavabdeh qarşı «maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin üstündə yaşayan Cavabdeh maneələrin - su sızıntısının aradan qaldırılması öhdəliyinin üzərinə qoyulması və uzun müddət suyun axıdılması nəticəsində ona dəymiş 8.000 manat məbləğində maddi ziyanın və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İbrahim oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Artıq bir ilə yaxındır ki, ona məxsus qeyri-yaşayış sahəsinin üstündəki 111 saylı mənzildən ona aid əmlaka bilərəkdən çirkab su axıdılır. 2021-ci ilin yay aylarında qeyri-yaşayış sahəsini təmir etdirməyə başlamışdır. Mağazanın üstündə 111 saylı mənzildə yaşayan Cavabdeh bilərəkdən öz eyvanından onun mağazasının tavanına mütəmadi olaraq su axıtmağa başlamışdır. O, bu problemi həll etmək üçün cavabdehlə danışığa girməyə cəhd etsə də, cavabdeh tərəfindən yalnız təhqir və nalayiq sözlərlə qarşılaşmışdır. Təhqirlər həm ona, həm də mağazada işləyən bütün kollektivə ünvanlanır. Nə məqsədlə mağazanın üstünə su axıdılması ona aydın deyil. O, ərazi üzrə 33 saylı Mənzil İstismar Sahəsinə, polis sahə müvəkkilinə bu vəziyyətin qaydaya salınması üçün müraciət etsə də, həmin qadın dövlət idarələrindən gəlmiş yoldaşları da onun yanında təhqir edib qapısından qovmuşdur. Payız və qış aylarında külək ağacların yarpaqlarını dama yığır və onlar damın su novlarının tutulmaması üçün təmizləmişlər. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, sözügedən qeyri-yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir və hər dəfə o, damı təmizləmək istəyəndə hay-həşir salır, damı təmizləməyə mane olur, eyvana çıxıb qışqırır və sonra lazımsız yerə ona aid olan dama ləyən və vedrələrlə mütəmadi olaraq su atır. Video görüntü və şəkillərdən aydın görünür ki, yağış və qar olmasa da, damın üstünə və özünə məxsus eyvana su tökür ki, mağazaya axıntı versin. Eyvanına tökdüyü su onların tavanından içəri axır. Bütün bunların nəticəsində mağazanın təmiri, inventarları (kompüter, çap qurğusu, kassa aparatı, bank uçot terminal aparatı) və onların satmaq üçün mağazada olan məhsullar yararsız vəziyyətə düşmüşdür. O, son olaraq polisin 102 xidmətinə zəng edib vəziyyətdən çıxış yolunu polislə həll etmək istəmişdir. Lakin xx.xx.2022-ci il tarixdə Nəsimi rayon 19-cu polis bölməsindən ona rəsmi cavab verilərək, cavabdehlə profilaktik söhbətlər aparıldığı bildirilmiş, lakin mübahisə mülki xarakterli olduğu üçün müvafiq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ərizəyə həmin məktubu da əlavə etmişdir. Qəsdən yuxarıdan axıdılan su həm iş rejimlərinə, həm də ucadan deyilən təhqirlər psixologiyalarına təsir edir. Bu səbəbdən, artıq işləmək mümkün deyil. Bütün bu halların qarşısının alınması, ona dəymiş zuyanın ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, əmlakına 8.000 manat dəyərində ziyan vurulub, həmin ziyanın əvəzi ödənilməlidir ki, o, həmin vəsaitlə özünə məxsus qyeri-yaşayış sahəsini təmir etdirə bilsin. Bundan başqa o, aylardır ki, əmlakına ziyanın vurulmasına, ziyanın aradan qaldırılmasına görə əsəb sarsıntısı keçirir, səhhəti pozulur, ona mənəvi zərər dəyir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən 71,2 m2 ümumi sahəsi olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin aidiyyatı Ərazi İdarəsinin verdiyi 27 yanvar 2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi 10 saylı evin 111 saylı mənzili xüsusi mülkiyyət kimi tam pay üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. İddiaçı iddia tələbinin istinad etdiyi hallara dair sübut kimi məhkəməyə 01 fevral 2022-ci il tarixdə tərtib edilmiş və 33 saylı MKİS tərəfindən təsdiq edimiş aktı təqdim etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 noyabr 2022-ci il tarixli 10/4745 saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin tavanı və divarlarında olan qüsurlar olduğunu və həmin qüsurlar su sızmaya xarakterik olduğunu nəzərə alaraq, həmin qeyri-yaşayış sahəsinin bir hissəsinə su sızma nəticəsində ziyan dəydiyi müəyyən edilir. Lakin ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qüsurlar olan hissəsinin üstündə həmin binanın 111 saylı məzilinin layihə üzrə açıq sahə kimi nəzərdə tutulan, lociya yerləşdiyini və eləcə də lociyanın daxilindən hər-hansı su borular keçmədiyini nəzərə alaraq, İddiaçı məxsus qeyri-yaşayış sahəsinə dəymiş ziyanın səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Eyni zamanda qeyd olunur ki, İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsinin tavanında olan qüsurların üzərinə layihə üzrə açıq sahə kimi nəzərdə tutulan, lociya yerləşdiyini nəzərə alaraq, qeyri-yaşayış sahəsində yaranmış qüsurlar atmosfer çöküntülərin (yağış sularının) yığılması nəticəsində əmələ gələ bilər. ünvan 2 ünvanda yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinə baxış zamanı su axdığı müəyyən olunmadı. Tədqiq olunan qeyri-yaşayış sahəsinə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 733,0 manat müəyyən olunur. Aparılmış tədqiqatının dəyəri 100 manat təşkil edir. Göründüyü kimi, qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvandakı 111 saylı məzildən su sızması halı mövcud olmamışdır, qeyri-yaşayış sahəsində yaranmış qüsurlar atmosfer çöküntülərin (yağış sularının) yığılması nəticəsində əmələ gələ bilər. Çünki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qüsurlar olan hissəsinin üstündə həmin binanın 111 saylı məzilinin layihə üzrə açıq sahə kimi nəzərdə tutulan, lociya yerləşir və eləcə də, lociyanın daxilindən hər-hansı su boruları keçmir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı İbrahim oğlunun Cavabdeh qarşı «maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İbrahim oğlunun Cavabdeh qarşı «maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar