Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1165/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı borcun restrukturizasiya edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1dan faktiki olaraq Azərbaycan manatı ilə götürdüyü, lakin ABŞ dolları ilə sənədləşdirilmiş və Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmış kredit borcunun qalmış hissəsinin manata restrukturizasiya olunmaqla 0,78 ABŞ dolları/ 1 manat ekvivalentində hesablanmasını, 1,05-1,35-1,70 ABŞ dolları/1 manat ekvivalentində ödədiyi aylıq faizlərin təkrar hesablanmasını, artıq ödənilmiş hissənin borcla əvəzlənməsini və ümumilikdə sığortalanmış kreditin qalmış hissəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə özünə toy tədarükü məqsədi ilə Cavabdeh1ın Sabunçu filialından müvafiq faizlə 6370 ABŞ dolları həcmində 0,78/1 manat ekvivalentinə uyğun 4968 manat kredit götürmüşdür. Kreditə zamin qismində şəhid qardaşı X3 təqaüdçü həyat yoldaşı X9 bank tərəfindən tanınmışdır. Kredit verilərkən bank bütün zəruri prosedurları yerinə yetirmiş, komissiya faizi və kreditin sığortalanması üçün müəyyən məbləğ tutulmuşdur. Kreditin qaytarılması üçün ona müvafiq kredit cədvəli təqdim edilmiş və kreditin qrafikdə göstərildiyi müddətlərdə 0,78 ABŞ dolları/1 manat ekvivalentində və ya ABŞ dolları ilə qaytarılması tövsiyə olunmuşdur. Həmin vaxtdan başlayaraq 2015-ci ilin fevral ayına qədər qeyd edilən ekvivalentə uyğun kredit borclarını qaytarmışdır. 2015-ci ilin fevral, may və sentyabr aylarında manatın devalvasiyası baş vermiş, manatın ABŞ dollarına nisbəti müvafiq olaraq, 1,05; 1,35 və 1,70 manat həddlərində dəyişmişdir. 2015-ci ilin may ayında banka müraciət etmiş, krediti manatla aldığı üçün 0,78 ABŞ doları/1 manat ekvivalentində qaytarılmasını xahiş etmişdir. Bank razılıq vermədiyi üçün kredit borclarını yeni kursa uyğun, aylıq 300 manat olaraq 1 il müddətində ödəmişdir. Daha sonra 05 yanvar 2016-ci il tarixdə məcburi köckün kimi Buzovna qəsəbəsinin “Çiçək” düşərgəsində yaşadığı ev bütün əşyaları ilə birgə yanmışdır. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadası yanğını söndürdükdən sonra evdə olan 4300 manat pul istiqrazları yanmış, pulun qalıqları briqada tərəfindən aşkar edilmişdir. Bu barədə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadasının əməkdaşları müvafiq akt tərtib etmişlər. Həmin vaxtdan etibarən heç yerdə işləmədiyi üçün müflis olmuşdur. FHN-nin tərtib etdiyi aktı banka təqdim etmiş və müflis olduğu üçün kreditin qalmış hissəsinin Əmanətlərin Sığortalanması Fondundan tutulmasını xahiş etmişdir. Lakin, bank onun xahişinə məhəl qoymamış və kredit borclarını zaminə-şəhid qardaşının həyat yoldaşı X7 yönəltmişdir. Sonuncunun şəhid ailəsi olduğuna görə aldığı Prezident təqaüdündən aylıq 171 manat (1,70 ABŞ dolları/1 manat ekvivalentində) tutulmasına başlanılmışdır. 2019-cu ildə Respublika Prezidentinin ABŞ dollarının restruktirizasiyası haqqında sərəncamına baxmayaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən onun götürdüyü kredit restrukturizasiya olunmamış (bunun üçün fonda ərizə yazmalı olduğu haqda ona məlumat verilməmişdir), qalıq borcun həmin fond tərədindən ödənilməsi təmin edilməmişdir. X12 Müharibəsi veteranıdır. Qardaşı X1muşdur. Ailəsi şəhid ailəsi statusuna malikdir. Qeyd etmək istəmişdir ki, bank ondan devalvasiya olduqdan sonra qanunsuz olaraq yeni kursla ödənişlər almışdır. Sonra isə onun ödənişlərini və restruktizasiyanı nəzərə almadan ondan ödənişlər tələb edir. Qeyd etmək istəmişdir ki, zamin qismində çıxış edən X6 yerinə imzanı DəmirBankın əməkdaşı çəkmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan kreditor Cavabdeh1 ASC ilə borcalan İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə kreditor tərəfindən borcalana 24 ay müddətinə illik 28 faiz ödənilməsi şərtilə 6370 ABŞ dolları kreditin verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, X9 kreditor Cavabdeh1 ASC ilə borcalan İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün öhdəliyi öz üzərini götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli girov müqaviləsinin surətindən görünür ki, dəyəri 9900 manat olan ev əşyaları kredit müqaviləsinin təminatı olaraq girov qoyulmuşdur. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)-7897/2016 saylı qətnaməsi ilə İddiaçı və X4 Cavabdeh1 ASC-nin xeyrinə ümumilikdə 4.464,99 ABŞ dolları kredit borcu və 28,50 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra banka 2.395,09 ABŞ dolları ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixinə 2.069,90 ABŞ dolları kredit borcu və 28,50 manat dövlət rüsumu mövcuddur. Xocalı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(070)-244/2017 saylı məhkəmə əmri ilə İddiaçı “Dəmirbank" ASC-nin xeyrinə ümumilikdə 792,89 manat kredit borcu və 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Əmr qüvvəyə mindikdən sonra banka 547,04 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixinə 245,85 manat kredit borcu və 20 manat dövlət rüsumu mövcuddur. İş materiallarında olan FHN-nin X10 Xidmətinin xx.xx.2016-cı il tarixli yanğın haqqında aktın surətindən görünür ki, həmin akt xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Buzovna qəsəbəsi, Çiçək düşərgəsinin həyətində yerləşən məcburi köçkün ailələri olan İddiaçı və X5 müvəqqəti məskunlaşıb yaşadıqları yaşayış evlərinə dair tərtib edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə ləğv prosesində olan Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi Fərmanın təsiri çərçivəsinə düşmüş və iddiaçıya cəmi 3 503,56 manat kompensasiya hesablanmışdır. Bundan başqa, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış digər kredit müqaviləsi üzrə də sonuncuya 263,87 manat kompensasiya hesablanmışdır. Fərmanın qüvvəyə mindiyi günə – xx.xx.2019-cü il tarixinə İddiaçı yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə 6 334,17 manat və eyni tarixli kredit xətti müqaviləsi üzrə 601,37 manat ödəniş müddəti keçmiş əsas kredit borcu mövcud olduğundan, hesablanmış bu kompensasiya Fərmanın 2-ci hissəsinə əsasən proporsional qaydada (birinci müqavilə üzrə əsas borca 3 440,77 manat, ikinci müqavilə üzrə əsas borca 326,67 manat olmaqla) əsas kredit borclarının ödənilməsinə yönəldilmişdir. Kompensasiya məbləğlərinin yönəldiyi yuxarıda göstərilmiş kredit müqavilələrinin statusu Fərmanla müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən bu müqavilələr üzrə xx.xx.2019-cu il tarixinə mövcud olan vaxtı keçmiş əsas kredit borcunun Fərman çərçivəsində restrukturizasiya ediləcək borclar siyahısına daxil edilmişdir. Göstərilən məlumatlar “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın (Qayda) tələblərinə əsasən kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatanlığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da yerləşdirilmişdir. Qaydanın tələblərinə əsasən növbəti mərhələdə müvafiq kredit təşkilatları (və ya onların ləğvedicisi) tərəfindən müştərilərlə güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması (restrukturizasiyası) fərdi qaydada tətbiq edilə bilərdi. Qaydanın 6.16-cı bəndinə əsasən isə fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Kredit müqaviləsi üzrə hazırda ödənilməyən borc məbləğinə gəlincə isə bildirilir ki, “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsinə əsasən 2018-ci il aprelin 1-dən məlumat istifadəçilərinə Mərkəzləşdirilmiş kredit reyestrindən məlumatın verilməsi dayandırılmışdır. Həmin Qanunun tələblərinə əsasən məlumat istifadəçilərinə kredit hesabatlarını yalnız kredit büroları təqdim edir. Eyni zamanda məlumat üçün bildirilir ki, hazırda ölkədə fəaliyyət göstərən yeganə kredit bürosu Azərbaycan Kredit Bürosudur (AKB). Odur ki, qeyd edilənləri nəzərə alaraq müraciətin göstərilən hissədə cavablandırılması məqsədilə AKB-ə müraciət edilməsi məqsədəuyğundur. İş materiallarında olan Azərbaycan Kredit Bürosu MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş məlumatlarda göstərilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixli müqavilə üzrə hazırda 1168.34 manat əsas, 7130.73 manat faiz borcu mövcuddur. İş materialları ilə müəyyən olunur ki, iddiaçının ləğv prosesində olan Cavabdeh1 ASC-yə 01 mart 2019-cu il tarixinə əsas kredit borcu 3440.77 manat kompensasiya edilməklə 2893.4 manat, 326.67 manat isə 274.70 manat qalıq borc olaraq müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)- 7897/2016 saylı qətnaməsi ilə İddiaçı və X4 Cavabdeh1 ASC-nin xeyrinə ümumilikdə 4.464,99 ABŞ dolları kredit borcu və 28,50 manat dövlət rüsumunun tutulması qət edilmiş, Xocalı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(070)-244/2017 saylı məhkəmə əmri ilə İddiaçı “Dəmirbank" ASC-nin xeyrinə ümumilikdə 792,89 manat kredit borcu və 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Qüvvədə olan məhkəmə aktlarının mövcudluğu kredit borc məbləğinin konvertasiya edilməklə yenidən hesablanması, aylıq faizlərin təkrar hesablanması, artıq ödənilmiş hissənin borcla əvəzlənməsi və ümumilikdə sığortalanmış kreditin qalmış hissəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilməsi barədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı borcun restrukturizasiya edilməsi ələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-1165/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1165/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver