Məhkəmə qərarları › İş №e-2(006)-1192/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1192/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1192/2024 30.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, məlum olduğu kimi "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********37 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 17 ay müddətinə, 24 faiz dərəcəsi ilə 4200 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. 126297 saylı ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, X5 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. 2V-312 nömrəli, xx.xx.2023-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, Cavabdeh X2 qanun üzrə vərəsəsidir. Yuxarıda adı çəkilən xx.xx.2020-ci il tarixli, BPM**********37 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə cavabdehin əsas borca görə 2152.79 AZN, faiz borcuna görə 24.25 AZN olmaqla, cəmi 2177.04 AZN borcu mövcuddur. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 41.53 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2023-cü il tarixində 6-2-22/2-33842/2023 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Göstərilənlərə əsasən, cavabdeh X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********37 nömrəli kredit müqaviləsinə əsasən əsas borca görə 2152.79 AZN, faiz borcuna görə 24.25 AZN olmaqla, cəmi 2177.04 AZN borcun, o cümlədən iddia ərizəsi üçün ödənilmiş 41.53 AZN dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Mülki iş üzrə iddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

6. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə X5 arasında xx.xx.2020-ci il tarixli, BPM**********37 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən Vəliyev Teyyuba illik 24 %-lə, 17 ay müddətinə 4.200 manat kredit verilmişdir. Daha sonra X5 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, Cavabdeh onun vərəsəsi qismində tanınmışdır. Hazırda iddiaçı "xxxx" ASC mərhum X2 Banka olan borcunun onun vərəsəsi, yəni hazırki iş üzrə Cavabdeh tutulmasını tələb edir.

b) Mülki işin materialları:

7. Mülki işin materiallarında olan "xxxx" ASC ilə X5 arasında bağlanan xx.xx.2020-ci il tarixli, BPM**********37 nömrəli kredit müqaviləsindən görünür ki, X1 17 ay müddətinə illik 24% ödəmək şərtilə 4.200 manat məbləğində kredit verməyi, X5 isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi, habelə kreditdən 1.2-ci bəndində göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür.

8. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Bank tərəfindən X3 verilən kreditin aylıq ödəniş məbləği 293.9 manat, sonuncu ay isə 293.36 manat müəyyən edilmişdir.

9. Mülki işin materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilən AZ-İİ seriyalı, 126297 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında haqqında akt qeydləri kitabında həmin tarixdə 245 nömrə ilə qeyd edilmişdir.

10. Mülki işin materiallarında olan Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən "xxxx" ASC-nin Problemli kreditlərlə iş departamentinə ünvanlanan xx.xx.2023-cü il tarixli, 4177 nömrəli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş, X2 adına, Bakı şəhəri 14 saylı notariat ofisində, xx.xx.2023-cü il tarixdə, 8V-105 nömrəsi ilə vərəsəliyin uçot kitabında qeydiyyata alınaraq, vərəsəlik işi açılmışdır və vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh adına, xx.xx.2023-cü il tarixdə, 2V- 185 və xx.xx.2023-cü il tarixdə, 2V-312 reyestr nömrəsi ilə qeydiyyata alınaraq tərəflərindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

11. Mülki işin materiallarında olan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş-X2 vərəsəsi: ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh və o, miras əmlakdan tam hissədə pay almalıdır.

12. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən məxaric orderindən görünür ki, Vəliyev Teyyub xx.xx.2020-ci il tarixdə 4158 manat məbləğində pulu bankdan məxaric etmişdir.

13. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən maliyyə arayışından görünür ki, X2 xx.xx.2023-cü il tarixə ödənilməmiş 2152.79 manat əsas borc, vəfat etdiyi tarixə 24.25 manat faiz borcu, cəmi 2177.04 manat və ödənilmiş dövlət rüsumu 41.93 manat təşkil edir.

14. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən X2 vərəsəsi Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli “borcun qaytarılması tələbinə dair” xəbərdarlıq məktubundan görünür ki, cavabdeh öhdəliyin 5 gün müddətində yerinə yetirmədiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət olunacağı barədə qabaqcadan xəbərdar edilmişdir.

15. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 41.53 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı olmaqla ümumilikdə 41.93 manat məbləğində pul ödənilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir.

19. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir.

20. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

21. Həmin Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin İcra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

22. Müqavilədən yaranan öhdəliklərin növlərindən biri borc müqaviləsindən əmələ gələn öhdəliklərdir. Mülki Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

23. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.

24. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.

25. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir.

26. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

27. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.

29. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini və hal-hazırda borcalanın Banka borcunun olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və mərhum X2 iddiaçı "xxxx" ASC-yə olan 2152.79 AZN (iki min yüz əlli iki manat, yetmiş doqquz qəpik) əsas borcu, vəfat etdiyi tarixə 24.25 AZN (iyirmi dörd manat, iyirmi beş qəpik) faiz borcu olmaqla, cəmi 2177.04 AZN (iki min yüz yetmiş yeddi manat, dörd qəpik) məbləğində borcu onun vərəsəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

30. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Belə olan halda, iddia tələbi tam təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 41.53 AZN (qırx bir manat, əlli üç qəpik) dövlət rüsumu və 0.40 AZN (qırx qəpik) bank xidmət haqqı da cavabdehə aid edilməlidir.

32. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********37 nömrəli kredit müqaviləsi üzrə 2152.79 AZN (iki min yüz əlli iki manat, yetmiş doqquz qəpik) əsas borc, 24.25 AZN (iyirmi dörd manat, iyirmi beş qəpik) faiz borcu olmaqla, cəmi 2177.04 AZN (iki min yüz yetmiş yeddi manat, dörd qəpik) məbləğində borc və ödənilmiş 41.53 AZN (qırx bir manat, əlli üç qəpik) dövlət rüsumu və 0.40 AZN (qırx qəpik) bank xidmət haqqı tutulmalıdır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ:

İddia tələbi təmin edilsin. X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********37 nömrəli kredit müqaviləsi üzrə 2152.79 AZN (iki min yüz əlli iki manat, yetmiş doqquz qəpik) əsas borc, 24.25 AZN (iyirmi dörd manat, iyirmi beş qəpik) faiz borcu olmaqla, cəmi 2177.04 AZN (iki min yüz yetmiş yeddi manat, dörd qəpik) məbləğində borc və ödənilmiş 41.53 AZN (qırx bir manat, əlli üç qəpik) dövlət rüsumu və 0.40 AZN (qırx qəpik) bank xidmət haqqı tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar