Məhkəmə qərarları › İş №e-2(006)-121/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-121/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-121/2025 07.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 14.232,09 ABŞ dolları - bundan 5.893,30 ABŞ dolları əsas, 1.762,83 ABŞ dolları faiz, 6.249,60 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 326,36 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 162,58 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 492/14 №-li 19 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 36 ay müddətinə illik 30% dərəcəsi ilə 12.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit Borcalana “dövriyyə vəsaitinin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh1” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 ilə bank arasında ZM-492/14 №-li 19 iyun 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 492/14 saylı kredit Müqaviləsinə xx.xx.2017-ci il tarixdə 02 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 13.110,71 ABŞ dolları təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 7.727,97 ABŞ dolları əsas borc, 3.643,67 ABŞ dolları faiz borcu və 1.739,07 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilir. Əlavə sazişə əsasən Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********503 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idilər, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 14.232,09 ABŞ dolları təşkil edir. Bundan 5.893,30 ABŞ dolları əsas, 1.762,83 ABŞ dolları faiz, 6.249,60 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 326,36 ABŞ dolları faiz borcu təşkil edir. Tərəflərin iştirakı və izahatları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) tərəfindən məhkəməyə ərizə göndərilmiş, mülki işə bankın nümayəndəsinin iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 492/14 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən illik 30% dərəcəsi ilə 36 ay müddətinə qaytarmaq şərtilə Cavabdeh1 12.700 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 Mirzağa oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli ZM-492/14 saylı zaminlik müqaviləsinin və həmin müqaviləyə 2 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişin surətindən görünür ki, Cavabdeh3 Mirzağa oğlu zamin qismində kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli ZM-492/14-02 saylı zaminlik müqaviləsinin və xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə 2 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişin surətindən görünür ki, Cavabdeh2 zamin qismində kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 492/14 nömrəli kredit müqaviləsi üzrə 2 nömrəli əlavə sazişin surətindən görünür ki, bank tərəfindən xx.xx.2014-cü il tarixli 492/14 nömrəli kredit müqaviləsi üzrə borc məbləği retrukturizasiyası edilmiş və retrukturizasiyası edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 492/14 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 5.893,30 ABŞ dolları əsas, 1.762,83 ABŞ dolları faiz, 6.249,60 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 326,36 ABŞ dolları faiz borcu olmaqla, cəmi 14.232,09 ABŞ dolları borcu vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərmiş, kredit sazişi üzrə öhdəliklərin icra edilməsini tələb etmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2531 saylı ekspert rəyindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 492/14 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 2 nömrəli əlavə sazişin şərtləri nəzərə alınaraq Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu xx.xx.2022-ci il tarixə 5.310,26 ABŞ dolları əsas, 1.505,75 ABŞ dolları faiz borcu və xx.xx.2023-cü il tarixə illik 5% hesablanmaqla 5310,26 ABŞ dolları əsas, 1.505,75 ABŞ dolları faiz, 281,74 ABŞ dolları illik 5% borcu təşkil etmişdir. Aparılmış tədqiqatların dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/9481 saylı ekspert rəyindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 492/14 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu xx.xx.2022-ci il tarixə borcu 5.728,42 ABŞ dolları əsas, 1.624,32 ABŞ dolları faiz borcu və xx.xx.2023-cü il tarixə borcu 5.728,42 ABŞ dolları əsas, 1.624,32 ABŞ dolları faiz borcu təşkil edir. Aparılmış tədqiqatların dəyəri 50 manat təşkil etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli qərarının 10-cu bəndində qeyd olunur ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmənin mövqeyi: Göründüyü kimi, Cavabdeh1 yuxarıda qeyd olunan kredit sazişi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş cədvəlinə əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Odur ki, iddia tələbi borcalan tərəfindən öhdəliklərin icrasının pozulması baxımından əsaslı hesab edilməlidir. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi digər cavabdehlər olan zaminlərə qarşı əsaslı olsa da, qanunla müəyyən edilmiş müddət ötürüldüyündən zaminlərə münasibətdə iddia rədd edilməlidir. Belə ki, əsas öhdəliyin son icra müddəti xx.xx.2022-ci il tarix müəyyən edilmiş, iddiaçı tərəfindən isə hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət olunmuşdur. Göründüyü kimi öhdəliyin icrası üçün müəyyən edilmiş müddət xx.xx.2022-ci ildə başa çatsa da, qanunla müəyyən edilmiş bir illik kəsici müddət ərzində zaminlərə qarşı kreditor tərəfindən iddia tələbi irəli sürülməmişdir. Odur ki, iddia tələbi yalnız əsas borcluya münasibətdə əsaslı hesab edilə bilər. Məhkəmə vurğulayır ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının nəticəsi ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borc məbləği istər əsas borca münasibətdə, istər faiz borcuna münasibətdə düzgün hesablanmamışdır. Bu səbəbdən məhkəmə iddia tələbini məhkəmə mühasibatlıq ekspertizasının rəyində müəyyən edilmiş əsas və faiz borcu məbləğində qismən əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən tənasübsüz həddə hesablanmış cərimə məbləği də əsas məbləğə uyğun olaraq azaldılmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 5.728,42 ABŞ dolları əsas borc, 1.624,32 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə borcu və habelə gecikdirilmiş müddət üçün illik 5 faiz hesabı ilə hesablanmaqla 281,74 ABŞ dolları olmaqla, cəmi 8134,48 ABŞ dolları pul vəsaiti ödəniş anı üçün Mərkəzi Bankın qətnamənin icra olunduğu günə uyğun olaraq müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş (8.134,48x100:14.232,09=61%) 162,58 manat dövlət rüsumunun (162,58x61%=99,17) 99,17 manat hissəsi cavabdehdən iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı və qalan hisəssi isə iddiaçının özünə aid edilməlidir . Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat məbləğində pul Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesablaşma hesabına (X1, Kod: 210005, VÖEN:**********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 5.728,42 ABŞ dolları (beş min yeddi yüz iyirmi səkkiz dollar, qırx iki sent) əsas borc, 1.624,32 ABŞ dolları (bir min altı yüz iyirmi dörd dollar, otuz iki sent) faiz, 500 ABŞ dolları (beş yüz dollar) cərimə borcu və habelə gecikdirilmiş müddət üçün illik 5 (beş) faiz hesabı ilə hesablanmaqla 281,74 (iki yüz səksən bir dollar yetmiş dörd sent) ABŞ dolları olmaqla, cəmi 8.134,48 ABŞ dolları (səkkiz min yüz otuz dörd dollar, qırx səkkiz sent) pul vəsaiti ödəniş anı üçün Mərkəzi Bankın qətnamənin icra olunduğu günə uyğun olaraq müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 99,17 (doxsan doqquz manat, on yeddi qəpik) manat iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesablaşma hesabına (X1, Kod: 210005, VÖEN:**********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar