Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1215/2023 25.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 9 saylı mənzilin su sızmanın aradan qaldırılması probleminin həll olunması öhdəçiliyinin cavabdeh X2 üzərinə qoyulması; cavabdeh X2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 9 saylı mənzildən su sızması nəticəsində yaşadığı həmin binanın 6 saylı mənzilinə vurduğu maddi ziyanın 5.000 manat, mənəvi ziyanın 3.000 manat olmaqla, ümumilikdə 8.000 manat məbləğində pul vəsaitinin cavabdeh X1 tutularaq onun xeyrinə ödənilməsi və gələcəkdə zərər vurulmasına səbəb olan hərəkətlərin cavabdeh X2 üzərinə öhdəçiliyin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, əsl olmayan cavabdeh X4 əsl Cavabdeh ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, yaşadığı ünvan 1 ünvanda yerləşən 6 saylı mənzil mülkiyyətindədir və həmin mənzildə ailə üzvləri ilə birlikdə daimi yaşayır. Yaşadığı mənzilin yuxarı mərtəbəsindəki 9 saylı mənzildə yaşayan qonşusu dəfələrlə mülkiyyətində olan mənzilini suya basmışdır. Ümumiyyətlə cavabdehin mənzilindən yaşadığı mənzilə daimi su sızması ilə bağlı olaraq problem qurtarmır. Cavabdeh mənzilini kirayəçilərə təhvil vermiş, orada yaşayan kirayaçilər su kranlarına nəzarət edilməsinə çox məsuliyyətsiz yanaşmışlar. Sonuncu dəfə 13 dekabr 2022-ci il tarixdə təkrar olaraq cavabdehin mənzilindən su sızması baş vermiş, nəticədə mənzilinin tavanı, divarları, divar kağızları, döşəmənin laminatı, elektrik xətləri, eyni zamanda mətbəx mebeli tam sıradan çıxaraq, yararsız vəziyyətə düşmüşdür. Bununla əlaqədar olaraq akt tərtib edilmişdir. Baş vermiş hadisə ilə bağlı o, cavabdehə dəfələrlə müraciət etmiş, ona dəymiş ziyanın aradan qaldırımasını xahiş etmişdir. Lakin, cavabdeh ona dəymiş ziyanla bağlı heç bir tədbir görməmiş, cavabdeh ümumiyyətlə ona dəymiş ziyanın aradan qaldırılmasından imtina etmişdir. Bununla əlaqədar olaraq o, polis bölməsinə də müraciət etmişdir, lakin heç bir nəticə baş verməmişdir. Bu səbəbdən o, hər dəfə əsəbiləşir, nəticədə qan təzyiqi qalxır, ürəyinin nəbzi pozulur, əsəb sarsıntı keçirir, məcburiyyət qarşısında qalaraq özünə əlavə dərman almağa məcbur olur. Baş vermiş hadisə nəticəsində ona 5.000 manat məbləğində maddi ziyan, 3.000 manat məbləğində mənəvi ziyan dəymişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin ustaları iddiaçının evinə gəlmiş və baxmışlar. Lakin iddiaçı iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş edir. Cavabdeh iddiaçının evini təmir edəcəyi təqdirdə, iddiaçı qətnamənin icrasını tələb etməyəcək. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, iddiaçı ona mənzilinə su axaraq, mənzilini və əşyalarını yararsız vəziyyətə saldığını demişdir. O, iddiaçıya təklif etmişdir ki, 200 manat pul versin, evini təmir etsin. Lakin iddiaçı razılaşmamış və bildirmişdir ki, onun mebelləri də yararsız vəziyyətə salınıb. İddiaçı onun telefonuna baxaraq bahalı olduğunu görmüş və ondan çox pul almaq istəmişdir. O, ustaya 200 manat pul vermiş və ev təmir edilmişdir. O, iddiaçının evinə usta aparmış, usta evdəki mebelə baxmış və bildirmişdir ki, mebelin 4 paqon metr olduğunu desələr də, mebel 7 paqon metrdi. Bu halda belə, o, yenə iddiaçı ilə razılaşmış və ustaya beh vermişdir ki, iddiaçının mənzilində təmir işlərinə başlasın. Usta da bildirdi ki, 15-20 günə təmir edəcəkdir. Mətbəx mebelinin düzəldilməsi hissəsində iddiaçı ilə razıdır. Göstərilənlərə əsasən, iddia ərizəsinin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 90 saylı evin 6 saylı mənzili İddiaçı mülkiyyətində, həmin evin 9 saylı mənzili isə Cavabdeh mülkiyyətindədir. 13 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş 14 dekabr 2022-ci il tarixli aktdan göründüyü kimi, Bakı şəhəri Azadlıq prospekti 90 saylı bina (ev) 5 mərtəbəli, kooperativ evdir. 1 saylı MTK-nın balansındadır. Vətəndaş İddiaçı məxsus 6 saylı mənzil qeyd olunan binanın 2-ci mərtəbəsində, 9 saylı mənzil 3-cü mərtəbədə yerləşir. 9 saylı mənzildə kirayəşinlər yaşayırlar. Yaşayan kirayəşinlərin səhlənkarlığı nəticəsində İddiaçı mənzilini su basıb, axan su nəticəsində mənzilin tavanı, divarları, divar kağızları, döşəmənin laminatı, elektrik xətləri, o cümlədən mətbəx mebelləri tam sıradan çıxıb və İddiaçı mənzilinə külli miqdarda ziyan dəyib, mənzil yenidən əsaslı təmir olunmalı və sıradan çıxmış mebellər yenilənməlidir. Vətəndaş İddiaçı dəymiş ziyanın ödənilməsinə dair məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəməyə təqdim olunmuş fotoşəkillərdən iddiaçıya məxsus mənzilə su sızma izləri və bunun nəticəsində zərər vurulması aşkar şəkildə müşahidə olunur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1676-9/1730 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 6 saylı mənzilin mətbəx, dəhliz və yaşayış otağı tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 90 saylı evin 6 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 9 saylı mənzildən su axıdıldığı və nəticədə 6 saylı mənzilin mətbəx, dəhliz və yaşayış otaqları tikililərinə ziyan vurulduğu, eləcə də hal hazırda su sızmasının davam etmədiyi müəyyən olunmuşdur. Qeyd olunur ki, 9 saylı mənzilin qapısı bağlı olduğundan 6 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 6 saylı mənzilə su sızması 9 saylı mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 90 saylı evin 6 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 3.215 manat məbləğində müəyyən olunmuşdur. Ekspert baxışına təqdim olunmuş mətbəx mebelinin yenisi ilə əvəz olunması məqsədəuyğun hesab edilir, həmin mebelin 1 p/m orta bazar qiyməti təxminən 250 manat, 4 p/m isə ümumilikdə təxminən 1.000 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 90 saylı evin 6 saylı mənzilinə 3.215 manat, həmin mənzildə yerləşən 4 p/m mebelə isə 1.000 manat məbləğində ziyan dəymişdir. Ziyan məhz 9 saylı mənzildən suyun sızması nəticəsində vurulmuşdur. Beləliklə, maddi zərərin ödənilməsi tələbinə dair hissədə iddia qismən təmin edilməli, mənzilə vurulmuş ziyana görə 3.215 manat, mənzildə yerləşən 4 p/m mebelə vurulmuş ziyana görə 1.000 manat pul vəsaiti qanunvericiliyə əsasən Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, göründüyü kimi, hazırda tərəflər arasında mübahisənin yaranmasına əsas cavabdehə məxsus mənzildən iddiaçının mülkiyyətində olan mənzilinə su sızması nəticəsində zərərin dəyməsi olmuşdur. Məhkəmə qeyd edir ki, su sızması nəticəsində iddiaçıya məxsus mənzilə zərər dəyməsi aşkardır. Belə olan halda isə vurulmuş maddi zərərin ödənilməsi ilə yanaşı Cavabdeh üzərinə Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 90 saylı evin 6 saylı mənzilinə su sızmasının qarşısının alınması vəzifəsi qoyulmalıdır. Vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia təmin edilə bilməz. Çünki, iddiaçı ona mənəvi zərərin vurulmasına dair sübutları məhkəməyə təqdim etməmiş, həmin hissədə iddia tələbini əsaslandırmamışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 90 saylı evin 6 saylı mənzilinə vurulmuş maddi zərərə görə 3.215 manat, mənzildə yerləşən 4 p/m mebelə vurulmuş zərərə görə 1.000 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, Cavabdeh üzərinə Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 90 saylı evin 6 saylı mənzilinə su sızmasının qarşısının alınması vəzifəsi qoyulmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 90 saylı evin 6 saylı mənzilinə vurulmuş maddi zərərə görə 3.215 manat, mənzildə yerləşən 4 p/m mebelə vurulmuş zərərə görə 1.000 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh üzərinə Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 90 saylı evin 6 saylı mənzilinə su sızmasının qarşısının alınması vəzifəsi qoyulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1215/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1215/2023
25.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver