Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1219/2023 25.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "pul" tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 644.26 ABŞ dolları borcun tutulması, ödənilmiş 30.97 manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin mətbuat şöbəsi ilə Cavabdeh arasında bağlanmış kart hesabının açılması və ödəniş kartından istifadə edilməsinə dair BPM**********10 saylı, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Bank tərəfindən Cavabdeh Azərbaycan Respublikasının ərazisində, o cümlədən xaricdə istifadə edilə bilən plastik kartın verilməsi təmin edilmiş, həmin müqavilə ilə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış “Kart hesabının açılması və ödəniş kartlarından istifadə edilməsinə” dair müqavilənin 3.3-cü bəndi ilə müəyyən edilmişdir ki, kart sahibi müqavilə bağlandığı tarixdə və onun qüvvədə olduğu bütün müddət ərzində kreditin verilməsinə, istifadəsinə və qaytarılmasına mane olan hallar mövcud olarsa, borc alan tərəfindən aradan qaldırılacaqdır. Filialın müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabından suiistifadə edərək ümumilikdə 644.26 ABŞ dolları məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Bankın “Nəsimi” filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka cəmi 644.26 ABŞ dolları borcu mövcuddur. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə tərəfindən, ərizə və ona əlavə edilmiş sənədlər araşdırılaraq, iddiaçının ərizədə göstərdiyi dəlillərin əlavə araşdırılmasına ehtiyac yarandığından, onun tərəfindən təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən, iş üçün əhəmiyyət kəsb edən faktiki halları müəyyən etmək məqsədi ilə tərəflərin çağırılaraq izahatların alınmasına zərurət yarandığından, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.4.4-cü maddəsinə əsasən iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında “Kart hesabının açılması və ödəniş kartından istifadə” müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********10 saylı “Kart hesabının açılması və ödəniş kartından istifadə müqaviləsi”nə əsasən bank borcalana-cavabdehə ödəniş kartı vasitəsi ilə hesablaşmaların aparılması üçün kart hesabını açmağı, cavabdeh isə ödəniş kartı ilə aparılmış əməliyyatlara, eləcə də ödəniş kartından istifadəyə görə xidmət haqqını Banka ödəməyi öhdəsinə götürmüşdür. Bak hesabının açılması barədə ərizənin surətindən görünür ki, Cavabdeh adına hesab valyutası USD olan bank hesabı xx.xx.2021-ci il tarixdə açılmışdır. Bank kartının sifarişinə dair xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh 2 il müddətində (kartın etibarlılıq tarixi 23/01) Azərbaycan Respublikasının ərazisində, o cümlədən xaricdə istifadə edilə bilən plastik kart verilmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Q.Ceyhunun istifadəsində olan plastik karta baş vermiş texniki xəta ilə əlaqədar yüklənilmiş məbləğ onun tərəfindən çəkilərək Banka maddi ziyan vurulmuşdur. Qeyd edilən borcun banka geri qaytarılması tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirmişdir. Cavabdeh adına olan plastik karta dair olan çıxarışın surətindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə həmin kartdan 638,83 ABŞ dolları çıxarılmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışın surətindən görünür ki, Cavabdeh "xxxx" ASCyə 644,26 ABŞ dolları (əsassız varlanmaya səbəb olan 690,87 ABŞ dolları - cəmi ödənilmiş məbləğ 46,61 ABŞ dolları) borcu vardır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********10 saylı saylı “Kart hesabının açılması və ödəniş kartından istifadə müqaviləsi”nə əsasən bank Cavabdeh bank hesabı açılmış və ona “VSDC Gold PayWave” kart növündə bir ədəd kart verilmişdir. Tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin 3.3.4cü bəndinə əsasən müştəri ödəniş kartı üzrə əməliyyatları, müvafiq əməliyyata görə bank komisiyaları da nəzərə alınmaqla, kart hesabındakı pul vəsaitləri həddində həyata keçirməlidir. Müştəriyə kart hesabı üzrə overdraft təqdim edilməmişdir. Həmçininin həmin müqavilənin 3.3.7-ci bəndinə əsasən müştəri Bank tərəfindən kart hesabına səhv daxil edilmiş pul vəsaitlərini Bankın müvafiq tələbini aldıqdan sonra 1 iş günündən gec olmayaraq geri qaytarmalıdır. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmiş, yəni tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehə bank hesabı açmış və ona plastik kart vermiş, lakin cavabdeh müqavilə ilə üzərinə qoyulmuş yuxarıda qeyd edilən vəzifələrini yerinə yetirməmiş və kartdan 644,26 ABŞ dolları məbləğində vəsaiti məxaric etmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 644.26 ABŞ dolları borcun, ödənilmiş 30.97 manat dövlət rüsumun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırki tələblə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 443.1 və 443.2-ci maddələrinin tələblərinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 644,26 ABŞ dolları ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) borc, 30,97 manat dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 124.3, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 644.26 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) borc, ödənilmiş 30.97 manat dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı iddiaçı“Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №e-2(006)-1219/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1219/2023
25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver