Məhkəmə qərarları › İş №e-2(006)-1229/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1229/2023

07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1229/2023 07.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********13 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 4.315,47 manat, faiz üzrə 1.424,24 manat olmaqla, cəmi 5.739,71 manat kredit borcunun, həmçinin ödənilmiş 77,39 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidməti haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış BPM**********13 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 24 faizlə 60 ay müddətinə 6.290 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə zaminlik müqaviləsi imzalanmışdır. Yuxarıda adı çəkilən BPM**********13 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə cavabdehin əsas borc üzrə 4.315,47 manat, faiz üzrə 1.424,24 manat olmaqla, cəmi 5.739,71 manat borcu mövcuddur. Eyni zamanda, bank tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 77,39 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixdə 22-13324/2022 saylı xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, həqiqətən bankdan kredit götürmüşdür, götürdüyü kreditdən ödənişlər etmişdir. Daha sonra maddi vəziyyəti pisləşdiyi üçün ödənişləri icra edə bilməmişdir. Əvvəl zamin, yəni digər cavabdeh işlədiyi üçün borcu sonuncu ödəyirdi, lakin sonra zamin də işdən çıxdığı üçün ödəniş edə bilməmişlər. Ümumilikdə banka 3.000 manata yaxın pul ödəmişdir, lakin iddia tələbində göstərilən məbləğlə razı deyil. Qeyd etdiyi kimi, FHN-də işləyirdi. Təhsili ilə əlaqədar bankdan kredit götürmüşdür. Sonra işində çətinliklər yarandığı üçün işdən çıxmışdır. Banka onun tərəfindən 5.000 manat məbləğində ödənişlər edilmişdir. Bir il ərzində otuz dəfədən çox bankın baş ofisinə getsə də, ona heç bir köməklik göstərilməmişdir. Bank tərəfindən hissə-hissə ödənilməsinə şərait yaradılsa borcunu ödəyəcək. Vurğuladığı kimi, maddi vəziyyəti yaxşı olmadığı üçün ödənişlər edə bilmir. Məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********13 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 60 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 6.290 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 06 yanvar 2023-cü il tarixə 4.315,47 manat əsas borc, 1.424,24 manat faiz olmaqla, cəmi 5.739,71 manat borcunun olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2023-cü il tarixli 9/1721 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli BPM**********13 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 26 yanvar 2023-cü il tarixə (sual üzrə tarixə) "xxxx" ASC-yə olan borcu 4.703 manat 95 qəpik müəyyən edilir, o cümlədən: - əsas borc üzrə – 3.705,08 manat; - faiz üzrə – 998,87 manat. Həmçinin qeyd edilir ki, iş materiallarında bank tərəfindən xx.xx.2019-cu il tarixli BPM**********13 saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı. Qeyd edilir ki, tədqiqat zamanı hesabdan çıxarış məlumatlarına əsasən cavabdeh tərəfindən edilmiş bütün ödənişlər nəzərə alınmışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2023-cü il tarixli 9/4049 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan maliyyə arayışı məlumatları və xx.xx.2019-cu il tarixli BPM**********13 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 26 yanvar 2023-cü il tarixə (sual üzrə tarixə) "xxxx" ASC-yə olan borcu 5.800 manat 29 qəpik müəyyən edilir, o cümlədən: - əsas borc üzrə – 4.315,47 manat; - faiz üzrə – 1.484,82 manat. Həmçinin qeyd edilir ki, iş materiallarında bank tərəfindən xx.xx.2019-cu il tarixli BPM**********13 saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 yuxarıda qeyd olunan müqavilə üzrə "xxxx" ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zamini xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 77 manat 79 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********13 nömrəli kredit müqaviləsi ləğv edilməli; 4.315,47 manat əsas borc, 1.424,24 manat faiz olmaqla, cəmi 5.739,71 manat pul vəsaiti, ödənilmiş 77,39 manat dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Məhkəmə qeyd edir ki, ekspert rəyinə əsasən xx.xx.2019-cu il tarixli BPM**********13 nömrəli kredit müqaviləsi üzrə faiz borcu 1.484 manat 82 qəpik təşkil etsə də, məhkəmə iddia tələbindən kənara çıxmamaqla, faiz borcunun tələb edilən məbləğdə, yəni 1.424 manat 24 qəpik məbləğində tutulmalı olması qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********13 nömrəli kredit müqaviləsi ləğv edilsin. 4.315,47 manat əsas borc, 1.424,24 manat faiz olmaqla, cəmi 5.739,71 manat pul vəsaiti, ödənilmiş 77,39 manat dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar