Məhkəmə qərarları › İş №e-2(006)-1229/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1229/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1229/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 11 may 2023-cü il tarixli OPT-763-0009-23 saylı kredit müqaviləsinə əsasən 1686 (bir min altı yüz səksən altı) manat əsas kredit, 126.09 (bir yüz iyirmi altı manat doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 1812.09 (bir min səkkiz yüz on iki manat doqquz qəpik) manat pul, həmçinin 38.12 (otuz səkkiz manat on iki qəpik) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 11 may 2023-cü il tarixli OPT-763-0009-23 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, 2400 (iki min dörd yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixinə 1686 (bir min altı yüz səksən altı) manat əsas kredit, 126.09 (bir yüz iyirmi altı manat doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 1812.09 (bir min səkkiz yüz on iki manat doqquz qəpik) manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Cavabdeh aldığı krediti qaytarmalı, kreditdən istifadəyə görə faizləri, həmçinin, vurduğu zərəri ödəməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1229/2024 nömrəli qərardadı ilə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə bağlı mülki işə ümumi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə ilə təqdim edərək, mülki iş üzrə təyin edilən məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəyinin nəzərə alınmasını və onu iştirakı olmadan işə baxılmasını xahiş etmiş, Cavabdeh isə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 11 may 2023cü il tarixli, OPT-763-0009-23 nömrəli kredit müqaviləsindən görünür ki, kredit verən borcalanın istifadəsinə 2400 (iki min dörd yüz) manat məbləğində krediti təqdim etməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və onu müəyyən olunmuş müddətdə və qaydada bu müqavilənin tərkib hissəsi hesab edilən ödəniş cədvəlinə əsasən kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqaviləyə əsasən kreditin kredit verənə qaytarılması üçün son müddət 11 may 2024-cü il tarixi müəyyən edilmişdir. Kredit borcalana bu müqavilənin təminatı qismində bağlanılacaq girov müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilən “daşınar əmlakın qiymətləndirmə aktı”nda qeyd edilmiş malların alınması məqsədilə verilmişdir. Kreditin kredit verən tərəfindən "xxxx" MMC-nin hesabına köçürülməklə verilməsi barədə razılıq əldə edilmişdir. Borcalan bu müqavilə üzrə ödəniş öhdəliklərinin ödəniş cədvəlinə əsasən vaxtında və/və ya tam icra edilməməsinə görə ödənişin hər gecikdirildiyi gün üçün gecikdirilmiş borc məbləğinin 1 %-i məbləğində kredit verənə cərimə ödəyir. Borcalan kreditin təqdim edilməsinə görə kredit məbləğinin 20 %-i həcmində komissiya haqqının, bu müqavilənin 1 (a) bəndində qeyd edilmiş kredit məbləğindən silinməsinə razılıq vermişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 11 may 2023cü il tarixli girov müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən girov qoyan xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan və müqavilənin ayrılmaz hissəsi olan “daşınar əmlakın qiymətləndirmə aktı”nda və ya əlavədə göstərilən əmlakı girov saxlayan qarşısında girov ilə yüklü etmişdir. Girov ilə təmin edilmiş öhdəliyin yaranma əsası Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə borclu arasında yazılı formada bağlanmış və məbləği 2400 manat, müddəti 12 ay olan 11 may 2023-cü il tarixli, OPT-763-0009-23 nömrəli kredit müqaviləsidir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh tərəfindən imzalanmış daşınar əmlakın xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktından görünür ki, girov müqaviləsinin predmetini təşkil edən “Hp ProBook 450 G9” markalı malın qiyməti 2400 manat təşkil edir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən “Cavabdeh – kreditin verilməsi” təyinatı ilə "xxxx" MMC-nin hesabına 1920 manat məbləğində pul köçürülmüşdür. Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023cü il tarixli bildirişdən görünür ki, ona müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Kredit borcunun, faizlərin və penyanın (cərimənin) hesablanması haqqında xx.xx.2023-cü il tarixli 13-12 nömrəli arayışdan görünür ki, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə 1686 (bir min altı yüz səksən altı) manat əsas, 126.09 (bir yüz iyirmi altı manat doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 1812.09 (bir min səkkiz yüz on iki manat doqquz qəpik) manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 38.12 (otuz səkkiz manat on iki qəpik) manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə geri qaytarılması şərtilə 2400 manat məbləğində kredit faizsiz olaraq verilmiş, tərəflərin razılaşmasına əsasən kreditin verilməsinə görə 20 % məbləğində komissiya haqqı, yəni 480 manat məbləğində pul kredit məbləğindən çıxıldıqdan sonra, 1920 manat məbləğində kredit iddiaçı tərəfindən müvafiq hesaba köçürülmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam icra etmədiyindən onun iddiaçıya borcu yaranmış, bu səbəbdən iddiaçı rəsmi qaydada xəbərdarlıq edərək borcun ödənilməsini cavabdehdən tələb etmişdir. Lakin cavabdeh yenə də borcunu ödəməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmıış, iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də məhkəkə hesab edir ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməyə hüququ olmuşdur. İddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, aralarında olan müqavilə üzrə cavabdehin iddiaçıya borcunun yaranması işdə olan mötəbər sübutlarla təsdiq edildiyindən, tələb “əsas borc” hissəsinə münasibətdə təmin edilməli, cərimə borcuna gəldikdə isə qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, sözügedən kredit müqaviləsi üzrə 126.09 manat cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirildiyindən, məhkəmə hesab edir ki, həmin məbləğ 85 manatadək azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1686 manat əsas, 85 manat cərimə borcu olmaqla, cəmi 1771 manat məbləğində pul alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə verilməli, iddia qalan hissədə təmin edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 38.12 manat dövlət rüsumunun 37 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1686 (bir min altı yüz səksən altı) manat əsas, 85 (səksən beş) manat cərimə borcu olmaqla, cəmi 1771 (bir min yeddi yüz yetmiş bir) manat məbləğində pul alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə verilsin. Ödənilmiş dövlət rüsumunun 37 (otuz yeddi) manat hissəsi Cavabdeh alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə ödənilsin, dövlət rüsumunun qalan hissəsi iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar