Məhkəmə qərarları › İş №e-2(006)-1274/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1274/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1274/2023 01.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqavilələri üzrə borcun olmaması barədə məlumatların verilməsi vəzifəsinin həvalə edilməsi və s.” tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqavilələri üzrə borcun olmaması barədə məlumatların verilməsi vəzifəsinin həvalə edilməsi və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standart” KB ilə İddiaçı oglu arasında bağlanmış xx.xx.2012-ci il tarixli, xx.xx.2012-ci il tarixli (2 kredit müqaviləsi) və 22 may 2012-ci il tarixli kredit müqavilələri üzrə üzrə borcun olmaması barədə "xxxx" MMC-yə məlumat verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 mart 2012-ci il tarixində (1xx/xx/4530/12 saylı) illik 25 faiz olmaqla, 24 ay müddətinə ödəmək şərti ilə 2880 manat, 21 aprel 2012-ci il tarixində (1xx/xx/4615/12 saylı), 21 aprel 2012-ci il tarixində (1xx/xx/4614/12 saylı) və 22 may 2012-ci il tarixində (1xx/xx/4682/12 saylı) illik 25 faiz olmaqla, 24 ay müddətinə ödəmək şərti ilə, İddiaçı ilə QSC "xxxx" KB arasında hər biri 4000 AZN məbləğində olmaqla, ümumilikdə 4 (dörd) kredit müqaviləsi imzalanmışdır. İddiaçı borclu olaraq bank qarşısında olan öhdəliklərini hələ 2014-cü ildə tam yerinə yetirərək, banka olan borcumu tam bağlamışdır. Lakin buna baxmayaraq, 2018-ci və 2019-cu illərdə LPO QSC "xxxx" KB-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun borcun qaytarılması tələbi ilə İddiaçı qarşı ayrı-ayrılıqda 4 (dörd) iddia ilə Sabunçu rayon məhkəməsinə müraciət etdiyi məlum olmuşdur. Sabunçu Rayon Məhkəməsinin müxtəlif tarixlərdə qəbul etdiyi qətnamələrə əsasən, hər 4 (dörd) kredit müqavilələri üzrə iddialar təmin edilmədən, borcun qaytarılmasına dair iddiaların rədd edilməsi qət edilmişdir. Sabunçu Rayon Məhkəməsinin qətnamələrindən bank tərəfindən verilmiş apellyasiya şikayətləri və sonradan apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, qətnamələr dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə, qanuni qüvvəsini almış məhkəmə qərarlarından məlum olur ki, İddiaçı yuxarıda qeyd etdiyi kredit müqavilələri üzrə bank qarşısında heç bir öhdəlikləri yoxdur. Lakin son məhkəmə qərarından 3 (üç) il zaman keçməsinə baxmayaraq, hal-hazırda bankın əməliyyat sistemində və eyni zamanda, "xxxx" MMC-nin kredit reyestrindən çıxarışda həmin kreditlər üzrə İddiaçı guya borclu olduğu əks olunur. Beləliklə, məhz bu qanunsuzluğa görə də İddiaçı borclunun olmadığı halda kredit bürosundan çıxarışda aktiv öhdəliyinin olduğu qeyd olunmaqdadır ki, bu hal da onun hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Çünki kredit üçün müraciət etdiyi banklar da məhz bu əsasa görə ona kredit verməkdən imtina edirlər. Cavabdehlərin tutduqları mövqedən istifadə edərək, iddiaçının hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Bu səbəbdən iddiaçı qanuni hüquqularını müdafiə etmək məqsədi ilə hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Digər tərəfdən vəziyyətin bu formada qalması iddiaçının vətəndaş olaraq bir çox hüquqlarını məhdudlaşdırır. İpoteka yolu ilə mənzilə sahib olmaq, kreditlə avtomobil almaq və yaxud xırdalı-böyüklü ev əşyaları almaq - bütün bunlar iddiaçı üçün hal-hazırda xülyadır və mümkün deyil. Çünki iddiaçı kredit üçün müraciət etdiyi halda banklar da məhz bu əsasa görə ona kredit verməkdən imtina edəcəklər. Bundan başqa, artıq həmin borclar mövcud deyildir. Məhkəmə qətnamələri həmin borcun olmamasını təsdiq edir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iddianı qəbul etməyib, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarını nəzərə alıb iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndələrinin izahatını, vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2754/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı ləğv prosesində olan QSC «Bank Standart» KB-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi”nə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/4682/12 saylı kredit müqaviləsi üzrə cavabdeh İddiaçı banka borcu yaranmış, lakin bank iddia ərizəsini məhkəməyə iddia müddətini ötürməklə vermişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5066/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, ləğv prosesində olan QSC «Bank Standart» KB-nin cavabdeh İddiaçı qarşı “borcun tutulması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2012ci il tarixli 1xx/xx/4530 saylı kredit müqaviləsi üzrə cavabdeh İddiaçı banka borcu yaranmış, lakin bank iddia ərizəsini məhkəməyə iddia müddətini ötürməklə vermişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 2468/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı ləğv prosesində olan QSC «Bank Standart» KB-nin cavabdeh İddiaçı qarşı “borcun tutulması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/4614/12 saylı kredit müqaviləsi üzrə cavabdeh İddiaçı banka borcu yaranmış, lakin bank iddia ərizəsini məhkəməyə iddia müddətini ötürməklə vermişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 1524/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin cavabdeh İddiaçı qarşı “borcun tutulması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/4615/12 saylı kredit müqaviləsi üzrə cavabdeh İddiaçı banka borcu yaranmış, lakin bank iddia ərizəsini məhkəməyə iddia müddətini ötürməklə vermişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 6528/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin MKnın 01 iyul 2019-cu il tarixli qətnaməsi ilə Sabunçu rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 6528/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə isə iddiaçı LPO QSC “Bank Standart” KB-nın kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 iyul 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-777/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli, 2(103)-12692/2019 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1524/2019 saylı, 19 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-777/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə isə iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli, 2(103)-12692/2019 nömrəli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 2(008)-5066/2018 və 2(008)-2754/2018 saylı məktubdan görünür ki, iddiaçı QSC «Bank Standart» KB-nin cavabdeh İddiaçı qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5066/2018 nömrəli xx.xx.2018-ci il tarixli və 2(008)-2754/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnamələr qəbul edilmişdir. İşdə qətnamələrin tərəflərə rəsmi qaydada çatdırılmasını təsdiq edən sənəd mövcud olmadığına görə qətnamələrin qanuni qüvvəyə minib-minməməsi barədə məlumat vermək mümkün deyildir. Eyni zamanda, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5066/2018 nömrəli xx.xx.2018-ci il tarixli və 2(008)- 2754/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnamələrindən apellyasiya şikayətləri daxil olmamışdır. Mülki işin materiallarında olan Azərbaycan Kredit Bürosundan xx.xx.2023-cü il tarixli SF- 9850 nömrəli çıxarışın borcalanın aktiv öhdəlikləri bölməsində İddiaçı yuxarıda sözügedən 4 müqavilə üzrə öhdəliklərinin olması qeyd edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, İddiaçı ilə hazırda ləğv prosesində olan QSC «Bank Standart» KB arasında 4 kredit müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilələr üzrə öhdəliklərini yerinə yetirmədiyindən bank məhkəməyə müraciət edərək borcun tutulmasını tələb etmiş, lakin məhkəmələr tərəfindən hər 4 müqaviləyə müvafiq olaraq iddia ərizələri bank tərəfindən iddia müddətinin ötürülməsi ilə məhkəməyə verildiyindən bankın tələbləri rədd edilmişdir. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standart” KB ilə aralarında bağlanmış kredit müqavilələri üzrə üzrə borcun olmaması barədə "xxxx" MMC-yə məlumat verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini, cavabdeh tərəf isə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarını tətbiq etməklə iddianın rədd edilməsini xahiş edir. Göründüyü kimi, iddiaçı ilə ləğv prosesində olan QSC "xxxx" KB arasında kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, ləğv prosesində olan QSC "xxxx" KB müqavilələr üzrə öhdəliklərini yerinə yetirsə də, iddiaçı öz öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə onun ləğv prosesində olan QSC "xxxx" KB-yə borcu yaranmış, ləğv prosesində olan QSC "xxxx" KB isə kredit müqavilələri üzrə yaranmış borcları məhkəmə qaydasında tələb etmişdir. Həmin tələblər məhkəmə tərəfindən əsaslı hesab edilmiş, lakin iddia müddəti ötürülməklə məhkəməyə verildiyindən iddia təmin edilməmişdir. Beləliklə, iddiaçının ləğv prosesində olan QSC "xxxx" KB qarşısında kredit müqavilələri üzrə öhdəliyinin olması, lakin ləğv prosesində olan QSC "xxxx" KB-nin borcları məhkəmə qaydasında tələb etmə müddətini ötürməsi məhkəmə qətnamələri ilə təsdiq edilmişdir. İddia tələbi ilə əlaqədar qeyd edilməlidir ki, məhkəmə aktları ilə iddia tələblərinin müddətin keçməsinə görə təmin edilməməsi öhdəliyə xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, öhdəliyə xitam verilməsi üçün qanunla nəzərdə tutulmuş halların siyahısında iddia müddətinin ötürülməsi səbəbindən iddianın təmin edilməməsini qət edən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mövcudluğu halı yoxdur. Məhkəmə təcrübəsində iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsi iddia əsaslı olduğu halda mümkündür. Bu da onu qeyd etməyə əsas verir ki, hazırda iddiaçının silinməsini tələb etdiyi borc öhdəlikləri mövcuddur, belə ki, məhkəmə aktları ilə bu hal öz təsdiqini tapmışdır. Yəni iddiaçının banka borcunun olması və öhdəliklərini icra etməməsi, lakin bankın həmin borcu məhkəmə qaydasında tələb etmə müddətinin ötürülməsi işin mübahisəsiz halını təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-739.2-ci maddələrində qeyd edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən göstərilən dəlillərə istinadən borcun olmamasının müəyyən edilməsi və bu barədə məlumatların verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi əsassız olduğundan, İddiaçı cavabdeh ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqavilələri üzrə borcun olmaması barədə məlumatların verilməsi vəzifəsinin həvalə edilməsi və s.” tələblərinə dair iddiası təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372, 373.3, 375-ci maddələrinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarından görünür ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Həmin Qərarda qeyd edilmişdir ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi özözlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). Mülki Məcəllənin 551.2-ci maddəsinə görə, aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2. ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; 551.2.4. məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Burada qeyd edilməlidir ki, 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir. Vurğulanmalıdır ki, Mülki Məcəllənin 527.1-ci maddəsində öhdəliklərin xitamı əsasları sırasında “müddətin keçməsi” halı sırf hüquqi xarakterinə və ya tərəflərin razılaşmasına əsasən müddətə bağlı öhdəliklərə münasibətdə yaranır. Yəni, bir öhdəlik məhz müəyyən bir müddət üçün əmələ gətirilibsə (məsələn, konkret bir müddətə bağlı xidmətin göstərilməsinə dair öhdəliklər), həmin müddətin keçməsi öhdəliyin xitam olunması nəticəsini yarada bilər. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu o nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir; Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir. Yuxarıda istinad edilmiş normaların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin qanuni əsası tapılmadığından, iddia təmin edilməməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqavilələri üzrə borcun olmaması barədə məlumatların verilməsi vəzifəsinin həvalə edilməsi və s.” tələblərinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqavilələri üzrə borcun olmaması barədə məlumatların verilməsi vəzifəsinin həvalə edilməsi və s.” tələblərinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar