Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1276/2022 18.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı (LPO Maraqlı şəxs ASC üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əmanətin geri qaytarılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı (LPO Maraqlı şəxs ASC üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əmanətin geri qaytarılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 noyabr 2016-cı il tarixli PTD.252535.001 saylı “Güvən” Əmanət müqaviləsi üzrə 2 000 ABŞ dolları və ona hesablanmış 201 ABŞ dolları məbləğinin cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ASC-nin 28 May filialı ilə İddiaçı arasında imzalanmış 22 noyabr 2016-cı il tarixli № PTD ********* saylı “Güvən” Əmanət Müqaviləsinin 2.1-ci bəndinə əsasən Bank əmanətçidən 2000 (iki min) USD məbləğində pul vəsaitini AZ71AMRA******************** №-li hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün ilik 3% (üç faiz) dərəcəsi ilə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə 12 (on iki) ay müddətinə, 23 noyabr 2017-ci il tarixinədək (sonradan “Əsas müddət”) bağlanır. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilənin müddəti sona çatdıqdan sonra əmanətçi əmanəti geri götürmürsə və bankla yeni əmanət müqaviləsi bağlamırsa bu müqavilə 2.2-ci bəndində göstərdiyi müddətdə, lakin bankla mövcud olan şərtlərlə uzadılmış hesab edilir. Bu zaman əmanət üzrə faizlər uzadılma tarixinə bankda qüvvədə olan faiz tariflərinə müvafiq olaraq hesablanır. Həmin müqavilənin 4.1.3-cü maddəsinə əsasən əmanətin bu müqavilə müddəti sona çatanadək Əmanətçiyə qaytarılmasını təmin etmək öhdəliyi mövcuddur. Qeyd etmək zəruridir ki, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3(103)-130/2020 saylı qərarı ilə Maraqlı şəxs ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğvedici qismində təyin edilmişdir. İddiaçı tərəfindən 06 avqust 2021-ci il tarixində ləğv prosessində olan Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinə ərizə ilə müraciət edilərək xəstə olmağı səbəbindən vaxtında müraciət etmədiyi və bununla əlaqədar əmanətin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Əmanətlərin Sığortalanması Fondunun icra direktorunun müavini Vüqar Abdullayev tərəfindən imzalanmış və İddiaçı ünvanlanmış 22 dekabr 2021-ci il tarixli **********296 saylı məktubla bildirilmişdir ki, “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edilir. Hazırki günə qədər tərəfindən Maraqlı şəxs ASC-nin 28 May filialında 22 noyabr 2016-cı il tarixli PTD.252535.001 saylı “Güvən” Əmanət Müqaviləsi üzrə yerləşdirdiyi 2 000 (iki min) USD və ona hesablanmış faizlər geri qaytarılmamış və yalnız müddətin keçməsini əsas götürmüşdülər. Tərəflər arasında imzalanmış 22 noyabr 2016-cı il tarixli PTD.252535.001 saylı “Güvən” Əmanət Müqaviləsinin 5.5-ci bəndinin “e” yarımbəndinə əsasən ərizənin verildiyi tarixdən etibarən 90 (doxsan) gün müddətində Fond tərəfindən təminatçıya kompensasiya ödənilməlidir. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında elan ilk dəfə dərc edildiyi gündən 5 (beş) il müddətinə saxlanılır. Hazırki mərhələdə qanunvericliyin tələbini, habelə tərəflər arasmdaki müqavilənin şərtlərini nəzərdə keçirən zaman iddiaçının kompensasiya almaq hüququ 5 (beş) il müddəti ilə məhdudlaşdırılmışdır ki, həmin müddət iddiaçı tərəfindən ötürülməmişdir. İddiaçı tərəfindən yalnız ərizənin verilməsi üçün qanunvericliklə nəzərdə tutulmuş müddəti ötürülmüşdür ki, həmin müddət iddiaçının ahıl və qismən də ruhi xəstəliyinin olması, habelə faktiki olaraq Xaçmaz rayonunda yaşaması ilə əlaqədar olmuş və faktiki olaraq bankın müflis elan olunmasından məlumatlı olmamışdır. Nəzərə alınması zəruridir ki, iddiaçı həmin əmanət məbləğini banka yerləşdirdikdən sonra müqaviləyə müqavilədə nəzərdə tutulan şərtlərdən əlavə hansısa əlavə və dəyişikliklər edilməsi ilə bağlı razılığa gəlməmiş, həmin əmanət məbləğini geri tələb etməmiş və keçən müddət ərzində müəyyən faizlərin yığılacağını əsas götürərək hərəkətsizlik nümayiş etdirmişdir. Hazırki mərhələdə əmanətin Maraqlı şəxs ASC-nin ləğvedicisi tərəfindən geri qaytarılmaması üçün heç bir əsas mövcud deyildir və qanunvericliklə bu halı məhdudlaşdıran normativ tənzimləmə yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaçının kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində Əmanətlərin Sığortalanması Fonduna müraciət etmədiyi nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmiş mübahisə barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Maraqlı şəxs ASC-nin 28 May filialı ilə İddiaçı arasında bağlanmış 22.11.2016-cı il tarixli, PTD.252535.001 saylı “Güvən” əmanət müqaviləsi”nin surətindən görünür ki, Bank əmanətçidən 2.000 ABŞ dolları məbləğində əmanəti AZ71AMRA******************** saylı hesaba qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz (illik 3% dərəcəsi ilə) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 12 ay müddətinə bağlanmışdır. İddiaçı tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış 06.08.2021-ci il tarixli ərizənin surətindən görünür ki, əmanət müqaviləsi üzrə vəsaitinin qaytarılması üçün tədbirlər görülməsini xahiş etmiş, uzun müddətdir xəstə olduğunu bildirmişdir. Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 22.12.2021-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3(103)-130/2020 saylı qərarı ilə Maraqlı şəxs ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmışdır. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Maraqlı şəxs ASC-nin 28 May filialı ilə İddiaçı arasında 22.11.2016-cı il tarixli ““Güvən” əmanət müqaviləsi” bağlanmış və həmin müqaviləyə əsasən bank əmanətçidən 2.000 ABŞ dolları məbləğində pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı öhdəsinə götürmüşdür. Əmanət 22.11.2016-cı il tarixindən 23.11.2017-ci il tarixinədək, 12 ay müddətinə 3 % dərəcəsi ilə yerləşdirilmiş, müddətin bitdyi gün əmanət məbləği iddiaçı tərəfindən geri götürülməmişdir. Azərbaycan Respublikasının Mərkəzi X5 28 aprel 2020-ci il tarixli qərarı ilə Maraqlı şəxs ASC–yə bank fəaliyyəti üçün verilmiş lisenziya ləğv edilmiş, Maraqlı şəxs ASC-də sığorta hadisəsi günü 28 aprel 2020-ci il tarixi müəyyən edilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə Maraqlı şəxs ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin tələblərinə uyğun olaraq Fond lisenziyası ləğv edilmiş Maraqlı şəxs ASC-nin əmanətçilərini qorunan əmanətlər üzrə kompensasiyanın ödənilməsi ilə əlaqədar məlumatlandırmaq məqsədilə ilk bildirişi Əmanətlərin Sığortalanması Fondunun internet saytında 01.05.2020-ci il tarxidə yerləşdirmiş, 06.05.2021-ci il tarixdə isə ərizə qəbulunun başa çatdığını elan etmişdir. Hazırda iddiaçı «Əmanətlərin sığortalanması haqqında» Qanunun müvafiq maddələrinə istinad edərək məhkəmədən tərəf olduğu əmanət müqaviləsinə əsasən banka yerləşdirdiyi əmanət üzrə kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh isə iddiaya etiraz edərək iddiaçı tərəfindən kompensasiya məbləğini almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddətinin ötürüldüyü nəzərə alınmaqla iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1 və 950.1-ci maddələrinin tələblərinə görə bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.1-ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir; 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir; 26.2-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir; 27.2-ci maddəsinə əsasən əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, kompensasiya bu qanunun 26.1ci maddəsində göstərilən məbləğdən artıq olmasın. İddia ərizəsindən göründüyü kimi hazırkı mübahisəni iddiaçının banka qarşı əmanətin ödənilməsi deyil, sığorta hadisəsi (bankın müflis olması) baş verdiyi üçün bankda olan əmanəti üzrə kompensasiya məbləğinin ona ödənilməsinə dair Əmanətlərin Sığortalanması Fonduna qarşı olan tələb təşkil edir. Belə ki, Əmanətlərin Sığortalanması Fondu bankla əmanətçi arasında bağlanmış müqavilənin tərəfi deyil və bu səbəbdən də müqavilə üzrə hər hansı öhdəlik daşımır. Bu səbəbdən də sığorta hadisəsi baş verdikdən sonra əmanətçi ilə Fond arasında olan münasibətlər Mülki Məcəllə ilə deyil, yalnız “Əmanətlərin sığortalanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” Qanunlara uyğun şəkildə tənzimlənir. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 28-ci maddəsində göstərilmişdir ki, Fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqandan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir. Kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. Təqdim olunan sənədlərin yoxlanılması və ödənişə yönəldilməsi qaydası X4 tərəfindən müəyyən edilir. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Fond kompensasiyanı əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində ödəməlidir. Müstəsna hallarda X2 qərarı ilə Fond kompensasiyaların ödəniş müddətini 90 təqvim gününədək uzada bilər. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi, iddiaçı kompensasiya məbləğinin ödənilməsinə dair ərizə ilə hüququnun yarandığı vaxtdan müəyyən müddət keçdikdən sonra müraciət etmişdir. Belə ki, “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Fond özünə məxsus internet saytında lisenziyası ləğv edilmiş Maraqlı şəxs ASC-nin əmanətçilərinin məlumatlandırılması məqsədilə ilk bildirişi 01.05.2020-ci il tarxidə yerləşdirmiş, 06.05.2021-ci il tarixdə isə ərizə qəbulunun başa çatdığını elan etmişdir. Müəyyən edildiyi kimi göstərilən müddət ərzində iddiaçı tərəfindən əmanətin geri qaytarılması barədə müraciət daxil olmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı qanunvericiklə müəyyən olunmuş müddəti bitdikdən sonra, yəni 06.08.2021-ci il tarxidə Fonda müraciət etməklə bu müddəti ötürmüşdür. Həmçinin qeyd edilməlidir ki, iddiaçı işə baxılan zaman məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq bir illik müddətinin axımının kəsilməsinə əsas verən halların mövcudluğunu təsdiq edən hər-hansı sübutu məhkəməyə təqdim etməmiş, nəticədə mübahisəli müddətin üzrlü səbəbdən ötürülüb-ötürülmədiyinə məhkəmənin münasibət bildirməsi mümkün olmamışdır. Halbuki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Bundan başqa qeyd edilməlidir ki, məhkəmənin istinad etdiyi bu müddət iddia müddəti deyil, kompensasiya almaq üçün hüquqların qüvvədə olduğu kəsici müddətdir. Ona görə də, həmin müddətin məhkəmə tərəfindən nəzərə alınması üçün, cavabdeh tərəfindən ayrıca ərizənin verilməsinə ehtiyac qalmır. Belə olan halda məhkəmə hesab edir ki, iddia üzrə iddiaçının qanunla müəyyən edilmiş müddət ərzində kompensasiya məbləğinin ödənilməsini tələb etmək hüququ itirildiyindən, onun bankda olan əmanətinin qorunan əmanətlərə aid olub-olmaması və bu əmanətin məbləği ilə bağlı dəlilləri araşdırmağa ehtiyac qalmır. Beləliklə məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı (LPO Maraqlı şəxs ASC üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əmanətin geri qaytarılması və s.” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsi tələbinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1276/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1276/2022
18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver