Məhkəmə qərarları › İş №e-2(006)-1278/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1278/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1278/2025 28.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi X3, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 99/0206/MAX nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 42 (qırx iki) ay müddətinə 500.00 (beş yüz manat) AZN məbləğində güzəştli faizsiz kredit xətti açılmışdır. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 12 dekabr 2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 2.2.3-cü bəndinə əsasən borcalan müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq cəriməni ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin 2.3.2-ci maddəsinə əsasən borcalan bu müqavilə üzrə müqavilə şərtlərinin pozulması, kredit xətti üzrə limitdən artıq vəsaitin xərclənməsi və 10 təqvim günü ərzində ödənilmədiyi halda kredit üzrə borcun və kreditdən istifadəyə görə ödənişlərin qaytarılma vaxtından 10 gündən artıq keçdiyi zaman kreditin və kreditdən istifadəyə görə cərimələrin ödənilməsini tələb etmək və kredit kartının fəaliyyətini dayandırmaq “Bank”ın hüququdur. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-Y-21-4683/2024 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 556,49 (beş yüz əlli altı manat qırx doqquz qəpik) AZN təşkil edir. Bundan 497,55 (dörd yüz doxsan yeddi manat əlli beş qəpik) AZN əsas və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 58,94 (əlli səkkiz manat doxsan dörd qəpik) AZN faiz borcu təşkil edir. Göstərilənlərə əsasən cəmi 556,49 (beş yüz əlli altı manat qırx doqquz qəpik) AZN borc olmaqla – bundan 497,55 AZN əsas və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 58,94 AZN faiz borcunun və iş üzrə ödənilmiş 30 AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, iddia ərizəsinin surəti, işin icraata götürülməsi barədə qərardad və bildiriş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada – poçt vasitəsilə göndərilmiş, lakin cavabdehlər iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.

4. Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

5. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

6. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 99/0206/MAX nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə görə bank X4 ödəniş sisteminin kredit kartlarından istehlak məqsədləri üçün istifadə etməklə “Borcalana” 42 ay müddətinə 500 (beş yüz) manat məbləğində güzəştli faizsiz kredit xətti açmağı, borcalan isə kreditdən təyinatına uyğun istifadə etməyi və kredit xətti üzrə bütün öhdəliklərini xx.xx.2022-ci il tarixədək tam ödəməyi öhdəsinə götürür.

7. "xxxx" ASC (Bank), Cavabdeh1 (Borclu) və Cavabdeh2 (Zamin) arasında bağlanmış xx.xx.2018-ci il tarixli 99/0206/MAX nömrəli Zaminlik müqaviləsindən görünür ki, Zamin borclunun bank qarşısında 99/0206/MAX saylı 12 dekabr 2018-ci il tarixli kredit üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürür. Zamin borclunun öhdəliklərinin icrasına, o cümlədən əsas borc məbləğinin, kreditdən istifadəyə görə faizlərin və hesablaşma gününə cərimə sanksiyasının ödənilməsi öhdəliyinin icra edilməməsi halları da daxil olmaqla, Bank qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

8. İddiaçı ASC-nin şəxsi beynəlxalq kartının alınması və istifadəsi üçün ərizədən görünür ki, Yusubov X1 alınması və onlardan istifadəsi qaydası ilə tanış olduğunu, bankın tarif, komisyon xərclərini qeyri şərtsiz qəbul etdiyini və plastik kartı aldığını imzası ilə təsdiq etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 3(103)-131/2020 nömrəli qərarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müflis elan edilməsi, Əmanətlərin Sığortalanması Fondunun bankın ləğvedicisi təyin edilməsi qərara alınmışdır.

10. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2018-ci il tarixli 99/0206/MAX nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xəbərdar edilmişdir.

11. xx.xx.2024-cü il tarixli məhkəməyə təqdim edilməsi üçün tərtib edilmiş arayışdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 99/0206/MAX nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə yaranmış tələb, müqavilə üzrə əsas borc – 497,55 manat; müqavilənin müddəti – xx.xx.2018-xx.xx.2022-ci il; AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi – 5 % (beş faiz); günlük faiz məbləği və gecikdirilmiş gün sayısı – 0 (sıfır) manat, 07 (yeddi) qəpik, 842 gün; gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği – 58,94 manat; Müqavilə tələbləri əsasında yaranmış ümumi borc 556,49 manat təşkil edir.

12. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30,00 manat rüsum ödənilmişdir.

13. İş materiallarına, həmçinin, hesabdan çıxarış əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə müəyyən etdi ki, “NBCBank» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC X4 ödəniş sisteminin kredit kartlarından istehlak məqsədləri üçün istifadə etməklə Cavabdeh1 42 ay müddətinə 500 (beş yüz) manat məbləğində güzəştli faizsiz kredit xətti açmağı öhdəsinə götürmüş, Cavabdeh1 isə kreditdən təyinatına uyğun istifadə etməyi və kredit xətti üzrə bütün öhdəliklərini xx.xx.2022-ci il tarixədək tam ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh1, digər Cavabdeh2 və bank arasında xx.xx.2018-ci il tarixli 99/0206/MAX nömrəli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixdə İddiaçı ASC Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir.

15. Kreditin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilsə də, nə Cavabdeh1, nə də sonuncunun öhdəliklərinin yerinə yetirilməsinə görə birgə məsuliyyət daşıyan digər cavabdeh (zamin) Cavabdeh2 müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada borcun ödənilməsi, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehlərə xəbərdarlıq etmiş, lakin borc ödənilməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixə Cavabdeh1 krediti üzrə 497,55 manat əsas, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 58,94 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

c) Məhkəmənin mövqeyi:

15. Məhkəmə hesab edir ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, Bank ləğv edildikdən sonra onun hüquq və öhdəlikləri ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna keçmişdir.

16. LPO İddiaçı ASC müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdehlər isə öz öhdəliklərini tam və vaxtında icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir.

17. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, Cavabdeh2 kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 kreditor İddiaçı ASC qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünə və kreditor qarşısında onunla birgə məsuliyyət daşıdığına görə kredit müqaviləsi üzrə yaranmış borcu cavabdehlər müştərək qaydada iddiaçıya ödəməlidirlər.

18. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya verilməlidir.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, eləcə də icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllənin və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır;

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 497,55 (dörd yüz doxsan yeddi manat, əlli beş qəpik) manat əsas, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 58,94 (əlli səkkiz manat, doxsan dörd qəpik) manat faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 586,49 (beş yüz səksən altı manat, qırx doqquz qəpik) manat məbləğində pul alınaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir.

Nəticə:

22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 497,55 (dörd yüz doxsan yeddi manat, əlli beş qəpik) manat əsas, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 58,94 (əlli səkkiz manat, doxsan dörd qəpik) manat faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 586,49 (beş yüz səksən altı manat, qırx doqquz qəpik) manat məbləğində pul alınaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar