Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1280/2024 01.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12702,36 manat məbləğində əsas borc və 1007,99 manat faiz borcu olmaqla, cəmi 13710,35 (on üç min yeddi yüz on manat otuz beş qəpik) manat borcun və 131,53 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 01 fevral 2023-cü il tarixli, 103804-397367/3 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 14,9 % dərəcəsi ilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 09 yanvar 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 12702,36 manat məbləğində əsas borc və 1007,99 manat faiz borcu olmaqla, cəmi 13710,35 (on üç min yeddi yüz on manat otuz beş qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatlar: İş üzrə iddiaçı "xxxx" ASC məhkəməyə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh izahatında iddia tələbini qismən qəbul etmiş, lakin ailə vəziyyətində yaranmış problemlə əlaqədar hazırda borcu ödəyə bilmədiyini bildirmişdir. İş materialları: xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC (bank) tərəfindən Cavabdeh (borc alan) 36 ay müddətinə 15000 manat məbləğində illik 14,9 % dərəcəsi ilə kredit verilməsi barədə razılıq əldə olunmuşdur. xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 15000 manat məbləğində pulu qəbul etmişdir. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh pretenziya qaydasında borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə banka 12702.36 manat əsas, 1007.99 manat faiz, cəmi 13710.35 manat borcu mövcuddur. Ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 131,53 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən qanunvericilik: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə "xxxx" ASC-dən borc almış, ayrılmış borc məbləğinin ödəniş qrafikinə əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 12702.36 manat əsas, 1007.99 manat faiz, cəmi 13710.35 manat pul vəsaiti və ödənilmiş 131.53 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 12702,36 (on iki min yeddi yüz iki manat otuz altı qəpik) manat əsas, 1007,99 (min yeddi manat doxsan doqquz qəpik) faiz borcu olmaqla, cəmi 13710,35 (on üç min yeddi yüz on manat otuz beş qəpik) borc pul və ödənilmiş 131,53 (yüz otuz bir manat əlli üç qəpik) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1280/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1280/2024
01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver