Məhkəmə qərarları › İş №e-2(006)-1337/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1337/2022

20.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1337/2022 20.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «KATV1» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının «Televiziya və Radio yayımı haqqında» Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin son zamanlar bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət- A” hüquq firması arasında 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. Belə ki, Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 6 saylı MİS tərəfindən verilən arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil cavabdehə məxsus olmuşdur. 10.01.2007-ci il tarixdə həmin ünvanda yaşayan Əliyev Azad ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən “K@TV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş və son ödəməsini 01.02.2014-cü il tarixinədək edərək, 13.03.2014-cü il tarixində 12,90 manat borcla şəbəkədən ayrılmışdır. 11.11.2014-cü il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 1754 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır.Habelə iddia ərizəsinə əlavə olunan Bakı şəhəri 14 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş etibarnamə və Bakı şəhəri 46 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 31.01.2015-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin surətindən də göründüyü kimi cavabdeh ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisi olmuşdur. Beləliklə də yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın şəbəkədən ayrıldığı 13.03.2014-cü il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 11.11.2014-cü il tarixə qədər olan müddət 243 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulan zərərin məbləği 72 manat 90 qəpik təşkil edir. İddiaçı MMC “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya göndərilmiş, lakin cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 72 manat 90 qəpik abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun, 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 253 manat 30 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə oğlu iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, «Ədalət A» hüquq firması ilə İddiaçı MMC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 11.11.2014-cü il tarixli, 1754 N saylı aktdan görünür ki, ünvan 4 ünvanında «KATV1» kabel şəbəkəsinə müqavilə bağlamadan qanunsuz olaraq qoşulmalar müəyyən olunmuşdur. İddiaçı MMC-nin 19.07.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı MMC ilə ünvan 5 ünvanında yaşayan Əliyev Azad arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 10.01.2007-ci il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub, 01.02.2014-cü il tarixinədək isə son ödəməsini edib və 13.03.2014-cü il tarixində 12 manat 90 qəpik borc ilə şəbəkədən ayrılmışdır. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 14.07.2011-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh məxsus ünvan 1 ünvanında «KATV 1» brendi ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulmuş və bu qanunsuz qoşulma nəticəsində vurulmuş zərərə görə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iddianın hüquqi xidmət xərclərinin əvəzi kimi 150 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsinə qiymət verərək qeyd edir ki, MPM-nin 121.1-ci maddəsinin tələbinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd olunan qanunun normasını rəhbər tutaraq hesab edir ki, hüquqi xidmət xərclərinin əvəzi ağlabatan məbləğdə - 30 (otuz) manat məbləğində müəyyən edilməli və həmin pul məbləği cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh 72,90 (yetmiş iki manat, doxsan qəpik) manat məbləğində vurulmuş zərər, nümayəndəyə çəkilən xərclərə görə 30 (otuz) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı, cəmi 133,30 (bir yüz otuz üç manat, otuz qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 72,90 (yetmiş iki manat, doxsan qəpik) manat məbləğində vurulmuş zərər, nümayəndəyə çəkilən xərclərə görə 30 (otuz) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı, cəmi 133,30 (bir yüz otuz üç manat, otuz qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar