Məhkəmə qərarları › İş №e-2(006)-1354/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1354/2025

03.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1354/2025 03.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya əldən çıxmış fayda olaraq vurulmuş maddi ziyana görə kirayə pulundan 9.600 manat pul vəsaiti və ödənilmiş 116 manat dövlət rüsumunun əvəzinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 13 nömrəli mənzildən çıxarılması, 01 sentyabr 2022-ci il tarixdən mənzildən çıxan günə qədər hər ay 700 manat məbləğində kirayə haqqının Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, ünvan 1 ünvanda yerləşən 13 nömrəli mənzil onun xüsusi mülkiyyətindədir. Xüsusi mülkiyyətində olan mənzili 2021-ci ilin iyul ayından Cavabdeh və ailəsinə aylıq kommunal xərclər daxil 700 manata kirayəyə vermişdir. Cavabdeh 2022-ci ilin sentyabr ayından hazırki vaxta qədər nə kirayə haqqı ödəyir, nə də onun xüsusi mülkiyyətində olan mənzilindən çıxır. Onun tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh nə kirayə haqqı ödəyir, nə də mənzildən çıxır. 01 sentyabr 2022-ci il tarixdən hazırki vaxta qədər cavabdehin ona 6.300 manat borcu yaranmışdır və bu vəziyyət indiyə kimi davam etdiyindən cavabdehin kirayə haqqı borcu ona məxsus mənzildən çıxan günə qədər hesablanmalıdır. O, iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 13 nömrəli mənzildən çıxarılması, 01 iyun 2023-cü il tarixdən mənzildən çıxan günə qədər hər ay 700 manat məbləğində kirayə haqqının Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-3025/2023 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, Cavabdeh Bakı şəhəri Nəsimi rayonu İmran Qasımov küçəsi 16 saylı evin 13 saylı mənzilindən çıxarılması qət edilmişdir. Cavabdeh tərəfindən Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-3025/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-2155/2024 saylı qərardadı ilə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Cavadeh Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-3025/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin üzürlü sayılaraq bərpa edilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-3025/2023 saylı qərardadı ilə cavadeh Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsindən imtina edilmişdir. Cavadeh Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-3025/2023 saylı qərardadından şikayət vermişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)- 3025/2023 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-4059/2024 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-3025/2023 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən şikayət verildiyi müddət ərzində ünvan 1 ünvanda yerləşən 13 nömrəli mənzildə yaşamağa davam etmiş və hər hansı məbləğdə kirayə haqqı verilməmişdir. Cavabdeh 08 avqust 2024-cü il tarixdə Nəsimi rayon İcra Şöbəsinin əməkdaşı Pərviz tərəfindən mənzildən çıxarılmış və mənzil ona həmin gün təhvil verilmişdir. Beləliklə, 28 noyabr 2023-cü ildən yəni, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin mənzildən çıxarılma tələbinə dair iddia tələbi təmin edildikdən 2024-cü ilin avqust ayının 8-dək olan müddət ərzində Cavabdeh onun mənzilində qalmaqda davam etməklə, onun həmin mənzili kirayə verəcəyi təqdirdə onu 8 aylıq kirayə müqaviləsindən əldə edəcəyi gəlirdən məhrum etmişdir. Mənzilin yerləşdiyi ərazini nəzərə alaraq mənzilin kirayə bazar qiyməti 1.200 manat təşkil edir. Beləliklə, ona məxsus ünvan 1 ünvanda yerləşən 13 nömrəli mənzilin xx.xx.2023-xx.xx.2024-cü illər ərzində kirayə verilməsi ilə əlaqədar əldə ediləcək 9.600 manat gəlir cavabdehin qanunsuz hərəkətləri nəticəsində əldən çıxmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan (MA seriyalı ******* saylı) görünür ki, ünvan 1 ünvanda yerləşən 13 nömrəli mənzil (reyestr nömrəsi: **********29- 05301-093030) tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) daşınmaz əmlakın dövlət reyestrində 1414 nömrəli reyestr kitabının 129400 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyun 2011-ci il tarixli MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu İmran Qasımov küçəsi 16 saylı evin 13 saylı mənzili xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1414 saylı nömrəli reyestr kitabının 129400 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-3025/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanda yerləşən 13 nömrəli mənzildən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)- 2155/2024 saylı qərardadından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-3025/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-3025/2023 saylı qərardadından görünür ki, Cavabdeh ötürülmüş müddətin üzürlü sayılması və bərpa edilməsi barədə ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-3025/2023 saylı qərardadından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-3025/2023 saylı, müddətin bərpasından imtina edilməsi barədə qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)- 4059/2024 saylı qərardadından görünür ki, Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)- 3025/2023 saylı qərardadı dəyişiklik edilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli e13548/2024-5-33 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-3025/2023 saylı icra sənədi üzrə icra tədbirləri xx.xx.2024-cü il tarixə saat 11.00-a təyin edilmiş, bu barədə aidiyyəti şəxslərə məlumat verilmiş, qanunvericiliyin tələbləri izah edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli ərizə-iltizamından görünür ki, o, icra sənədində göstərilən mənzildən xx.xx.2024-cü il tarixdə saat 11.00-da çıxacağına və əşyalarını həmin mənzildən çıxaracağına söz vermişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, icra sənədi xx.xx.2024-cü il tarixdə icra edilmiş və mənzil mülkiyyətçi İddiaçı təhvil verilmişdir. Fiziki şəxs X1 (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan, VÖEN **********) tərəfindən verilmiş 05 fevral 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mənzilin parametrləri, tam əşyalı və təmirli olması qeyd edilməklə, Bakı şəhəri Nəsimi rayonu İmran Qasımov küçəsi 16 saylı evin 13 saylı mənzilinin 2023-cü ilin noyabr ayından 2024-cü ilin avqust ayınadək olan kirayə qiyməti əmlak bazarında 1.200-1.300 manat təşkil edir. Ödəniş qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 116 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinin tələbinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan mənzili 2023-cü ilin noyabr ayından 2024-cü ilin avqust ayınadək (Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-3025/2023 saylı qətnaməsi icra edilənədək) tərk etməmiş, həmin mənzildə yaşamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktından göründüyü kimi, iddiaçı öncələr həmin mənzili kirayəyə verməklə gəlir əldə etmişdir. Əgər cavabdeh həmin mənzili vaxtında tərk etsə idi, iddiaçı mənzili başqa şəxslərə kirayə verərək, gəlir əldə edərdi. Bununla da, iddiaçı həmin mənzili yuxarıda qeyd edilən dövr ərzində kirayəyə verərək gəlir əldə edə bilməməsi nəticəsində ona 9.600 manat əldən çıxmış fayda şəklində maddi ziyan dəymişdir. İddia tələbi və iddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis arayışı cavabdeh tərəfindən daha mötəbər sübutla təkzib edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslandığı faktiki hallara və təqdim edilmiş sübutlara görə əsaslı hesab edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, 9.600 manat pul vəsaiti və ödənilmiş 116 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 9.600 (doqquz min altı yüz) manat pul vəsaiti və ödənilmiş 116 (bir yüz on altı) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar