Məhkəmə qərarları › İş №e-2(006)-1368/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1368/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1368/2023 26.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı «***» ASC-nin nümayəndəsi XXX qızının və cavabdeh A.S.A. oğlunun iştirakları ilə, İddiaçı "***" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh A.S.A. oğluna qarşı "kredit və ona hesablanmış faiz borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı «***» ASC cavabdeh A.S.A. oğluna qarşı "kredit və ona hesablanmış faiz borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh A.S.A. oğlu ilə «***» ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən bank borcluya 48 ay müddətinə, illik 19% olmaqla 20000 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Göstərilənlərə əsasən kredit müqaviləsinin ləğv edilməsini və cavabdeh A.S.A. oğlundan iddiaçı «***» ASC-nin xeyrinə 11453,02 manat məbləğində əsas borcun, 1796,65 manat məbləğində faiz borcunun, 696,58 manat məbləğində cərimə borcunun, cəmi 13946,25 manat borcun və 132 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı «***» ASC-nin nümayəndəsi XXX qızı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh A.S.A. oğlu iddia tələbi ilə əsas borc hissəsində razı olduğunu, faiz və cərimə hissəsində razı olmadığını bildirərək, qanunamüvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, «***» ASC ilə cavabdeh A.S.A. oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, CC/04630/74/28 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən A.S.A. oğluna 48 ay müddətinə, illik 19% olmaqla 20000 manat məbləğində kredit verilmişdir. «***» ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, A.S.A. oğlunun kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə «***» ASC-yə 11453,02 manat əsas borcu, 1796,65 manat faiz borcu, 696,58 manat cərimə borcu vardır. Hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə «***» ASC-yə pul ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «***» ASC ilə cavabdeh A.S.A. oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, CC/04630/74/28 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən A.S.A. oğluna 48 ay müddətinə, illik 19 % olmaqla 20000 manat məbləğində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmişdir və nəticədə onun banka 11453,02 (on bir min dörd yüz əlli üç manat, iki qəpik) manat əsas borcu, 1796,65 (bir min yeddi yüz doxsan altı manat, altmış beş qəpik) manat faiz, 696,58 (altı yüz doxsan altı manat, əlli səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 13946,25 (on üç min doqquz yüz qırx altı manat, iyirmi beş qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla iddia ərizəsində tələb olunan yüksək cərimə pulu azaldılaraq 100 (yüz) manat məbləğində dəbbə pulu müəyyən edilməlidir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı qeyd edir ki, iş materiallarından və tərəflərin izahatından da göründüyü kimi borclu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, beləliklə də iddiaçı ilə bağladığı müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, A.S.A. ilə «***» ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, CC/04630/74/28 nömrəli kredit müqaviləsi ləğv edilməli, cavabdeh A.S.A. oğlundan 11453,02 (on bir min dörd yüz əlli üç manat, iki qəpik) manat əsas borc, 1796,65 (min yeddi yüz doxsan altı manat altmış beş qəpik) manat faiz borcu, 100 (yüz manat) manat cərimə borcu olmaqla, cəmi 13349,67 (on üç min üç yüz qırx doqquz manat altmış yeddi qəpik) manat məbləğində pul və 132 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq «***» ASC-yə verilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. A.S.A. ilə «***» ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, CC/04630/74/28 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh A.S.A. oğlundan 11453,02 (on bir min dörd yüz əlli üç manat, iki qəpik) manat əsas borc, 1796,65 (min yeddi yüz doxsan altı manat altmış beş qəpik) manat faiz borcu, 100 (yüz manat) manat cərimə borcu və 132 (yüz otuz iki) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13481,67 (on üç min dörd yüz səksən bir manat altmış yeddi qəpik) manat məbləğində pul vəsaiti alınaraq «***» ASC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Qaralov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar