Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1372/2024 22.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipoteka müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti Qobu qəsəbəsi üzrə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən İddiaçı verilmiş arayışna əsasən ünvan 1 ünvanında İddiaçı ilə yanaşı daha 9 nəfər ailə üzvü və yaxın qohumları yaşayır. Abşeron Rayon Məhkəməsinin 2(012)-392/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən, iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçı qarşı «borc tələbi, borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası təmin edilmiş və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 13 iyun 2013-cü il tarixli, 495-13/P-EV saylı kredit müqaviləsi üzrə 14609.25 manat əsas, 4971.62 manat faiz borcu, 800 manat dəbbə pulu olmaqla, cəmi 20380.87 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı tutularaq Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödəmə ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsində yerləşən 2A nömrəli - ümumi sahəsi 104.1 kv.m olan, bir mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, fərdi yaşayış evinin ilkin satış qiyməti 30.000 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı) ilə müəyyən edilməsi, satışdan əldə edilən vəsaitdən cəmi 20380.87 manat məbləğində pul vəsaiti Cavabdeh ASC-yə ödənilməlidir. Abşeron Rayon İcra Şöbəsi tərəfindən “X3" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2017-ci il tarixli hərracın keçirilməsi haqqınnda sifarişə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-392/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 104.10 kv.m olan fərdi yaşayış evinin satılması ilə bağlı hərracın keçirilməsi “X3" Məhdud Məsuliyyətli Cəmiyyətindən xahiş olunmuşdur. “X3" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış surətlərinin Abşeron Rayon İcra Şöbəsinə və İddiaçı göndərildiyi xx.xx.2017ci il tarixli məktuba əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 104.10 kv.m olan fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə keçirilmiş ilkin hərrac qiyməti 30000 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə təkrar hərracda 15% endirimlə 25500 ABŞ dollarına açıq hərraca çıxarılsa da, sifarişçi olmadığından hərrac baş tutmamışdır. Hərracın baş tutmaması ilə bağlı Kaspi qəzetində elan dərc olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə ala biləcəyini qeyd etmiş və bununla bağlı 30 təqvim günü ərzində münasibət bildirməsi xahiş olunmuşdur. Cavabdeh ASC tərəfindən Abşeron Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktuba əsasən, icra hərəkətlərinin davam etdirilməsi üçün sifariş məktubunun müvafiq hərrac təşkilatına göndərilməsi xahiş olunmuşdur. Abşeron Rayon İcra Şöbəsi tərəfindən “X1 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli hərracın keçirilməsi haqqınnda sifarişə əsasən, Abşeron Rayon Məhkəməsinin 2(012)-392/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən İddiaçı məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, Natəvan küçəsiev 2 ünvanında yerləşən, ümumisahəsi 104.10 kv.m olan fərdi yaşayış evinin satılması ilə bağlı hərracın keçirilməsi “X1 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətindən xahiş olunmuşdur. “X1 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Abşeron Rayon İcra Şöbəsinə, Cavabdeh ASC-yə və İddiaçı ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli və xx.xx.2020-ci il tarixli bildirişlərə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 104.10 kv.m olan fərdi yaşayış evin açıq hərracının müvafiq olaraq xx.xx.2020-ci il tarixdə saat 11:00-da və xx.xx.2020-ci il tarixdə saat 11:00-da ünvan 6 ünvanında keçiriləcəyi barədə məlumat verilmiş və hərrac barədə elanın “Market” qəzaetində dərc edildiyi bildirilmişdir. “X1 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, YP 065 nömrəli satış protokoluna əsasən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)- 392/2015 nömrəli icra vərəqi əsasında İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 104.10 kv.m olan fərdi yaşayış evi 32513 manata Cavabdeh ASC tərəfindən əldə edilmişdir. “X1 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 104.10 kv.m olan fərdi yaşayış evi 32513 manata Cavabdeh ASC-yə satılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışın surətinə əsasən, ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 104.10 kv.m olan fərdi yaşayış evi Cavabdeh ASC-nin tam payda xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2021-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. İddiaçı cavabdehlər “X1 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti, ləğv prosesində olan “Muğanbank" ASC və Abşeron Rayon İcra Şöbəsinə qarşı hərracın yekunlarının və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 Mərkəzi” MMC tərəfindən təşkil edilmiş hərrac, həmçinin YP№-065 saylı, 07 yanvar 2021-ci il tarixli "Hərracın nəticələri haqqında satış protokol"-u və Hərracın yekunları üzrə əmlakın alğı-satqı barədə 07 yanvar 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin sənədlər əsasında Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsində yerləşən 2A nömrəli - ümumi sahəsi 104.1 kv.m olan, bir mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə dair verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 3182/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsi (hakim Mehriban Əfəndizadə) ilə iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 3182/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2362/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X6) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3182/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin edilmiş, “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təşkil edilmiş hərrac, həmçinin YP №- 065 saylı, 07 yanvar 2021-ci il tarixli hərracın nəticələri haqqında satış protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə 07 yanvar 2021-ci il tarixli müqavilə etibarsız hesab edilmiş və həmin sənədlər əsasında Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsində yerləşən 2 nömrəli - ümumi sahəsi 104.1 kv.m olan fərdi yaşayış evinə dair verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli Çıxarış ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3381/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2362/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdiirlədən saxlanılmış,Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməmişdir. İddiaçı Cavabdeh ASC iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evinin boşaldılması və həmin mənzilə dair istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbuledilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-783/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı Cavabdeh ASC-nin mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evinə cavabdeh İddiaçı istifadə hüququna xitam verilməsi, Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evinin cavabdeh İddiaçı tərəfindən boşaldılması qət edilmişdir Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-124/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş Abşeron Rayon Məhkəməsinin e-2(012)- 783/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Beləliklə də hesab edirəm ki, hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Çünki, ipoteka predmeti olan fərdi yaşayış evi ilə bağlı verilən icra sənədiəsasında 2 ayrı hərrac təşkilatı tərəfindən müxtəlif vaxtlarda, ümumilikdə 4 dəfə hərrac keçirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu 28 oktyabr 2014-cü il tarixli Qərarında qeyd emişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki,“İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnıziki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Abşeron rayon İcra Şöbəsindən tələb edilmiş İcra işindəki sənədlərdən və iş materiallarından göründüyü kimi, birinci dəfə “X3” MMC tərəfindən 2017-ci ildə 2 dəfə hərrac keçirilmiş, lakin hərrac baş tutmadığı üçün hərrac təşkilatı tərəfindən banka, icra şöbəsinə və ipoteka qoyana bu barədə məlumat verilmiş, o cümlədən ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə ala bildiyi üçün 30 gün ərzində bu təklifə münasibət bildirilməsi xahiş edilmişdir. Buna baxmayaraq, tələbkar bank tərəfindən ipoteka predmeti qanunla müəyyən edilmiş müddətdə əldə edilməmişdir. Bundan sonra,Abşeron Rayon İcra və Probasiya Şöbəsi 28 oktyabr 2020-ci il tarixliməktubla yenidən, bu dəfə “X1 Mərkəzi” MMC-yə hərracın keçirilməsi haqqında qanuna zidd sifariş göndərmiş və yenidən hərrac keçirilməsi xahiş edilmişdir. Bu hərrac təşkilatı tərəfindən də yuxarıda göstərilən tarixlərdə və vaxtda 2 dəfə hərrac keçirilmiş və təkrar hərrac baş tutmadığı üçün ipoteka predmetinin əldə edilməsi banka təklif edilmiş və tələbkar bank tərəfindən 4-cü dəfə keçirilən hərracın baş tutması nəticəsində fərdi yaşayış eviəldə edilmişdir ki, bu da qanuna zidd sayılır. Göstərilənlərə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 13 iyun 2013cü il tarixli, 495-13/P-EV saylı kredit müqaviləsi üzrə cəmi 20380.87 manat məbləğində pul vəsaitinin təminatı olan Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsində yerləşən 2A nömrəli - ümumi sahəsi 104.1 kv.m olan, bir mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə dair ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə dəqiqləşmə ünvanlayaraq, cavabdehin əsl cavabdehlə, yəni ləğvetmə prosesində olan Cavabdeh ASC ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etdiyini və onun təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.
6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
7. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2362/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təşkil edilmiş hərrac, həmçinin YP №- 065 saylı, 07 yanvar 2021-ci il tarixli hərracın nəticələri haqqında satış protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə 07 yanvar 2021-ci il tarixli müqavilə etibarsız hesab edilmiş və həmin sənədlər əsasında Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsində yerləşən 2 nömrəli - ümumi sahəsi 104.1 kv.m olan fərdi yaşayış evinə dair verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli Çıxarış ləğv edilmişdir. Hazırda iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanmış 13 iyun 2013-cü il tarixli, 495-13/P-EV saylı kredit müqaviləsi üzrə cəmi 20380.87 manat məbləğində pul vəsaitinin təminatı olan Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsində yerləşən 2A nömrəli - ümumi sahəsi 104.1 kv.m olan, bir mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə dair ipotekaya xitam verilməsini tələb edir.
b) Mülki işin materialları:
8. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2362/2023 saylı qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3182/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi, “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təşkil edilmiş hərrac, həmçinin YP nömrə-065 saylı, 07 yanvar 2021-ci il tarixli hərracın nəticələri haqqında satış protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə 07 yanvar 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin sənədlərin əsasında Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsində yerləşən 2 nömrəli-ümumi sahəsi 104.1 kv.m olan fərdi yaşayış evinə dair verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir.
9. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3381/2023 saylı qərarına əsasən Cavabdeh ASC tərəfindən verilən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2023-cü il tarixli, 2(103)-2362/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən: 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1—43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
11. Hazırki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında müəyyən edilmişdir ki, hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilməmiş, ipoteka predmeti olan fərdi yaşayış evi ilə bağlı icra sənədi əsasında 2 ayrı hərrac təşkilatı tərəfindən müxtəlif vaxtlarda, ümumilikdə 4 dəfə hərrac keçirilmişdir.
12. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarında göstərilir: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.
13. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında formalaşmış hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb tam əsaslıdır.
14. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli 14 dekabr 2022-ci il tarixli qərardadı: ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günun sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur. İpoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər.
15. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
16. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında müəyyən etdiyi hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 13 iyun 2013-cü il tarixli, 495-13/P-EV saylı kredit müqaviləsinin təminatı olan tərəflər arasında bağlanmış Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsində yerləşən 2A nömrəli - ümumi sahəsi 104.1 kv.m olan, bir mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə dair ipoteka müqaviləsinə xitam verilməlidir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
19. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
20. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 13 iyun 2013-cü il tarixli, 495-13/P-EV saylı kredit müqaviləsinin təminatı olan Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsində yerləşən 2A nömrəli - ümumi sahəsi 104.1 kv.m olan, bir mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə dair ipoteka müqaviləsinə xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.