Məhkəmə qərarları › İş №e-2(006)-1373/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1373/2025

18.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1373/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi ziyana görə pul tələbi”nə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “vurulmuş maddi ziyana görə pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1431 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş gününün məzənnəsinə uyğun olaraq) cavabdehdən tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Koreya Respublikasından avtomobillərin Azərbaycan Respublikasına gətirilməsi və satışı ilə məşğuldur. Satışları ilə bağlı sosial şəbəkələrdə tez-tez reklam çarxları verilir. Cavabdeh də həmin reklamlar üzrə iddiaçı Şirkətlə əlaqə saxlamış, dəfələrlə ofislərinə gəlmiş, əməkdaşları ilə əlaqə saxlayaraq konkret hansı avtomobili almaq istədiyini bildirmiş və hətta almaq istədiyi avtomobilə görə beh vermək, avtomobili bron etmək istədiyini bildirmişdir. Cavabdehin israrla maşın almaq istəməsi, onun beh vermək üçün çalışması, bron etməyimizi istəməsi iddiaçının əməkdaşında inam yaratmış və onlar cavabdehin əvəzindən Koreyada avtomobillərin satışı ilə məşğul olan və əməkdaşlıq etdikləri şirkətə cavabdehin əvəzindən avtomobilə görə beh verib, avtomobili bron edib, Şirkətin saytında həmin avtomobili “artıq satılmışdır” kimi qeyd etdirmişlər. Belə ki, cavabdeh israrla avtomobili almaq istədiyini bildirmiş, lakin pulunun depozit hesabında ABŞ dolları şəklində olduğunu, hazırda isə bank kartındakı pulunun az məbləğdə olmasına görə ödənişi həyata keçirə bilmədiyini bildirmiş, onun əvəzindən istədiyi avtomobilə görə beh vermələrini, avtomobili bron etmələrini xahiş etmişdir. Onunla bütün danışıqları iddiaçının əməkdaşı Şirazi Həsənov aparmışdır. Cavabdehin israrla xahişindən sonra iddiaçının əməkdaşı Şirazi Həsənov cavabdehə bildirmişdir ki, maşını artıq bron edilib, onun əvəzindən beh verilmişdir. Bu mesajın cavabında cavabdeh bildirmişdir ki, mənə unvan göndərin gəlirəm sizin ofisə və sonra cavabdeh ofisə gəlmiş və bildirmişdir ki, onun depozit hesabında 28600 ABŞ dollar məbləğində pul vəsaiti var və hesabın məlumatlarını da əməkdaşa təqdim edərək, hesabında pulunun ABŞ dollar ilə olduğunu, 07 noyabrdan 14 noyabradək bayram günlərinin bitməsindən sonra, bankların işləyəcəyini, noyabrın 14-ü ödəniş edə biləcəyini bildirmişdir. Lakin 14 noyabrdan sonra cavabdehlə əlaqə saxlayıb onun əvəzindən ödədikləri ödənişləri tələb etsələr də, cavabdeh 15 noyabrda bildirmişdir: “Atamla danışdım,atam razı deyil, mən də kredit götürə bilmirəm, ona görə də behi və bronu ləğv edin”. İdidaçının əməkdaşı isə cavabdehə bildirmişdir ki, onun sifarişi və xahişi üzrə bank vasitəsilə ödədikləri məbləğin yalnız bir hissəsini ləğv edə bilərlər, digər hissəni ləğv etmək mümkün deyil, ona görə də cavabdehin sifarişinə və xahişinə əsasən önun üçün ödədikləri 1431 ABŞ dollar məbləğində pulun ödənilməsini cavabdehdən tələb etmişlər. Lakin cavabdeh həmin məbləği ödəməkdən boyun qaçırmışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edərək, cavabdehə görə çəkdikləri xərcin və vurulmuş ziyanın əvəzinin ödənilməsini xahiş edirlər. Həmçinin iddia ərizəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 443.2, 1096.1-ci maddələrinə, MPM-nin 4.1-ci maddəsinə istinad edərək cavabdehin xahişi, israrı və sifarişi üzrə tərəflərindən onun əvəzindən beh kimi 1431 ABŞ dolları məbləğində ödənilmiş pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı müxtəlif tarixlərdə etirazlar daxil olmuşdur. Cavabdehin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli etirazlarında bildirilmişdir ki, o iddiaçı ilə hər hansı konkret avtomaşın (avtomaşın markası, texniki göstəriciləri, qiyməti və sair) almaq barədə razılaşmamış, sifariş verməmiş, bu barədə aralarında nə şifahi, nə də yazılı razılıq, ilkin müqavilə və s. tərtib edilməmişdir. Cavabdeh tərəfindən hər hansı avtomaşın sifariş verilməsi barədə iddiaçıya əvəzindən kiməsə beh pul ödəməsinə razılıq verilməmişdir. İddiaçı göstərmişdir ki, hansısa xarici şirkətə avtomaşın sifariş etmiş və bunun üçün həmin şirkətə guya mənə görə 1431 ABŞ dolları beh pul ödəmişdir, lakin həmin xarici şirkətlə iddiaçı arasında münasibətləri hüquqi tənzimləyən və rəsmi bağlanılmış olan xidmət, alqı-satqı, beh müqavilələri, behin ödənilməsi barədə qəbz iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı avtomaşın satmaqla məşğuldur və satdığı avtomaşınları reklam edərək hər gün yüzlərlə alıcı ilə danışır, yazışır, çalışır ki, satış etsin, iddiaçı nə ilə sübut edə bilər ki, iddia etdiyi 1431 ABŞ dollar beh qismində pul ödəmişdir və bunu məhz mənə görə ödəmişdir, belə çıxır ki, onlara müraciət etmiş, danışıqlar aparan, avtomaşın almaq arzusunda olan istənilən vətəndaşa qarşı da sübutsuz-sənədsiz belə bir iddia qaldırıla bilər. İddia ərizəsində cavabdeh onun əvəzinə ödədiyi behi tələb edir, lakin ərizəsində eyni zamanda göstərir ki, bank vasitəsi ilə özü pul ödəyərək (avtomaşınının qiyməti bir neçə min ABŞ dolları təşkil edir) avtomaşın sifariş vermişdir. Bundan sonra iddiaçı ərizəsində davam edərək göstərir: “cavabdehə izah etmişik ki, onun sifarişi və xahişi ilə bank vasitəsi ilə ödədiyimiz məbləğdən yalnız bir hissəsini ləğv edə bilərik, qalan hissəni ləğv etmək mümkün deyil, ona görə də onun üçün ödədiyimiz 1431 ABŞ dolları pulu ödəməyi ondan tələb etmişik,lakin cavabdeh ödəməkdən boyun qaçırmışdır, ona görə də onun üçün çəkdiyimiz xərcin və uğradığımız ziyanın ödənilməsini tələb edirik.” Belə çıxır ki, iddiaçı konkret avtomaşının pulunu satan quruma tam ödəmişdir, indi həmin pulun bir hissəsini gah zərər, gah beh adı ilə ondan tələb edir. Hansı əsasla? Həmin pulun bir hissəsinin avtomaşının pulu, bir hissəsinin isə onun üçün beh olması nə ilə, hansı sənədlə təsdiq edilir? Sual olunur: İddiaçı ondan pul almadan, göstərişi, razılığı olmadan nəyə əsasən böyük risk altına girərək əvəzinə bank vasitəsi avtomaşın üçün külli miqdarda pul ödəmişdir və bu pulların məhz onun üçün ödənildiyi nə ilə təsdiq olunur? İddiaçı ərizəsində bildirir ki, pulların bir hissəsinin geri ödənilməsindən guya cavabdehin xeyrinə vaz keçərək bir hissəsini tələb edir, iddiaçı öz məqsədləri üçün bank vasitəsi ilə kiməsə, hansı şirkətəsə pul ödəyə bilər, lakin bunun ona nə aidiyyəti vardır? İddiaçı onsuz da avtomaşın alveri edir, ödədiyi avtomaşını da gətirib satır, belə çıxır ki, o iddiaçı ilə danışıqlar apardığına görə onu cəzalandırmaq, pul qoparmaq istəyir. Bir daha təkrarən bildirirəm ki, iddiaçının istər təkrarən təqdim etdiyi sənədlər, Şiraz adlı işçisi ilə votsapda səsli danışıqlar və yazılar, istərsə də yeni təqdim etdiyi sənədlər mötəbər olmadığından, təsdiqini tapmadığından sübut qismində nəzərə alına bilməz, ona görə də təmin edilməməlidir. İddiaçının təkrar olaraq istinad etdiyi “KB Kookmin Bank”, “Ətraflı əməliyyat təfərrüatlarına baxın” sözləri ilə başlayan, koreya dilindən tərcümə edilmiş sənəd kimi təqdim edilmiş mücərrəd yazılarla bağlı əvvəlki etirazında ətraflı münasibət bildirmiş və bir daha təkrar olaraq bildirir ki, həmin mücərrəd, məzmunu bilinməyən sənədin ona heç bir aidiyyəti yoxdur, orada onun adı qeyd edilməmişdir, qeyd edilmiş olsa idi belə saxta hesab edilməlidir. İddiaçının hazırda yeni sübut kimi təqdim etdiyi “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”, “şəxsi maliyyə əməliyyatları (depozitlər, çıxarmalar) adlanan sənədlərin də ona heç bir aidiyyəti yoxdur. Bu fakt elə sənədlərin məzmunundan da görünür. Sənədlərin özündə onların guya xarici dövlətlə əlaqəli olduğu göstərildiyi halda həmin xarici dövlətin Azərbaycan Respublikasındakı, yaxud Azərbaycan Respublikasının həmin xarici dövlətdəki konsulluğu, səfirliyi, nümayəndəliyi tərəfindən hüquqi tanınmamış və təsdiq edilməmişdir. Bu sənədlər qeyri-mötəbərdir, ziddiyyətlidir, onların hazırki, işə heç bir aidiyyəti yoxdur. İddiaçı tərəfindən Şirazi adlı işçisi ilə votsapda aparılmış səsli danışıqlar və yazılara gəldikdə bir daha qeyd edir ki, onların məzmunundan da göründüyü kimi o iddiaçıya nə yazılı, nə də şifahi olaraq əvəzindən kiməsə öz hesablarına beh ödəməyi həvalə etməmiş, tapşırmamışdır. Votsap danışıqlarından və yazışmalarından da görünür ki, iddiaçının işçisi ondan şəxsiyyət vəsiqəsini istəsə də, o vəsiqəsini ona göndərməmiş, iddiaçının işçisi ona təklif edib ki, 1000 ABŞ dolları beh ödəsin, o isə beh ödəməmiş, sonda isə o ümumiyyətlə avtomaşın almağa razı olmamışdır. İddiaçının işçisi onunla bir müştəri kimi danışıqlar aparmış, satdıqları avtomaşınlarının texniki xarakteriskasının bildirmiş, çalışmışdır ki, o avtomaşın alsın. O isə sonda onlardan avtomaşın almaq fikrindən daşınmış, avtomaşın almamışdır. O öz danışıqları ilə, yazışmaları ilə iddiaçıya heç bir zərər vurmamışdlr, çünki müştərilərlə danışıqlar aparmaq, əlaqə saxlamaq, müxtəlif avtomaşın markalarını müştəriyə nümayiş etdirmək, göstərmək, reklam etmək onların vəzifəsidir, buna görə iddiaçı öz işçilərinə əmək haqqı verir. Faktiki olaraq fotoların və sənədlərin tədqiqindən, öyrənilməsindən belə qənaət hasil olur ki, iddiaçı iddiasını sübut edə bilmədiyini başa düşərək və məhkəməyə mötəbər, əsaslı sübut təqdim etməyi bacarmadığını görüb əlinə keçən istənilən fotonu, istənilən xarici ölkə dilində yazılmış hər cür əhəmiyyətsiz yazıları məhkəməyə təqdim etməklə, bu yolla suni “ sənəd,sübut çoxluğu” görüntüsü yaratmaqla məhkəməni yanlış yola salmaq məqsədini güdür. Bir daha bildiririk ki. iddiaçının elektron kabinetdə yerləşdirdiyi “KİA SORENTO” markalı, ***-**** tranzit nömrəli, öndən və arxadan çəkilmiş ağ rəngli bir avtomaşın şəkli və xarici dildə (ehtimal ki, Koreya dilində) olan yazının iş üçün heç bir sübuti əhəmiyyəti yoxdur. “KİA SORENTO” markalı avtomaşının fotoşəklinin təqdim edilməsi onun həmin avtomaşını bəyəndiyimi göstərmək üçün təqdim edilmişdirsə, bu iddiaçının tamamilə uğursuz cəhdi hesab edilməlidir, çünki o istənilən marka avtomaşınla maraqlana bilər, lakin bu o demək deyildir ki, onun avtomaşınla maraqlanmağı iddiaçının zorla hər hansı avtomaşını ona satmasına əsas verir. Xarici dildə (ehtimal ki, Koreya dilində) olan yazılar da məzmunu, mənbəyi bilinməyən, mücərrəd yazılardan başqa birşey deyildir. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə elektron kabinetdə “KİA SORENTO” markalı, ***-**** tranzit nömrəli, öndən və arxadan çəkilmiş ağ rəngli bir avtomaşın şəkli və xarici dildə (ehtimal ki, Koreya dilində) olan yazı, “KB Kokmin bank” sözləri ilə başlayan yazı, “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, Sorento hibrid, xx.xx.2024 sözləri ilə başlayan yazı, “Joy Golleri CO LTD” sözləri ilə başlayan yazı və Şirazi adlı işçi ilə avtomaşın barədə iddiaçı ilə votsap danışıqları yerləşdirilmişdir. İddiaçının internetdən əldə olunduğu açıq-aşkar görünən və bilinən həmin avtomaşın şəklini və yazıları kabinetdə hansı məqsədlə yerləşdirməsini məhkəməyə izah etməmişdir. Məhkəməyə bir daha bildirir ki, , “KB Kokmin bank” sözləri ilə başlayan yazı, “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, Sorento hibrid, xx.xx.2024 sözləri ilə başlayan yazı, “Joy Golleri CO LTD” sözləri ilə başlayan yazı, şəxsi maliyyə əməliyyatları depozitlərçıxarmalar sözləri ilə başlayan yazılarda məzmunu, mənbəyi bilinməyən, mücərrəd yazılardan başqa birşey deyildir. Votsap yazışmaları ilə bağlı bir daha qeyd edirəm ki, həmin yazışmalar yanlız şifahi olaraq, danışıq vasitəsi ilə avtomaşının bəyənilməsi, seçilməsi niyyəti ilə aparılmışdır. İddiaçının iddia etdiyinə görə o xarici ölkədən avtomaşın sifariş edərək gətirib satmaqla məşğuldur. İddiaçı öz fəaliyyətini reklam edir, istənilən şəxs iddiaçının ofisinə, salonuna gedə bilər, onun sata biləcəyi avtomaşınlara baxa bilər, avtomaşının texniki xarakteristikası ilə yaxından tanış ola, şəxsən, votsapla, telefon vasitəsi ilə danışıqlar apara bilər, müştəri satıcıya şifahi olaraq istənilən təklifi, vədi verə bilər. Lakin bütün bu danışıqların sonu rəsmi sənədlərdə rəsmiləşdirilməlidir. Əgər söhbət konkret olaraq xarici ölkədən avtomaşın gətirilməsindən gedirsə onda satıcı, yəni indiki halda iddiaçı müştərinin niyyətinin həqiqi olduğuna əminlik üçün qanunvericiliyin tələblərinə əməl etməli, müştəridən razılaşdırılmış məbləğdə yazılı müqavilə bağlamaqla beh ala bilərdi, lakin iddiaçı qanunvericiliyin tələblərinə əməl etməyərək onunla yazılı müqavilə bağlamadığı halda ondan guya harayasa onun üçün ödədiyi beh pulunu tələb edir. Belə çıxır ki, iddiaçı avtomaşın almaq üçün ona müraciət etmiş istənilən şəxsi şərləyib ona qarşı bu cür əsassız iddialar qaldıra bilər. Yuxarıda göstərilənlərə əsasən iddiaçının elektron kabinetdə yerləşdirdiyi “KİA SORENTO” markalı, ***-**** tranzit nömrəli, öndən və arxadan çəkilmiş ağ rəngli bir avtomaşın şəkli və xarici dildə (ehtimal ki, Koreya dilində) olan yazının, “KB Kokmin bank” sözləri ilə başlayan yazı, “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, Sorento hibrid, xx.xx.2024 sözləri ilə başlayan yazı, “Joy Golleri CO LTD” sözləri ilə başlayan yazı, şəxsi maliyyə əməliyyatları depozitlət-çıxarmalar sözləri ilə başlayan yazı və həmçinin Şirazi adlı işçi ilə avtomaşın barədə iddiaçı ilə votsap danışıqları iddianın təmin edilməsinə əsas olmadığına, bunun ümumi mötəbər sübut olmadığından, təsdiqini tapmadığından sübut qismində nəzərə alına bilmədiyindən onların rədd edilməsini tələb edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, müqaviləni qarşı tərəf beh verdiyi vaxt bağlamışlar. İddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən məzmunda izahat verib, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etməmiş və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, iddianın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı Koreyadan avtomobillərin Azərbaycana gətirilməsi və satışı ilə məşğuldur, belə ki, hazırda eyni xidməti bir çox şirkətlər yerinə yetirir və işgüzar adətlərə uyğun olaraq əsasən alıcılarla online qaydada satışlar həyata keçirilir. Buna görə də cavabdehlə danışıqlar əsasən «whats app» tətbiqi üzərindən və telefon danışıqları ilə həyata keçirilmiş, cavabdehin israrla avtomobil almaq istəyi və konkret avtomobili sifariş vermək istəyi üzrə onun əvəzindən ödənişlər edilmişdir. Çünki cavabdeh bir neçə dəfə iddiaçı Şirkətin yerləşdiyi ofisə gəlmiş, hətta telefonda öz bank hesabını açıb göstərərək hesabında 26 min ABŞ dolları olduğunu bildirmiş və inandırmışdır ki, o həqiqi alıcıdır və Şirazi adlı işçinin ona whatsapla göndərdiyi “KİA SORENTO” markalı, 182BO1252 tranzit nömrəli avtomobili almaq istəyir, lakin COP ilə bağlı tədbirlərə görə bankların işləmədiyini, buna görə pulunu çəkə bilmədiyini bildirmiş və iddiaçının əməkdaşından sırf “KİA SORENTO” markalı, 182BO1252 tranzit nömrəli avtomobilə görə ödəniş edilməsini istəmişdir. Tərəflər arasında bu məzmunda danışıqlar həm iddiaçının ofisində olmuş, həm telefon zəngi ilə danışıqlarla, o cümlədən whatsap üzərindən yazışmalarda və səs yazılarında da əks olunmuşdur. Hətta Şirazi adlı əməkdaş tərəfindən pulun ödənilməsi saatı sırf cavabdehlə danışıqlardan sonra olmuşdur ki, saatlar da üst-üstə düşür və bütün bunlar sənədlərdə əks olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsindən çıxarışa əsasən və MMC-nin Nizamnaməsinə görə İddiaçı MMC qanunla qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxsdir, qanuni təmsilçisi X1r. - Əmək Müqaviləsi bildirişindən görünür ki, X2 İddiaçı MMC-də çalışır. - İddiaçının əməkdaşı Şirazi Həsənovla cavabdeh arasındakı whats app yazışmaları tarixləri qeyd olunmaqla stenoqram şəklində təqdim edilmiş və həmin yazışmaların məzmunu məhkəmə baxışında tədqiq edilmişdir. - “KB KOOKMİN BANK”-ın çıxarışına əsasən 8 noyabr 2024-cü il tarixdə Koreya saatı ilə 16:29-da (yerli vaxtla 11:29-da, tərəflərin danışıq apardıqları saata uyğun olaraq) İddiaçı MMC tərəfindən JOY GALLERY CO LTD-yə 186BO1252 nömrəli maşının alınması üçün Koreya pulu ilə ******* von ödənilmişdir. - iddiaçının əməkdaşı Şirazi Həsənovun cavabdehlə whatsap yazışmalarında cavabdehə göndərdiyi 186BO1252 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, SORENTO HİBRİD modelli, ban nömrəsi KNARL81GDPA130543 olan avtomobilin soyadı və adı bölməsində JOY GALLERY CO (kommersiya məqsədli) qeyd olunmuşdur. - İnternet informasiya ehtiyyatlarından əldə olunan məlumatlardan müəyyən olunur ki, Kookmin Bank (Kore. 국민은행), KB Kookmin Bank kimi də tanınır, mərkəzi ofisi Seulda, Cənubi Koreyada yerləşən bankdır. 2017-ci ildə Koreyanın ən böyük bankı və dünyanın 60-cı bankı idi. - İnternet informasiya ehtiyyatlarından əldə edilmiş çıxarışın tərcüməsindən görünür ki, JOY GALLERY CO LTD səlahiyyətli diler olmaqla idxal və yerli orta və iri ölçülü məhsulların alqı-satqısı üzrə ixtisaslaşmışdır (şirkətin direktoru, onun əlaqə vasitələri və ünvanı barədə məlumatlar yerləşdirilmişdir. Beləliklə də müəyyən edilmişdir ki, iddiaçının fəaliyyəti Koreya Respublikasından avtomobillərin Azərbaycan Respublikasına gətirilməsi və satışı ilə bağlı olmuş, bununla bağlı sosial şəbəkələrdə tez-tez verilən reklam çarxları üzrə iddiaçının Şirkətlə əlaqə saxlaması əsasında tanış olmuşlar və iddiaçı tərəfin qeyd etdiyi kimi cavabdeh dəfələrlə ofislərinə gəlmiş, əməkdaşları ilə əlaqə saxlayaraq konkret hansı avtomobili almaq istədiyini bildirmiş və hətta almaq istədiyi avtomobilə görə beh vermək, avtomobili bron etmək istədiyini bildirmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 8 noyabr 2024-cü il tarixdə, Koreya saatı ilə 16:29-da (yerli vaxtla 11:29-da, tərəflərin danışıq apardıqları saata uyğun olaraq) İddiaçı MMC tərəfindən JOY GALLERY CO LTD-yə 186BO1252 nömrəli maşının alınması üçün Koreya pulu ilə ******* von ödənilmişdir. İddiaçı bu məbləğin məzənnəyə əsasən 1431 ABŞ dollar olmasını bildirərək onu cavabdehin sifarişinə və xahişinə əsasən onun əvəzinə beh olaraq ödəmələrini, lakin cavabdehin sonda avtomobil almaqdan imtina etməsini, onun əvəzinə ödənilmiş pulun ödənilməsini ödəməkdən boyun qaçırdığı üçün hazırki iddianı qaldırmışlar. İddiaçı tələbinin əsası kimi məhkəmə baxışı zamanı tədqiq edilmiş Şiraz adlı işçisi ilə whatsap tətbiqi üzərindən aparılmış səsli danışıqlar və yazılara istinad etsə də, cavabdeh iddianı qəbul etmir və etirazının əsası kimi iddiaçı ilə hər hansı konkret avtomaşın almaq barədə razılaşmanın olmamasına, sifarişi verməməsinə, bu barədə aralarında nə şifahi, nə də yazılı razılıq, ilkin müqavilə və s. tərtib edilməməsinə, istər bu, istərsə də iddiaçının təqdim təqdim etdiyi digər sənədlərin mötəbər olmadığından, təsdiqini tapmadığından sübut qismində nəzərə alına bilməməsinə istinad etmiş, əlavə olaraq aparılmış səsli danışıqlar və yazılarda iddiaçıya nə yazılı, nə də şifahi olaraq əvəzindən kiməsə öz hesablarına beh ödəməyi həvalə etməməsini, tapşırmamasını göstərmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətən də tərəflər arasında Koreya Respublikasından avtomobilin Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə təqdim edilmiş stenoqramların məzmununda göstəriən danışıqlar, «whatsap» tətbiqi üzərindən səsli danışıqlar və yazılar aparılmışdır. Cavabdeh iddianı qəbul etməsə də iddiaçının işçisinin onunla bir müştəri kimi danışıqlar aparması, satdıqları avtomaşınlarının texniki xarakteristikasının bildirməsini etiraf etmiş, lakin sonda onlardan avtomaşın almaq fikrindən daşınmasını da qeyd etmiş, xüsusilə vurgulamışdır ki, öz danışıqları ilə, yazışmaları ilə iddiaçıya heç bir zərər vurmamışdlr. Məhkəmə cavabdehin iddiaya olan etirazının dəlilləri ilə bağlı qeyd edir ki, onun mövqeyində iddianın əsassız deyil, əksinə əsaslı olmasına dəlalət edən elementlər vardır ki, məhkəmə də həmin mövqelərə istinad edərək bu qənaətə gəlir ki, cavabdehin bu mövqeyi onun tərəfindən mülki məsuliyyət daşıyıcısı olmaqdan yayınmağa cəhd etməsinə, həmçinin iddiaçı tərəfin müştəri kimi olan etimadından onun sui-istifadə etməsi kimi qiymətləndirilməsinə kifayət qədər əsas verir. Belə ki, işin mübahisəsiz halı olan tərəflər arasındakı «whats app» proqrammı üzrə yazışma və danışıqlardan aydın görünür ki, cavabdeh sadəcə ümumi məlumatlar almaq üçün avtomobillərlə maraqlanmamış, sırf istədiyi avtomobilin detalları barədə dəqiqləşdirmələr aparmış və yazışmalarda xüsusilə maşını almağı və ödəniş etmək niyyətinin olmasını vurğulamışdır (3 noyabr 2024-cü il tarixli yazışma). Həmçinin iddiaçı tərəfindən təqdim olunmuş, əməkdaş Şirazi Həsənovla cavabdehin «whatsap» proqramı üzrə yazışmalarının telefon skrinqeydlərindən görünür ki, 8 noyabr 2024-cü il tarixdə saat 13:00 radələrində tərəflərin səsli mesajlaşmalarından sonra Şirazi Həsənov cavabdehə yazışmasında bildirir: “Cari hesabından mənim dollar kartıma yönəldə bilərsən online şəkildə? Qardaş, maşını behləmişəm mən uje. Sən deyəndə behlədim, birşey fikirləşərik”. Göründüyü kimi, cavabdehin istəyi üzərinə iddiaçının əməkdaşı Şirazi Həsənov cavabdehin istədiyi avtomobilə görə beh ödədiyini bildirir, cavabdeh isə pulunun hesabında dollar şəklində olduğunu bildirir, şəxsiyyət vəsiqəsinin hal-hazırda üzərində olmadığını və ofisə gedib üz-üzə danışmaq istədiyini bildirir. Lakin cavabdeh etirazında belə bir razılaşmanın olmadığını bildirsə də, tərəflər arasında gedən yazışmalar və səsli mesajlardan cavabdehin israrla avtomobili almaq istəyi görünür, Şirazi Həsənov da onun istəyi üzərinə beh ödəyir və cavabdehə bildirir, cavabdeh isə buna qarşı etirazını bildirmir. İş materiallarına əlavə olunmuş, iddiaçının əməkdaşı Şirazi Həsənovun cavabdehlə «whatsap» proqramı yazışmalarında cavabdehə göndərdiyi 186BO1252 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, SORENTO HİBRİD modelli, ban nömrəsi KNARL81GDPA130543 olan avtomobilin soyadı və adı bölməsində JOY GALLERY CO (kommersiya məqsədli) qeyd olunmuşdur. İnternet informasiya ehtiyyatlarından əldə olunan məlumatlardan müəyyən olunur ki, Kookmin Bank (Kore. 국민은행), KB Kookmin Bank kimi də tanınır, mərkəzi ofisi Seulda, Cənubi Koreyada yerləşən bankdır. İnternet informasiya ehtiyyatlarından əldə edilmiş çıxarışın tərcüməsindən görünür ki, JOY GALLERY CO LTD səlahiyyətli diler olmaqla idxal və yerli orta və iri ölçülü məhsulların alqı-satqısı üzrə ixtisaslaşmışdır (şirkətin direktoru, onun əlaqə vasitələri və ünvanı barədə məlumatlar yerləşdirilmişdir. Beləliklə təqdim olunmuş sübutların məcmusundan müəyyən olunur ki, cavabdeh iddiaçı tərəfin inamını qazanmış, aralarında etibarlı münasibətlər əsasında danışıqlar baş vermişdir (şifahi müqavilə) ki, iddiaçı tərəf cavabdehin əvəzindən sövdələşmə edərək, onun əvəzindən müqavilə bağlanması üçün müəyyən hərəkətlər etmiş və müəyyən məbləğdə ödəniş etmişdir. Lakin tərəflər arasında aparılmış danışıqlara və gözlənilən etibarlı sövdələşmənin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh yerinə yetirməli olduğu öhdəlikdən boyun qaçırmış və nəticə etibarilə iddiaçı cavabdehin hərəkətsizliyinə görə maddi zərərə məruz qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. 10.2. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Həmçinin Məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Hazırki halda tərəflər arasında yazılı müqavilə olmasa da, şifahi şəkildə əqd bağlanmış, elektron ticarət və online qaydada sövdləşmə kimi işgüzar adətlərə uyğun olaraq razılığa gəlmişlər və cavabdehin israrlı istəyi üzərinə iddiaçı tərəf onun əvəzindən öhdəlik götürmüş və zərər çəkmişdir. Həmçinin aparılmış araşdırma tədqiq olunan işin faktiki halları və sübutlar iddiaçının cavabdehin hesabına əsassız varlanması hallarının mövcudluğun tam istisna edir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut edə bilmiş və bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, 1431 ABŞ dolları pul vəsaiti (ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 manat pul vəsaiti Cavabdeh İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1431 ABŞ dolları pul vəsaiti (ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 manat pul vəsaiti Cavabdeh İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar