Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1388/2025 09.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh, cavabdehin vəkili Vəkil iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, CL-EE002726827 saylı kredit müqaviləsi üzrə 17.834,11 manat borc, xx.xx.2023-cü il tarixli BPM**********40 saylı kredit müqaviləsi üzrə 202,24 manat əsas borc, 20,62 manat faiz və ödənilmiş 144,17 manat dövlət rüsumu, 0,80 manat bank xidməti haqqının Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Sabunçu filialı ilə X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli CL-EE002726827 saylı kredit müqaviləsinə əsasən 59 ay müddətinə 19.800 manat məbləğində elektron təsdiq yolu ilə (OPT) kredit verilmişdir. Həmçinin, "xxxx" ASC-nin Əcəmi filialı ilə X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********40 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi hesablanmaqla 300 manat məbləğində kredit limiti açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum X4 xx.xx.2024-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyən edilməsi üçün xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılmış, Cavabdeh xx.xx.2024-cü il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixli, CL-EE002726827 saylı kredit müqaviləsi üzrə 17.834,11 manat borc, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixli BPM**********40 saylı kredit müqaviləsi üzrə 202,24 manat əsas borc, 20,62 manat faiz borcu qalmışdır. Cavabdeh X4 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında bank tərəfindən bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti cəmi 18.056,97 manat olduğundan, bank tərəfindən 144,17 manat dövlət rüsumu və 0,80 manat bank xidməti haqqı ödənilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, o, ərinin bankdan kredit götürməsindən tamamilə məlumatsız olmuşdur. Əri öləndən sonra Elşadın tanışı Kamil onlara gəlib bildirmişdir ki, sürdüyü maşın Elşadın adınadır, ona görə də Elşadın vərəsəsi kimi o maşını adına keçirməlidir. Həmçinin, Ramil bəyin maşın almasını da məhz Elşad rəhmətə getdikdən sonra öyrənmişdir. Vərəsəliyi qəbul etmişdir ki, Ramilin adına maşını keçirmək mümkün olsun. Onun nə maşından, nə də kreditdən xəbəri yoxdur. Elşaddan heç bir miras əmlak qalmamışdır. Hazırda o, heç bir yerdə işləmir. Ümumiyyətlə, xəstə olduğu üçün işləyə də bilmir. Odur ki, borcu ödəməyə maddi imkanı çatmır. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 öz izahatında bildirdi ki, Bikə xanımı tanışı mərhum Elşadın arvadı kimi tanıyır. Elşad Məmmədov onun dostu olub, onunla birlikdə santexnik kimi işləmişdir. Münasibətləri yaxşı olub, qərəzi yoxdur, ədavətləri olmayıb. “Opel Astra minik” markalı avtomobili o, Sumqayıt maşın bazarından 2024-cü ilin mart ayında almışdır. Onun alimentlə bağlı problemləri olduğu üçün Elşad Məmmədovun adına keçirmiş və avtomobili idarə etmək üçün etibarnamə əldə etmişdir. Alimentin ödənilməsində gecikməsi olduğu üçün maşını Elşad Məmmədovun adına keçirmişlər. Sonra 2024-cü ilin aprel ayında Elşad Məmmədov dünyasını dəyişdi. Bundan sonra maşının Bikə xanımın adına keçməsini gözləmişlər. Bu zamanda maşının mühərriki xarab olmuşdu. Maşını satmaq üçün artıq müştəri də tapmışdı. Elə mühərrikdə problem olduğu vaxtda müştəridən beh almışdı deyə Bikə xanımdan maşını onun adına keçirməsini xahiş etdi. Maşını 4.000 manata satmışdır. Maşını özü isə 11.000 manata almışdır. Sırf maşının mühərrikində problem olduğu üçün çox aşağı qiymətə satmışdır. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 öz izahatında bildirdi ki, zalda əyləşənlərdən heç kəsi tanımır. Sadəcə, Şahid1 tanıyır. Dostu motor ustasıdır. Belə bir maşının olduğunu dostu ona bildirmişdir. Sonra gedib maşına baxmışlar. Görmüşlər ki, maşının mühərriki zədəlidir. Ramil bəyə 4.000 manat verib maşını almışdır. Motoru da dostu təmir etmişdir. Motor dizel idi. Motorun təmiri üçün 1800 manat, maşının təmir edilməsi üçün isə 500 manat xərcləmişdir. Maşını almaq üçün 4.000 manat pul vəsaitini Ramil bəyə vermişdir. Alqı-satqıya Ramil bəylə və Bikə xanımla getmişlər. Maşın Bikə xanımın idi, vərəsəlik qaydasında özünün adına keçirilməsi üçün o da gəlmişdir. Ramil bəy ona bildirmişdir ki, maşının sənədlərində heç bir problem yoxdur. Bikə xanıma heç bir pul vəsaiti verməmişdir. İş materialları: "xxxx" ASC-nin Sabunçu filialı ilə X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli CL- EE002726827 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən X5 59 ay müddətinə 19.800 manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verilmişdir. "xxxx" ASC-nin Əcəmi filialı ilə X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********40 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən X5 36 ay müddətinə, illik 24 faiz dərəcəsi hesablanmaqla 300 manat məbləğində kredit limiti açılmışdır. AZ-İİ seriyalı, 413815 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 43 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 3091 saylı məktubundan, xx.xx.2024-cü il tarixli 2V-117 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, vərəsə Cavabdeh mərhum X1mış mirası («Opel Astra» markalı ** CK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini) qəbul etmişdir. Təqdim edilmiş maliyyə arayışlarında qeyd olunmuşdur ki, mərhum borc alanın banka xx.xx.2023-cü il tarixli, CL-EE002726827 saylı kredit müqaviləsi üzrə 17.834,11 manat borc, xx.xx.2023-cü il tarixli BPM**********40 saylı kredit müqaviləsi üzrə 202,24 manat əsas borc, 20,62 manat faiz borcu mövcuddur. 26 noyabr 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə müraciət olunaraq, borcalanın vərəsəsi kimi mövcud borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin 07 fevral 2025-ci il tarixli 3-13-16/2- 25672/2025 saylı məktubundan və məktuba əlavə edilmiş kompüter çıxarışından görünür ki, Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu olunan «Opel Astra» markalı ** CK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən Şahid2 adına qeydiyyatdadır. Azərbaycan Respublikası DİN BDYPİ-nin 14 fevral 2025-ci il tarixli məktubundan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, «Opel Astra» markalı ** CK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə Şahid2 4000 manata satılmışdır. ƏN-Vİ seriyalı, 952834 nömrəli, xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X6 “Opel Astra minik” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili Şahid1 etibar etmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 143,50 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının2(102)- 900/2024 saylı, xx.xx.2024 tarixli hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktında (üç ulduzlu qərar) qeyd olunur ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və ha lla rla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Yuxarıda qeyd olunanların kontekstində, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini Cavabdeh4 münasibətdə onunla əsaslandırmışdır ki, “Hazırki işdə isə əsas borclunun vəfatından sonra onun vərəsəlik qaydasında keçə biləcək miras əmlakın olması, həmin əmlakın vərəsələri tərəfindən qanunla müəyyən olunmuş müddətdə qəbul edilməsi, vərəsəlik işinin açılması və s. bu kimi halların mövcudluğunun iddiaçı tərəfindən təqdim olunmuş sübutlara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda da cavabdeh qismində cəlb olunmuş məhrumun arvadı Cavabdeh4 ölənin öhdəlikləri üzrə məsuliyyət daşıması istisna olunur.” Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əsas borclunun vəfatından sonra onun vərəsəlik qaydasında keçə biləcək miras əmlakının olması, həmin əmlakın vərəsələri tərəfindən qanunla müəyyən olunmuş müddətdə qəbul edilməsi, vərəsəlik işinin açılması və sair kimi halların mövcudluğu vərəsələr tərəfindən deyil, vəfat etmiş əsas borclunun kreditoru tərəfindən sübuta yetirilməlidir. Bununla da, apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuş olmuşdur. Belə ki, Mülki Məcəllənin “Vərəsələrtərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Hazırda məhkəmənin icraatında olan iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair mülki işin faktiki hallarına əsasən mərhum miras qoyan Elşad Məmmədov iddiaçı bankdan kredit götürmüş, lakin öhdəlik tam icra olunmamışdır. Mərhum miras qoyanın vəfatından sonra onun birinci dərəcəli vərəsəsi olan arvadı Cavabdeh ərindən miras qalmış nəqliyyat vasitəsini vərəsə kimi qəbul etmişdir. Bundan sonra həmin avtomobil başqa şəxsə özgəninkiləşdirilmişdir. Cavabdeh tərəf miras qoyanın əmlakının yeganə avtomobildən ibarət olmasına və üstəlik də həmin avtomobilin faktiki olaraq ərinə deyil, başqa şəxsə məxsus olmasını sübut etməyə çalışmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfin irəli sürdüyü dəlil, yəni həqiqətən də miras qoyandan bir nəqliyyat vasitəsinin miras qalması, cavabdehin həmin avtomobili faktiki sahibi ehtimal edilən şəxs (Şahid1) vasitəsilə digər şəxsə (Şahid2) satması işin araşdırılmış halları ilə öz təsdiqini tapır. Lakin qanunvericiliyin tələbinə əsasən cavabdeh miras qoyanın miras qalmış əmlakının onun öhdəliklərindən daha az olmasını sübut etmə vəzifəsini daşıyır. Hazırki halda isə məhkəmə cavabdehin miras qoyandan bir nəqliyyat vasitəsini qəbul etməsini və həmin avtomobili özgəninkiləşdirməsini işin faktiki halı kimi qəbul etsə də, bu hal miras qoyanın kredit borcunun həcminin onun miras əmlak kütləsindən çox olmasını sübut edən hal kimi qiymətləndirmir. Odur ki, mövcud məhkəmə tərcübəsinə əsasən cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini tam olaraq icra etməmiş, yuxarıda qeyd edilən halı tam olaraq sübuta yetirə bilməmişdir.Belə olan təqdirdə cavabdeh miras qoyanın öhdəliyini bütövlükdə icra etmə vəzifəsi daşıyır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli, CL-EE002726827 saylı kredit müqaviləsi üzrə 17.834,11 manat borc, xx.xx.2023-cü il tarixli BPM**********40 saylı kredit müqaviləsi üzrə 202,24 manat əsas borc, 20,62 manat faiz və ödənilmiş 144,17 manat dövlət rüsumu, 0,80 manat bank xidməti haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Cavabdehə göstərdiyi hüquqi yardıma görə vəkil müvafiq məbləğdə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2023-cü il tarixli, CL-EE002726827 saylı kredit müqaviləsi üzrə 17.834,11 (on yeddi min səkkiz yüz otuz dörd manat on bir qəpik) manat borc, xx.xx.2023-cü il tarixli BPM**********40 saylı kredit müqaviləsi üzrə 202,24 (iki yüz iki manat iyirmi dörd qəpik) manat əsas borc, 20,62 (iyirmi manat altmış iki qəpik) manat faiz və ödənilmiş 144,17 (yüz qırx yeddi manat on yeddi qəpik) manat dövlət rüsumu, 0,80 (səksən qəpik) manat bank xidməti haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Vəkil dövlət büdcəsi hesabına hüquqi yardım göstərdiyinə görə (22*6=136) 136 (bir yüz otuz altı) manat pul vəsaiti dövlət büdcəsindən Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1388/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1388/2025
09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver