Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1418/2023 26.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13.477 (on üç min dörd yüz yetmiş yeddi) manat məbləğində maddi ziyan, 1000 (min) manat məbləğində mənəvi ziyan, ümumilikdə 14.477 (on dörd min dörd yüz yetmiş yeddi) manat məbləğində dəymiş zərər və məhkəmə qətnaməsi çıxarılan günə olan uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış faiz məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, Cavabdeh İddiaçı etibarından suiistifadə edərək, ondan 13.477 manat məbləğində pul alaraq ona ziyan vurmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(009)-14/2019 saylı hökmünə əsasən, Cavabdeh tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı Türkiyə universitetlərindən birində magistr təhsili almağa göndərəcəyinə söz verib 2017-ci ilin yanvar ayından həmin ilin sentyabr ayına kimi olan müddətdə hissə-hissə olmaqla vahid niyyətlə Bakı şəhəri, Nəsimi rayonu, Ak. Ş.Əzizbəyov küçəsində 12960 manat nisbətində 6750 ABŞ dolları və 517 manat pulunu alıb sonradan verdiyi vədə əməl etməyərək İddiaçı 13477 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi müəyyən edilmiş və Cavabdeh İddiaçı və digərlərinə qarşı törətdiyi əməllərə görə AR Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(103)-923/2019 nömrəli qərarına əsasən, apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(009)-14/2019 saylı hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(009)- 14/2019 saylı hökmü ilə zərərçəkmiş şəxs X1 mənəvi zərər iddiası da qismən təmin edilmişdir. Məhkəmə hökmdə qeyd etmişdir ki, “...Baxılan işdə təqsirləndirilən şəxs (mülki cavabdeh) Cavabdeh hərəkətləri nəticəsində zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X2 vurulmuş zərərin uzun müddət ərzində ödənilməməsi faktları özü-özlüyündə zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq onlara mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. ...” Qeyd olunanlara əsasən hesab edirik ki, mənəvi zərərə görə 1000 (min) manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh məhkəməyə vəsatət təqdim edərək, iddiaçı iddia müddətini ötürdüyünə görə iddia müddətini tətbiq edilməklə iddiaçının iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırki işlə əlaqədar Cavabdeh barəsində cinayət işi 2017-ci ilin sentyabrında başlayıb. 2019-cu ilin may ayında Səbail Rayon Məhkəməsinin hökmü ilə o məhkum olunmuşdur. İddiaçı həmin məhkəmə araşdırmaları zamanı mülki iddia verməmişdir. İddiaçı həmin iddianı vermək üçün qanunla müəyyən edilmiş müddəti itirmişdir. Çünki, hazırda 2023-cü ilin mart ayıdır. 2017-ci ildən hesablanılsa, 6 il müddət, 2019-cu ilin may ayından hesablanılsa, 3 ildən daha çox müddət keçmişdir. Mülki iş üzrə Cavabdeh hazırki məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə hazırki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarında olan məhkəmə baxışı zamanı tədqiq edilmiş: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 1(009)-14/2019 saylı Hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, İddiaçı mülki iddiası baxılmamış saxlanılmışdır. Hökmdə qeyd edilmişdir ki, Cavabdeh tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə dostu İddiaçı və sonuncunun nişanlısı X7 universitetlərinin birində magistr təhsili almağa göndərəcəyinə söz verib 2017-ci ilin yanvar ayından həmin ilin sentyabr ayına kimi olan müddətdə hiss-hissə olmaqla vahid niyyətlə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsində 12960 manat nisbətində 6750 ABŞ dolları və 517 manat pulunu alıb sonradan verdiyi vədə əməl etməyərək İddiaçı 13477 manat xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2019-cu il tarixli, 1(103)-923/2019 saylı Qərarına əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 1(009)-14/2019 saylı Hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, Mülki Məcəllənin 21.2, 1096 və 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərərvuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Beləliklə də, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı etibarından sui-istifadə edərək, onu və onun nişanlısı X7 universitetlərinin birində magistr təhsili almağa göndərəcəyinə söz verib 2017-ci ilin yanvar ayından həmin ilin sentyabr ayına kimi olan müddətdə hiss-hissə olmaqla vahid niyyətlə 12960 manat nisbətində 6750 ABŞ dolları və 517 manat pulunu alıb sonradan verdiyi vədə əməl etməyərək İddiaçı 13477 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, onun bu əməli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş Hökmü ilə öz təsdiqini tapmış və həmin Hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh 13.477 manat məbləğində maddi ziyanın tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəməyə sübut olaraq təqdim edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 1(009)-14/2019 saylı Hökmündən görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, Cavabdeh onun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməsindən sonra İddiaçı şikayət etmiş, onun şikayətindən sonra Toğrul ona dəymiş ümumi ziyandan 1600 ABŞ dolları və 200 manat qaytarmışdır. Sonda zərərçəkmiş şəxs ona dəymiş ziyandan 5750 dolların ödənilmədiyini, təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu, ona qarşı qaldırdığı mülki iddianın təmin edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh mülki iddianın əvəzi olaraq ödənilməyən 5750 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) tutularaq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh 1000 (min) manat məbləğində mənəvi ziyanın tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də iddia tələbi əsaslıdır. Belə ki, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi mülki hüquq pozuntusuna əsaslanır. Hazırki işdə Cavabdeh iddiaçıya münasibətdə delikt törətməsi yuxarıda qeyd edilən qaydada öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışın şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Baxılan işdə Cavabdeh hərəkətləri nəticəsində İddiaçı vurulmuş zərərin uzun müddət ərzində ödənilməməsi faktları özü-özlüyündə İddiaçı psixoloji sarsıntı keçirməsi buna müvafiq olaraq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi mənəvi zərərin tutulması hissəsində qismən təmin edilməklə 500 manat məbləğində qiymətləndirilməlidir və mənəvi ziyanın əvəzi Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin Cavabdeh məhkəmə qətnaməsi çıxarılan günə olan uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış faiz məbləğinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı həmin tələblə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 134 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilən 134 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən verilmiş ərizə ilə bağlı qeyd edir ki, hazırda iddiaçı tərəfindən iddia qaldırılması üçün qanunla nəzərdə tutulmuş müddət ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. İş materiallarından da göründüyü kimi, iddiaçının dəymiş zərərlə bağlı məhkəməyə müraciət etmək hüququ Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli Hökm qəbul edildikdən sonra yaranmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə isə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5.750 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində maddi ziyanın, 500 manat məbləğində mənəvi ziyanın əvəzi və iş üzrə ödənilmiş 134 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5.750 (beş min yeddi yüz əlli) ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində maddi ziyanın, 500 (beş yüz) manat məbləğində mənəvi ziyanın əvəzi və iş üzrə ödənilmiş 134 (yüz otuz dörd) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-1418/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1418/2023
26.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver