Məhkəmə qərarları › İş №e-2(006)-1459/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1459/2024

06.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1459/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 atasıdır. Nəsimi Rayon Məhkəməsinin 2(075)-115/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X3 anası hazırki İddiaçı ilə qalması, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 170 manat alimentin tutulması qət edilmişdir. İddiaçı cavabdeh tərəfindən hər ay ödənilən 170 manat məbləğində aliment məbləğinin övladı X3 maddi ehtiyaclarının ödənilməsi üçün kifayət olmadığını qeyd etmişdir. Həmçinin iddiaçı Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün yaşayış minimumunun 235 manat məbləğində müəyyən edilməsinə istinad edərək alimentin miqdarının minimum məbləğdən aşağı olması faktını bildirmişdir. Bu səbəbdən, alimentin məbləğinin artırılması və ən azı müvafiq qanunun müəyyən etdiyi minimum məbləğə bərabər olması barədə iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh İddiaçı xeyrinə birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Şəki Rayon Məhkəməsinin 2(075)-115/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay sabit pul məbləğində 170 manat aliment tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirərək cavabdehdən 235 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra Cavabdeh etiraz ərizəsi ünvanlayaraq bildirilmişdir ki, iddiaçı prosessual normaları pozmaqla, aidiyyət qaydalarına riayət etmədən sözü gedən iddia tələbini Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Onun tələbinə Nəsimi Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, hər iki tərəf Şəki rayonunda qeydiyyatdadır. Göstərilənlərə əsasən icraatda olan e-2(006)-1459/2024 saylı işi aidiyyəti üzrə tərəflərin qeydiyyatı olduğu rayonun məhkəməsinə göndərilməsi barədə və ya işin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və cavabdehlə birgə nikahlarından 11 oktyabr 2018-ci il təvəllüdlü X5 anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 2(075)-115/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə 17 iyul 2016-cı il tarixdə tərəflər arasında bağlanmış nikahın ləğv edilməsi, 11 oktyabr 2018-ci il təvəllüdlü X3 iddiaçının yanında qalması və Cavabdeh 11 oktyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırki məhkəmə mübahisəsinə qədər də, aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət edilməmişdir. Cavabdeh tərəfindən hər ay ödənilən 170 manat məbləğində alimentin məbləği uşağın maddi ehtiyaclarının ödənilməsi üçün kifayət etmir. Belə ki, iddiaçı çox aşağı məbləğdə əmək haqqı alır və uşaq “Autizm” xəstəliyindən əziyyət çəkir. Bununla bağlı iddiaçı onun xərclərini ödəməkdə çətinlik çəkir. Buna görə də aliment məbləği artırılmalıdır. Bu halları nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a)Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən xx.xx.2018-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-115/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onlar arasındakı nikah pozulmuş, uşaq ananın himayəsində saxlanmış və saxlanması üçün hər ay 170 manat məbləğində aliment tutulmuşdur. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək alimentin artırılmasını tələb edir.

b) Mülki işin materialları:

8. Mülki işin materiallarında olan Şəki Rayon Məhkəməsinin 2(075)-115/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə X4 arasında 17 iyul 2016-cı il tarixdə Şəki İHB-nin Aydınbulaq İƏD üzrə nümayəndəliyində bağlanmış 06 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - 11 oktyabr 2018-ci il təvəllüdlü X5 anası X1 himayəsində saxlanılması, 11 oktyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat aliment tutularaq X2 verilməsi, alimentin tutulmasının əvvəli 21 aprel 2022-ci il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, tərəflərə birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı 3 (üç) il ərzində iddia qaldırmaq hüquqlarının olmasının izah edilməsi qət edilmişdir.

9. Mülki işin materiallarında olan Mingəçevir 1 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞM/MT031/2023-00219 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

11. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

12. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır.

13. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

15. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

16. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

17. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

18. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

19. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

20. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

21. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

22. Beləliklə, məhkəmə xx.xx.2018-ci il təvəllüdlü X3 mənafeyini, onun təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını nəzərə almaqla belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh Şəki Rayon Məhkəməsinin 2(075)-115/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilsin və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar