Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1462/2025 01.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması”na dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması”na dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK8401150B109 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 18235.12 AZN əsas; 1257.37 AZN faiz; cəmi 19492.49 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh 18.235,12 manat məbləğində əsas borc və 1257.37 manat faiz borcu olmaqla, cəmi 19.492,49 manat məbləğində borc və 148,48 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini, lakin borcu ödəmək üçün imkanı olmadığını, belə ki, bir sıra qurumlara müraciət etsə də, işlə təmin oluna bilmədiyini, ali təhsilli hüquqşünas olduğunu, 10 il Türkiyə Respublikasında yaşadığını, 6 il Azərbaycan Respublikası Ədliyyə Nazirliyində işlədiyini, hal-hazırda müflisləşdiyini, adında heç bir əmlak olmadığını, təqaüd yaşına çatmağına 5 il qaldığını bildirərək, nəzərə alınmasını xahiş etmişdir. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.Mülki işin materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK8401150B109 nömrəli kredit müqaviləsinə əsasən Bank 83 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə 18.235,12 manat məbləğində krediti borcalana verməyi, Borcalan isə həmin krediti qəbul edib, kreditin əsas məbləğini, kreditə hesablanmış faizləri, kreditin rəsmiləşdirilməsi və xidmət olunmasına görə haqları, kreditin qaytarılmasını gecikdirdiyi üçün faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. 7.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, RGTK8401150B109 nömrəli müqavilə üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh müqavilə üzrə aylıq 375 manat, sonuncu ay isə 385.82 manat ödəməyi öhdəsinə götürmüşdür. 8.Mülki işin materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə xx.xx.2024-cü il tarixə 18.235,12 manat əsas, 1257.37 manat faiz borcu olmaqla, cəmi 19.492,49 manat borcu mövcuddur. 9.Mülki işin materiallarında olan Cavabdeh Vaqif oğluna ünvanlanmış 16 noyabr 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. 10.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli elektron mədaxil qəbzinə əsasən iddia qaldırılması üçün iddiaçı tərəfindən 148.48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 11.Mülki işin materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2025-ci il tarixli, 9/3181 nömrəli ekspert rəyinə əsasən hesabdan çıxarış məlumatları, 25 iyun 2024-cü il tarixli, RGTK8401150B109 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixə Cavabdeh İddiaçı ASC-yə olan borcu 19.432,05 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 18.235,12 manat, faiz borcu 1193,93 manat, ekspert rəyinin tərtib edildiyi tarixə xx.xx.2025-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə olan borcu 21.438,42 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 18.235,12 manat, faiz borcu 3203,3 manat. 12.Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 13.Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanan xx.xx.2024-cü il tarixli, RGTK8401150B109 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 83 ay müddətinə, illik 17% dərəcəsi ilə 18235,12 manat məbləğində kredit verilmiş, Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə yazılı xəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmiş, nəticədə Bank qarşısında borcu yaranmışdır. 14.Məhkəmə araşdırması dövründə işin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin edilmək məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və təqdim edilən ekspert rəyi əsasında cavabdehin Bank qarşısında pretenziya məktubunun ünvanlandığı tarixə, yəni xx.xx.2024-cü il tarixə 18.235,12 manat, faiz borcu 1193,93 manat olmaqla, cəmi borcunun 19.432,05 manat olduğu müəyyən edilmişdir. 15.Hazırda iddiaçı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin cavabdehdən tutulmasını tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 16.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsinəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 17.Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun və faiz məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. 18.Məhkəmə araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından hesab edir ki, 07 iyul 2025-ci il tarixli, 9/3181 nömrəli ekspert rəyi hazırki iş üzrə mötəbər sübut növü kimi qiymətləndirilir. 19.Məhkəmə ekspertiza rəyi ilə bağlı qeyd edir ki, Azərbaycan Republikası MPMnin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə bu qənaətə gələrkən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməməsini, eləcə də ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasını nəzərə alır. 20.Beləliklə də, məhkəmə hesab edir ki, işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından qeyd edilən rəyi hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qiymətləndirir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara verilmiş cavablar qeyri-müəyyən xarakter daşımamaqla faktiki real vəziyyəti olduğu kimi əks etdirmişdir. 21.Məhkəmə əsas və faiz borc məbləğinin tutulması hisəsində onu qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan ekspert rəyindən xx.xx.2024-cü il tarixə əsas borc məbləğinin 18.235,12 manat, faiz borc məbləğinin 1196,93 manat olduğu müəyyən olunur. Belə olan halda məhkəmə iddia ərizəsində qeyd edilən əsas borc məbləği ilə ekspert rəyində qeyd edilən əsas borc məbləğinin eyni olduğunu, lakin faiz borc məbləğinin ekspert rəyində az olduğunu nəzərə alaraq, ekspert rəyində qeyd olunan faiz borc məbləğinin cavabdehdən tutulmasını daha ədalətli hesab edir. 22.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. 23.Mülki işin materiallarında olan bildiriş (pretenziya) məktubunun məzmunundan müəyyən edilir ki, iddiaçı cavabdehdən müqavilə üzrə ümumi borcun deyil, həmin tarixə olan əsas və faiz borcunun ödənilməsini tələb etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının ona bildirişin (pretenziyanın) ünvanlandığı tarixə qədər faiz borcunun ekspert rəyi əsasında 1196,93 manat olması müəyyən edildiyindən iddia tələbi faiz borcu hissəsində tələb olunan həddə deyil, ekspert rəyində qeyd edilən məbləğ həddində təmin edilməlidir. 24.Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, RGTK8401150B109 saylı krеdit müqaviləsinə əsasən, 18.235,12 manat əsas, 1196,93 manat faiz borcu olmaqla, ümumilikdə 19.432,05 manat məbləğində pul vəsaiti tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 25.Məhkəmə tələbin ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən təmin edilən hissəyə (19.432,05 manat) mütənasib olaraq ödənilməli olan 148,30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməli, qalan hissədə dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 26.Həmçinin, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 1 manatı İddiaçı ASC-dən, 99 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməlidir. 27.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 28.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, RGTK8401150B109 saylı müqavilə üzrə 18.235,12 (on səkkiz min iki yüz otuz beş manat, on iki qəpik) manat məbləğində əsas borc, 1196,93 (bir min bir yüz doxsan altı manat, doxsan üç qəpik) manat faiz borcu olmaqla, cəmi 19.432,05 (on doqquz min dörd yüz otuz iki manat, beş qəpik) manat məbləğində borc və 148,30 (bir yüz qırx səkkiz manat, otuz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 1 (bir) manatı İddiaçı ASC-dən, 99 (doxsan doqquz) manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-1462/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1462/2025
01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver