Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-147/2023 21.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən mülkiyyətində olan «Kia Optima» minik markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu maddi zərərə görə 14.248 manat maddi ziyanın və ödənilmiş 133 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan «Kia Optima» minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu maddi zərərə görə 14.248 manat madddi ziyanın, ödənilmiş 133 manat məbləğində dövlət rüsumunun, qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasındakı yaranmış qiymət fərqinin əvəzi olaraq 12.000 manat və mənəvi ziyana görə 5.000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X5 14 oktyabr 2021-ci il tarixdə, saat 02:00 radələrində ona məxsus «Kia Optima» minik markalı, **-TV-*** dövlət qeydiyyatlı nişanlı avtomobili etibarnamə əsasında idarə edərkən, Bakı şəhəri Yasamal rayonu A.Şərifzadə küçəsində 3-cü zolaqda M.Həsənov küçəsi istiqamətində hərəkətini davam etdirib, M.Xiyabani küçəsi ilə kəsişməyə çatıb, işıqforun qırmızı işığında dayanmış, yaşıl işıq yandıqda düzünə hərəkəti davam etdirib irəliləmişdir ki, qarşıdan gələn Cavabdeh2 məxsus olan «Volkwagen Touareg» markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 «X9» Azərbaycan Respublikasının Qanunun tələbini pozaraq yalnız düzünə hərəkət istiqaməti olan yolda açıq şəkildə yol hərəkəti qaydasın pozaraq sola dönmə edib, bir anda bir-iki metr məsafədə onun idarə etdiyi avtomobilin qarşısına çıxmış və bu zaman həmin avtomobilin sağ orta hissəsi ilə toqquşmuşdur. Bundan sonra «Volkswagen Touareg» markalı avtomobil işıqforun dirəyinə dəyib dayanmışdır. Baş vermiş hadisə nəticəsində «Kia Optima» minik markalı, **-TV-*** dövlət qeydiyyatlı nişanlı avtomobilin sürücüsü Ayxan Bədrəddinli sağ əl nahiyəsindən xəsarət almışdır. Xüsusi Müalicə Sağlamlıq Kompleksinin radiologiya şöbəsinin xx.xx.2021-ci il tarixli KT müayinəsinin nəticəsində sağ əlin İ barmağının distal falanqasının əsasında yerdəyişməyə oynaq səthinə uzanan sınıq və lateral sesamvari sümükdə yerdəyişən minimal sınıq müşahidə olunmuşdur. Ekspertiza ilə Xüsusi Müalicə Sağlamlıq Kompleksinin diaqnozu arasında ziddiyət olduğundan təkrar məhkəmə-tibbi ekspertiza təyin edilmiş və xx.xx.2022-ci il tarixində Yasamal RPİ-nə daxil olmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «MTE və PA Birliyi» Publik Hüquqi şəxsin verdiyi xx.xx.2021-ci il tarixli T 352/2021 saylı rəydə göstərilmişdir ki, X1 əlin İ barmağın distal falanqasında yerdəyişməyə, oynaq səthnə uzanan qopma xarakterli sınıq və lateral sesemoid sümükdə minimal ikiləşmə müşahidə olunmuşdur. Nəticə etibarilə Ayxan Bədrəddinli sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti almışdır. Bununla bağlı olaraq Yasamal Rayon Polis İdarəsi araşdırma aparmış, hadisə ilə bağlı olaraq cinayət əməli yaradan hal aşkar edilmədiyindən 19 yanvar 2022-ci il tarixdə cinayət işinin başlanılması rədd edilmişdir. Daha sonra inzibati material Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 05 mart 2022-ci il tarixli 3(004)-999/2022 nömrəli qərarı ilə Cavabdeh1 İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 6 ay müddətinə nəqliyyat vasitələrindən idarə etmək hüququn məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Yasamal RPİ-nin 19 yanvar 2022-ci il tarixli qərarı ilə, hadisə nəticəsində «Kia Optima» markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 14.248 manat maddi zərər dəyməsi öz təsdiqini tapmışdır. Həmçinin, bu hal "xxxx" MMCdən verilmiş qiymətləndirmə aktı ilə təsdiq olunur. Avtomobilə dəyən zərərin ödənilməsini dəfələrlə cavabdehlərdən tələb etsəm də, bu günədək cavabdehlər avtomobilimə dəyən zərəri ödəmir. Cavabdeh1 Cavabdeh2 məxsus olan «Volkwagen Touareg» markalı **-MY- *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizədə qeyd olunmuşdur ki, avtomobili alarkən avtomobil yeni kimi idi. O, həmin avtomobilin ikinci alıcısı olmuşdur. Avtomobil az sürülmüşdür. Qəza baş verərkən avtomobilin cəmi 72000 km. yürüşü var idi. Hazırda bu komplektasiyadan olan eyni avtomobilin dəyəri 28.000 manat təşkil edir. Qəzadan sonra isə avtomobilin təmirli vəziyyətdə dəyəri 16.000 manata düşmüşdür. Beləliklə də, qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasındakı qiymət fərqi 12.000 manat təşkil edir. Onun avtomobili yeni kimi olduğundan, o, qəzaya düşən avtomobili sürmək istəmir, satmaq niyyətindədir. Lakin, hazırki vəziyyətdə təmirdən sonra iddiaçı onu satışa çıxardıqda ən yaxşı halda 16.000 manata sata bilər. Hesab edir ki, bu da cavabdehlərin təqsirli hərəkətləri nəticəsində ona vurulan zərərin bir hissəsidir. Bundan başqa, cavabdehin təqsirli hərəkətləri nəticəsində o, çox böyük stress yaşamışdır. Bununla da ona mənəvi zərər dəymişdir. Mənəvi zərəri 5.000 manat məbləğində dəyərləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin həcmini artırmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin və sonradan təqdim edilmiş, iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəməyə göndərdiyi iddiaya etirazında qeyd etmişdir ki, ona qarşı irəli sürülən tələblər əsassızdır. Belə ki, xx.xx.2021-ci il tarixdə saat 02:00 radalərində baş vermiş yol nəqliyyat hadisəsində cinayət tərkibi olmadığından xx.xx.2022-ci ildə cinayət işinin başlanması rədd edilmişdir. Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(004)-999/2022 nömrəli qərarı ilə İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində 6 ay müddətində nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. İddiaçının qeyd etdiyi kimi onun oğlunun idarə etdiyi avtomobilə 14.248 manat dəyərində maddi ziyan vurulması həqiqətə uyğun deyildir və şişirdilmiş məbləğdir. Belə ki, yolnəqliyyat hadisəsi qarşılıqlı şəkildə baş vermişdir. O, hərəkət etdiyi istiqamətdən sola dönərkən minimal sürətlə dönmüşdür. İddiaçının oğlu isə gəldiyi düz istiqamətdə yüksək sürətlə idarə etdiyi avtomobilə çırpılmış və zərbənin təsiri nəticəsində idarə etdiyi avtomobil hərəkət istiqamətindən çıxaraq işıqforun dirəyinə dəymişdir. Avtomobili idarə edən X5 hadisə törəndikdən sonra hadisə yerini tərk etmiş və yol dövlət polisinin əməkdaşları gəldikdən sonra hadisə yerinə qayıtmışdır. Polis əməkdaşları sonuncunun sərxoşluğu ilə maraqlanmamış və o, bunu təklif etsə də, əhəmiyyət verməmişlər. Özü isə bu tələbə əməl etmişdir. Hadisə zamanı tanımadığı şəxs ona mobil telefonla zəng edərək hədə-qorxu yolu ilə pul tələb etmişdir, hadisə zamanı idarə etdiyi avtomobilə 4 min manat məbləğində ziyan dəymişdir. Lakin o, bununla əlaqədar iddiaçıya və ya oğluna qarşı heç bir tələb irəli sürməmişdir. Bildirir ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında leytenant kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin sərəncamları ilə «Vətən uğrunda», «Vətən Müharibəsi iştitakçısı» və «Füzulinin azad olunmasına» görə medalları ilə təltif olunmuşdur, İİİ dərəcəli əlildir. N saylı hərbi hissə leytenantı kimi xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində «Sol əlin İİ barmağının proksimal falanqa səviyysində travmatik amputasiyası. Sol burun qanadının kor, sol əlin İİ barmağının dəlib-keçən qəlpə yaralanması. Qapalı kəllə beyin travması. Baş beyin silkələnməsi» xəsarətini almışdır. Müdafiə Nazirliyinin Baş X2 üzrə müntəzəm müalicələr almaqla həkim nəzarətindədir. Postravmatik stress pozuntu, Postkommision sindrom diaqnozu ilə müalicı alır və hazırda da müalicədədir, müvafiq dərmanları qəbul edir. İddiaçının irəli sürdüyü kimi o, avtomobili etibarnamə olmadan deyil, xx.xx.2031-ci ilə kimi qüvvədə olan etibarnamə əsasında idarə etmişdir. Hadisə zamanı vurulmuş ziyanın 14.248 nanat göstərilməsi əsassızdır. O, zabit olaraq döyüşən orduda kəşfiyyatçı kimi fəaliyyət göstərmişdir. İddiaçının oğlu baş vermiş hadisənin qarşısını almaq imkanına malik olsa da, bunu etməmişdir. Onun yuxarıda qeyd edilən tibbi müayinədən boyun qaçırması da mütləq nəzərə alınmalıdır. Maddi ziyanla bağlı irəli sürülən tələbə qarşı bildirir ki, hazırda buna maddi imkanı yoxdur. Odur ki, məhkəmədən işə baxılarkən qeyd etdiklərinin və işin faktiki hallarının nəzərə alınmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Yasamal RPİ İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı V.M.şahbazovun 19 yanvar 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi və inzibati qaydada təsir tədbirinin görülməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstənlənlərə əsasən, baş vermiş yol-nəqliyyat hadisəsində xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, təqaüdçü, Bakı şəhəri Nəsimi rayonu A.Mustafayev küçəsi ev 37 mənzil 46-da qeydiyyatda olan və yaşayan sürücü Cavabdeh1 əməlində Azərbaycan Respublikası CMnin 263-cü maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş; sürücü Cavabdeh1 hərəkətlərində İXMnin 327.8-ci və 469.3-cü maddələrinin tərkib əlamətləri olduğundan barəsində inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti Yasamal RPİ-nin DYPŞ-yə göndərilmiş; qəbul olunmuş qərarı maraqlı tərəflərə göndərməklə qərardan prokurorluğa və məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ, habelə X4 idarə etdiyi «Kia Optima» markalı ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 14.248 manat məbləğdə ziyan və X6 məxsus «Lada Priora» markalı ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanla bağlı yaranmış mübahisə ilə əlaqədar mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olduğu onlara izah edilmiş; qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorluğuna göndərilmişdir. İş materiallarına əlavə olunmuş 10 fevral 2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 469.1, 327.8-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş, törədilmiş inzibati xətanın mahiyyəti, tarixi, saatı və yeri göstərilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 3(004)-999/2022 saylı qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, həmin Məcəllənin 469.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Yasamal RPİ-yə göndərilmişdir. İş materiallarına əlavə olunmuş X7 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, «KİA Optima» markalı ** TV *** dövlət qeydiyyat nişanlı 2014cü il buraxılışlı, qara rəngli avtomobilin təmir edilməsi üçün xidmət haqqının və endirimli ehtiyat hissələrinin cəmi dəyəri 14.248 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2022-ci il tarixli 9/6430-8/2415 saylı rəyindən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır (məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə). Nəzəri hesablama yolu ilə, iş materiallarında olan «X7» tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı «Kia Optima» markalı ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 13.282 manat müəyyən edilir (məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə). Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2023-cü il tarixli 9/1144 saylı rəyindən görünür ki, «Kia Optima» markalı 2014-cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 25.000 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10 % - 2.500 manat (25000 manat x 10 %) aşağı olması istisna edilmir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İş materiallarından göründüyü kimi, birinci cavabdeh yol-nəqliyyat hadisəsi törətməklə mülki hüquq pozuntusu törətmişdir. İkinci cavabdeh isə buna səlahiyyət verən etibarnamə olmadan, öz mülkiyyətində olan avtomobili idarə etmək üçün birinci cavabdehə təqdim etmişdir. Onlar hər ikisi törədilmiş hüquq pozuntusu ilə vurulmuş zərərin əvəzini ödəməyə borcludurlar. Cavabdehlər iddiaçıya məxsus avtomobilin təmir-bərpası üçün daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, törədilmiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə birbaşa ziyan dəymiş, eləcə də, avtomobil yol-nəqliyyat hadisəsi nəticəsində vurulduğundan bazar dəyərini (əmtəə dəyərini) də itirmişdir. Ekspert rəylərindən görünür ki, avtomobilin təmir bərpa edilməsi üçün tələb edilən məbləğ 13.282 manat, əmtəə dəyərini itirməsi səbəbi ilə vurulan zərər isə 2.500 manat təşkil edir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan miqdarda pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı ona mənəvi zərər vurulduğunu bildirsə də, həmin zərərin nədə ifadə edilməsini izah etməmiş, ona mənəvi zərər vurulmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2014-cü il buraxılışlı «Kia Optima» markalı ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci olan 13.282 manat, avtomobilin əmtəə dəyərinin itkisinə görə 2.500 manat, ödənilmiş 133 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. 150 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2014-cü il buraxılışlı «Kia Optima» markalı ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci olan 13.282 manat, avtomobilin əmtəə dəyərinin itkisinə görə 2.500 manat, ödənilmiş 133 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. 150 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-147/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-147/2023
21.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver