Məhkəmə qərarları › İş №e-2(006)-1477/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1477/2025

14.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1477/2025 14.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, X19 qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1, cavabdeh "M.Ə.Əfəndiyev adına X22" X17 nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı X1 "Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi" X20 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "M.Ə.Əfəndiyev adına X22" X15 və Cavabdeh1 qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı X3 Cavabdeh1 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 12.846 (on iki min səkkiz yüz qırx altı) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 15 noyabr 2024-cü il tarixində Ə.Ə.Əfəndiyev adına X18 səhhəti ilə bağlı müraciət etmiş, ona öd daşı xəstəliyi diaqnozu qoyulmuşdur. 16 noyabr 2024-cü il tarixində Ə.Ə.Əfəndiyev adına X16 həkim Cavabdeh1 Musabala oğlu tərəfindən öd kisəsi əməliyyatı olmuşdur. Cavabdeh tərəfindən həyata keçirilmiş əməliyyat uğursuz olmuş, xəstədə öd qaçağı görülmüş, buna görə də 20 noyabr 2024-cü il tarixdə təkrar əməliyyata alınmışdır. Təkrar əməliyyat da ilkin əməliyyat kimi uğursuz olmuş, əməliyyatdan sonra da xəstənin öd qaçağı kəsilməmişdir. Xəstənin vəziyyəti pisləşdiyi və sepsis vəziyyətinə yaxınlaşdığı üçün xəstə "X25 Hospital" tibb müəssisəsinə aparılmış və orada müalicəsi davam etdirilmişdir. İddiaçı öd kisəsi əməliyyatı diaqnozu ilə X18 gətirilmiş, lakin uğursuz əməliyyat nəticəsində xəstənin həyatı üçün təhlükə yarandığından "X25 Hospital" tibb müəssisəsinə aparılmışdır. X25 Klinikasında iddiaçının sağalması üçün 13.000 (on üç min) manat civarında pul xərclənilmişdir ki, həmin pulun xərclənməsi X16 cavabdehin həyata keçirdiyi uğursuz əməliyyatın nəticəsində olmuşdur. İddiaçı öd qaçağı nəticəsində daxili zəhərlənmə yaşamış, sepsis vəziyyətinə yaxınlaşmışdır. Yalnız "X25 Hospital" tibb müəssisəsinə aparılan müalicələrdən sonra xəstənin həyatını xilas etmək mümkün olmuşdur. İddiaçının sağlamlığının ağır vəziyyətə düşməsi həkim səhvi ucbatından olmuşdur. Xəstənin birinci əməliyyatı uğursuz keçmiş, bundan sonra həyata keçirilən ikinci əməliyyatın da uğursuz olması nəticəsində xəstə ağır sepsis vəziyyətinə düşmüşdür. Cavabdehin səhlənkarlığı səbəbilə iddiaçı ölüm təhlükəsi yaşamışdır. Cavabdeh tərəfindən uğursuz əməliyyatın həyata keçirilməsi nəticəsində iddiaçı mənəvi iztirablar yaşamaqla bərabər, əlavə müalicələr nəticəsində ona xeyli miqdarda maddi zərər də dəymişdir. Hazırda iddiaçının sağlamlığına vurulan zərərin ödənilməsi zərurəti yaranmışdır. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək M.Ə.Əfəndiyev adına X22 X13 cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 12.846 (on iki min səkkiz yüz qırx altı) manat məbləğində pul vəsaitinin Cavabdeh1 Musabala oğlundan və M.Ə.Əfəndiyev adına X14 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və onun təmin edilməməsini xahiş etdi. O, məhkəməyə təqdim etdiyi yazılı etirazda qeyd etmişdir ki, İddiaçı iddiası tam əsassızdır və böhtan xarakterlidir. İddiaçı X18 müraciət etmiş və ona qoyulmuş diaqnoz əsasında xx.xx.2024-ci il tarixdə X16 laparoskopik xolesistektomiya "öd kisəsi" əməliyyatı və qarın boşluğunun drenajı icra olunmuşdur. Əməliyyat zamanı xəstənin öd kisəsi axarı "klip"-lə bağlanmışdır. Klip metaldan olan bərkidici-bağlayıcı tibbi ləvazimatdır. Xəstənin orqanizmi "klip"-i qəbul etmədiyi üçün boşalma yaranmışdır. Təkrarən xəstə müayinə olunmuş və yenidən xx.xx.2024-cü il tarixdə qarın boşluğunun sanasiyası, öd kisəsi axacağına qoyulan klipin yenilənməsi və qarın boşluğunun drenajı həyata keçirilmişdir. Xəstə yaxınları tibbi xidmətdən imtina edərək İddiaçı Yeni Klinikaya aparacaqlarını bildirərək onu xəstəxanadan özləri çıxarmışdır. Bu barədə imtina ərizəsi təqdim edilsə də, xəstə yaxınları bundan imtina etmişdir. Həkimlərin və tibb bacısının iştirakı ilə həmin an imtina sənədinə imza atmadıqlarına görə akt tərtib edilmişdir. Qaydalara görə xəstə başqa xəstəxanaya köçürülərkən onu qəbul edən xəstəxana öz briqadaları ilə xəstəni ilk müraciət etdiyi xəstəxanadan götürməli, xəstənin tarixçəsi ilə tanış olmalı və növbəti tibbi prosedurları ona uyğun davam etdirməlidir. Bu hal olmamış, xəstə yaxınları xəstəni özbaşına olaraq X14 çıxarmışlar. İddiaçı tərəfindən həkim səhvi nəticəsində onun vəziyyətinin ağırlaşması məsələsinə münasibət bildirərək qeyd edir ki, xəstənin əməliyyatı zamanı öd yollarının və magistral damarların zədələnməsi halı olmamışdır. Bu əməliyyatlarda (qaraciyər və öd yollarında aparılan əməliyyatlarda) dünya praktikasına və protokollara əsasən 8% ağırlaşmalar olması ehtimal olunan haldır. Həmin 8 faizin, 3 faizi isə kliplərin boşalmasına şamil edilir. Klipin boşalmasına əsas isə orqanizmin klipi qəbul etməməsindən irəli gəlir. Xəstənin xx.xx.2024-cü il tarixindəki CRP analiz nəticəsinə əsasən göstəricidə sepsis vəziyyəti olmamışdır. Xəstə yaxınları tərəfindən onu xəstəxanadan çıxararaq başqa yerə aparmaları xəstədə müalicəsiz qaldığı üçün hansısa problemlər yarada bilər. Bu hal həkim səhvi və ya səhlənkarlığı kimi qiymətləndirilməməlidir. Həkim olaraq xəstəya tibbi protokollara uyğun tibbi xidmət göstərilib və heç bir ağırlaşma müşahidə edilməyib. "klip"-in xəstələrdə bağlanmaması və ya gec bağlanması ilə bağlı tibbi protokollarda hansısa ağırlaşma qeyd edilməyib. Hal-hazırkı mübahisəli məsələdə cavabdehin peşə vəzifəsini lazımı səviyyədə yerinə yetirməməməyi mübahisələndirilə (müvafiq ekspertiza rəyi olmadan) bilməz. Xəstənin əməliyyatı zamanı öd yollarının və magistral damarların zədələnməsi halı olmamışdır. Bu əməliyyatlarda (qaraciyər və öd yollarında aparılan əməliyyatlarda) dünya praktikasına və protokollara əsasən 8% ağırlaşmalar olması ehtimal olunan haldır. Həmin 8 faizin, 3 faizi isə kliplərin boşalmasına şamil edilir. Klipin boşalmasına əsas isə orqanizmin klipi qəbul etməməsindən irəli gəlir. İddiaçının məhkəmə presidenti kimi, qeyd etdiyi "Mehmet Şentürk və X2rşı tələbinə münasibət bildirərək qeyd edir ki, X7 2023-cü ildə belə bir hal olmuşdur. Həkimcərrah xəstənin ayağındakı mazolu çıxarmış, sonradan xəstədə (gizli şəkər) ayaq barmaqlarında qaralmalar müşahidə olunmuşdur. Xəstə yaxınları onu Bakı şəhərində özəl xəstəxanaların birində əməliyyat etdirərək ayaq barmaqlarının amputasiyasını icra etdirmişdilər. Bu zaman xəstə üçün özəl xəstəxanada 6-7 min manat xərc çəkildiyini və bu xərcin X8 və ya onun həkim-cərrahının ödəməli olduğunu iddia etmişdilər. Həmin iş prokurorluqda araşdırma aparılmış və iş üzrə ekspertiza təyin olunmuşdur. Amputasiyanın həkim səhvinin nəticəsində olmadığı təsdiqlənmiş və vətəndaşın özəl xəstəxanaya ödədiyi pul vəsaiti onun özünə aid edilmişdir. Həmin iş üzrə həkim və pasiyentin adını mövcud qanunvericiliyə görə qeyd edə bilmir. Məhkəmə bu barədə sorğu verəcəyi təqdirdə konkret adlar və tarixlər qeyd oluna bilər. İddiaçının bir çox yaxın qohumunu o özü əməliyyat etmişdir və hər zaman ondan razı gediblər. Həmin vətəndaşı da öz yaxın qohumları onun qəbuluna gətiriblər. İddia ərizəsində qeyd olunub ki, xəstə X25 xəstəxanasına aparılıb və onlara 13.000 manat zərər dəyib. Bildirir ki, xəstəni Yeni Klinika adı ilə X14 özləri aparıb. Vətəndaşların icbari tibbi sığorta zərfinə aid olan tibbi xidmətlərdən TƏBİB-in tabeliyində olan xəstəxanalarda pulsuz yararlanmaq hüququ var. Xəstədə hansısa həyati təhlükə yaradacaq ciddi problemin olmadığını diqqətə çatdırır. Vətəndaş daha təsisatlı, pullu xidmətlə işləyən özəl xəstəxanaya gedirsə, tibbi xidmətin pulunu da özü ödəməlidir. İddiaçı tərəfindən həkim səhvi nəticəsində əməliyyatın uğursuz olması ilə bağlı X18 müraciəti daxil olmamış və həkim səhvini təsdiqləyən ekspert rəyi mövcud deyil. Əgər iddiaçının qeyd etdiyi həkim səhvi ilə bağlı iddiası var idisə ilk öncə X18 müraciət etməli, onun müraciəti əsasında Tibbi Şuranın iclası keçirilməli, müstəqil peşəkar həkimlərdən ibarət komissiya tərəfindən rəy hazırlanaraq həkimin səhvi və ya səhlənkarlığı təsdiqini tapmalı idi. Həmçinin, Cavabdeh1 ekspert rəyinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, ekspert rəyində qeyd olunan nəticələrlə razı deyil və məhkəmə tərəfindən nəzərə alınmamasını xahiş edir. Belə ki, təyin olunmuş ekspertiza üçün qoyulan suallar ekspert tərəfindən tam və aydın şəkildə qiymətləndirilməmişdir. Ekspert rəyində qeyd olunur ki, xəstəyə Əfəndiyev xəstəxanasında qoyulmuş diaqnoza əsasən operativ müalicə taktikası seçilib. Daha sonra qeyd edilib ki, əməliyyat zamanı 2-ci əməliyyatdan sonra dinamik müşahidə və müalicələr aparılsa da, xəstə bu müalicələrdən imtina etmişdir və X25 xəstəxanasına müraciət etmişdir. Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, iddiaçının ərizəsində bildirdiyi həkim səhvi və səhlənkarlığından söhbət gedə bilməz. Ekspert rəyində qeyd olunur ki, əməliyyat zamanı xəstənin öd yollarının axacağında divarın klip tərəfindən kəsildiyi və həmin kəsilən yerdən ödün subhepatik sahəyə töküldüyü aşkar edilib. Bu faktı ekspertin hansı metodikaya əsaslanaraq qənaətə gəldiyi məlum deyil. Çünki ekspert tərəfindən o və xəstə ekspertizaya dəvət olunmamış və xəstəlik vərəqəsində bununla bağlı hansısa qeyd yoxdur. Hesab edir ki, ekspertiza yenidən keçirilməli və əməliyyatı keçirən həkim olaraq iş üzrə ətraflı izahat verməli, ekspertin suallarını ətraflı cavablandırmalıdır. Metallik klipi orqanizmin qəbul edib etməməsi həkim səhvi kimi qiymətləndirilə bilməz. X23 Dea hospitala gedənədək olan analiz nəticələrinə əsasən ağırlaşma halı olmayıb. X25 hospitalında xəstəyə öd yoluna yalnız stend qoyulduğu xəstəlik vərəqində qeyd olunub. İddiaçı X25 hospitalına ağırlaşma ilə müraciət etdiyini, hospital tərəfindən qəbul edildiyi və xəstənin vəziyyətinə uyğun (ağırlaşma halı) reanimasion tədbirlərin görüldüyü göstərilir. Xəstə iddia ərizəsində qeyd edib ki, noyabr ayının 28-də ağır halda X25 hospitalına müraciət edib. Xəstəlik vərəqində də görünür ki, iddiaçıya X25 hospitalında 02 dekabr tarixində stend qoyulub. İddiaçının 5 gün müddətində hospitalda qalmasının səbəbi açıqlanmır və əsaslandırılmır. Əgər xəstənin vəziyyəti həqiqətən də ağır olubsa, nə üçün həmin gün və ya sabahısı gün müdaxilə edilməyib, stend qoyulmayıb, reanimasiya şöbəsinə, cərrahiyyə şöbəsinə yerləşdirilməyib. Xəstə yalnız həmin 5 gün ərzində hospitalın qastrantelogiya şöbəsində yatızdırılıb. İddiaçının X25 hospitalından aldığı xəstəlik vərəqindən də görünür ki, iddiaçıya zəruri olmayan manipuliyasiyalar, konsultasiyalar göstərilib ki, bu da vətəndaşdan əlavə pul almaq üçün görülən əlavə tədbirlərdir. X24 Dea hospitalında "xalangit" diaqnozu qoyulub ki, bu diaqnoz ümumiyyətlə xəstə Əfəndiyev xəstəxanasına müraciət edərkən onda aşkarlanmayıb. Xəstəyə "xalangit" diaqnozu nə əsasla qoyulduğu həm şübhə doğurur və həm də sual yaradır. Xəstəyə 13 000 manatlıq tibbi xidmətin nəyə görə göstərildiyi və həmin məbləğin qeyd olunan diaqnozla nə qədər əlaqəli olduğu təsdiqini tapmayıb. Hesab edir ki, xəstə tərəfindən digər müayinə və müalicə xərclərinin tələbi tamamilə əsassızdır. Əlavə olaraq bildirir ki, xəstədə aparılmış hər iki əməliyyat icbari tibbi sığorta zərfinə daxil olan xidmətlərə aiddir və tam ödənişsiz həyata keçirilib. İTS tərəfindən TƏBİB tabeliyində olan xəstəxanalar üçün təchiz edilən tibbi ləvazimatlar siyahısında qeyd olunan klipdən istifadə olunur və həkim olaraq plastmas və ya digər kliplərdən istifadə etmələri mümkünsüzdür. Yuxarıda qeyd etdiklərinə əsaslanaraq bildirir ki, ekspert rəyi düzgün verilməyib və qeyd olunan suallara aydın cavab verilməyib və ya suallardan yayınılıb. Məhkəmə iclasında iştirak edən cavabdeh "M.Ə.Əfəndiyev adına X22" X17 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etmədi və onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "M.Ə.Əfəndiyev adına X22" X17 nümayəndəsinin vəsatəti əsasında dindirilmiş ekspert X9 bildirmişdir ki, bütün dünyada həkim səhvi anlayışı və bir də əməliyyata uyğun ağırlaşmalar anlayışı var. Burada ağırlaşma var. Laparoskopik xolesistektomiyaların ağırlaşması qarın boşluğuna qanın və ödün sızması şəklində olur. Qarın boşluğuna maye sızması 1.7-3.5% sızma baş verərsə, bu ağırlaşma hesab olunur. Ağırlaşmalar texniki qüsur, yararsız klipsdən, elektrik bıçaqla prosedur aparanda həkimin görmədiyi divarın yanması səbəbindən də ola bilər. Rəy verərkən ağırlaşmanın səbəbi aydınlaşdırılmayıb. Texniki qüsur həkim səhvinin olduğu anlamına gəlmir. Bu gün Azərbaycan bazarında çoxlu firmalara məxsus metalik klipslər var. İcbari tibbi sığorta paketində klip təmin edilmədiyindən xərci həkim çəkir. Onun sıxılmağında həmişə fərqli mövqelər var.Təkrar maye axırsa, ola blsin elektrik bıçaqla işləyən hansısa divar yanır. Həkim qəbul edə bilər ki, bu klipsdən axır. Həkim təcrübəsindən asılı olaraq fərqli yanaşmalar ola bilər. Hamı da onu həll etməyə çalışır. Bu məqamda eləcə stend qoyublar. Ən axıcı mayedir. Ən balaca deşikdən belə qana, sidiyə yaxşı axır. Məqsəd o olub ki, bağırsağa axmağı sürətləndiriblər. Hardasa dəlik varsa, dayanıb. Buna qədər hərşey düzdür.Həkim əməliyyat edib, qaçaq olub, qaçağın yerini girib axtarıb, güdümün kəsilməsi, klipsin düşməsini həll etməyə çalışıb. Həmişə həll olunmur ki. Növbəti mərhələdə klip qoymaqdır,onu da qoyublar. Gediş düzdür. Ağırlaşmalarda belə olur. 2 dəfə də edirsən, 3 dəfə də edirsən, birdən girib heç tapmırsan. Eləcə axan vəziyyətdə qoyursan .Ağırlaşmaların həlli dünyanın hər yerində bu şəkildə olur. Həkimin səhvi bu vəziyyətdə demək olmur. Hər gün edilən əməliyyatda texniki səbəbdən ağırlaşmalar yaranır. Elektrik bıçaqla işləyəndə mexanizm avtomatikdir. Bu hər gün 5-6 dəfə təkrarlanır. Bu işi kamil edən adamda da 100 xəstədən 1-də ağırlaşma ola bilər. Bu qaçılmazdır. Həkim xəstənin digər həkimlərin müayinələrindən keçməsinə dair istəyinə irad tuta bilməz. Öd kisəsi problemi olan adama başa görə MRT istəsə, bu normal olmaz. Ola bilsin ki, klipsi atmasın və termiki yer olsun və həkim də bunu görməsin. Hətta girib baxanda heç nə tapmır, drenaj qoyur ki, özü-özünə axıb çıxsın. Həkim o zaman səhv edər ki, öd axarına klips qoyar. Bu məqamda həkimin klipsi yalnış qoymağını düşünmür. Öd kisəsi qaçağı çox geniş olub. Klipslərin də ölçüləri olur. Uyğun klips olmasaydı həkim qeyd edərdi. Həkim özünü həmişə sığortalayır. Yazmayıbsa uyğun olub. Həkimlər sığortanın ödəyə biləcəyi qaydaları pozmur. Bəzən diqnozlar fərqli olur. Klips düzdür. İkinci əməliyyatda həkim qaçağın yerini müəyyən edə bilmir, ehtimal edir ki, klips burada atıb. Ehtimal etdiyini bərpa edir. Öd qaçağı müalicə olunmadıqda xəstəni septik vəziyyətə gətirə bilir. Əvvəllər öd boru vasitəsilə 20-21 gün ərzində çölə çxırdı. Sonra drenajı taxırsan, maye çıxır və məsələ bitmiş olur. İndiki üsulla çox tez baş verir. Öd qarın boşluğuna yığılırsa, drenaj onu tutmursa, xəstə septik vəziyyətə düşə bilər. Ağırlaşma olan yerdə qüsursuzluqdan söhbət gedə bilməz. Elə proseslər var ki, orada 100% ağırlaşma olur. Ağırlaşmadan sonra hansı xəstəxanada stend qoyulsa idi, yenə də sağalardı. Xəstəxananın bir fərqi yoxdur. İş materialları: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X4»nin xx.xx.2025-ci il tarixli 439/KEŞ saylı rəyinə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə “M.Ə.Əfəndiyev adına X22" X15 müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona "Kəskin daşlı xolesistit" diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza əsasən, operativ müalicə taktikası seçilmiş və onun üzərində xx.xx.2024-cü il tarixdə "Laparoskopik xolesistektomiya. Qarın boşluğunun sanasiya və drenaj olunması" cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra (MRT, KT və USM müayinələrə əsasən) xəstədə qarın boşluğunda sağ sinusda və kiçik çanaqda maye aşkar edilmişdir. Bununla əlaqədar xx.xx.2024-cü il tarixdə "Diaqnostik laparaskopiya. Qarın boşluğunun sanasiyası və drenaj edilməsi" cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın gedişi zamanı subhepatik və çanaq boşluğunda ödlə qarışıq maye toplantısı aşkar edilmişdir. Elektrosorucu ilə maye sorulmuş və təftiş zamanı kisə axacağı güdülünə qoyulan proksimal klipin axacaq divarını kəsdiyi və həmin kəsilən yerdən ödün subhepatik sahəyə töküldüyü aşkar edilmişdir. Həmin klip yenisi ilə dəyişdirilmiş və kisə axacağın güdülü yenidən kliplənmişdir. Təkrar əməliyyatdan sonra dinamik müşahidə və müalicələr aparılsa da, xəstə bu müalicədən imtina etmişdir. xx.xx.2024-cü il tarixdə isə "X25 Hospital"a daxil olmuş və xx.xx.2024cü il tarixdə "Endoskopik retrograd-xolangio-pankreatoqrafiya (ERCP)" icra edilmişdir. Müdaxilə zamanı "Ductus Cysticusda" (öd kisəsinin ümumi öd axarı) qaçaq (sızma) qeyd edilmişdir. Həmin nahiyəyə plastik stend taxılmışdır. Tibbi müdaxilədən sonra xəstənin vəziyyəti stabilləşmişdir. xx.xx.2024-cü il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı üzərində xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə "M.Ə.Əfəndiyev adına X22" Publik Hüquqi şəxsdə icra edilmiş laporoskopik əməliyyatlar texniki cəhətdən qüsurlu yerinə yetirilmişdir. İlkin müdaxilə zamanı texniki qüsur nəticəsində baş vermiş ağırlaşma (öd peritoniti) təkrar müdaxilə zamanı aradan qaldırılmamış, bu da yenidən yəni üçüncü "ERCP"in aparılmasına səbəb olmuşdur. İddiaçı əməliyyat və əməliyyatdan sonrakı dövrdə M.Ə.Əfəndiyev adına "X22" Publik Hüquqi şəxsdə göstərilmiş tibbi xidmət ilə əlaqədar səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş "Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə Təlimatları"nın 24.1-ci bəndinin ("ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə") tələbləri pozulmuşdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı üzərində xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə "M.Ə.Əfəndiyev adına X22" Publik Hüquqi şəxsdə icra edilmiş laporoskopik əməliyyatlar texniki cəhətdən qüsurlu yerinə yetirilmişdir. İlkin müdaxilə zamanı texniki qüsur nəticəsində baş vermiş ağırlaşma (öd peritoniti) təkrar müdaxilə zamanı aradan qaldırılmamış, bu da yenidən yəni üçüncü "ERCP"in aparılmasına səbəb olmuşdur. İddiaçı əməliyyat və əməliyyatdan sonrakı dövrdə M.Ə.Əfəndiyev adına "X22" Publik Hüquqi şəxsdə göstərilmiş tibbi xidmət ilə əlaqədar səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş "Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə Təlimatları"nın 24.1-ci bəndinin ("ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə") tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X4»nin xx.xx.2025-ci il tarixli 439/KEŞ saylı rəyinə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə "M.Ə.Əfəndiyev adına X22" X15 müraciət etmiş və ona "Kəskin daşlı xolesistit" diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza əsasən, ona xx.xx.2024-cü il tarixdə "Laparoskopik xolesistektomiya. Qarın boşluğunun sanasiya və drenaj olunması" cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra (MRT, KT və USM müayinələrə əsasən) xəstədə qarın boşluğunda sağ sinusda və kiçik çanaqda maye aşkar edilmişdir. Bununla əlaqədar xx.xx.2024-cü il tarixdə "Diaqnostik laparaskopiya. Qarın boşluğunun sanasiyası və drenaj edilməsi" cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın gedişi zamanı subhepatik və çanaq boşluğunda ödlə qarışıq maye toplantısı aşkar edilmişdir. Elektrosorucu ilə maye sorulmuş və təftiş zamanı kisə axacağı güdülünə qoyulan proksimal klipin axacaq divarını kəsdiyi və həmin kəsilən yerdən ödün subhepatik sahəyə töküldüyü aşkar edilmişdir. Həmin klip yenisi ilə dəyişdirilmiş və kisə axacağın güdülü yenidən kliplənmişdir. Xəstə sonrakı müalicədən imtina etmiş və xx.xx.2024-cü il tarixdə "X25 Hospital"a daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə "Endoskopik retroqrad-xolangio-pankreatoqrafiya (ERCP)" icra edilmişdir. Müdaxilə zamanı "Ductus Cysticusda" (öd kisəsinin ümumi öd axarı) qaçaq (sızma) qeyd edilmişdir. Həmin nahiyəyə plastik stend taxılmışdır. Tibbi müdaxilədən sonra xəstənin vəziyyəti stabilləşmişdir. xx.xx.2024-cü il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı üzərində xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə "M.Ə.Əfəndiyev adına X22" Publik Hüquqi şəxsdə icra edilmiş laparoskopik əməliyyatların texniki icrası zamanı qoyulmuş proksimal klipin axacaq divarının kəsilməsi baş vermişdir. Həmin klip təkrar diaqnostik müdaxilə ilə yenisi ilə əvəz olunsa da, sonradan həmin klipin boşalması müəyyən edilmişdir. Qeyd olunan ağırlaşmanın əməliyyatın texniki qüsurlu icrası nəticəsində yaranması istisna edilmir. İlkin müdaxilədən sonra baş vermiş ağırlaşma təkrar müdaxilə zamanı aradan qaldırılsa da, analoji hal yenidən baş vermiş və daha sonra üçüncü "ERCP"in aparılmasına səbəb olmuşdur, İddiaçı üzərində "X25" özəl tibb müəssisəsində aparılmış təkrar müdaxiləyə səbəb həm ilkin, həm də təkrar əməliyyatların qüsurlu icrası nəticəsində meydana çıxması istisna edilmir. İddiaçı üzərində ilkin və təkrari cərrahiyyə əməliyyatından sonra onda davam edən "öd peritoniti" təkrar cərrahi müdaxilə yolu ilə aradan qaldırılsa da, analoji hal yenidən baş vermişdir. Son nəticədə tibbi göstəriş əsasında bu patoloji hal "Endoskopik retroqrad-xolangio-pankreatoqrafiya" ilə aradan qaldırılmışdır. İddiaçı "M.Ə.Əfəndiyev adına X22" Publik Hüquqi şəxsdə və "X25 Hospital" özəl tibb müəssisəsində aparılmış əməliyyatlar tibbi göstəriş əsasında yerinə yetirilmişdir. Lakin əməliyyatların ardıcıllığı ilkin əməliyyatda yaranmış ağırlaşmadan başlanılmışdır. İddiaçı adına tərtib edilmiş xəstəlik tarixinə əsasən, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə aparılmış əməliyyatlar ardıcıllığa görə ilkin əməliyyatın ağırlaşması ilə əlaqədar olmuşdur. İlkin əməliyyatdan sonra qoyulmuş klip axacaq divarının kəsilməsinə səbəb olmuş və bununla əlaqədar "Diaqnostik laparoskopiya" cərrahiyyə əməliyyatı icra edilmişdir. Patoloji hal təkrar müdaxilə yolu ilə bərpa edilsə də, sonradan analoji hal yenidən baş vermiş və son mərhələdə "Endoskopik retroqradxolangio-pankreatoqrafiya" ilə aradan qaldırılmışdır. İddiaçı üzərində xx.xx.2024-cü il tarixdə aparılmış əməliyyat zamanı əsas olan patologiya "Kəskin daşlı xolesistit" aradan qaldırılmış, lakin bu əməliyyatın ağırlaşması sonrakı mərhələdə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə təkrar müdaxilələrə səbəb olmuşdur. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ "M.Ə.Əfəndiyev adına X22" PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubu ilə İddiaçı aid xəstəlik tarixinin surəti təqdim edilmiş və bildirilmişdir ki, vətəndaşa Mərkəzdə icra olunan əməliyyat İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olduğundan heç bir ödəmə etməmişdir. X25 Hospital tərəfindən verilmiş epikrizdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə onun üzərində “endoskopik retrograd xolangiopankreatoqrafiya (ERCP)” əməliyyatı icra edilmiş, xəstə xx.xx.2024-cü il tarixdə evə yazılmışdır. X25 Hospital tərəfindən verilmiş faktura xidmət siyahısından və təqdim edilmiş qəbzlərdən görünür ki, iddiaçının çəkdiyi xərclər ümumilikdə 12.851,06 manat təşkil edir. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçının vəkili "M.Ə.Əfəndiyev adına X22" PHŞ-yə ünvanlandığı məktubda həkim səhvi nəticəsində xəstə İddiaçı vurulmuş zərərin ödənilməsini xahiş etmiş, zərər ödənilmədikdə İddiaçı hüquqlarının müdafiəsi üçün Azərbaycan Respublikası Məhkəmələrinə və X5 müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işç inin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun: 51-ci maddəsinə əsasən peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkimi qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. 57-ci maddəsinə əsasən vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludular. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqıında” Azərbaycan Respublikasının Qanununun: 9.1.3-cü maddəsinə görə əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddianın dəlilləri nəzərə alınmaqla iddia tələbi araşdırılaraq hüquqi qiymət verilməli, yəni sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq iddia tələbinin hüquqi əsası tapılmalıdır. İddia tələbinin bu qaydada qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, iddianın dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı səhhətində yaranmış problemlə əlaqədar "M.Ə.Əfəndiyev adına X22" X15 müraciət etmiş, orada aparılmış müvafiq müayinələrdən sonra ona "Kəskin daşlı xolesistit" diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza əsasən, operativ müalicə taktikası seçilmiş və onun üzərində həkim - Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixdə "Laparoskopik xolesistektomiya. Qarın boşluğunun sanasiya və drenaj olunması" cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra aparılmış müayinələrə əsasən iddiaçının qarın boşluğunda sağ sinusda və kiçik çanaqda maye aşkar edilmişdir. Bununla əlaqədar X3 üzərində xx.xx.2024-cü il tarixdə "Diaqnostik laparaskopiya. Qarın boşluğunun sanasiyası və drenaj edilməsi" cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı onun üzərində icra edilmiş hər iki əməliyyatın qüsurlu olduğunu, səhhətində yaxşılaşma olmadığını, bu səbəbdən sağlamlığının bərpası üçün özəl xəstəxanaların birinə üz tutduğunu bildirmiş və orada xərc çəkdiyini bildirərək dəymiş ziyanı cavabdehlərdən tələb etmişdir. Cavabdehlər iddiaya etiraz mövqeyində olsalar da, iddia tələbinə etirazın əsası kimi istinad etdikləri hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Bunun əksi olaraq məhkəmənin təyin etdiyi məhkəmə-tibbi ekspertizası tərəfindən təqdim edilmiş ekspert rəyi ilə iddiaçı X1 üzərində xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə aparılmış hər iki cərrahiyyə əməliyyatının qüsurlu şəkildə icra edilməsi öz təsdiqini tapmışdır. Bu səbəbdən iddiaçının səhhətinə ziyan dəyməsi işin mübahisəsiz halı olaraq müəyyən edilir. Cavabdehlərin dəlilləri X16 aparılmış əməliyyatların həkim səhvindən deyil, tətbiq edilmiş klipin keyfiyyətindən və ya orqanizmin özünün fizioloji vəziyyətindən irəli gələrək bu cür nəticələnməsi olmuşdur. Xüsusilə də cavabdehlər məhkəmə iclasında dindirilmiş ekspertin bildirdiyi kimi bu tip əməliyyatlarda klipin boşalmasının rast gəlinməsi və bunun həkim səhvi kimi qiymətləndirilmədiyinə dair mövqeyi irəli sürmüşlər ki, məhkəmə cavabdehlərin əməliyyatın bu cür nəticələnməsində orqanizmin özünün fərdi xüsusiyyətlərindən və ya klipin keyfiyyətindən yaranan bir hal olması heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Əgər həqiqətən də klipin boşalmasının səbəbi orqanizmin fərdi xüsusiyyətlərindən irəli gəlmiş olsa idi, bu hal birmənalı şəkildə ekspert rəyində təsbit edilməli idi. Klipin keyfiyyəti ilə bağlı cavabdehin və dindirilmiş ekspertin izahatında bildirdiyi hallar isə əməliyyatı həmin klipdən istifadə edərək icra etmiş həkimin və tibb müəssisəsinin məsuliyyətini aradan qaldırmır. Yetərli əsaslar olduğu halda, yəni klipin keyfiyyətsizliyi əməliyyatın qüsurlu nəticəsinə səbəb olduğu müəyyən edildiyi halda cavabdehlərin malın qüsuru ilə bağlı aidiyyəti üzrə müraciət etmək hüquqlarını da istisna etmir. Məhkəmə dəymiş ziyanın məbləğinə münasibətdə hesab edir ki, iddia həmin məbləğə münasibətdə əsaslıdır. Qanunvericiliyin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçının təqdim etdiyi qəbzlər və hesab fakturalardan görünür ki, o, ümumilikdə 12.851,06 manat xərc çəkmişdir, lakin iddiaçı hazırda 12.846 manat pulun cavabdehlərdən tutulmasını tələb etdiyindən, məhkəmə iddia tələbinin həcmində işə baxılmasını qanuni hesab edir. Cavabdehlər iddiaçının X25 Hospitalında çəkdiyi xərclərin şişirdilmiş olduğunu və həmin xəstəxanada aparılmış müayinələrin iddiaçının xəstəliyi ilə birbaşa əlaqəli olmasını mübahisələndirsələr də, məhkəmə-tibb ekspertizası da öz növbəsində X25 Hospitalında göstərilmiş tibbi yardımların tibbi göstərişə uyğun olmasına dair nəticəyə gəlmişdir. Nə qədər ki, iş materialları ilə iddiaçının səhhətinə dəymiş ziyana görə çəkdiyi xərclər 12.846 manat məbləğində öz təsdiqini tapır, odur ki, həmin məbləğ cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər "M.Ə.Əfəndiyev adına X22" X11 və Cavabdeh1 müştərək qaydada 12.846 manat pul iddiaçı X1 xeyrinə tutulmalıdır. İddiaçı qanunun tələbinə görə dövlət rüsumu ödəməkdən azad edildiyindən, iddia tələbi də tam təmin edildiyindən, 128,54 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq Azərbaycan Resublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər "M.Ə.Əfəndiyev adına X22" X11 və Cavabdeh1 müştərək qaydada 12.846 (on iki min səkkiz yüz qırx altı) manat pul iddiaçı X1 xeyrinə tutulsun. Dövlət rüsumunun əvəzi olaraq 128,54 (bir yüz iyirmi səkkiz manat, əlli dörd qəpik) manat vəsait cavabdehlər "M.Ə.Əfəndiyev adına X22" X11 və Cavabdeh1 müştərək qaydada alınaraq Azərbaycan Resublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar