Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1485/2025 23.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X9 oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh qəbul etdiyi pay həcmində iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 12186,55 manat əsas borc, ödənilməmiş faiz borcu 2098,16 manat olmaqla, cəmi 14284,71 manat məbləğində kredit borcunun və ödənilmiş 132,86 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2023-cü il tarixli, BPM**********58 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 13%-lə, 24 ay müddətinə 15000 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətə kreditlərin məbləğini və ona hesablanan faizləri ödəməlidir. Elektron informasiya sistemindən əldə olunmuş məlumata əsasən, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən verilmiş x/k-524 nömrəli məktubdan görünür ki, Cavabdeh adına Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən cavabdeh X3 xx.xx.2024-cü il tarixədək kredit üzrə banka borcu 12186.55 manat əsas borc, ödənilməmiş faiz borcu 2098.16 manat olmaqla, cəmi 14284.71 manat təşkil edir. Cavabdeh mərhum X2 qalmış mirası qəbul barədə ərizə ilə müraciət etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-38687/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini iddia ərizəsi verilən günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC «iddia tələbinin həcminin dəyişdirilməsinə dair» ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 12186,55 manat, ödənilməmiş faiz borcu üzrə 60,34 manat olmaqla, cəmi 12246,89 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 132,86 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil cavabdehin kreditdən məlumatı olmadığını, mərhumun isə kifayət qədər imkanlı şəxs olduğunu bildirərək, iddia tələbini qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: "xxxx" ASC (borcverən) ilə X5 (borcalan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********58 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən borcalana 24 (iyirmi dörd) ay müddətində (xx.xx.2025-ci il tarixədək) 15000 (on beş min) manat məbləğində, kreditdən istifadəyə görə illik 13 (on üç) % ödəmək şərtilə kredit verməyi, Borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə həmin kreditdən şəxsi istehlak məqsədləri üçün istifadə etməyi öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli, BPM**********58 nömrəli məxaric orderindən görünür ki, X5 15000 (on beş min) manat məbləğində vəsaiti bankdan təhvil almışdır. ünvan ünvanlanan 24 sentyabr 2024-cü il tarixli, x/k-524 nömrəli məktubdan görünür ki, mərhum X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Cavabdeh tərəfindən notariat ofisinə müraciət daxil olmuş, xx.xx.2023cü il tarixində vərəsəlik işi açılmış və xx.xx.2024-cü il tarixində vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsə Cavabdeh, miras əmlak isə 10RB257 dövlət nömrə nişanlı, Mercedes 200 minik markalı nəqliyyat vasitəsi, Bakı şəhəri, Nəsimi rayonu, Vəzirov küçəsi, ev 41a/57, mənzil 20 və Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1054-cü məhəllə, ev 122, 122A, 126, 126A, 128, mənzil 82-dən (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 128, M14, m2 mənzil) ibarətdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, X3 vərəsəsi Cavabdeh xx.xx.2023-cü il tarixli, BPM**********58 nömrəli kredit müqaviləsi üzrə X3 banka yaranan borcunun ödənilməsi barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 132,86 (yüz otuz iki manat, səksən altı qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı ödənilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X5 ilə bağlanmış kredit müqaviləsi üzrə vəfat etdiyi tarixə 12186,55 manat əsas, 60,34 manat faiz borcu olmaqla, cəmi 12246,89 manat məbləğində borc yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/661 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 52-ci vərəqində "xxxx" ASC ilə X5 arasında olan xx.xx.2023-cü il tarixli BPM**********58 nömrəli Kredit müqaviləsinin “Borc alan” hissəsində “imza” qrafasındakı imza, 53-cü vərəqində xx.xx.2023-cü il tarixli BPM**********58 nömrəli Kredit Müqaviləsinə 1 nömrəli Əlavənin (Kredit və ona hesablanmış faizlərin ödəniş cədvəli) arxa tərəfində “X1” qrafasındakı imza, 54-cü vərəqində xx.xx.2023-cü il tarixli BPM**********58 nömrəli Məxaric orderində “Müştərinin imzası” qrafasındakı imza – X5 tərəfindən icra olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 125 (bir yüz iyirmi beş) manat təşkil edir. İş materiallarına həmçinin, məhkəmə sorğusuna əsasən Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən təqdim edilmiş X3 əl imzası nümunələri olan sənədlər əlavə edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədləri üçün 24 ay müddətinə illik 13 faiz ödəmək şərtilə 15000 manat məbləğində kredit verilmişdir. Müqavilə qüvvədə olduğu müddətdə - xx.xx.2023-cü il tarixdə Salmanov Rahib vəfat etmiş, onun mirasını həyat yoldaşı – hazırkı iş üzrə Cavabdeh qəbul etdiyindən, ona qanun üzrə vərəsəlik haqqında müvafiq şəhadətnamə verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə bildiriş göndərərək, mərhum həyat yoldaşının banka olan borcunu ödəməsini tələb etmiş, lakin cavabdeh borcu ödəməmişdir. Hazırda iddiaçı cavabdehin mərhum həyat yoldaşı ilə aralarında olan müqavilə üzrə mərhumun banka yaranmış 12186,55 manat əsas, 60,34 manat faiz borcu və məhkəmə xərclərinin mirası qəbul etmiş vərəsə kimi cavabdehdən tutulmasını xahiş edir; cavabdeh isə borcdan xəbərinin olmamasını və mərhumun kifayət qədər imkanlı şəxs olmasını əsas gətirərək, iddia tələbini qəbul etmir. c) Məhkəmənin mövqeyi: İddia tələbi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı ilə X5 arasında kredit müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranması, iddiaçının müqavilə üzrə öhdəliyini yerinə yetirərək, Salmanov Rahibə müəyyən müddətə qaytarılmaq və faiz ödəmək şərtilə müvafiq məbləğdə kredit verməsi, Salmanov Rahibin borcunu tam ödəyə bilmədən müqavilə qüvvədə olduğu müddət ərzində vəfat etməsi, onun vəfatından sonra vərəsəliyi həyat yoldaşı – hazırkı iş üzrə Cavabdeh qəbul etməsi və miras kütləsinə daxil olan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni almasına baxmayaraq, mərhumun banka olan qalıq borcunu ödəməməsi hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallardır. Məhkəmə araşdırmaları zamanı cavabdeh tərəf kredit müqaviləsi, ödəniş cədvəli və məxaric orderində əks olunmuş imzaların mərhum Salmanov Rahibə məxsus olmadığını mübahisələndirdiyindən, məhkəmənin müvafiq qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və təqdim edilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyi əsasında müəyyən edilmişdir ki, qeyd edilən sənədlərdə əks olunan imzalar, həqiqətən də X5 tərəfindən icra olunmuşdur. Yuxarıda göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 12186,55 manat əsas, 60,34 manat faiz borcu olmaqla, cəmi 12246,89 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Məhkəmə qeyd edir ki, tələbin əsaslı olması mötəbər sübutlarla (kredit müqaviləsi, məxaric orderi və s.) təsdiq edilir. d) Tətbiq edilən hüquq və gəlinən nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı: Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Kreditorlar borclu öldüyü halda faizlərin hesablanmasının davam edib-etməməsi məsələsinə baxarkən vicdanlılıq prinsipindən çıxış etməli, miras qalmış əmlakın həcmi, vərəsələrin maddi durumu və s. kimi halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 12.186,55 (on iki min yüz səksən altı manat, əlli beş qəpik) manat əsas, 60,34 (altmış manat, otuz dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 12.246,89 (on iki min iki yüz qırx altı manat, səksən doqquz qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 132,86 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, həmçinin, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 125 manat məbləğində pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12.186,55 (on iki min yüz səksən altı manat, əlli beş qəpik) manat əsas, 60,34 (altmış manat, otuz dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 12.246,89 (on iki min iki yüz qırx altı manat, səksən doqquz qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. İş üzrə ödənilmiş 132,86 (bir yüz otuz iki manat, səksən altı qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 125 (bir yüz iyirmi beş) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №e-2(006)-1485/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1485/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver