Məhkəmə qərarları › İş №e-2(006)-1492/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1492/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1492/2023 17.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təsviri hissə:

1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" ASC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmiş, cavabdehin müraciətinə müvafiq olaraq onunla "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli, PKSTN-0788 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, cavabdehə 18 ay müddətinə 40% olmaqla 6000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq borclu Cavabdeh2 zaminləri Cavabdeh3 və Cavabdeh1 ilə PKSTN-0788 nömrəli Zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsi bağlandığı müddətdən öhdəliklərin icrası vaxtında və lazımınca yerinə yetirilməmişdir. Hal-hazırda isə borclular tərəfindən müqavilə üzrə öhdəliklər ümumiyyətlə icra olunmur. Təşkilatla borclunun zaminləri arasında bağlanmış xx.xx.2022-ci il tarixli, PKSTN-0788 nömrəli Zaminlik müqaviləsinin 2.1 bəndinə əsasən borclu müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zamin kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz öhdəsinə götürüb. Borclular dəfələrlə xəbərdarlıq olunmalarına baxmayaraq müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdirlər. Borclular Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 5492 manat məbləğində əsas borcu, 1015 manat faiz borcu, 549 manat cərimə borcu olmaqla, cəmi 7056 manat məbləğində borc və 91 manat ödənilmiş dövlət rüsumu məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən borclular Cavabdeh2 və zaminləri Cavabdeh3 və Cavabdeh1 5492 manat məbləğində əsas, 1015 manat faiz, 549 manat cərimə borcu olmaqla, cəmi 7056 manat məbləğində borc və 91 manat ödənilmiş dövlət rüsumunun kreditor "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər Şərifov X1 Akif Asif oğlu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.

6. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, PKSTN-0788 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 18 ay müddətinə, illik 40% olmaqla 6000 manat məbləğində kredit verilmişdir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür

9. İş materiallarında olan "xxxx" ASC ilə zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, PKSTN-0788 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 borclu Cavabdeh2 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliyi götürmüşdür.

10. İş materiallarında olan "xxxx" ASC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, PKSTN-0788 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 borclu Cavabdeh2 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliyi götürmüşdür.

11. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, PKSTN-0788 saylı kredit müqaviləsinə əsasən onun 5492 manat əsas, 1015 manat faiz, 549 manat cərimə, cəmi 7056 manat məbləğində borcu vardır.

12. İş materiallarında olan Hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli müqavilə üzrə borcundan 1200 manat ödəmiş, qalıq borcu 5492 manat təşkil edir.

13. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh2 ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh2 ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, PKSTN-0788 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, illik 40% dərəcəsi ilə 6000 AZN məbləğində kredit verilmişdir, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onları faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Zaminlər Cavabdeh3 və Cavabdeh1 oğlu isə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərilərinə götürmüşlər. İddiaçı cavabdehlərin banka borcunun olduğunu iddia edir və həmin məbləği cavabdehlərdən müştərək qaydada tələb edir. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2023-cü il tarixinə "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli, PKSTN-0788 saylı kredit müqaviləsinə əsasən 5492 manat əsas, 1015 manat faiz, 549 manat cərimə, cəmi 7056 manat borcu yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

19. Mülki Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.

20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

22. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

24. Qeyd olunan Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

25. Həmçinin həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

26. Bu halda isə iddiaçının iddia etmiş olduğu ( 549 manat) dəbbə pulu əsas borca mütənasib olduğundan onun (dəbbə pulunun) azaldılmasına da zərurət qalmamışdır.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

28. Mülki Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

29. İşin hallarından göründüyü kimi, tərəflər arasında müqavilə əsasında borc münasibətləri yaranmış, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Məhkəmə hesab edir ki, borcverən, yəni iddiaçı hazırki iddia tələbi ilə çıxış etməkdə haqlıdır.

30. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

31. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

32. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Belə olan halda, iddia tələbi tam təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 91 (doxsan bir) manat məhkəmə xərci də (dövlət rüsumu) cavabdehlərə aid edilməlidir.

34. Beləliklə, iddiaçının nümayəndəsinin izahatına və məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli, PKSTN-0788 saylı kredit müqaviləsinə əsasən 5492 manat (beş min dörd yüz doxsan iki) əsas, 1015 ( bir min on beş) manat faiz, 549 (beş yüz qırx doqquz) manat cərimə, cəmi 7056 (yeddi min əlli altı) manat borc və ödənilmiş 91 (doxsan bir) manat dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli, PKSTN-0788 saylı kredit müqaviləsinə əsasən 5492 manat (beş min dörd yüz doxsan iki manat) əsas, 1015 manat ( bir min on beş) faiz, 549 manat (beş yüz qırx doqquz) cərimə, cəmi 7056 manat (yeddi min əlli altı) məbləğində borc və ödənilmiş 91 manat (doxsan bir) dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar