Məhkəmə qərarları › İş №e-2(006)-1510/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1510/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1510/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlu iddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı «X1 Azərbaycan» QSC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1595.27 manat əsas, 206.35 manat faiz, 186.36 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar 2.50 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4.80 manat, cəmi 1995.28 manat məbləğində borcun və 39.95 manat məbləğində ödənilmiş dövlət rüsumunun «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx/xx/2018 -cü ildə «X1 Azərbaycan» QSC və Cavabdeh arasında Bank hesabı, debet karfi, kredit karfi və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 1,500.00 manat məbləğində kredit kartı limiti ayrılmışdır. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kredifin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildirişi göndərilmiş, “evdə yoxdur” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin” 4.27 bəndinə əsasən, cavabdehə on beş il müddətinə 2500 manat məbləğində iddiaçı tərəfindən kredit kartı limiti açılmış, cavabdeh isə həmin kredit kartı limiti üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə müəyyən edilmiş şərtlərlə “Banka” (iddiaçıya) qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişdən (pretenziyadan) görünür ki, iddiaçı tərəfindən 5 iş günü müddətində cavabdehdən yaranmış borcun ödənilməsi tələb olunmuş, əks halda tam borcun ödənilməsi üçün məhkəməyə müraciət etmək hüququndan istifadə ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh «X1 Azərbaycan» QSC-yə 1595.27 manat əsas, 206.35 manat faiz, 52.26 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar 2.50 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri üzrə 4.80 manat, cəmi 1995.28 manat məbləğində borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişdir. Onun iddiaçı qarşısında maliyyə arayışında qeyd olunan məbləğdə icra edilməmiş borcu yaranmışdır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448 və 739-cu maddələrini tətbiq etməklə belə qənaətə gəlir ki, borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan tələb olunan məbləğdə əsas və faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış faiz məbləğində əhəmiyyətli dərəcədə artıq hesablanmışdır. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdehdən 20 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Məhkəmə iddia tələbinin müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar 2.50 manatın cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4.80 manatın cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qaimədən görünür ki, Cavabdeh ünvanına kuryer vasitəsi ilə məktub göndərilmiş, lakin həmin qaimədə nağd ödənişin məbləği əks olunmamışdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə qismən aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 24 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 15.95 manat isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1595.27 manat əsas, 206.35 manat faiz, 20 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar 2.50 manat, 24 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1595.27 manat əsas, 206.35 manat faiz, 20 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar 2.50 manat, 24 manat məbləğində ödənilmiş dövlət rüsumu, ümumilikdə 1848.12 (bir min səkkiz yüz qırx səkkiz manat on iki qəpik) iddiaçı «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 39.95 manat məbləğində dövlət rüsumunun qalan 15.95 manatı iddiaçı «X1 Azərbaycan» QSC-yə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar