Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1515/2022 01.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 450.000 manat pulun və məhkəmə xərcinə görə 740 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və X1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatət verərək, X2 iddiaya cavab verməli şəxs olmadığını bildirmiş və onun cavabdehlər siyahısından çıxarılmasını, 450.000 manat pulun və məhkəmə xərcinə görə 740 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri ünvan 1 ünvanda yerləşən mənzil "xxxx" İnşaat MMC ilə aralarında bağlanmış 15.03.2007-ci il tarixli müqaviləyə əsasən ona satılmışdır. Sonradan 20.05.2010-cu ildə notariat qaydasında təsdiq edilmiş ərizə ilə o, həmin mənzilin Cavabdeh adına rsmiləşdirilməsinə razılıq vermişdir. Mənzilin dəyəri olan 500.000 manat pulun əvəzində cavabdeh 500.000 manat dəyərində qızıl-zinət əşyalarını digər cavabdeh Tacəddinə təhvil vermişdir. Sonradan qızılların satılması zamanı əslində onların dəyərinin üç-dörd dəfəyə yaxın şişirdilmiş qiymətlər olduğu və həmin qızılların real bazar dəyərinin 500.000 manat olmadığı müəyyən edilmişdir. Belə ki, sonradan bildiklərinə görə əvəllcədən bir-birini tanıyan iki dost olduqları və bu işdə əvvəlcədən planlaşdırlmış şəkildə həyata keçirdikləri müəyyən olunmuşdur. Bundan sonra Tacəddin həyat yoldaşı Adil ilə birlikdə real bazar dəyəri 80.000 manat təşkil edən qızıl-zinət əşyalarını 15.000 manata satmılar, əldə edilmiş 15.000 manatın 5.000 manatını Tacəddin İsmayılova verməsi adı altında götürmüşdür. 10.000 manat isə həyat yoldaşına verilmişdir. Qızılların digər hissəsi isə cavabdeh Tacəddin Mehdiyev satması üçün Gəncə şəhərinə aparmışdır. Cavabdeh Tacəddin Mehdiyevin qızılları Gəncə şəhərinə satmaq adı ilə aparması 30.08.2010-cu il tarixli aktla da təsdiq edilir. Həmçinin qızılların cavabdeh İsmayılov tərəfindən digər cavabdeh Mehdiyevə verilməsi İsmayılov tərəfindən BMCMİ-də verdiyi ifadə ilə təsdiq olunur. Həmin izahatı iddia ərizəsinə əlavə edir. Bundan sonra, onun tərəfindən iddia ərizəsi ilə cavabdehlər "xxxx" İnşaat MMC-yə, Cavabdeh Mehdi oğluna və X4 qarşı Bakı şəhəri Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək "xxxx" İnşaat MMc ilə İsmayılov Mehdi arasında bağlanmış 26.01.2010-cu il tarixli və "xxxx" İnşaat MMC ilə X6 arasında bağlanmış 25.03.2013-cü il tarixli müqavilələrin etibarsız hesab edilməsi, "xxxx" İnşaat MMC-nin onunla bağladığı 15.03.2007-ci il tarixli müqavilənin bərpa olunması, mənzilin ona verilməsi və vurulmuş mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasmal rayon Məhkəməsinin 23.05.2018-ci il tarixli 2(004)- 316/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 30.08.2018-ci il tarixli 2(103)-9019/2018 saylı qətnaməsilə apellyasiya şikayəti təmin edilmiş, onun iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilmişdir. Bundan sonra, onun tərəfindən həmin qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilməsinə baxmayaraq, verdiyi kassasiya şikayəti 10.01.2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. Qəbul edilmiş məhkəmə qərarlarından qızıl-zinət əşyalarının dəyərinin 500.000 manat olması və cavabdehlər tərəfindən ona verilmiş qızıl-zinət əşyalarının qiymətinin 500.000 manatdan dəfələrlə aşağı olması müəyyən edilmişdir. Belə ki, cavabdehlər tərəfindən qızıl-zinət əşyalarının ümumi dəyərini təşkil edən 500.000 manatdan cəmi onların hesabı ilə 50.000 manat verilmişdir. Göründüyü kimi, cavabdeh ona borc məbləğini qaytarmamaqla, borc müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirməli olduğu halda bunu etməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli 2(004)-316/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı "xxxx" MMC-yə, Cavabdeh və X5 qarşı «26.11.2010-cu il və 25.03.2013-cü il tarixli müqavilələrin etibarsız hesab edilməsi, 15.03.2007-ci il tarixli müqavilənin bərpa edilməsi, mənzilin ona verilməsi, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 avqust 2018-ci il tarixli 2(103)-9019/2018 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli 2(004)-316/2018 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə də iddianın rədd edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10.01.2019-cu il tarixli 2(102)-85/2019 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 avqust 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarından görünür ki, iddiaçıya Cavabdeh qarşı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarında iddiaçının hazırkı iddia tələbində qeyd etdiklərini təsdiq edən hər hansı preyudisial əhəmiyyət kəsb edən hal (sübut) mövcud deyil. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (cavabdehin ona dəyərindən qat-qat aşağı olan qızıl-zinət əşyaları verməsinə və s.) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 740 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-1515/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1515/2022
01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver