Məhkəmə qərarları › İş №e-2(006)-1528/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1528/2022

14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1528/2022 14.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı MMC borclu Cavabdeh qarşı «pul» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 6.623 manat borc və 86 manat 23 qəpik dövlət rüsumu olmaqla, cəmi 6.709 manat 23 qəpik pul vəsaitinin borclu Cavabdeh kreditor İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli e-2(006)- 7168/2021 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu qeyd olunan məhkəmə əmrinə (əmrdə qeyd olunan tələbə) dair etirazla məhkəməyə müraciət etmiş, məhkəmənin 25 yanvar 2022-ci il tarixli e-2(006)-1528/2022 saylı qərardadı ilə etiraz ərizəsi təmin edilmiş və məhkəmə əmri ləğv edilərək, iddia icraatına keçilmişdir. İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh ilə kreditor İddiaçı MMC arasında bağlanmış 03 iyul 2021-ci il tarixli «mövcud borcun etirafı və ödəniş qaydası haqqında» müqaviləyə əsasən 6.623 manat borcun olduğunu etiraf etmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən borclu borc məbləğini 31.08.2021-ci il tarixə qədər tam olaraq tələbkara ödəməyi öhdəsinə götürmüşdür. Borc məbləği 03 iyul 2021-ci il tarixli üzləşmə aktına əsasən təsdiq edilmişdir. 03.07.2021-ci il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən müqavilədən irəli gələn mübahisələr Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon Məhkəməsində həll ediləcəkdir. Borc alan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə kreditor öhdəliklərinin icrasının təminat üsuluna yönəltmək hüququna malikdir. Borc alan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməməsi nəticəsində gəlir əldə etmişdirsə, borc verən digər zərərlə yanaşı, əldən çıxmış faydanın da həmin gəlirlərdən az olmayan miqdarda ödənilməsini tələb edə bilər. Borc verənin borc alandan onun hüquqlarını yerinə yetirməyə mane olan hər cür pozuntuları aradan qaldırmağı tələb etmək hüququ var. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən borcluya dəfələrlə şifahi, 22.09.2021-ci il tarixdə isə pretenziya qaydasında borcun qaytarılması tələbi ilə bağlı rəsmi xəbərdarlıq edilmişdir, lakin bundan sonra qeyd olunan kredit müqaviləsinin şərtləri kreditor tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, aktda və borcun etirafı barədə müqavilədəki imzalar ona məxsusdur. Həmin sənədləri özü imzalamışdır. Lakin sənədlərin məzmunu barədə məlumatı olmamışdır. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh İddiaçı MMC-nin direktoruna ünvanladığı 03 iyul 2021-ci il tarixli ərizədən görünür ki, o, həmin tarixdə ehtiyatsızlıq törədərək, ona təhkim olunmuş ** TH *** dövlət qeydiyyat nişanlı avtobusu 18 saylı marşrut xəttində istismarda olan ** JV *** dövlət qeydiyyat nişanlı avtobusun arxasına çırpmışdır. Hər iki avtobusa cəmi 6.623 manat məbləğində zərər vurmuşdur. Zərərlə bağlı hesablanmış məbləğlə tam razıdır və qəbul edir. Göstərdiyi zərər məbləğində borcu olduğunu qəbul edir. Bu məbləği borc kimi 31.08.2021-ci il tarixədək tam məbləğdə geri qaytarılmasına tam məsuliyyətlə cavabdehdir. Göstərdiyi müddətdə borcu qaytarmadığı təqdirdə onun barəsində hüquq mühafizə və məhkəmə orqanlarına müraciət oluna bilər. Yuxarıda qeyd olunan hadisə və zərər məbləği ilə bağlı 03 iyul 2021-ci il tarixdə tərtib olunmuş üzləşmə aktından görünür ki, Cavabdeh hadisə ilə bağlı vurduğu zərər məbləğini etiraf etmişdir. Eyni tarixli, mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 31 dekabr 2022-ci il tarixədək qüvvədə olan, 6.623 manat borcun olmasının etiraf edilməsi və bu borcun 31 avqust 2021-ci il tarixədək qaytarılmasına dair müqavilə bağlanmış, tərəflərə Mülki Məcəllənin 882-ci maddəsinin tələbləri izah olunmuş və tərəflər müqaviləni sərbəst şəkildə imzalamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh İddiaçı MMC-yə 6.623 manat borcunun olmasını etiraf edərək, həmin məbləği 31 avqust 2021-ci il tarixədək qaytaracağına dair öhdəlik götürmüş, lakin ödənişi vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliyini icra etməmişdir. İddiaçı pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 86 manat 23 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 6.623 manat borc və 86 manat 23 qəpik dövlət rüsumu olmaqla, cəmi 6.709 manat 23 qəpik pul vəsaiti Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 6.623 manat borc və 86 manat 23 qəpik dövlət rüsumu olmaqla, cəmi 6.709 manat 23 qəpik pul vəsaiti Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar