Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1543/2025 14.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclas katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: Hazırki mülki iddia tələbi üzrə iddiaçı "xxxx" Group MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 0096 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 2000 manat ilkin ödəniş olunmaqla, 4 ay 500 manat, sonrakı 12 ay isə 667 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin iş üzrə Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmişdir. Tərəflər arasında müqavilə bağlandığı vaxtdan iddiaçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş cihazı cavabdehə təhvil versə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və nəticədə 2900 manat borcu yaranmışdı. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu təqdim olunsa da, heç bir müsbət nəticə əldə olunmadığına görə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının tələbi: Cavabdeh 2900 (iki min doqquz yüz) manat məbləğində pul vəsaiti, məhkəməyə müraciət üçün ödənilmiş 49 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Group MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, aparatı icarəyə götürməmişdir. Müqavilədə icarə müqaviləsi kimi yazılıb, amma faktiki alqısatqı müqaviləsidir. Aparatı kreditlə götürmüşdür. Qiyməti 12.000 manat idi, ilkin ödəniş 2000 manat etmişdir. Dedilər ki, müştərilər narazı olsa, pulu geri qaytara bilərlər. Cihaz tez-tez qızırdı. Keçən ilin fevral ayından aparatdan istifadəni dayandırıb. Təklif edib ki, ödədiyinin yarısını qaytarsınlar, ya da başqa cihaz versinlər. Amma ona cavab vermədilər. O da ödəməni dayandırdı. Hər ay cihazın suyunu dəyişməyə əlavə 15 manat pul alırdılar. Cihaz indi də yerində qalıb, işlətmir. Tərəflər yekun məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: İddiaçı "xxxx" Group MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 0096 saylı müqaviləyə əsasən Cavabdeh 2000 manat ilkin ödəniş olunmaqla, 4 ay 500 manat, sonrakı 12 ay isə 667 manat ödəməyi öhdəsinə götürmüşdür. Xəbərdarlıq məktubuna əsasən, İddiaçı MMC Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 49 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin tələbinə görə nisyə alqı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir. Beləliklə, Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyanın dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin icra edilməmiş öhdəliyi yaranmışdır. Cavabdehin izahatında bildirdikləri dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, cihazın qüsurlu olmasını bildirsə də, qüsurun aradan qaldırılması və ya cihazın geri qaytrarılması ilə bağlı iddiaçı şirkətə müraciətini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmiş və ya buna dair iddiaçının hərəkətsizliyi ilə bağlı hər hansı iddia qaldırmamışdır. Hazırkı halda isə yalnız iddiaçı tərəfindən ona qarşı müvafiq iddia irəli sürüldükdən sonra məhkəmədə cihazın normal işləməməsi ilə bağlı dəlil irəli sürmüşdür ki, məhkəmə bu dəlili onun borcu ödəməkdən yayınması kimi qiymətləndirir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4) Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 2900 (iki min doqquz yüz) manat borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 49 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 2900 (iki min doqquz yüz) manat borc və ödənilmiş 49 manat dövlət rüsumu, ümumilikdə 2949 (iki min doqquz yüz qırx doqquz) manat pul İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Həbibə Miriyeva