Məhkəmə qərarları › İş №e-2(006)-1588/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1588/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1588/2023 14.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Abdulova İlahə Telman qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2 MMC-yə qarşı "gecikmənin silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh ləğv prosesində olan QSC "Bank Standart" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı qarşı 470.83 manat əsas borc, 1342.74 manat faiz borcu, 223.28 manat cərimə borcu tələblərinin əsassız sayılması, kredit müqaviləsinin etibarsız hesab edilməsi və Mərkəzləşdirilmiş Kredit Reyestrindən həmin müqaviləyə dair məlumatların silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 2008-ci ilin yanvarında Bakı şəhərində fəaliyyət göstərən “Maqnit” adlı məişət texnikası və elektronika malları satan şəbəkənin mağazalarından birindən noutbook almışdır. Həmin noutbookun nağd alış qiyməti mağazada 850- 900 manat civarında olmuş, mağazada ona təklif olunmuşdur ki, 12 aya, ayda 104.0 manat ödəməklə həmin kompüteri mağazanın daxili lizinq şərtləri ilə heç bir əlavə sənədləşmə aparmadan ala bilər. Razılaşaraq kompüteri almış, şəxsiyyət vəsiqəsinin surətini çıxarmışlar, ona mağazanın QSC “Bank Standart” KB-də olan hesab nömrəsini vermişlər ki, ödənişləri hər ay həmin hesaba ödəsin. Bununla da bütün sənədləşmə bitmiş və müvəkkilim tərəfindən mütəmadi olaraq həmin ödənişlər həyata keçirilmişdir. Ümumilikdə 8 dəfəyə həmin hesaba 1244.4 manat pul ödənilmiş, mağazadan tam ödənişin bitməsi barədə məlumat verilmişdir. İndiyədək 10 dəfələrlə müxtəlif banklardan kredit götürmüş və gecikməyə yol vermədən ödənişləri həyata keçirmişdir. Heç vaxt İddiaçı hansısa kredit borcunun olması, adına kredit tarixçəsinin ləkəli olması barədə məlumat verilməmişdir. Təqribən iki ay əvvəl notariat əməliyyatı apararkən notarius tərəfindən müvəkkilimin adına borc olması və guya QSC “Bank Standart” KBdən aldığı 979,0 AZN borca görə 4617 gün adımda gecikmə olması və hazırda 1566.02 manat faizsiz borca münasibətdə 470.83 manat borcunun qalması barədə şifahi məlumat verilmişdir. İddiaçı tərəfindən götürülmüş və qaytarılmış kreditlər üzrə saxladğı sənədləri araşdırarkən heç bir borcun olmaması müəyyən edilmişdir. Onun tərəfindən heç bir vaxt QSC “Bank Standart” KB-dən kredit götürülməmiş, belə bir müqavilə bağlanmamış, həmin bankla bağlı hansısa kredit müqaviləsi imzalanmamışdır. İddiaçının kredit tarixçəsini ləkələyən həmin məlumatlar saxta olmaqla yanaşı, işgüzar nüfuzuna böyük xələl gətirir. QSC “Bank Standart” KB ilə olan münasibətləri yalnız yuxarıda təsvir edilənlərdən ibarət olmuş, həmin bankda hesabı olan mağazanın hesabına aldığı kompüterə görə ödənişlər etmişdir. Heç bir vaxt bu bankdan kredit almamışdır. Bu səbəbdən adına saxta yazılmış kredit borcu və ona müvafiq guya gecikməyə yol verilməsi ilə bağlı faiz borcları əsasız hesab edilməklə ləğv edilməlidir. İddiaçı adından saxta kredit müqaviləsi bağlamış təqsirli şəxslər müəyyən edilərək əməllərinə hüquqi qiymət verilməklə barələrində qanunamüvafiq tədbirlər görülməlidir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət etmiş və cavabdehin əsl cavabdehlə əvəz edilərək AR Əmanətlərin Sığortalanması Fondunun cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, borcun əsassız sayılması və müqavilənin etibarsız hesab edilməsi hissəsində iddianı geri götürdüyünü, əsassız gecikmə günlərinin kredit tarixindən silinməsi öhtəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ləğv prosesində ola QSC "Bank Standart" KB-yə olan borcunu tamamilə ödəmişdir. Lakin onun adına yazılmış 4617 gün gecikmə günləri iddiaçının təqsirindən olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan: "xxxx" KB QSC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2008-ci il tarixli, KM FŞ 4338/T saylı kredit müqaviləsinin surətindən görünür ki, bank cavabdehə istehlak məqsədi ilə 18 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 1500 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçının nümayəndəsi və vəkili Vəkil ləğv prosesində ola QSC "Bank Standart" KBnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı adına olan saxta kredit sənədləşdirilməsini araşdırmaqla öhdəliyə xitam verilməsinə və saxta borc qeydlərinin Cavabdeh2 MMC-nin reyestrindən çıxarılmasına göstəriş verilməsini xahiş etmişdir. Ləğv prosesində ola QSC "Bank Standart" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2022-ci il tarixli cavab məktubunun surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixinə xx.xx.2008-ci il tarixli, KM FŞ 4338/T saylı kredit müqaviləsi üzrə Ləğv prosesində ola QSC "Bank Standart" KB-yə 470,83 manat əsas borc, 1.342,74 manat faiz borc və 223,28 manat cərimə borcu mövcuddur. Cavabdeh2 MMC-dən xx.xx.2023-cü il tarixli SF-14228 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı LPO "xxxx" KB QSC-yə xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən kreditin qalıq məbləği üzrə 470,83 manat, faiz məbləği üzrə 1.566,02 manat məbləğində borcu vardır. Məhkəmə tərəfindən müəyyən edilən hallar ondan ibarətdir ki, "xxxx" KB QSC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2008-ci il tarixli, KM FŞ 4338/T saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə üzrə sonuncuya Bank tərəfindən 1.500 manat məbləğində kredit verilmişdir. Məhkəmə prosesi gedişində iddiaçının vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı öz öhdəliyini icra etmiş və tərəflər arasındakı hüquq münasibətlərinə öhdəliyin lazımınca icrası nəticəsində xitam verilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli SF- 14228 saylı Çıxarışındakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı LPO "xxxx" KB QSC-yə xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən kreditin qalıq məbləği üzrə 470,83 manat, faiz məbləği üzrə 1.566,02 manat məbləğində borcu vardır. Daha sonra iddiaçının vəkili ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı banka olan borcunu tam ödədiyindən, lakin adında 4617 gün gecikmə olduğu göründüyündən, həmin əsassız gecikmə günlərinin kredit tarixindən silinməsi öhdəliyinin Cavabdeh2 MMCnin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırki tələblə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə Cavabdeh2 MMC-nin subyektiv cavabdeh olub-olmaması araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Cavabdeh2na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. Göründüyü kimi, Büroya borc haqqında məlumatları təqdim etmək vəzifəsi məlumat təchizatçılarına aid edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən funksiya və vəzifələr məlumat daşıyıcısı olanlara aid edildiyindən, bu işdə məlumat daşıyıcısı isə ləğv prosesində ola QSC "Bank Standart" KB olduğundan, Cavabdeh2 MMC isə hazırki iddia üzrə cavabdehlik daşıdığı müəyyən edilmədiyindən, irəli sürülən iddia təmin edilə bilməz. Məhkəmə araşdırmasının predmeti olan iddia ərizəsi ləğv prosesində olan bankın bilavasitə bank fəaliyyəti ilə bağlıdır və hazırda Bankın ləğv prosesində olması onun kreditor tələbi olmayan bu cür iddia tələbləri üzrə birbaşa məsuliyyət daşımasını istisna etmir. Belə ki, Mülki Məcəllənin 60.2 və 60.3-cü maddələrinə uyğun olaraq, ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 MMC-yə qarşı "gecikmənin silinməsi" tələbinə dair iddiası rədd edilməlidir (subyektiv cavabdeh olmadığından). Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.1, 119.1, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2 MMC-yə qarşı "gecikmənin silinməsi" tələbinə dair iddiası rədd edilsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar