Məhkəmə qərarları › İş №e-2(006)-159/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-159/2023

28.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-159/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) - Nümayəndə1 iştirakları ilə, İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində "xxxx" Sığorta Şirkəti ASC və X5 olmaqla, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan “Mercedes Benz 240” minik markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilinə 5129 manat məbləğində dəymiş ziyanın, 1.504,50 manat məbləğində avtomobil icarə haqqının, 1000 manat məbləğində vəkil xərcinin, 96,33 manat məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X5 və "xxxx" Sığorta Şirkəti ASC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işdə iştirak etməyə cəlb edilmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı 18 may 2022-ci il tarixdə saat 09:30 radələrində özünə məxsus “Mercedes Benz 240” minik markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospekti istiqamətindən üzü Ak.Həsən Əliyev küçəsi istiqamətində 3 zolaqdan ibarət avtomobil yolunda sağdan 1-ci zolaqla 15-20 km sürətdə hərəkət etmişdir. İdarə etdiyi avtomobil ilə ünvan 1 ünvanında olan zaman avtomobilini yolun kənarında saxlayıb, iş yerinə getmişdir. Bundan bir qədər sonra ona avtomobilinin vurulması barədə məlumat vermişlər və o, dərhal avtomobilinə yaxınlaşmışdır. Bu zaman ona “Chevrolet Cruze” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün “Opel Astra” markalı ** UM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində idarə etməni itirməsini və bundan sonra yolun kənarında duran onun və digər avtomobillərə çırpılması məlum olmuşdur. Bakı şəhəri Nərimanov rayon X14 Şöbəsinin polis baş leytenantı X6 tərəfindən Cavabdeh1 barəsində İXP ******* nömrəli, 18 may 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Nərimanov rayon X14 Şöbəsinin TP ******* nömrəli, 26 may 2022-ci il tarixli qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun barəsində 40 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. "xxxx" MMC-nin tərtib etdiyi “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” 06 iyun 2022-ci il tarixli, 158996 nömrəli hesabata əsasən iddiaçının “Mercedes Benz 240” minik markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş maddi ziyan 7547 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş 105761 nömrəli, 20 iyun 2022-ci il tarixli sığorta aktına əsasən mütənasib qaydada 2418 manat məbləğində sığorta ödənişi iddiaçıya ödənilmişdir. Beləliklə, ödənilməmiş zərər 5129 manat (7547-2418) təşkil edir. Bundan başqa, iddiaçının avtomobili yararsız hala düşdüyündən iddiaçı məcbur olmuşdur ki, "xxxx" MMC-dən) öz avtomobilindən daha aşağı sinif avtomobil olan Hunday Accent markalı ** PV *** nömrəli avtomobili xx.xx.2022 tarixindən xx.xx.2022 tarixinədək icarəyə götürsün. Tərəflər arasında bağlanmış xx.xx.2022 tarixli 25052022/2 saylı Qısa müddətli avtomobil icarə müqaviləsinə əsasən iddiaçı xx.xx.2022 tarixində "xxxx" MMC-yə 1.504,50 manat 50 qəpik ödəmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan “Chevrolet Cruze” minik markalı, qara metallik, **-PN-*** dövlət qediyyat nişanlı minik avtomobilini idarə etmək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.5-ci maddəsinə uyğun olaraq, Cavabdeh1 etibar edilmişdir. Cavabdeh "xxxx" MMC məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əsasən Nərimanov rayon X14 idarəsinin TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən, Cavabdeh1 İXM-in 327.1- ci maddəsinə inzibati xətanı törətməkdə təqsirli bilinmiş və inzibati qaydada cərimə tətbiq edilmişdir.Həmçinin "Atəşgah Sığorta Şirkəti”ASC tərəfindən təqdim edilmiş 105761 N°- li, 20 iyun 2022-ci il tarixli sığorta aktına əsasən mütənasib qaydada 2418 manat məbləğində sığorta ödənişi İddiaçı ödənilmişdir. Həmçinin iddiaçı iddia edir ki, ona 5129 manat maddi ziyan dəymişddir. Ötən prosesdə məhkəməyə təqdim edilmiş və həmçinin elektron məhkəmə vasitəsi ilə yüklənmiş LİZ-00267-05 -20 A saylı, xx.xx.2020-ci il tarixli X12 X1 arasında imzalanmışdır. Həmin müqavilənin 6.2.4-cü bəndinə əsasən, müqavilənin müddəti ərzində lizinq verən və ya üçüncü şəxs qarşısında lizinq obyekti və onun istifadəsi nəticəsində lizinq verənə və ya üçüncü şəxslərə, həmçinin ətraf mühitə dəymiş zərərə görə lizinq alan tam həcmdə məsuliyyət daşıyır və onun tərəfindən dəymiş zərər ödənilməldir. Həm qanunvericiliyə əsasən, həm də müqaviləyə görə üçüncü şəxslərə dəymiş zərərə görə sığortalanmanı Lizinq alan həyata keçirməldir İddiaçının nümayəndəsinin izahatında deyir ki, məhkəməyə sığorta şəhadətnaməsi təqdim edilmiyib. Məhz iddiaçı iddia ərizəsində Atəşgah sığorta tərəfindən ödənilən sığorta haqqından narazı olduğunu qeyd etmiş və sübut kimi buna istinad etmişdir. Göründüyü kimi həm iddia ərizəsi, həm də sonradan təqdim edilmiş izahatlardaki əsaslar qanunsuzdur, əsassızdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında Cavabdeh1 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AD seriyalı 884724 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Chevrolet Cruze” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Etibarnamədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Chevrolet Cruze” minik markalı, qara metallik, **-PN-*** dövlət qediyyat nişanlı minik avtomobilini idarə etmək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.5-ci maddəsinə uyğun olaraq, Cavabdeh1 etibar edilmişdir. Nərimanov rayon Polis İdarəsi DYPŞ-nin 26 may 2022-ci il tarixli TP seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, Əzizov X7 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş 06 iyun 2022-ci il tarixli 158996 nömrəli “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabatdan görünür ki, iddiaçıya məxsus “Mercedes Benz 240” minik markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş maddi ziyan 7547 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş 105761 nömrəli, 20 iyun 2022-ci il tarixli sığorta aktından görünür ki, iddiaçıya məxsus “Mercedes Benz 240” minik markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 7547 manat məbləğində müəyyən edilmiş, sığorta ödənişi mütənasib qaydada 2418 manat iddiaçıya ödənilmişdir. xx.xx.2022-ci il tarixli 25052022/2 saylı Qısa müddətli avtomobil icarə müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən “Hunday Accent” markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya icarəyə verilmişdir. xx.xx.2022-ci il tarixli çekdən görünür ki, iddiaçı tərəfindən 1504,50 manat "xxxx" MMC-nin hesabına ödənilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8164 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı “Mercedes Benz 240” markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 6562,00 manat müəyyən edilimişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Cavabdeh1 “Chevrolet Cruze” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ünvan 1 ünvanında yolun kənarında dayanmış bire neçə avtomobillə, o cümlədən iddiaçıya məxsus “Mercedes Benz 240” minik markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə iddiaçıya məxsus avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermiş, Nərimanov rayon Polis İdarəsi DYPŞ-nin 26 may 2022-ci il tarixli TP seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı ilə cavabdeh Əzizov X7 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İddiaçıya məxsus avtomobilə dəymiş zərər “Chevrolet Cruze” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin sığortalı olduğu "xxxx" ASC tərəfindən 7547 manat məbləğində müəyyən edilmiş, sığorta ödənişi digər avtomobillərlə mütənasib qaydada 2418 manat sığorta ödənişi iddiaçıya ödənilmişdir. Eyni zamanda məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 idarə etdiyi “Chevrolet Cruze” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətində olmaqla X3 lizinqə verilmiş və həmçinin "xxxx" MMC tərəfindən Cavabdeh1 həmin avtomobili idarə etmək hüququna dair xx.xx.2022-ci il tarixli Etibarnamə verilmişdir. Göründüyü kimi “Chevrolet Cruze” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus “Mercedes Benz 240” minik markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq cərimə edilmiş və iddiaçıya avtomobilə dəymiş zərərin 2418 manat hissəsi sığortaçı tərəfindən ödənilmiş, zərərin qalan hissəsi isə ödənilməmişdir ki, bu halda iddiaçı zərərin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdeh1dur ki, bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı, ona dəymiş zərəri Cavabdeh1 tələb edə bilər. Dəymiş zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı dəymiş zərəri "xxxx" ASC tərəfindən müəyyən edilmiş 7547 manat məbləğdən ona ödənilmiş 2418 manat məbləğində sığorta ödənişini çıxmaqla qalan 5129 manat məbləğin ödənilməsini tələb edir. Mübahisənin düzgün həll edilməsi üçün yol nəqliyyat hadisəsinin baş verməsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan xərcin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8164 saylı ekspert rəyi ilə, iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci 6562 manat müəyyən edilmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən edilmiş 6562 manat məbləğində dəymiş ziyandan iddiaçıya ödənilmiş 2418 manat məbləğində sığorta ödənişi çıxılmaqla qalan 4144 manat məbləğində dəymiş zərər Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iddiaçı, Cavabdeh1 tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilini idarəetmək imkanından məhrum olmuş və nəticədə “Hunday Accent” markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" MMC-dən icarəyə götürməklə 1504,50 manat məbləğində icarə haqqı ödəməklə ona zərər dəymişdir ki, bu halda məhkəmə hesab edir ki, iddiaçı ona 1504,50 manat məbləğində dəymiş zərəri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 01-2022 saylı hesab-fakturadan görünür ki, iddiaçının cavabdehlərə qarşı vəkil xidmətlərinin göstərilməsinə görə xidmət haqqı 1000 manat müəyyən olunmuşdur. Məhkəmə vəkilin göstərdiyi yardıma görə 1000 manat məbləğin 500 manat məbləğinin Cavabdeh1 iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. İddia tələbinin cavabdeh "xxxx" MMC-yə qarşı hissəsinə münasibətdə məhkəmə hesab edir ki, “Chevrolet Cruze” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC tərəfindən qanuni əsasla, yəni həm lizinq hüququ ilə X3, həm də nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə Cavabdeh1 verildiyindən və mülki hüquq pozuntusu onun tərəfindən törədilmədiyindən həmin avtomobilin vurduğu zərərin əvəzi Mülki Məcəllənin 1108-ci maddəsinin tələblərinə əsasən "xxxx" MMC-dən tutula bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının mülkiyyətində olan “Mercedes Benz 240” minik markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilinə 4144 manat məbləğində dəymiş ziyan, 1.504,50 manat məbləğində avtomobil icarə haqqı, 500 manat məbləğində vəkil xərci, 96,33 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərcləri Cavabdeh1 tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan “Mercedes Benz 240” minik markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilinə 4144 manat məbləğində dəymiş ziyan, 1.504,50 manat məbləğində avtomobil icarə haqqı, 500 manat məbləğində vəkil xərci, 96,33 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərcləri Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar