Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1591/2023 16.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təsviri hissə:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, X2 şəxsi (istehlak) məqsədləri üçün 24 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 3000 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə X4 arasında xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən X1 xx.xx.2023-cü il tarixinə əsas borcu 2780,65 manat, faiz borcu 17,99 manat təşkil edir. İş materiallarına əlavə olunmuş AZ-İİ nömrəli 292857 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə etdikləri məlumata əsasən X1 vəfatından sonra 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2023-cü il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq, xx.xx.2022-ci il tarixində vərəsəlik işi açılmışdır və X1 vərəsələri Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 inzibati binada qeydiyyatda olan Cavabdeh1, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh4, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh3dur. Borcun ödənilməsi tələbi ilə baölı cavabdehin vərəsələrinə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, X1 vərəsələri borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişlər. Cavabdehin vərəsələrinə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Eyni zamanda qeyd edir ki, xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikmə nəticəsində banka zərər vurulmuşdur. Bununla da cavabdehin vərəsələrindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehin İddiaçı ASCyə olan əsas və ona hesablanmış faiz borcu 2798,64 manat təşkil edir ki, borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir.
3. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2780,65 manat əsas, 17,99 manat faiz, cəmi 2798,64 manat borcun həmçinin ərizəyə görə ödənilmiş 48,39 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddianın tam olaraq təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul edərək, izahatında bildirmişdir ki, hazırki iş üzrə iddiaçı ilə kredit müqaviləsi cavabdeh olaraq vəfat etmiş bacısı X4 arasında bağlanmışdır. Həmin kredit ona verilmişdir. Daha sonra bacıları vəfat etmiş və onlar onun vərəsələri olaraq vərəsəlik şəhadətnamələri əldə edib onun vərəsəsi olaraq tanınmışdırlar. Hazırda o işləmir, digər cavabdehlər isə təqaüdçüdürlər. Ona görə də hər ay az miqdarda banka ödəniş edə bilir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul edərək, izahatında bildirmişdir ki, hazırda işləmir, dövlətdən aldığı aylıq təqaüdlə dolanır. Həmçinin xərçəng xəstəliyindən əziyyət çəkir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddianı qəbul edərək, izahatında bildirmişdir ki, hazırda işləmir, dövlətdən aldığı təqaüdlə dolanır. Həmçinin ürəyində müxtəlif problemlər var və bununla bağlı müalicələr alır.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh3 qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
9. Məhkəmə işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehlərin izahatlarını dinləyərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış 07 iyul 2022-ci il tarixli, № ******* saylı “fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsinə əsasən bank tərəfindən nağd şəkildə istifadə olunmaqla 3000 AZN məbləğində kredit verilmiş, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. X1 vəfat etdiyindən bank ondan miras qalmış əmlaka dair vərəsələr haqqında məlumatın verilməsi ilə bağlı 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat ofisinə məktubla müraciət etmiş, notariusun cavab məktubu ilə X1 vəfat etməsi ilə əlaqədar vərəsəlik işi açıldığı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Nəticədə onların 14 fevral 2023-cü il tarixinə İddiaçı ASC-yə 2780,65 AZN, 17,99 AZN faiz borcu, cəmi 2798,64 AZN borcu yaranmışdır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
12. İş materiallarında olan İddiaçı ASC ilə X4 arasında bağlanmış 07 iyul 2022-ci il tarixli, № ******* saylı “fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsinə əsasən bank borcalana 24 ay müddətinə illik 14 %lə (xx.xx.2024-cü il tarixinədək) 3000 AZN məbləğində krediti borcalanın mülkiyyətinə vermiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
13. İş materiallarında olan maliyyə arayışından görünür ki X4 ilə İddiaçı ASC arasında bağlanmış 07 iyul 2022-ci il tarixli, № ******* saylı müqaviləyə əsasən 14 fevral 2023-cü il tarixinə onun İddiaçı ASC-yə 2780,65 AZN, 17,99 AZN faiz borcu, cəmi 2798,64 AZN məbləğində borcu vardır.
14. İş materiallarında olan kredit hesabından çıxarışa əsasən X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ümumi 2798,64 AZN borcu vardır.
15. İş materiallarında olan İddiaçı ASC tərəfindən 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat ofisinə ünvanlanmış məktubun surətindən görünür ki, bank tərəfindən notariusa cavabdeh X1 mirası qəbul etmiş vərəsələri haqqında məlumatların göndərilməsi xahiş edilmişdir.
16. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat ofisi tərəfindən İddiaçı ASC-nin Məhkəmə və İcra Orqanları ilə iş Departamentinin direktoru Habil Cavadova ünvanlanmış sorğuya verilən cavab məktubunun surətindən görünür ki, X1 adına xx.xx.2022-ci il tarixdə V-476/2022 nömrəli vərəsəlik işi açılmış, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 miras qoyanın vərəsələridir.
17. İş materiallarında olan Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 sentyabr 2022-ci il tarixli, AZ-İİ № 292857 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 12 sentyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.
18. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
24. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
25. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
26. Eyni Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
27. Qeyd olunan Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
29. Məhkəmə hesab edir ki, İddiaçı ASC hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır. X1 vəfat etdiyindən onun mirasını qəbul etmiş hazırki cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 borclunun vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini (miras passivini) də yerinə yetirməyə borcludurlar.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir.
31. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 48,39 AZN (otuz manat, qırx qəpik) məhkəmə xərci də cavabdehlərə aid edilməlidir.
32. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 2780,65 AZN (iki min yeddi yüz səksən manat, altmış beş qəpik), 17,99 AZN (on yeddi manat, doxsan doqquz qəpik) faiz borcu, ümumilikdə 2798,64 AZN (iki min yeddi yüz doxsan səkkiz manat, altmış dörd qəpik) məbləğində pul və ödənilmiş 48,39 AZN (qırx səkkiz manat, otuz doqquz qəpik) dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilməlidir.
33. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
35. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
36. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 2780,65 AZN (iki min yeddi yüz səksən manat, altmış beş qəpik), 17,99 AZN (on yeddi manat, doxsan doqquz qəpik) faiz borcu, ümumilikdə 2798,64 AZN (iki min yeddi yüz doxsan səkkiz manat, altmış dörd qəpik) məbləğində pul və ödənilmiş 48,39 AZN (qırx səkkiz manat, otuz doqquz qəpik) dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov