Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1597/2023 06.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1985 (bir min doqquz yüz səksən beş) manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində xidmət haqqı, 41 (qırx bir) manat məbləğində dövlət rüsumu, ümumilikdə 2126 (iki min yüz iyirmi altı) manat pul vəsaiti tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 01 sentyabr 2018-ci il tarixli MAS-148 saylı “X2” əsasında iddiaçıya lizinqə verilmiş “Ravon Nexia R3 minik” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi: AD 131567, 2017-ci il buraxılışlı, Ban: XWBTF69V9HA046908, ağ rəngli) avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh1 istifadəsinə verilmişdir. Digər Cavabdeh2 həmin sürücünü İddiaçı ilə tanış etmiş və onun öhdəliklərinin tam olaraq yerinə yetirilməsinə dair şifahi öhdəlik götürmüşdür. Cavabdeh1 hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, 05 mart 2022-ci il tarixdə iddiaçı həmin avtomobilə baxış keçirərkən maşında nasazlıqlar olduğunu aşkar etmiş və avtomobilin təmir olunması üçün “RS Avtoservis”ə müraciət etmişdir. Orada avtomobilə texniki baxış keçirilərkən avtomobilin təkərləri, ön şüşə (patpres), ön bufer, kondisioner trupkası və digər bir neçə detalın yararsız vəziyyətdə olduğu, həmçinin, avtomobildə dəmirçi, rəngsaz, plasmasçı, çilingər işlərinin görülməli olduğu müəyyən edilmişdir. “RS Avtoservis” tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir-bərpası üçün 1985 (bir min doqquz yüz səksən beş) manat tələb olunmuşdur. Lakin həmin vaxt Cavabdeh1 avtomobili təmir etdirmək üçün yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmiş və avtomobili iddiaçıya geri qaytarmışdır. Buna görə də İddiaçı həmin vaxt avtomobili “RS Avtoservis”də 1985 (bir min doqquz yüz səksən beş) manat ödəyərək öz hesabına təmir etdirmişdir. Göründüyü kimi, Cavabdeh1 hərəkətləri nəticəsində avtomaşına 1985 (bir min doqquz yüz səksən beş) manat zərər dəymişdir. Cavabdeh1 yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina edir. Digər Cavabdeh2 şifahi öhdəliklərindən - bu məbləği ödəməkdən imtina edir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh1 ərizə (vəsatət) təqdim edərək, İddiaçı ona qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiasına Nəsimi Rayon Məhkəməsində baxılmamalı olduğunu bildirmişdir. Belə ki, iddia ərizəsində cavabdeh kimi qoyulmuş Cavabdeh2 daimi yaşayış yeri Bakı şəhərində olduğu üçün İddiaçı bundan istifadə edərək onu yalançı cavabdeh kimi işə cəlb etmişdir. O, Cavabdeh2 adında şəxsi tanımır, iddiaya isə onun daimi yaşayış yeri üzrə Cəbrayıl Rayon Məhkəməsində baxılmalıdır. Mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı iddianın əsasının dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1985 (bir min doqquz yüz səksən beş) manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində xidmət haqqı, 41 (qırx bir) manat məbləğində dövlət rüsumu, ümumilikdə 2126 (iki min yüz iyirmi altı) manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 1.6-cı bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə vəsatətə etiraz edərək bildirdi ki, digər Cavabdeh2 iddia ərizəsinə etiraz etməmişdir, buna görə də işə Cəbrayıl Rayon Məhkəməsində deyil, Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Bundan başqa, işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə heç bir əsas olmadığını bildirərək, iddiaya mahiyyəti üzrə baxılıb təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh1 vəsatəti müdafiə edərək, işin Cəbrayıl Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Əlavə olaraq, işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etdiyini qeyd etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq digər Cavabdeh2 məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatını, vəkilin çıxışını dinləyib, iddia ərizəsini, vəsatəti nəzərdən keçirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş vəsatət təmin edilməməli, hazırki mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki işin materiallarında olan 4 may 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı “Ravon Nexia R3 minik” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh1 icarəyə vermişdir. İcarəyə götürən Cavabdeh1 1000 (min) manat depozit məbləğini nəqliyyat vasitəsini icarəyə verən İddiaçı ödəməlidir. Müqavilə üzrə öhdəlikləri Cavabdeh1 tam yerinə yetirdikdən sonra İddiaçı öhdəliyində olan nəqliyyat vasitəsini gündəlik 15 manat plan verməklə 60 ay müddət bitdikdən sonra avtomaşının bağışlanması haqqında müqavilə bağlaya bilər. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmış (VÖEN statusu: fəaliyyətini müvəqqəti dayandırmış) və əsas fəaliyyət növünü “minik avtomobillərinin və avtofurqonların sürücüsüz icarəsi” təşkil edir. Məhkəmə burada qeyd etməyi zəruri hesab edir ki, vergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırması onun artıq fəaliyyət göstərmədiyi mənasına gəlmir, sadəcə fəaliyyətin müəyyən müddətə müvəqqəti olaraq dayandırılması və bir sıra dövlət orqanlarına bəyannamələrin (vergi, sosial və s. ilə əlaqədar hesabatlar) verilməməsi mənasına gəlir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh1 (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmış (VÖEN statusu: aktiv) və əsas fəaliyyət növünü “taksi fəaliyyəti” təşkil edir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən, həmçinin, görünür ki, Cavabdeh2 (VÖEN: **********) xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmış (VÖEN statusu: aktiv) və əsas fəaliyyət növünü “avtomobillərin daşınması” təşkil edir. Beləliklə, ilkin məhkəmə araşdırmaları zamanı iş materiallarından və tərəflərin verdikləri izahatlardan müəyyən olunur ki, İddiaçı istifadəsində olan **-PN-*** dövlət qeydiyyat nişanlı “Ravon Nexia R3 minik” markalı avtomobili xx.xx.2021-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən Cavabdeh2 vasitəsilə tanış olduğu digər Cavabdeh1 icarəyə vermişdir. Əvvəlki məhkəmə hazırlıq iclasında cavabdeh Azadov X1 Hallar Nazirliyində “gizir” vəzifəsində işlədiyini, maşını şəxsi məqsədlər – işə gedib-gəlmək üçün icarəyə götürdüyünü, buna görə iddiaçıya aylıq 450 manat ödədiyini bildirmişdir. Məhkəmə araşdırmaları nəticəsində “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə qeydiyyatdan keçmiş, taksi fəaliyyəti ilə məşğul olan vergi ödəyicisidir. Cavabdeh1 maşını qazanc əldə etmək məqsədi ilə icarəyə götürdüyünü etiraf etməsə də, onun aylıq 450 manat icarə haqqı ödəməklə şəxsi məqsədlər, yəni işə gedibgəlmək üçün maşın icarəyə götürməsi ağlabatan və inandırıcı deyildir. Məhkəmə işin bütün hallarını təhlil edərək qeyd etməyi zəruri hesab edir ki,
1. Cavabdeh1 FHN-də “gizir” vəzifəsində işlədiyi halda, işə gedib-gəlmək üçün aylıq 450 manata maşın icarəyə götürməsinin hazırki reallıqda ağlabatan olmaması, yəni onun orta aylıq əmək haqqı ilə maşının aylıq icarə haqqı məbləğinin mütənasib olmaması;
2. mübahisə tərəflərinin hər üçünün avtomobillə əlaqədar fəaliyyət istiqamətləri olan VÖEN-ə malik olması (iddiaçı maşınların icarəyə verilməsi, Cavabdeh1 taksi fəaliyyəti, digər Cavabdeh2 isə maşınların daşınması xidməti ilə məşğuldur);
3. icarəyə verilən maşının markasının “Ravon Nexia R3 minik” olması və bu kateqoriyadan olan maşınların formalaşmış təcrübəyə görə adətən, taksi kimi istismar olunması;
4. iddiaçı ilə Cavabdeh1 arasında olan müqavilədə “gündəlik 15 manat plan vermək” barədə bəndin olması xüsusilə diqqət yetirilməli məqamlardır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış münasibətlər kommersiya xarakteri daşıyır. Beləliklə, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan hazırki mübahisənin subyekt tərkibinin – həm iddiaçı, həm də cavabdehlər vergi ödəyiciləri olması öz təsdiqini tapmışdır. Tərəflər arasında olan münasibətlərin xarakterinə gəldikdə isə, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış icarə müqaviləsi əsasında iddiaçının aylıq 450 manat gəlir əldə etməsi, cavabdehin isə həmin maşınla taksi fəaliyyəti göstərərək gəlir əldə etməsi işin mübahisəsiz (aşkar) halını təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, hazırki mülki iş kommersiya mübahisəsi hesab olunduğundan aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-701.2-ci maddəsində qeyd edilmişdir. ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Beləliklə, ilkin məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən müəyyən edildi ki, hazırki iş üzrə tərəflər – İddiaçı (VÖEN: **********) və cavabdehlər Cavabdeh1 (VÖEN: **********), Cavabdeh2 (VÖEN: **********) vergi ödəyicilərinin eyniləşdirmə nömrəsinə malik olan, müvafiq qaydada dövlət qeydiyyatından keçmiş vergi ödəyiciləridir. Beləliklə, mübahisənin subyekt tərkibinin fərdi sahibkarlar olması işin mübahisəsiz halıdır. İddiaçı ona məxsus əmlakı Cavabdeh1 icarəyə verməklə, cavabdeh isə əmlakı icarəyə götürməklə gəlir əldə etmək məqsədi güdmüşlər (icarəyə götürülmüş əmlaka görə aylıq icarə haqqının məbləği ilə şəxsi istifadə məqsədinin uyğunsuzluğu hazırki reallıqda danılmazdır). Mülki qanunvericiliyin yuxarıda istinad olunan maddi hüquq normasından da göründüyü kimi, icarə müqaviləsi icarəyə götürənə icarəyə götürdüyü obyektdən gəlir götürmək hüququ da verir. Beləliklə, icarə müqaviləsinin tərəfləri arasında olan hüquq münasibətlərinin kommersiya xarakterli münasibətlər olması məhkəmə tərəfindən müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki mülki iş sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya xarakterli mübahisədir və işə Nəsimi Rayon Məhkəməsində baxılmalı deyil. Bundan başqa Cavabdeh1 tərəfindən verilmiş işin aidiyyəti üzrə Cəbrayıl Rayon Məhkəməsində baxılmaq üçün göndərilməsi barədə vəsatətlə bağlı qeyd edilməlidir ki, məhkəmə tərəfindən hazırki işin kommersiya xarakterli mübahisə olduğu qənaətinə gəlindiyindən, ərazi aidiyyəti barədə vəsatətə münasibət bildirmə məsələsi də Nəsimi Rayon Məhkəməsinin səlahiyyətinə aid deyildir. Məhkəmə hesab edir ki, ərazi aidiyyəti barədə vəsatətə aidiyyəti məhkəmə tərəfindən müvafiq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Mülki-Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki-Prosessual Məcəllənin 26-cı maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının (bundan sonra – Qərarın) 10-cu bəndində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Qərarın 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Qərarın 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qərarın 13-cü bəndinə müvafiq olaraq, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Qərarın 14-cü bəndində göstərilmişdir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Göründüyü kimi, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən, həmin məsələyə kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəlləsinin 32.3-32.4, 32.7-ci maddələrinin tələblərinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31-32-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Günay Abidova