Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1606/2025 19.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X5 oğlunun sədrliyi, X4 qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “tutulmanın qanunsuz hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh ASC-yə qarşı “tutulmanın qanunsuz hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış GTKR4752989A164 №-li kredit sazişi üzrə müəyyən edilən aylıq ödənişlərin iddiaçıya əlilliyə görə sosial təminat xərcliyinin, həmçinin əmək haqqımın ödənildiyi hesablardan həmin təminatların ayrı-ayrılıqda 20 %-dən artıq həcmdə akseptsiz qaydada silinməsinin qanunsuz hesab edilməsi və göstərilən hərəkətlərin cavabdehə qadağan olunması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış GTKR4752989A164 №-li kredit sazişinə əsasən ona illik 28 % dərəcəsi ilə 4560 manat məbləğində kredit ayrılmışdır. Sözügedən sazişin 4.2-ci bəndinə əsasən könüllü ödənilməmiş əsas borc, faiz və digər ödənişlər iddiaçıya məxsus hesablardan akseptsiz qaydada bankın xeyrinə silinə bilər. Hazırda iddiaçıya əlilliyə görə sosial təminat xərcliyinin, həmçinin əmək haqqının ödənildiyi hesablardan kredit sazişi üzrə aylıq ödəniş məbləği tam şəkildə tutulur ki, bu da sözügedən təminatların ayrı-ayrılıqda 20 %-dən artıq hissəsini təşkil edir. İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış GTKR4752989A164 №-li kredit sazişi üzrə müəyyən edilən aylıq ödənişlərin iddiaçıya əlilliyə görə sosial təminat xərcliyinin, həmçinin əmək haqqımın ödənildiyi hesablardan həmin təminatların ayrı-ayrılıqda 20 %-dən artıq həcmdə akseptsiz qaydada silinməsi qanunsuz hesab edilməli və cavabdehə qadağan olunmalıdır.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə tərəflər məhkəməyə gəlməmiş, hər iki tərəf “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, iddiaçı iddianın təmin edilməsini, cavabdeh isə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə ərizələri nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
5. X2 tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış kredit sifarişi və akseptsiz silinməyə dair xx.xx.2022-ci il tarixli razılıq ərizəsindən görünür ki, o, bağlanacaq kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləğinin (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləği) kartına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmədiyini bildirmişdir.
6. X2 tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, kreditə dair müqavilə bağlanarsa, Cavabdeh ASC-yə ödəməli olduğu borcların (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləği) Cavabdeh ASC, "xxxx" ASC və digər banklarda olan istənilən hesabına, o cümlədən kart hesabına köçürülən əmək haqqı və digər pul vəsaitlərindən istənilən məbləğdə akseptsiz qaydada (heç bir əlavə sənəd və razılıq olmadan) silinərək ödənilməsinə etiraz etmədiyini bildirmiş, ərizəsinin nağdsız hesablaşmaların aparılması üçün hesabları və pul vəsaitləri üzrə sərəncam (ödəniş tapşırığı) hesab edilməsini xahiş etmişdir.
7. Cavabdeh ASC (bank) ilə X2 (müştəri) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, GTKR4752989A164 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə görə bank müştəriyə 60 ay müddətinə, illik 28 % dərəcəsi ilə 4.560 manat məbləğində istehlak məqsədilə kredit verir, kreditin istifadəsi ilə bağlı hesablar açır. Müştəri isə həmin kreditdən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir (1.1-ci bənd). Bank müştərinin əsas, faiz və digər borclarını, habelə müştərinin bankda olan hesablarına istənilən üsulla səhvən köçürülmüş pul vəsaitini onun sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılığını almadan) onun istənilən hesabından tuta (silə), o cümlədən hesablarındakı digər valyutada olan pul vəsaitlərini bankın elan etdiyi məzənnəyə və tarif dərəcələrinə əsasən konvertasiya edərək silə bilər, habelə müştərinin bank hesabında olan pul vəsaitini borcların məbləği həddində bloklaşdıra bilər, ödəniş intervalının əvvəlində aylıq borcları tuta (silə) bilər, bundan əlavə, müştəri banka olan borclarının ödənilməsini gecikdirdə bank tərəfindən müştəriyə verilmiş kredit, kredit münasibətləri, kredit üzrə borclar haqqında məlumat, kredit dosyesində olan sənədlərin surəti (hesab müqaviləsi, kredit müqaviləsi, ödəniş qrafiki və s.), həmin sənədlərdə qeyd edilmiş məlumatlar bank tərəfindən üçüncü tərəfə (şəxslərə) ötürülə, verilə bilər (4.2-ci bənd).
8. xx.xx.2022-ci il tarixli, GTKR4752989A164 nömrəli kredit müqaviləsinə əlavə ödəniş qrafikindən görünür ki, X1 28 % dərəcəsi ilə verilmiş 4.560 manat məbləğində pulun 60 ay müddətində geri qaytarılması, aylıq ödənişin məbləğinin hər ay 141,98 manat, sonuncu ay isə 149,55 manat olması razılaşdırılmışdır.
9. xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, X2 4.560 manat məbləğində pulu Cavabdeh ASC-dən təhvil almışdır.
10. X1 məxsus sosial (social) və əmək haqqı (salary) təyinatlı kartlar üzrə hesablardan çıxarışlardan görünür ki, sosial təyinatlı karta köçürülən pul tam məbləğdə, əmək haqqı təyinatlı karta köçürülən pul isə 50 % həddində “kredit borcu üzrə silinmə” təyinatı ilə Cavabdeh ASC-nin xeyrinə silinir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2022-ci il tarixdə elektron qaydada bağlanmış kredit müqaviləsinə əsasən, bank tərəfindən iddiaçıya 60 ay müddətinə, illik 28 % ödəmək şərtilə 4.560 manat məbləğində kredit verilmiş, ödəniş qrafikinə əsasən, kreditin aylıq ödəniş məbləğinin 141,98 manat (sonuncu ay 149,55 manat) olması razılaşdırılmışdır.
12. Kredit verilməsi üçün cavabdehə müraciət edən zaman iddiaçı tərəfindən verildiyi mübahisələndirilməyən ərizələrdə iddiaçı kredit müqaviləsi bağlayacaqları təqdirdə, həmin müqavilədən irəli gələn öhdəliyinin icrası ilə bağlı məbləğlərin özünə məxsus bütün kartlardan və hesablardan (o cümlədən, əmək haqqı) akseptsiz qaydada tutularaq silinməsinə etiraz etmədiyini bildirmişdir. Həmin ərizələrdən birində iddiaçı iş yeri və əmək haqqının məbləğini, o cümlədən sosial ödəniş alması ilə bağlı məlumatları da qeyd etmişdir.
13. İş materialları və tərəflərin izahatı əsasında müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi üzrə aylıq ödənişlərini qrafik üzrə ödəmədiyindən, gecikmə yaranmışdır. Bu səbəbdən cavabdeh iddiaçının ərizələrinə və kredit müqaviləsinin müvafiq şərtinə əsasən, onun sosial təyinatlı kartına köçürülən məbləğin tam həddində, əmək haqqı təyinatlı kartına köçürülən məbləğin isə 50 %-i həddində akseptsiz qaydada tutma apararaq kredit borcu üzrə silinməyə yönəltmişdir.
14. Hazırda iddiaçı maddi imkanının zəif olduğunu və səhhətinin yaxşı olmadığını bildirərək, cavabdehin ona məxsus hesablardan akseptsiz qaydada tutaraq kredit borcunun ödənilməsinə yönəltdiyi məbləğin çox olduğunu iddia edib, kartlarından ayrı-ayrılıqda 20 %dən artıq həcmdə akseptsiz qaydada silinmənin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına zidd olduğundan, qanunsuz hesab edilməsini və göstərilən hərəkətlərin cavabdehə qadağan olunmasını məhkəmədən xahiş edir. Cavabdeh isə məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında müəyyən edilmiş mövqeyə əsaslanaraq, əmək haqqından 50 %-dən artıq tutulma aparılmadığını, digər kartdan tutulan tam və əmək haqqından tutulan 50 % məbləğin belə iddiaçının aylıq ödəməli olduğu məbləğdən az olduğunu, belə ki, öhdəliyi gecikdirdiyinə görə iddiaçının faiz öhdəliyinin artdığını bildirib, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir.
c) Məhkəmənin mövqeyi:
15. Məhkəmə tərəflərin dəlillərini işə tətbiq edilməli olan hüquq normaları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
16. Belə ki, həm iş materialları, həm də tərəflərin izahatları əsasında müəyyən edilir ki, iddiaçı ona kredit verilməsi üçün cavabdeh banka müraciət edən zaman kredit veriləcəyi təqdirdə, veriləcək kredit üzrə aylıq ödənişlərin özünə məxsus əmək haqqı və digər hesablardan akseptsiz qaydada tutulmanın aparılmasına dair razılığını ifadə etmiş, bununla bağlı 2 ərizə vermiş, həmçinin, tərəflər arasında elektron qaydada bağlanmış müqavilədə də bu məsələ ilə bağlı şərt olmuşdur. Deməli, iddiaçı müqavilə bağlanması üçün cavabdeh banka müraciət edəndə də (oferta-aksept zamanı), müqaviləni imzalayanda da bu məsələni mübahisələndirməmiş, verilmiş kredit üzrə aylıq ödənişlərin özünə məxsus əmək haqqı və digər hesablardan bank tərəfindən akseptsiz qaydada silinməsi şərtinin olduğu müqaviləni könüllü qaydada imzalamışdır (elektron vasitələrlə).
17. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının sosial təyinatlı kartına köçürülmüş məbləğin tam həddə cavabdeh tərəfindən akseptsiz qaydada silinərək kredit üzrə ödənişlərə yönəldilməsi barədə hərəkətləri iddiaçının cavabdehə təqdim etdiyi 2 ərizəsində, habelə tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərində nəzərdə tutulduğundan, qanunsuz hesab edilə bilməz. İddiaçının maddi imkanı və səhhəti ilə bağlı gətirdiyi dəlillər isə tələbin bu hissəsinin təmin edilməsi üçün əsas vermir.
18. Əmək haqqı kartından tutulmaların aparılması ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri sayır ki, hazırkı mübahisənin qanuna müvafiq həlli üçün həm iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı, həm də cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı nəzərdən keçirilmiş və məhkəmə hesab etmişdir ki, mübahisəyə məhz cavabdehin istinad etdiyi qərar tətbiq edilməlidir.
20. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardadda kreditora borclunun əmək haqqının 20 faizindən artıq həcmdə akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən müqavilə şərtinin etibarsız olması göstərilsə də, həmin qərardaddan sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarda əmək haqqının sosial-iqtisadi funksiyasının təmin edilməsi baxımından kreditorla bağlanmış könüllü razılaşmaya əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın əlli faiz həddində aparılmasının mümkün hesab edilməsi göstərilmişdir. Bu iki mövqedən hansının məhkəmə üçün məcburi olduğunu və məhz hazırkı mübahisəyə tətbiq edilməli olduğunu müəyyən etmək üçün isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun müvafiq maddələrinə nəzər salmaq lazımdır. Belə ki, istinad olunan Məcəllənin 418-1.1-ci və 418-1.3-418-1.4-cü maddələrində Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə birgə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit etməsi və Ali Məhkəmənin işə baxan məhkəmə tərkibinin, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkiblərinin sözügedən qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalı olduqları; Məcəllənin 13.7-ci maddəsində isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş Azərbaycan Respublikası qanunlarının şərhinin məhkəmə üçün məcburi olması təsbit edilmişdir. Deməli, Mülki Prosessual Məcəllənin tələbinə görə, iddiaçının istinad etdiyi Ali Məhkəmənin qərardadında ifadə edilmiş mövqe məhkəmə tərəfindən rəhbər tutulmalıdır. Bununla yanaşı həm də cavabdehin istinad etdiyi Konstitusiya Məhkəməsinin qərarında ifadə edilmiş mövqe məhkəmə üçün məcburi xarakter daşıyır. Belə olan halda, məhkəmə kolliziyanın həlli məqsədilə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun müvafiq maddələrinə müraciət etməyi zəruri hesab edir.
21. Belə ki, sözügedən Konstitusiya Qanununun 10.2-ci maddəsində normativ hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi aktın eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malik olması qeyd edilmişdir. Məhz bu maddəni analogiya kimi tətbiq edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyası ilə ona verilmiş səlahiyyət əsasında qanunları (onların müddəalarını) və digər aktları qüvvədən salmaq kimi yeganə xüsusi səlahiyyətli məhkəmə orqanı olduğundan, Konstitusiyaya əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malik olduğundan, hazırkı işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarı tətbiq edilərək iddia əmək haqqı kartından aparılan tutulma hissəsində də rədd edilməlidir.
22. Çünki cavabdeh bank iddiaçının əmək haqqı kartından məhz həmin qərardakı göstərişə uyğun olaraq, 50 % həddində akseptsiz tutulma apararaq iddiaçının bank qarşısında olan aylıq kredit borcunun ödənilməsinə yönəldir. Buna görə də məhkəmə bankın bu hərəkətlərində heç bir qanunsuz hal aşkar etmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin qeyd olunan hərəkətlərinin qanunsuz hesab edilməsini və bu hərəkətlərin edilməsinin ona qadağan edilməsini iddia edən iddiaçı cavabdehin hərəkətlərinin qanunsuz olduğunu sübuta yetirmədiyindən, hazırkı iddia təmin edilməməlidir.
d) Tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
23. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 130, İX hissə. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1-386.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (müqavilənin bağlandığı vaxt qüvvədə olan redaksiyada). Maddə 964. Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.
25. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: Maddə 1.0.10. Qanunun analogiyası konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsidir. Maddə 10.2. Normativ hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı: Konstitusiyanın 12, 16 və 35-ci maddələrinin, habelə Əmək Məcəlləsinin 175 və 176cı maddələrinin hüquqi mahiyyəti və təyinatına uyğun olaraq, əmək haqqının sosialiqtisadi funksiyasının təmin edilməsi baxımından kreditorla bağlanmış könüllü razılaşmaya əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın əlli faiz həddində aparılması mümkün hesab edilməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “tutulmanın qanunsuz hesab olunması” tələbinə dair iddiası təmin edilməməlidir.
29. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, hazırki iş üzrə iddia təmin edilmədiyindən, MPM-in 119-cu maddəsinin tələbinə görə, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir.
Nəticə:
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh ASC-yə qarşı “tutulmanın qanunsuz hesab olunması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X6