Məhkəmə qərarları › İş №e-2(006)-1620/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1620/2022

27.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1620/2022 27.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) "maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5.564 manat maddi ziyan və 60 manat məbləğində cərimə, 78 manat məbləğində dövlət rüsumu, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı, ümumilikdə 5.802 manat pul vəsaitinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə onun arasında bağlanmış 30 dekabr 2017-ci il tarixli AL-59 saylı “Daxili Lizİnq Müqaviləsi” əsasında lizinqə verilmiş “RAVON NEXİA R3 MİNİK” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD 130753 seriyalı, 2017-ci il buraxılışlı, Ban: XWBTF69V9HA044781, ağ rəngli) avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh2 istifadəsinə verilmişdir. Digər Cavabdeh1 həmin sürücünü iddiaçı ilə tanış etmiş və onun öhdəliklərinin tam olaraq yerinə yetirilməsinə dair şifahi öhdəlik götürmüşdür. Cavabdeh avtomaşını idarə edərkən xx.xx.2021-ci il tarixdə, saat 07:15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Albalılıq ərazisində 1.1, 1.3, və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmuşdur və 10 fevral 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP_4188835 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 (altmış) manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Cavabdeh2 hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, avtomaşın təmir olunması üçün “RS Avtoservis”-ə aparılmış və sonuncu tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 5.564 (beş min beş yüz altmış dörd) manat tələb olunmuşdur. Göründüyü kimi Cavabdeh2 hərəkətləri nəticəsində avtomaşına 5.564 (beş min beş yüz altmış dörd) manat zərər dəymişdir. Lakin cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Digər Cavabdeh1 şifahi öhdəliklərindən imtina edərək bu məbləği ödəməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia Cavabdeh2 münasibətdə qismən təmin edilməli, Cavabdeh1 münasibətdə rədd edilməlidir. AD seriyalı 130753 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Ravon Nexia R3» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur. "xxxx" MMC (lizinq verən) ilə İddiaçı (Lizinq alan) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, AL-59 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakl («Ravon Nexia R3» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili) muzdla lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilədə müəyyən edilmiş ödənişlərini ödəməyi öhdəsinə götürür. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 49 saylı icarə müqaviləsindən görünür ki, icarə verən İddiaçı «Ravon Nexia R3» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili gündə 25 manat ödəmək şərtilə icarəçi Cavabdeh2 icarəyə vermişdir. xx.xx.2021-ci il tarixli, TP ******* seriyalı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Ravon Nexia R3” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. "RS Avtoservis" tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, "Ravon Nexia R3" markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 5564,0 (dəyişilməli hissələrin qiyməti - 3034,0 manat, təmir- bərpa işlərinin qiyməti - 2530,0) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2646 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "RS Avtoservis" xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı "Ravon Nexia R3" markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5.107 manat məbləğindədir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinin tələblərinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bu Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-2-ci maddəsinə uyğun olaraq, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Mülki Məcəllənin 748-7.1-ci maddəsinə görə, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsi üzrə lizinq verən lizinq obyektinin mülkiyyətçisi olaraq qalsa da, sahiblik və istifadə hüquqlarının lizinq alana verilməsi sonuncunu əmlakın qanuni sahibinə çevirir. Eləcə də mülkiyyətçi müqavilə əsasında özünə mənsub olan əmlaka dair sahiblik və istifadə hüququnu qarşı tərəfə vermişsə, münasibətlərin tənzimlənməsi zamanı tərəflərin qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən müqavilə şərtləri nəzərə alınmalıdır. Belə ki, müqavilə əsasında əmlakda sahiblik və istifadə hüququnu əldə edən tərəf əmlaka dair hansı həcmdə öhdəlik götürərək məsuliyyət daşıyırsa, o həcmdə də üçüncü şəxslər qarşısında tələb etmək hüququna malik olmaqla öz sahiblik hüquqlarını müdafiə edə bilməlidir. İş materiallarından da görünür ki, "xxxx" MMC (lizinq verən) ilə İddiaçı (Lizinq alan) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, AL-59 saylı daxili lizinq müqaviləsinin 3.1-ci və 3.3-cü bəndlərində lizinq obyektinə sahiblik və istifadə hüququnun lizinq alana keçdiyi göstərilmiş, əmlakdan dolayı risklər üzrə məsuliyyətin daşıyıcısı kimi lizinq alan müəyyən edilmişdir. Beləliklə, lizinq predmeti olan avtomobilə zərər yetirilməsi ilə nəticələnən əmlak risklərini müqavilə üzrə qanuni sahib olaraq lizinq alan daşıdığından, o, mülkiyyətçinin qanunvericiliklə tanınan hüquqlarından, eləcə də həmin əmlaka dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan istifadə etmək imkanına malik olduğundan iddiaçı hazırkı iddia tələblərini irəli sürmək üzrə subyektiv hüquqa malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən öhdəliyi pozacaq hər-hansı hərəkətin edilmədiyi, cavabdeh tərəfindən isə əksinə müqavilə üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilmədiyi müəyyən edilmiş, bununla da İddiaçı müvafiq maddi ziyana məruz qalmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Belə ki, Mülki Məcəllənin yuxarıda sadalanan maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh2 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Məhkəmə tərəfindən təyin edilməsi labüd hesab edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyinə əsasən 2017-ci il buraxılışlı "Ravon Nexia R3" markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 5.107 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2646 saylı ekspert rəyinə əsasən yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin 5.107 manat məbləğində olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, bu məbləğdə pul Cavabdeh2 tutularaq İddiaçı verilməlidir. Bundan başqa xx.xx.2021-ci il tarixli, TP ******* seriyalı inzibati tənbeh vermə haqqında qərara əsasən “Ravon Nexia R3” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edildiyi müəyyən edilmişdir. İddiaçı 60 manat məbləğində cərimə ödədiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir tutarlı sübut təqdim etməmişdir. Məhkəmə iddianı bu hissədə əsassız olduğundan rədd edilməsi qənaətinə gəlir. Məhkəmə iddianın Cavabdeh1 aid hissəsi ilə əlaqədar qeyd edir ki, cavabdehlə iddiaçı arasında hər hansı öhdəlik hüquq münasibətləri yaranmadığından və bununla da onun bu iddia tələbləri üzrə cavabdehlik daşıdığı müəyyən edilmədiyindən iddia ona münasibətdə rədd edilməlidir. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 78 manat məbləğində pul ödəmişdir. Həmçinin, ekspert tədqiqatının dəyəri ekspertiza xərclərinə dair bildirişə görə 100 manat təşkil edir. İddia tələblərinin 91%-i təmin edildiyindən çəkilmiş məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə iddiaçının 100 manat məbləğində xərc çəkdiyi ağlabatandır və bu pul vəsaiti Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia Cavabdeh2 münasibətdə qismən təmin edilsin. Maddi zərər olaraq 5.107 manat, dövlət rüsumu kimi ödənilmiş 78 manatın 71 manatı və göstərilmiş hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat, cəmi 5.278 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 9 manatı İddiaçı, 91 manatı isə Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. İddia Cavabdeh2 münasibətdə digər hissədə və Cavabdeh1 münasibətdə tam olaraq rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar