Məhkəmə qərarları › İş №e-2(006)-1634/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1634/2024

04.03.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1634/2024 04.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Bədəlov Nurəddin Natiq oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 MMC-yə və LPO Cavabdeh2 MMC-yə qarşı “mənzilə mülkiyyət hüququnun tanınması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 MMC-yə və LPO Cavabdeh2 MMC-yə qarşı “mənzilə mülkiyyət hüququnun tanınması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, ünvan 1 ünvanında tikilən 23 mərtəbəli yaşayış binasının 3 otaqlı, ümumi sahəsi 141.45 kv.metr olan 2 saylı mənzilinə dair 23 avqust 2013-cü il tarixli GMPE1-2/2013 saylı alqı-satqı müqaviləsinin tanınması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən "xxxx" MMC-yə verilmiş RX seriyalı ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışın ünvan 2 ünvanında tikilən 23 mərtəbəli yaşayış binasının 3 otaqlı ,ümumi sahəsi 141.45 kv.metr olan 2 saylı mənzilinə dair hissəsində ləğv edilməsi və həmin mənzilə İddiaçı mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 MMC “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə etiraz təqdim edərək, iddia tələbinin onlara yönəlmiş hissəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil mülki işin aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 MMC-nin və LPO Cavabdeh2 MMC-nin, həmçinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-35.2-ci maddələrinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 36.2-ci maddəsinə görə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağlabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Daşınmaz əmlaklarla bağlı müstəsna aidiyyətin, yəni onun olduğu yerdə baxılmasına dair qanunda təsbit olunmuş tələbin əsas məqsədi şəxslərin məhkəməyə əlçatanlığını və işlərə ağlabatan müddətdə baxılmasını təmin edərək, prosessual qənaət prinsipini gözləmək, ədalət mühakiməsini səmərəli həyata keçirməkdən ibarətdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, hazırda iddiaçının mülkiyyət hüququnun tanınmasını tələb etdiyi daşınmaz əmlak Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşdiyindən, şəxslərin məhkəməyə əlçatanlığının, mübahisəyə ağlabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin, mübahisənin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsi, mübahisə predmeti olan əşyanın yerində müayinəsi, sübutların olduğu yerdə tədiqiqinin aparılması, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsinin asanlaşdırılması, işə obyektiv baxılmasının təmin edilməsi məqsədilə hazırki mübahisəyə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 44.2 və 44.2.2-ci maddəsində qeyd edilmişdir ki, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-45.4-cü maddələrinə görə, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMCyə və LPO Cavabdeh2 MMC-yə qarşı “mənzilə mülkiyyət hüququnun tanınması və s.” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1, 44.2.2-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və LPO Cavabdeh2 MMC-yə qarşı “mənzilə mülkiyyət hüququnun tanınması və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar