Məhkəmə qərarları › İş №e-2(006)-1649/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1649/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1649/2023 19.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı “X3” ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X3” ASC kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “X3” ASC-nin xeyrinə 4845.15 manat əsas borc, 34.7 manat faiz borcu olmaqla, cəmi 4879.85 manat məbləğində kredit borcunun və ödənilmiş 69.2 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə “X3” ASC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddia qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılışdır ki, kreditor "xxxx" KB ASC ilə borclu X2 arasında bağlanmış xx.xx.2019-ci il tarix kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 1 % ödəmək şərtilə 4849,78 manat məbləğində kredit verilmişdir. Borclu-mərhum X1 vəfat etdiyi müəyyən olduğundan tərəfimizdən ondan mira qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Bakı şəhəri 43 saylı notariat ofisinə məktubla müraciət olunmuşdur. Bakı şəhəri 43 saylı notariat ofisinə məktubu ilə X1 vəfat etməsi ilə əlaqədar cavabdeh-vərəsə Cavabdeh ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-ci il tarixinə "xxxx" KB ASC-yə 4845,15 manat əsas, 34,70 manat faiz, cəmi 4879,85 manat borcu yaranmışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “X3” ASC ilə X2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 149RSTSMKR/19 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə sonuncuya bank tərəfindən 60 ay müddətinə illik 1 faiz olmaqla 4849.78 manatın verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, X2 müqavilə əsasında götürdüyü 4849.78 manat pulu 60 ay müddətinə ilk 12 ayı 4.04 manat, növbəti aylarda 104 manat, sonuncu ay 60.6 manat olmaqla hissə-hissə qaytarıması barədə iddiaçı qarşısında öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə X1 iddiaçı qarşısında 4845.15 manat əsas, 34.7 manat faiz ödənilməmiş öhdəliyi vardır. İş materiallarında olan Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi Cavabdehdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh borcun ödənilməsi tələb olunmuş, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, “X3” ASC ilə X2 arasında 4849.78 manat pulun 1 % dərəcəsi ilə 60 ay müddətinə sonuncuya verilməsi barədə müqavilə bağlanmış, X2 xx.xx.2020-ci il tarixdə ölmüş, onun iddiaçı qarşısında həmin müqavilə üzrə yerinə yetrilməmiş kredit borcu öhdəliyi yaranmış, onun vərəsəsi kimi Cavabdeh tanınmışdır. Cavabdeh yaranmış kredit borcunun ödənilməsi tələb olunmuş, lakin o, müvafiq qanunvericilikdə nəzərdə tutulduğu qaydada vərəsə kimi kreditor qarşısında öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən, əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 1313-cü maddəsinə əsasən tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Qeyd olunan qanunvericliyin tələblərinə əsasən məhkəmə, Cavabdeh kreditor qarşısında öhdəlik götürmüş şəxsin (borclunun) vərəsəsi olmaqla həmin şəxsdən miras qalmış əmlaklara dair tam pay hüququ olduğundan kredit borcunun ondan tutulması barədə tələbi əsaslı və qanuna uyğun hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmənin əvvəlki iclasında cavabdeh iddia tələbini etiraf etməklə, onun təmin olunmasına etiraz etməmişdir. İşin müəyyən edilmiş hallarını nəzərə alaraq cavabdehdən 4845.15 manat əsas, 34.7 manat faiz borcunun tutulması hissəsində məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla həmin hissədə tam təmin edilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 69.2 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Cavabdeh 4845.15 manat əsas, 34.7 manat faiz borcu, ödənilmiş 69.2 manat dövlət rüsumu, cəmi 4949.05 manat “X3” ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 4845.15 manat əsas, 34.7 manat faiz borcu, ödənilmiş 69.2 manat dövlət rüsumu, cəmi 4949.05 (dörd min doqquz yüz qırx doqquz manat beş qəpik) manat “X3” ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar