Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-165/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı “borcun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “əqdin mövcud olmadığının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 750.000 avronun, 110.000 ABŞ dollarının, 107.000 manatın, iddia üçün ödənilmiş 1591 manat dövlət rüsumunun, müvəqqəti təminat tədbiri barədə ərizə üçün ödənilmiş 159,10 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh oğlu müxtəlif bəhanələrlə aldığı 750000 avro, 110000 ABŞ dolları, 107000 manat pulu iddiaçıya qaytarmaqdan imtina edir. Belə ki, Cavabdeh oğlu özünü iş adamı kimi təqdim edərək iş qurmaq adı ilə iddiaçıdan borc pul istəmiş və qısa zamanda pulu qaytaracağına söz vermişdi. 2019-cu ilin iyunundan başlayaraq Cavabdeh oğlu müxtəlif vaxtlarda 750000 avro, 110000 ABŞ dolları, 107000 manat pulu iddiaçıdan borc kimi almışdır. Lakin, pulun qaytarılmasını gecikdirmişdir. xx.xx.2021-ci il tarixində Cavabdeh oğlu öhdəsinə götürmüşdür ki, borcunun 500000 ABŞ dolları hissəsini 2021-ci ilin sonuna qədər, qalıq borcu isə 2022-ci ilin may ayına qədər qaytaracaqdır. Amma indiyədək verdiyi sözə əməl etməmiş və borc götürdüyü pulu ödəməmişdir. Cavabdeh borc pul götürdüyünü onun öz əli ilə yazdığı iltizam, səs yazıları, şahid ifadələri də sübut edir. Eyni zamanda Kutlu X2 Qurban Ağasəlim oğluna qarşı “əqdin mövcud olmadığının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, iş üzrə tərəflər arasında 750.000 avro, 110.000 ABŞ dolları, 107.000 manat məbləğində borcun verilməsi barədə əqdin mövcud olmadığının müəyyən edilməsi, 13 iyul 2021-ci il tarixli iltizamın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia ərizəsində qeyd edilən dəlillər tamamilə yalandır. Cem X1 Qurban Ağasəlim oğlundan borc almamışdır və onlar arasında belə bir əqd bağlanmamışdır. İşin həqiqi halları ondan ibarətdir ki, X7 “CZK FOOD" MMC-nin direktorudur. 2019-cu ilin sentyabr ayında "xxxx" MMC ilə İddiaçı arasında "xxxx" bağlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı Şirkətin fəaliyyətinə ona qaytarılmaq şərtilə maliyyə yardımı kimi cəmi 250.000 ABŞ dolları, 300.000 avro, 130.000 manat məbləğində pul qoymağı öhdəsinə götürmüşdür. Məqsəd də ondan ibarət olmuşdur ki, o, əldə olunan gəlirin 70%-i miqdarında gəlir götürməli idi. Lakin, karantin rejimi ilə əlaqədar olaraq Şirkətin fəaliyyəti dayandığı üçün gəlir əldə edilməsi mümkün olmamışdır. Belə olan halda, MMC-nin direktoru olan Cem Kutluya hədə-qorxu gəlmiş və mübahisələndirilən iltizamı yazdırmağa nail olmuşlar. Halbuki, Cem Kutlu MMC-nin öhdəlikləri üçün məsuliyyət daşımır. İddiaçı iddia ərizəsində şişirdilmiş məbləğ deyil, ona qaytarılmalı olan pulun real məbləğini Cem Kutludan deyil, "xxxx" MMC-dən tələb etməlidir. Sözügedən iltizam etibarsızdır. İltizamda qeyd edilən pulun müxtəlif valyutalarda olması da pulun MMC ilə Razılaşma Müqaviləsində olan valyutalara uyğundur. Bu hal da bir daha təsdiq edir ki. İddiaçı tələb etdiyi pul Razılaşma müqaviləsi ilə əlaqəlidir. Lakin, İddiaçı MMC-yə qarşı deyil, Cem Kutluya qarşı hazırki əsassız və şişirdilmiş məbləğdə pul tələbi barədə ilk iddiasını irəli sürmüşdür. İddiaçı ilk iddiasında bildirir ki, guya Cem Kutluya 750.000 avro, 110.000 ABŞ dolları, 107.000 manat məbləğində borc vermişdir. Lakin, iltizamda borcun hansı tarixdə verildiyi qeyd edilməmişdir. Hazırki iş üzrə Cem Kutluya borc verilməsini sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür. Lakin, İddiaçı bu tələbini sübuta yetirə bilmir. İlk iddia sübuta yetirilməməsi əsası ilə rədd edilməlidir. Həmçinin, tərəflər arasında 750.000 avro, 110.000 ABŞ dolları, 107.000 manat məbləğində borcun verilməsi barədə müqavilə bağlanmadığı üçün belə bir əqdin mövcud olmadığı müəyyən edilməlidir. Mövcud olmayan əqd üzrə isə pul tələbinin təmin edilməsi mümkün deyil. Bundan başqa, belə böyük miqdarda borcun heç bir müqavilə bağlanmadan verilməsi inandırıcı deyil. Digər tərəfdən, 2019-cu ildə Cem Kutlunun direktoru olduğu MMC-yə müqavilə əsasında verilmiş hər hansı məbləğdə pul qaytarılmadığı halda, MMC-nin direktoruna ayrıca belə böyük miqdarda pulun borc olaraq verilməsi də məntiqli deyil. Digər bir mühüm hal ondan ibarətdir ki, İddiaçı istinad etdiyi iltizam mahiyyəti etibarilə "mövcud borcun etirafı haqqında” birtərəfli iradə ifadəsidir. Bu əlyazma müqavilə olmasa da, mahiyyəti etibarilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsi ilə müəyyən edilən “mövcud borcun etirafı haqqında” mücərrəd müqaviləyə uyğun gəlir. İddiaçı Qurban X11 borcu olmasa da, onu hədələyərək iltizamı imzalamağına nail olmuş, daha sonra isə hüquqdan sui-istifadə edərək hazırki iddia ilə Cem Kutludan məlikəmə qaydasında pul almağa çalışır. Lakin, İddiaçı bu iltizam imzalanmazdan əvvəl borcun verilməsi barədə müqavilənin mövcud olduğunu sübuta yetirməlidir. Lakin, belə məbləğdə borc mövcud olmamışdır, iltizamda borcun nə vaxt götürüldüyü qeyd edilməmişdir. Göründüyü kimi, 13 iyul 2021-ci il tarixli “iltizam'’ uydurmadır. İddiaçı hədə-qorxuları nəticəsində və ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadın yazıldığı üçün etibarsızdır. Mövcud olmayan borc etiraf edilə bilməz, etiraf üçün əvvəlcə mövcudluq tələb olunur. Tərəflər arasında borc verilməsi barədə müqavilə bağlanmadığı üçün belə bir əqdin mövcud olmadığı müəyyən edilməlidir. Əvvəlki məhkəmə baxış iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı ərizə təqdim edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4., 308.2., Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4.-cü maddələrini rəhbər tutaraq Cavabdeh hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4., 308.2.-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətləri olduğu üçün, bu cinəyət əməlləri barədə müvafiq prokurora xəbər verilməsi üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Hazırki məhkəmə baxış iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil ilkin iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək ilkin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia tələbinə etiraz edərək və qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X15 ifadəsində bildirmişdir ki, İddiaçıı 30 ilə yaxındır ki, tanıyır. İndi də onun yanında işləyir. Cavabdeh Kutlu Cemi isə 3- 4 il olar ki, tanıyır. Pulu Qurban müəllim Kutlu Cemə verəndə orada olmamışdır. Amma pandemiyadan əvvəl yay ayları idi, o, İddiaçı, Kutlu Cem və bir nəfər də başqa adam bir yerdə idilər. Həmin vaxtı X18 müəllimə deyirdi ki, söz verirəm ki, pulu ilin sonuna kimi qaytaracam. Hətta bununla bağlı Kutlu Cemin iltizamı da var ki, orada o, pulun 500.000 manatını geri qaytaracağını bildirir. Qurban müəllim tərəfindən Kutlu Cemə 750.0000 avro bir verilib, sonra dollarla pul verilib. Amma həmin pullar geri qaytarılmayıb. Əlavə olaraq ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, 2021-ci ilin iyul ayında Kutlu Cemdən iltizam alınarkən o da orada olmuş, Qurban müəllim tərəfindən ona hər hansı bir təyziq göstərilməmişdir. Mədəni şəkildə Qurban müəllim öz pulunun Kutlu Cem tərəfindən geri qaytarılmasını tələb etmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, Qurban müəllimi 7-8 ildir ki, tanıyır. Kutlu Cemi isə 2020-ci ildən Qurban müəllim vasitəsilə tanıyır. Bir dəfə kafedə Qurban müəllimlə bir yerdə olarkən Kutlu Cem onların olduğu ünvana gəlmişdir. Qurban müəllim ona vermək üçün bağlamada pul gətirmişdi. Orada pulu Kutlu Cemə vermişdir. Pulu onun yanında sayıb vermişdir. 450.000 avro və 70.000 ABŞ dolları məbləğində pul vermişdir. Kutlu Cem isə yaxın zamanda həmin pulu qaytaracağını bildirmişdir. Əlavə olaraq ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, borc pulu Kutlu Cem hər hansı bir şirkət üçün deyil, məhz özü üçün istəmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əlyazma qəbzdən görünür ki, Cavabdeh 750.000 avro, 110.000 ABŞ dolları və 107.000 manat məbləğində pulun İddiaçı aldığını etiraf etmiş və həmin pulun 500.000 dollarını ilin sonuna kimi, qalan məbləği isə ən qısa vaxta, 2022-ci ilin may ayına qədar ödəcəyini bildirmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC-nin direktoru Cavabdeh ilə İddiaçı arasında bağlanmış 2019-cu il tarixli Razılaşma müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Kutlu Cemə pul vəsaitlərinə ehtiyac yarandığından qaytarılması şərtilə xx.xx.2019-cu il tarixdə 200.000 ABŞ dolları, 100.000 avro, xx.xx.2019-cu il tarixdə 50.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 130.000, xx.xx.2019-cu il tarixdə 200.000 avro nağd olaraq, cəmi 250.000 ABŞ dolları, 300.000 avro və 130.000 manat, cəmi 1.119.000 manat pul məbləği verilmişdir. Mülki işin materiallarında olan Dövlət Vergi Xidməti tərəfindən sorğuya cavab olaraq verilən "xxxx" MMC-nin 2019, 2020, 2021-ci illər üzrə vergi bəyannamələrindən görünür ki, şirkət 2019-cu il üzrə 34.290 manatı, 2020-ci il üzrə 10.841 manatı, 2021-ci il üzrə isə 226.840manatı malların alınmasına sərf etdiyini bəyan etmiş, İddiaçı alınan pullar isə bəyan edilməmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən (№9********) görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 1591 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı tərəfindən Kutlu Cemə borca pul verilmişdir. Kutlu Cem xx.xx.2021-ci il tarixdə yazılı şəkildə M.Qurbandan borca pul aldığını etiraf etmiş, həmin pulun 500.000 ABŞ dollarını 2021-ci ilin sonuna kimi, qalan məbləği isə 2022-ci ilə kimi ödəyəcəyini bildirmişdir. Lakin, pul vəsaiti Kutlu Cem tərəfindən geri qaytarılmamışdır. Bu, məhkəmə baxış iclasında tədqiq olunan sübutlarla (şahidlərin ifadəsi, flaşkart və s.) öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən də pulun geri qaytarılması barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda öz qarşılıqlı iddia ərizəsində cavabdeh onun ”CZK Food” MMC-nin direktoru vəzifəsində işləməsi, tərəflərin arasında "xxxx"nin bağlanması və həmin pulun Şirkətin fəaliyyəti üçün maliyyə yardımı kimi iddiaçıdan götürülməsini bildirmişdir. Lakin, bu kimi dəlilləri qarşılıqlı iddia ərizəsinə əlavə edilməmiş və baxış iclaslarında məhkəməyə təqdim edilməmişdir. Məhkəmə ilk iddia tələbi ilə bağlı yetəri qədər sübutun olduğunu nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbi borc pul hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə ilk iddia tələbinin dövlət rüsumunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, ilkin iddia tələbi əsas borc hissəsində təmin edildiyindən iddiaçı tərəfindən həm iddia ərizəsi üçün, həm də müvəqqəti təminat tədbiri üçün ödənilən dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı bildirir ki, qarşı tərəfin nümayəndəsi və vəkili M.Qurbandan alınan pul vəsaitlərinin Kutlu Cemin özü üçün yox, direktoru olduğu şirkət üçün aldığını iddia edərək sübut olaraq iş materiallarında olan razılaşma müqaviləsinin surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə həmin müqavilənin surətini mötəbər sübut olaraq qəbul etmir. Belə ki, məhkəmə tərəfindən həmin müqavilələrin əsli məhkəməyə təqdim edilməsi cavabdehin nümayəndəsindən tələb edilməsinə baxmayaraq, məhkəməyə təqdim olunmamış, məhkəməyə təqdim olunan müqavilənin surətindən isə, müqavilənin hansı tarixdə bağlanıldığı məlum deyildir. Digər tərəfdən, məhkəmə işin obyektiv araşdırılması məqsədilə Dövlət Vergi Xidmətinə sorğu ilə müraciət etmiş, cavab məktubundan da aydın olmuşdur ki, Kutlu Cemin direktoru olduğu ”CZK Food” MMC-nin hesabına M.Qurbandan alınan pul vəsaitləri daxil olmamışdır. Bu da onu sübut edir ki, Kutlu Cem aldığı pul vəsaitini şirkətin fəaliyyətilə deyil, öz şəxsi ehtiyacları üçün almışdır. Digər tərəfdən, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili borcun verilməsi barədə tərəflər arasında əqdin mövcud olmadığının müəyyən edilməsini məhkəmədən tələb edir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli iltizamdan göründüyü kimi cavabdeh iddiaçıdan borc aldığını faktiki olaraq etiraf etmişdir. Həmin borcun cavabdeh tərəfindən iddiaçıya qaytarılması barədə qarşı tərəf heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, qarşı tərəf öz iddia ərizəsində xx.xx.2021-ci il tarixli iltizamın etibarsız hesab edilməsini tələb edir və iddia edir ki, həmin iltizam hədə-qorxu ilə yazdırılmışdır. Halbuki, qarşı tərəf bunu da təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğuna görə, rədd edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehin əməllərində cinayə tərkibi olduğu üçün xüsusi qərardad qəbul edib prokurora məlümat verilməsi hissəsi ilə bağlı qeyd edir ki, bu tələb hüquqi mahiyyəti etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Məhkəmə isə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, Cavabdeh 750.000 (yeddi yüz əlli min) avro, 110.000 (yüz on min) ABŞ dolları, 107.000 (yüz yeddi min) manat, iddia üçün ödənilmiş 1591 (bir min beş yüz doxsan bir) manat dövlət rüsumu və müvəqqəti təminat tədbiri barədə ərizə üçün ödənilmiş 159 (yüz əlli doqquz) manat 10 (on) qəpik dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddiaçı Cavabdeh İddiaçı qarşı “əqdin mövcud olmadığının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh 750.000 (yeddi yüz əlli min) avro, 110.000 (yüz on min) ABŞ dolları, 107.000 (yüz yeddi min) manat, iddia üçün ödənilmiş 1591 manat dövlət rüsumu və müvəqqəti təminat tədbiri barədə ərizə üçün ödənilmiş 159 (yüz əlli doqquz) manat 10 (on) qəpik dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “əqdin mövcud olmadığının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-165/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-165/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver