Məhkəmə qərarları › İş №e-2(006)-1657/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1657/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1657/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 21.11.2019-cu il tarixli, Rest № 002CASA193250037 saylı “Güzəşətli kredit müqaviləsi”nə əsasən Cavabdeh1 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 7368,89 AZN məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh2 ilə 21.11.2019-cu il tarixli, 002FİZAM06886062 saylı zaminlik müqaviləsi bağlanmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zamini Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklrəini bank qarşısında tam icra etməyən Cavabdeh1 25.01.2022-ci il tarixinə İddiaçı ASC-yə 7072,03 AZN əsas kredit borcu, 29,16 AZN məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 7101,19 AZN məbləğində borcu qalmaqdadır. Göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2019-cu il tarixli, Rest № 002CASA193250037 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7072,03 AZN əsas kredit borcu, 29,16 AZN məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, cəmi 7101,19 AZN məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 91,02 AZN məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılması xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi əvvəlki məhkəmə iclasında ərizə ilə müraciət edərək bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, iddia tələbini müdafiə etdiyini bildirmiş, cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. 4.Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur.

7. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2019-cu il tarixli, Rest № 002CASA193250037 saylı “Güzəştli kredit müqaviləsi”nə əsasən bank tərəfindən Cavabdeh1 1 il güzəşt müddəti olmaqla 60 ay müddətinə, illik 1% olmaqla, 7368,89 AZN məbləğində kredit verilmişdir.

8. İş materiallarında olan İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış 21.11.2019-cu il tarixli, Rest № 002FİZAM06886062 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında 21.11.2019-cu il tarixli, Rest № 002CASA193250037 saylı “Güzəştli kredit müqavilə”si üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür.

9. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş 25.01.2022-ci il tarixli arayışa əsasən Cavabdeh1 “Güzəştli kredit müqavilə”si üzrə 25.01.2022-ci il tarixinə 7072,03 AZN məbləğində əsas kredit borcu, 29,16 AZN məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu var.

10. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehlər bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşlar.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış güzəştli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 21.11.2019cu il tarixində 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 7368,89 AZN məbləğində kredit verilmişdir. Kreditin məqsədi restrukturizasiya olunan borcun qalıq məbləğinin ödənilməsidir. Zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliyin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. Hazırda cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə banka ümumilikdə 7101,19 AZN məbləğində borcu yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

15. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

18. Məhkəmə qeyd edir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış həm əsas, həm də faiz borcunun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

19. Bundan əlavə, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

20. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. İş materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən dövlət büdcəsinə 91,02 AZN (doxsan bir manat, iki qəpik) məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məbləğ də cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. 23.Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etmədiyindən iddiaçı kredit müqaviləsinin vaxtından əvvəl xitam verilməsi ilə bağlı iddia verməkdə haqlı olmuşdur.

24. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2019-cu il tarixli, Rest № 002CASA193250037 saylı “Güzəştli kredit müqavilə”si ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 7072,03 AZN (yeddi min yetmiş iki manat, üç qəpik) əsas borc, 29,16 AZN (iyirmi doqquz manat, on altı qəpik) faiz borcu olmaqla, ümumilikdə 7101,19 AZN (yeddi min bir yüz bir manat, on doqquz qəpik) məbləğində borc və 91,02 AZN (doxsan bir manat, iki qəpik) ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2019-cu il tarixli, Rest № 002CASA193250037 saylı “Güzəştli kredit müqavilə”si ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 7072,03 AZN (yeddi min yetmiş iki manat, üç qəpik) əsas borc, 29,16 AZN (iyirmi doqquz manat, on altı qəpik) faiz borcu olmaqla, ümumilikdə 7101,19 AZN (yeddi min bir yüz bir manat, on doqquz qəpik) məbləğində borc və 91,02 AZN (doxsan bir manat, iki qəpik) ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar