Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1662/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.500 manat borc məbləğinin və 160 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, iddiaçı təxminən il yarım bundan əvvəl X2 ilə tanış olmuş, münasibətləri yoldaşlıq münasibətinə çevrilmişdir. İddiaçı 20 ilə yaxındır ki, ailəsi ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. Bu səbəbdən Bakı şəhərində ev almaq qərarına gəlmişdir. Bu barədə Sevincə bildirən zaman, Sevinc Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən mənzilini ona 100.000 manata sata biləcəyini demişdir. Razılaşmalarına görə pulu bir il ərzində hissə-hissə ödəyə biləcəyi qənaətinə gəlmişlər. İddiaçı 2021-ci ilin may ayının ortasında birinci dəfə 30.000 manat düzəldib Sevincin Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən evində vermişdir. İkinci dəfə xx.xx.2021-ci il tarixdə Sevincin anası Nərminənin yaşadığı Gəncə şəhərindəki evində anasının iştirakı ilə 15.000 manat vermişdir. Üçüncü dəfə 2021-ci ilin sentyabr ayının sonunda Bakı şəhəri Haqverdiyev küçəsində yerləşən «Avis» aptekinin qarşısında 5.000 manat Sevinc və anası Nərminəyə vermişdir. Sonuncu dəfə isə 2021-ci ilin oktyabr ayının əvvəlində Bakı şəhəri Yasamal rayonunda yerləşən «Avis» aptekin qarşısında Sevincə 2.500 manat vermişdir. Ümumilikdə o, cavabdehlərə 52.500 manat pul vermişdir. Həmin ilin dekabr ayında Sevinc iddiaçıya zəng edib evi satmaq istəmədiyini bildirmişdir. 2022-ci ilin fevral ayında Sevincin anası Nərminə iddiaçı ilə əlaqə saxlayıb yaşadığı evə dəvət etmiş və həmin evdə Nərminə 29.000 manatı ona qaytarmışdır. Yerdə qalan 23.500 manatı isə 2022-ci ilin mart ayında qaytaracağına söz vermişdir. Lakin dəfələrlə tələb etməsinə baxmayaraq 23.500 manatı bu günə kimi qaytarmamışdır. Bununla bağlı iddiaçı Polisə müraciət etmiş, lakin Yasamal RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis mayoru Nadir Heydərovun 04 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunaraq ona mülki qaydada məhkəməyə müraciət etmək bildirmişdir. Cavabdehdən dəfələrlə pulunu tələb etsə də, cavabdeh pulu geri qaytarmamışdır. Cavabdeh pulu iddiaçıya qaytarmamaqla iddiaçıya ziyan vurmuşdur. Ona görə də, iddiaçı 23.500 manat məbləğində pulunu tələb etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, Elmlər Akademiyası metrostansiyası tərəfdəki ev həyat yoldaşının bacısından onun qızına miras qalmışdır. Ev onun qızının adındadır. O, iddiaçı ilə razılaşmış və evi iddiaçıya satmaq qərarına gəlmişdir. İddiaçı ona hissə-hissə 52.500 manat pul vermişdir. Daha sonra iddiaçı ona yaxınlaşmış və bildirmişdir ki, artıq, ödənişləri edə bilmir, evi almaq fikrindən daşınmışdır. O da, öz növbəsində iddiaçının ona verdiyi pulu sonuncuya geri qaytarmışdır. Əlavə olaraq bildirdi ki, «Okus» adlı şirkət var idi, o, ora pul qoyurdu, daha sonra qoyduğu pulu 0,5 dəfə artıq götürürdü. İddiaçı həmin şirkətdə ikinci şəxs idi. İddiaçı Gəncəyə gəlirdi və bu şirkətlə bağlı seminarlar keçirirdi. Daha sonra «Okus» adlı şirkət bağlandı və onun rəhbəri barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi başlanıldı. Onlar da həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. İddiaçı hazırki iddianı onlara qarşı qərəzli olaraq qaldırmışdır. Belə ki, iddiaçı onlara «Okus» şirkəti ilə bağlı şikayətlərini geri götürməyəcəkləri təqdirdə onlara qarşı iddia qaldıracağını demişdir. O və bir neçə zərərçəkmiş Baş Prokurorun qəbulunda olmuşlar, onlara hazırda istintaqın getdiyini və nəticəsi barədə məlumat veriləcəyi bildirilmişdir. Verilən suallara cavabında bildirdi ki, evə dair hər hansı rəsmi alğı-satqı müqaviləsi bağlamamışlar. O, bunu iddiaçıya təklif etsə də, lakin iddiaçı pulu hissə-hissə ödədiyindən rəsmi şəkildə almaq istəməmişdir. İddiaçı mənzil almaq üçün pulu şəxsən ona vermişdir. Qızının bu məsələlərə heç bir aidiyyəti yoxdur. İddiaçı ona 52.500 manat pul vermişdir. O da, iddiaçı mənzili almaqdan vaz keçdiyindən, iddiaçının ona verdiyi 52.500 manat pulu sonuncuya geri qaytarmışdır. 52.500 manat pulun 29.000 manatını iddiaçı öz qızı ilə Elmlərdəki evə gələndə həmin yerdə geri qaytarmışdır. 15.000 manat pulu evinin yanında «Avis» aptekinə yaxın yerdə iddiaçıya geri qaytarmışdır. 8.500 manat pulu isə iddiaçı maşınla Gəncəyə evinə gələndə orada pulu iddiaçıya geri qaytarmışdır. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddianı qəbul etmir. O, hazırki iş üzrə cavabdeh olmalı deyil. Ev almaq məsələsi anası ilə iddiaçının arasında olmuşdur. İddiaçı onu incitmək üçün iddia ərizəsində cavabdeh kimi göstərmişdir. İddiaçı ona mənzil almaq üçün pul verməmişdir. İddiaçı pulları anası Cavabdeh2 vermişdir. İddiaçının verdiyi pullar anası tərəfindən iddiaçıya geri qaytarılmışdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də, burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddia tələbində istinad etdiyi hallara dair sübut kimi məhkəməyə Bakı şəhəri Yasamal RPİ İŞ-nin müstəntiqi, polis mayoru X1 HK-1/740 saylı material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında 04 noyabr 2022-ci il tarixli qərarını təqdim etmişdir. Həmin qərardan göründüyü kimi, hazırki iş üzrə Cavabdeh2 izahatında bildirmişdir ki, İddiaçı ərizə və izahatında yazmış olduğu xüsusatlar doğru deyildir. Təxminən, il yarım bundan qabaq «Okus» firmasında işləyərkən tanış olmuş və tanışlıqları dostluq münasibətlərinə çevrilmişdir. Bildirir ki, həmin şirkətlərin rəhbərləri əlavə 94 nəfəri aldatdıqları üçün ümumilikdə onların 50.000 manat pullarını mənimsəmişdirlər. Hazırda Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi istintaq olunur və qızı Sevinclə o, həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. 2021-ci ilin may ayında o, rəhmətlik baldızından qalmış iki otaqlı mənzili 100.000 manata satmaq istədiyini bildirmişdir. Təranə hissə-hissə ona 52.500 manat vermişdir. 2021-ci ilin noyabr ayında Təranə onunla görüşərək evi almaqdan imtina etdiyini demiş və pulunu geri istəmişdir. Təxminən 1 həftə sonra Təranə qızı ilə onun satmaq istədiyi evə gəlmiş, 29.000 manat pulu almışdır. 2021-ci ilin dekabr ayının 3-4-də Elmlər Akademiyası metrostansiyasının yaxınlığında Təranə ilə görüşüb daha 15.000 manatı qaytarmışdır. Bundan 10 gün sonra Təranə Gəncə şəhərinə gəlmiş və ona son qalmış 8.500 manat pulu qaytarmışdır. Bununla o, Təranəyə pulu tam şəkildə qaytarmışdır. Əlavə olaraq bildirir ki, Təranə yalan danışır, şər və böhtan atır. Qızı ilə o, Təranə barəsində başqa işlə əlaqədar Azərbaycan Respublikası DİN BMCMİ-yə şikayət etmiş və ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bu səbəbdən Təranə onlardan qərəzli formada şikayət edir. Təranə yuxarıda qeyd olunan mənzili almaq üçün ona ümumilikdə 52.500 manat pul vermiş, sonradan evi almaqan imtina etdiyi üçün o, pulların hamısını Təranəyə qaytarmışdır. Qızı Sevincin bu prosesdə heç bir iştirakı olmamışdır. O, Təranədən ev satmaq üçün aldığı pulların hamısını tam şəkildə Təranəyə qaytarmışdır. Göründüyü kimi, cavabdeh istər hazırki məhkəmə iclasında, istərsə də Bakı şəhəri Yasamal RPİ-də tədqiq olunan HK-1/740 saylı material üzrə izahat verərkən, iddiaçıdan mənzilin satılması üçün hissə-hissə olmaqla 52.500 manat pul aldığını səmimi şəkildə bildirmiş, iddiaçı mənzili almaqdan vaz keçdikdən sonra, heç bir etiraz etmədən 52.500 manat pulu 29.000 manat, 15.000 manat və 8.500 manat olmaqla hissə-hissə qaytardığını göstərmiş, iddiaçıya borcunun qalmadığını bildirmişdir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə hesab edir ki, belə olduğu təqdirdə sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı məhkəməyə cavabdehin ona 23.500 manat məbləğdə pul vəsaiti ödəməli olduğuna dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi ittiham aktından və zərər çəkmiş şəxs qismində tanınma barədə qərardan görünür ki, coin (elektron pul) satmaq adı ilə aldadılaraq Cavabdeh1 24.745 ABŞ dolları, Cavabdeh2 50.000 manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi, eləcə də, sair bu kimi faktlar üzrə DİN BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi üzrə istintaq aparılmış, Cavabdeh1 və Cavabdeh2 həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. Cavabdeh tərəf həmçinin yuxarıda adı çəkilən mənzilin X3 mülkiyyətində olmasına dair 02 may 2015-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, cavabdehlərin izahatlarında qeyd etdikləri xüsuslatlar üzrə müvafiq araşdırma aparılmış və toplanmış material üzrə cinayət işi açılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1662/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1662/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver